Nicat Həşimzadə - Kor qız
15.07.14
Hekayə
Qüsursuz dərəcədə gözəlidi, mavigözlü sarışın qız. Elladalı Yelenadan, Romalı Honoriyadan da hagözəl. Hətta Afrodita da onun ayaqlarını yumağa layiq deyildi. İçimdə alovlanan qeyri-adi həyəcanlar mənə dedi:
- Hə, tələs, yaxınlaş ona. Danış, sirrlərini bölüş.
İlk baxışdaca ruhumu əsir etdi, bu qızın gözəlliyi. Və Bu möhtəşəm anlar məni sevgiyə çağırdı. Ölüncəyə qədər sevmək, sevilmək istədim. Yaxınlaşıb salam verdim. Susdu, cavab vermədi. İkincə dəfə təkrar ”salam” dedim. Bu dəfə salamımı aldı. Gözlərinə baxdım. Ayaqlarıma baxırdı. Axı niyə belə edirdi, anlamırdım. Rəfiqəsi yaxınlaşıb qulaqlarıma pıçıldadı:
- Yazıq qız kordu, sizi görmür.
Dəhşət, bu cür gözəl qız niyə kor olmalıdır? Niyə bədbəxt varlıq sayılmalıdır? Sükuta daldım, geriyə döndüm və sakitcə uzaqlaşdım. Bu, nə idi? Qorxu, çarəsizlik, sirr, anlaşılmaz düşüncələr? Nə idi axı, qaçmağıma səbəb olan? Bəlkə bu içimdəki insanlığın ölüm anı idi? Adını bilmədiyim o gözəl qız da bu ölümə ağlayaraq gözlərini kor edən zavallı insan.
|