Firuz Mustafa - Uçurum
10.07.14

Hekayə

Yalnız həmin gün – Nuru adlı oğlan soraqlaşa-soraqlaşa gəlib onun daxmasını tapanda Qulam elə bil birdən-birə yuxudan ayıldı; bu anlarda sanki o, özünün əslən buralar adamı deyil, “o taylı” olduğunu ilk dəfə xatırladı. Əslində Qulamın özü burada doğulmuşdu. Söz yox ki, arvad – uşağı da elə onun özüylə eyni kənddə boya-başa çatmışdı. Amma atası “o taylı” idi Qulamın. Onun özü isə o yerləri heç yuxusunda da görməmişdi, çayın o üzündə qalan qohum-əqrəbasından da heç kəsi tanımırdı. Axı haradan tanıyaydı ki? Təkcə onu bilirdi ki, atası əlli il qabaq bu taya gedənlərə qoşulub gəlmişdi; kişi o vaxtlar əvvəlcə şəhərdə hansısa zavodda çilingər işləmiş, sonra kəndə üz tutmuşdu. Kənddə atasının böyük xətir-hörməti vardı; o, neçə illər dəmirçi işləmiş, körük basmış, araba təkəri düzəltmişdi. Beş-altı il qabaq rəhmətə getmişdi.

Əlqərəz, təzə tanış olduğu Nuru onu muştuluqlamışdı ki, bəs İranda, lap Tehranın özündə onun dost-doğmaca əmisi oğlu yaşayır.

 Nuru, özünün dediyinə görə, biznesmendi. İrandan paltar-palaz gətirib satır, tanış-bilişlərə nisyə mal paylayır, bir müddətdən sonra payladığı malların pulunu yığırdı. Nurunun guya haradasa xüsusi dükanı-filanı vardı, Qulamın əmisi oğlu Məhəmmədlə çoxdan tanışdılar, bir-birilərinə mal alıb, mal veriblər, qardaş kimi yaxın olublar. Günlərin bir günü Məhəmməd dərdini açıb Nuruya deyib: sən demə, Arazın bu tayında onun dost-doğmaca əmisi yaşayırmış. Söz yox ki, əmisi oğlu Qulamın adını yox, öz əmisinin, yəni Qulamın atasının adını, əlamətlərini nişan veribmiş; çünki bu dünyada Qulam adlı bir Allah bəndəsinin olduğundan nə Məhəmmədin atası xəbərdardı, nə də Məhəmmədin özü. Nuru min bir çətinliklə arayıb-axtarıb tapmışdı Qulamı. Bu o vaxtlar idi ki, Qulamgilin kəndi düşmən ordusu tərəfindən alt-üst edilmiş, onlar dərbədər olub evsiz-eşiksiz qalmışdılar. Qonşu kəndlərdən birində sahibsiz bir daxmada məskunlaşan Qulam və Qulamın ailəsi üçün bu xəbər - əmisi oğlunun Tehranda yaşaması, üstəlik böyük nüfuz, ad-san sahibi olması qışın şaxtasında qarın altından baş vurub çıxan bənövşənin gəlişi kimi gözlənilməz və sevindirici xəbər olmuşdu. Deməli, bu dünya elə-belə, boş bir şey deyilmiş. Bir yandan bağlanan qapı, o biri yandan açılmalıymış. Nəmişəlik qoxuyan, divarlarından su sızan kiçik daxmada daldalanan ailənin – Qulamın xəstə arvadının və uşaqlarının üzündə o gündən qəribə bir işıq, bir  işartı dalğası dolaşmaqda idi. Amma burası vardı ki, Qulamın nəinki Tehrana, heç Bakıya belə getməyə imkanı yoxdu, onun aldığı qəpik-quruş yavan çörəyə zorla çatırdı. Vaxtilə öz kəndlərində kinomexanik işləmiş, təkcə kənddə yox bütün rayon miqyasında sayılıb-seçilən Qulamın indi öz həyatı bir kinoya bənzəyirdi; bu kino başdan-başa qəm idi, kədər idi.

Nuru arif oğlan imiş, beş-on günün içində Qulama həm xarici pasportu düzəltdi, həm də yol pulu; Tehranda yaşayan əmoğlusunun ünvanını verib, ora necə getməyi də izah etdi. Amma Qulam bu izahata elə də ehtiyac duymurdu, hər halda oralarda, o yad şəhərdə də taksi olardı yəqin; bir də ki, soraqlaşa-soraqlaşa lap dünyanın o başına gedib çıxmaq olar.

Onları aparan avtobusda səs-küydən qulaq tutulurdu. Üst-üstə yığılan xarallar, torbalar tez-tez diyirlənib salona – sərnişinlərin başına tökülür, sürücü arabir deyinə-deyinə əyləci basıb adamları sakitliyə çağırır, kişilər bar-barxananın arasında gizlətdikləri termoslardan araq süzüb stəkanları toqquşdurur, qadınlar Tehrandakı hansı mağazadan daha  ucuz, daha keyfiyyətli mal almağın mümkünlüyünü götür-qoy edirdilər. Deyəsən, Qulam avtobusda yeganə adam idi ki, boş əllə səfərə çıxmışdı. Əl çantasında yolda yeməyə azuqə, bir də ki, əmisi oğluna kiçik hədiyyə – atasından qalma medalyon götürmüşdü. Medalyonun qapağını qaldıranda atasının boz-solğun şəkildən boylanan gülümsər çöhrəsi işıqlanırdı. Qulamın özü də atasına çox bənzəyirdi, elə bil əkiz qardaş idilər.

Gömrük işçilərinin öz “haqlarını” necə yığdıqlarından, avtobusun bir dövlətin sərhəddindən o birinə nə cür keçdiyindən, qadınların qara çadraya bürünəndən sonra pıqqıldaşmalarından, kişilərin termosdan süzdükləri arağın son qətrələrini içib ağız-burunlarını silib gərnəşməsindən, sürətlə bir-birini əvəz edən rəngbərəng mənzərələrdən, arabir maşının pəncərələrində diyirlənən yağış damcılarından sanki Qulamın xəbəri yoxdu. Qarmaqarışıq fikirlər vaxtilə kolxoz klubunda fırlatdığı kino lentinin ötəri kadrları kimi Qulamın yaddaşından ötüb keçirdi. Qulam hərdən bütün bunların yuxu olduğunu zənn edir, hürkə-hürkə ətrafına boylanır, qadınların qaqqıltısından diksinir, kişilərin xorultusundan əsəbləşirdi.

Avtobus Tehran istiqamətinə hərəkət edirdi. Yolboyu düzülmüş işarə nişanları, Qulamın oxuya bilmədiyi, ona ilan-qurbağanı xatırladan hərflərlə yazılmış sözlər başqa bir aləmdən xəbər verirdi.
– Qardaş, sən heç alverə gedənə oxşamırsan.
Avtobusun arxa sıralarındakı oturacaqlardan birində neçə saatdan bəri tək-tənha oturub dağı arana, aranı dağa daşıyan Qulam səsə sarı boylandı. Qonşu oturacaqda əyləşən orta sinli kişi icazə-filan istəmədən özünü Qulamın əyləşdiyi oturacağa təpdi.
–    Yox, niyə ki... Qohumum var Tehranda, onun yanına gedirəm.
–    Əlaqəniz var qohumla?
–    Bu yaxınlarda tapmışıq bir-birimizi.
Qulam qeyri-ixtiyari axtarış təşəbbüsündə bulunanların cərgəsinə özünü də qoşdu. Halbuki Nuru olmasaydı, yəqin ki, qarşıda onları gözləyən, uzun illərin həsrətinə son qoyacaq bu görüş heç zaman baş tutmayacaqdı. Elə bil ki, bir neçə saatdan sonra əmisi oğluna yetirəcək vüsalın dalğası Qulamı indidən vurdu. O, daxilən kövrəlib ağlamsındı, qəhərini zorla boğdu.

Səfər yoldaşı sual-cavabını davam etdirirdi.
–    Deməli, belə çıxır ki, siz ilk dəfə görüşəcəksiz?
–    Hə.
–    Paho, əmin oğlundan nəmər düşür ki, bizə.
Deyəsən, kişi çənədən saz idi.
–    Yəqin Tehranda olmamısan.
–    Hə... Yox.
–    Böyük şəhərdi Tehran. Amma sakit yerdi, oğrusu,  qulduru yoxdu. Di gəl ki, fırıldaqçısı, yalançısı həddən çoxdu.
Qulam çiyinlərini çəkdi. Bir də, nə deyəydi axı bələd olmadığı yerin adamları haqqında? Heç kimi tanımırdı Tehranda, oraya ilk səfəri idi.
    – Ünvanı deyərsən mənə, səni apararam düz əmin oğlugilə. Mən buralara tez-tez gəlib-gedənəm. Tehrana Bakıdan daha yaxşı bələdəm. Siğə də elətmişəm. Xa-xa-xa... Müsəlmançılıqdı də, nə edəsən? Elə döyül, mən ölüm?
    Qulam zorla, candərdi gülümsəyib özünü icazəsiz-filansız oturacağa təpmış səfər yoldaşıının üzünə baxdı.
–    Hə də... Nə edəsən?... Olur belə şeylər.
– Buna şəriət də icazə verir, Quran da, qanun da. Mən ölüm, düz demirəm? Hə, hansı səmtdə yaşayır əmin oğlu?
Ünvan Qulamın cibində, pasportun arasında idi.
Kişi eynəyini çıxarıb ünvanı ucadan, təntənəli şəkildə elan etdi.
    – Hə... Tehran şəhəri, Meydani-Vəliəsr, Xiyabani-Fəməstini... Lap şəhərin mərkəzidir ki.... Banklar, dükanlar bol olan yerdi. Apararam səni əmin oğlunun xanəsinə, – deyə kişi xüsusi bir ibarə ilə bildirdi.

... Şəhərə axşamüstü çatdılar. Onların avtobusunu qarşılayan saqqallı, arıq kişi bütün səfər əhlini salamlayıb işarə etdi ki, onun maşınının ardıyla hərəkət etsinlər. Qulamgili gətirən avtobus dördmətəbəli daş binanın qarşısında dayandı. Deyəsən, mehmanxana idi bura.

Enli küçələrlə şütüyən maşınların solğun işıqları çisəkdə yuyunur, əli çətirli adamlar asta, ləngərli addımlarla, tələsmədən, ucadan söhbət edə-edə gəzişirdilər. Deyəsən, çox arxayın adamlardı Tehran əhli. Hər nədənsə, Qulamın bu yad şəhər haqqında ilk təəssüratı bu cürdü. Bayaqdan yanında əyləşən səfər yoldaşı avtobusdan düşüb öz iri bağlamalarını götürdü. Qulama işarə etdi ki, şey-şüyləri mehmanxanaya qaldırmağa ona kömək etsin.
– Bar-barxananı nömrəyə yığıb indi yollanarıq Meydani-Vəliəsrə. Hə, necə məsləhətdi, mən ölüm?
Qulam çarəsiz halda çiyinlərini çəkdi:
–    Olar. Amma qorxuram gec ola.
– Olsun də. Mən ölüm, qəribə adamsan. Dost-doğmaca əmin oğlu deyil? Yox, mən ölüm, fikir eləmə,  Tehran camaatı da elə bizim kimi qonaqpərvərdi.
Onlar bağlamaları götürüb əvvəlcədən müsafirlər üçün ayrılmış kiçik otaqlardan birinə qoydular. Qapını bağlayıb aşağı həyətə endilər.
Onların qonaq olduğunu deyəsən, elə ilk baxışdaca müəyyənləşdirmiş taksi sürücüsü kabinədən başını çıxarıb Qulamın lap öz doğma dilindəcə şirin bir ləhcədə soruşdu:
–    Sizə hara lazımdır, baba?
Səfər yoldaşı döşünü qabağa verdi:
–    Ərbab, vaxtın var?
“Ərbab” eyni ahənglə cavab verdi:
–    Baba, mən sordum ki, sizə hara lazımdır, mən
 qulluğunuzda hazır.
–    Muzdumuz nə olacaq?
–    Nə muzd? Nə pul? Ayıb şeydi ki! Qonqsınız.
Nə versəniz, qəbuldu.
Taksi ikimərtəbəli səliqəli, ağ daşdan hörülmüş malikanənin qarşısında dayandı. Qulam əlini cibinə atıb pul çıxartmaq istəyəndə səfər yoldaşı onun biləyindən yapışıb asta səslə:
–    Çatıb, sən narahat olma, – dedi.
Qulam mat-məəttəl qaldı: onun sürücüyə pulu nə zaman verdiyindən Qulamın xəbəri olmamışdı.
Yaxınlıqdakı məscidin minbərindən azan səsi gəlirdi. Qulam qeyri-ixtiyari əlini üzünə çəkib salavat çevirdi.

Hündür, ikimərtəbəli binanın ikinci qatının eyvana baxan qapısı cırıltı ilə açıldı. Boz bir kölgə aşağı küçədə döyükə-döyükə ətrafa boylanan adamları yuxarıdan zəndlə süzüb nəsə dedi. Qulam sövq-təbii anladı ki, evin sahibi fars dilində onlardan kimi axtardıqlarını soruşur. Elə ona görə də bir az duruxub xırıltılı səslə:
–    Bizə Əlirza ağa lazımıdır, – dedi.
       Eyvana açılan qapı örtüldü. Kimsə pillələri sürətlə enib iti addımlarla onlara yaxınlaşdı. Elektrik lampasının zəif şüaları üz-gözündə oynayan qaragöz, qaraqaş oğlanın bir suyu elə Qulamın özünə çəkirdi.
–    Qulam?
–    Əlirza?!
Onlar bir-birinə sarmaşıb hönkürdülər. Sonra bu hönkürtü fəryada, qışqırığa çevrildi. Qonşu evlərin pəncərələri çisəkli, solğun gecəyə, hıçqırtı səsinə taybatay açılır, adamlar onların başına yığışır, bir-birinə qoşulub haray qoparır, uşaq kimi hönkürürdülər...

Qulamın səfər yoldaşı da onlara qoşulub hıçqırır, arabir arvadsayaq ağı deyib əli ilə dizinə döyürdü:
–Arazı ayırdılar
Su ilə doyuydurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar!...

O gecə səhərəcən heç kəs çimir  almadı. Əlirza ağanın, yəni əslində elə həm də Qulamın özünün, yaxın qohumları tökülüşüb gəldilər. Süfrədə nələr yoxdu?
Səfər yoldaşı əyilib Qulamın qulağına:
– Tək bircə şey çatmır, – deyə, pıçıltı ilə nəyəsə eyham vururdu. Əlbəttə, Qulam bu “nə isə”nin nə olduğunu yaxşı bilirdi. Amma orasını da yaxşı anlayırdı ki, Tehranda o “nə isə”yə görə adamın başını sığallamırlar. Eşitdiyinə görə, hətta, buna görə möhkəmcə şallaqlayırlar.
Əlirzanın arvadı, qızları pərvanə kimi Qulamın başına fırlanırdılar... Hamı – qonaqlar da, ev sahibləri də yalnız səhərə yaxın uzanıb bir az dinclərini almaq qərarına gəldilər.

    Qulam geniş çarpayıda, yumşaq yorğan-döşəkdə o üz-bu üzə çevrilə-çevrilə xəstə arvadının dərd-zillətdən saralmış sifətini gözünün qabağına gətirir, ac-susuzluqda əriyib çöpə dönmüş uşaqlarının vəziyyətini xatırlayıb qovrulur, için-için yanırdı... Yox, Qulam əmisi oğluna həsəd aparmırdı. Əksinə, onun yaxşı dolanışığı Qulamın könlünü açmışdı. Sadəcə olaraq, içindən qopan bir nida Qulamı lap elə bil bu anlarda, qohum- əqrəba ilə bir düz-əməlli  hal-əhvallaşmamış, qoyub gəldiyi yerlərdə, talan olunmuş kəndlərinə, divarlarının suyu daman nəm daxmaya, arvadının saralmış sifətinin işığına, əriyib çöpə dönmüş balaların yanına haraylayırdı. Qulam içini göynədən qarmaqarışıq fikirlərdən qovrula-qovrula yataqda vurnuxur, öz-özünə xoflanırdı.
... Onlar qəlyanaltı edib Əlirzanın dükanına yollandılar. Səfər yoldaşı xudahafizləşib ayrıldı: o, günün birinci yarısı bütün tədarükünü görüb axşam  Təbrizə yola düşməli idi. Əlirza ehtiyatla onun cibinə nəsə qoydu.

Əlirza xalça alış-verişi ilə məşğul olurdu. İlahi, bu dükanda hansı ölkənin xalçası yoxdu? Rənglər, güllər bir-birinə qarışıb laləzara döndərmişdi bu nəhəng salonu. Elə bil ilmələrdən işıq süzülürdü – ay işığı, gün işığı... Lap elə su işığı, çiçək işığı, qar işığı axırdı xalı-xalçaların saçaqlarından.

Birdən Qulamın gözləri alacalandı. Sanki yer ayağının altında hərəkətə gəldi, qulaqları güyüldədi, gicgahının nəbzi saat kimi çıqqıltı ilə vurmağa başladı. O, özünü ələ alıb çiynini divara söykədi, özünə toxtaxlıq vermək istədi. Elə bil sinəsinə qurğuşun əridib tökmüşdülər. Dişləri kilidləşmişdi. Dinib-danışmağa taqəti yoxdu. O, gözlərinə inanmırdı: qənşərindəki lövhənin üstünə atılmış xalı düz on beş il onun başının üstündə asılı qalmış, sonra... sonra isə əsir götürülmüşdü...
Düşmən ordusunun əsgərləri kəndə soxulanda o, xəstə arvadını və uşaqlarını evdən zorla çıxara bildi. Bir iynə belə götürə bilmədilər o vaxt. İnək pəyədə, it zəncirdə, toyuq-cücə hində, xalı isə divardan asılı qaldı.

İllərlə başının üstündən asılmış o xalını Qulamın arvadı özü ilə cehiz gətirmişdi. Qulam hərdən coğrafiya xəritəsinə baxan uşaqlarına zarafatla deyərdi ki, bu da, bu xalı da mənim xəritəmdir, üstündə dünyanın bütünü rəngləri həkk olunub. İndi o “rəngli dünya” daş kimi, qaya kimi diyirlənib Qulamın başına düşmüşdü sanki. O, ilmələrinin sayına qədər, saçaqlarının burumuna kimi bələddi bu xalıya; arvadının sifətində donub qalan işıq qədər tanış, doğma idi bu rənglər Qulama. Hə, bax bu da sağ küncündəki didilmiş ilmələr; onun arxa tərəfində qara iplə işarə də vardı.

Qulam qeyri-ixtiyarı əlini xalının üstündə gəzdirdi; elə bil ürəyinə bir sakitlik, rahatlıq yayıldı. Əlini xalçadan çəkəndə isə ürəyi təzədən sürətlə vurmağa başladı.
Əlirza əmisi oğlunun avazımış sifətinə, qan çəkmiş gözlərinə baxıb, bütün bunları yorğunluq əlaməti hesab edərək, asta səslə danışmağa başladı:
–    Görürəm, ən çox xoşuna gələn xalı budur. Bilirsən, haradan almışam? Hə, indi deyərəm. Bax, bunu Suriyadan gətirmişəm. Bunu Polşadan. Bu, İsveçdən gəlib. Bu isə Rusiya xalısıdır.
Qulam dözmədi:
–    Yox ey, bax, bunu... bunu...
Əlirza gülümsədi:
        – Dedim, bir səbr elə də... Hə, deyim. Bunu Yerevanda bağışlayıblar mənə. Orada bir dostum var, Arnodu adı, əla oğlandı. Bir qaz sobası bağışlamışdım ona. Əvəzində o da bu xalını verdi. Deyəsən, xoşun gəldi bundan...
        Qulama elə gəlirdi ki, qulağının dibində avtomatlar şaqqıldadı, toplar guruldadı. Gözünün önündəcə xalının rəngləri bir-birinə qarışmağa başladı, elə bil qanı axırdı xalının.
Əlirza danışdıqca atılan topların gurultusu get-gedə yaxınlaşır, avtomat şaqqıltısı Qulamın qulağında əks-səda verirdi.
– Qurbandı sənə... Xoşun gəlirsə götür apar...
Əlirzanın səsi sanki artıq quyunun dibindən gəlirdi. Səsi kimi Əlirzanın özü də get-gedə uzaqlaşırdı. Elə bil indi onların arasında dərin yarğan açılmışdı, o yarğanın dibi ilə çay axırdı – yox, o yarğandan su yox, qan axırdı...
Əlirza qanlı yarğanın, dərin uçurumun o üzündə qalmışdı...
Qulam həmin gün Əlirzadan xəbərsiz, onunla vidalaşıb-eləmədən Tehran-Astara avtobusuna əyləşib evə yola düşdü.
Əlirza axşamkı qonaqlığa ciddi-cəhdlə tədarük  görür, yaxın qohumlarına zəng edib Qulamın, əmisi oğlunun, gəlişini bildirir, onları öz evlərinə dəvət edirdi.
Tehranın havası açılmışdı
Uzaqdan azan səsi gəlirdi...

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.