Rəbiqə Nazimqızı - Qaranlıqdakı pişik
17.07.14
- Bax, ordadı, o küncdə. Yavaşca yaxınlaş. Ürkütmə. Ayaqqabılarını çıxarır. Asta addımlarla irəliləyir. Əyilib əlini küncə tərəf uzadır. Pişiyin yumşaq tüklərinə toxunur. Qaranlıqda gözlərinin təəccübdən necə böyüdüyünü hiss edirəm. Yüz faiz, gülümsəyir də. - Qəribə adamsan e. - Niyə? - Pişiyin yerini tapan mənəm, amma sən sevinirsən. Əclaf xasiyyətim var, bilirəm... Cavab özünü gözlətmir: - Nə olsun, nə fərqi var? Bir də, mən sənə inanmaya bilərdim. - Hə, maraq... Yoxlamaq istədin... Əsəbləşsə də, büruzə vermir. Bu xasiyyəti xoşuma gəlir, həm də məni qıcıqlandırır. Amma əsəbləşməyini də istəmirəm. Qorxuram. Elə bilirəm, o hirslənsə, nəsə təbii fəlakət baş verəcək. Çovğun, tufan, zəlzələ - axmaq təlqindi. Gülür. Bilirəm ki, gərginliyi götürməkdən ötrüdü. Halbuki... Nəsə... Bu dəfə heç nə deməyəcəm... - Pişik qaçdı. - Hə. Gərək danışmayaydım. - Neyniyəcəkdik ki, onu? Əsas odu ki, tapdıq... İstehzalı təbəssümümü görmür. Özümlə paralel aparmağım ağlına da gəlmir. Ümumiyyətlə, onun ağlına mənimlə bağlı nə gəlir ki?.. Ovçu instinkti. Dayan e, guya mən belə deyiləm?! Sadəcə, yorulmuşam. Sürüşkən balıq axtarıram və onu da tapmışam. Daha nə lazımdı? Onun pullarını qoparmaq? Fikirləşməkdən zəhləm gedir. Xüsusən kefim olmayanda. Mövzunu dəyişirəm: - Balıq tutmaqdan xoşun gəlir? - Yox, darıxdırıcı prosedurdu. Heç yeməyi də sevmirəm. Hərçənd... bir dəfə, bəlkə... Bilirəm ki, artıq özünü dənizin sahilində təsəvvür edir. Əlində qarmaq. Təbii ki, soxulcanı ora dostu keçirəcək. O isə üz-gözünü turşudub deyəcək ki. Səsi fikirlərimi dağıdır: - Hə. Bir dəfə yoxlamaq olar. - Balığı niyə sevmirsən? Sümüklərinə görə? - Sümük yox, tığ. Hə e, təmizləmək adamın gözünə durur. Amma duzlu balıq olsa... Sözünü kəsirəm: - Soyutma kartofla. - Bəlkə, qaynadasan? - Olar... Mətbəxə keçirəm. Arxamca gəlmir. Rahatam. Yox, narahatam. Gəlsə, iş görə bilməyəcəm. Zəhləm gedir mətbəxdə ikinci adam olanda. Gəlməsə, dəli olacam... Kartoflar qaynamaq üzrədir. Balıq olmasa da, olar. Onsuz da iy verir. Otağa qayıdıram və qəfildən onun gözlərinin içinə baxıram: - Mən hər şeyi bilirəm. - Nəyi? - Hər şeyi... - Bilirəm ki, bilirsən. Amma başa düşmürəm ki, sən bunları hardan, necə bilirsən? Məni izləyirsən? - Dəlisən? - Bəs necə olur axı... - Hirslənmə. - Hirslənmirəm. Təəccüblənirəm. - Bunun nəyi pisdi ki. Deməli, hələ də bacarırsan. - Nəyi? - Təəccüblənməyi. - Sən niyə belə ağıllısan axı? - Bu sənə mane olur? - Yoxx. - Guya olsa, deyəcəkdin. - Mane olsa, deyəcəkdim. Mənə belə şeylər mane olmur. - Yalançı. - Yenə mübahisə edirsən. Səndə ən sevmədiyim cəhətdi. - Bilirəm. “Amma heç düşünmüsən ki, mən də nəyisə sevməyə bilərəm?”. Bunu ürəyimdə deyirəm. Baxışlarımı küncə çevirirəm. Pişik qayıdıb. Amma nə xeyri? Daha onun yerini tapmaqla təəccüb və sevinc yaratmaq olmaz. Bunu bir dəfə elədik... - Gəl səni öpüm. Gülümsəyir: - Olmaz. - Başın üçün... - Mənə deyirsən? - Hə... Həə... Hə... Səsim getdikcə anlaşıqsız olmağa başlayır. Arada dayanıb küncə tərəf baxıram. Ürəyimdə fikirləşirəm ki, pişik görməsə də, nə baş verdiyini hiss edir.
|