Vasif Əlihüseyn - Öz evində darıxmaq
08.07.14
Çoxdankı vərdişimdi, həftəsonu vaxt edib şəhərin səs-küyündən uzaqlaşıram. Elə bu dəfə də həftəsonu iki gün işləməməyim dadıma çatır. İşdən çıxıb elə axşama düşsəm də birbaşa “20 yanvar” metrosundan bir taksiyə oturub qaçıram rayona.
Atamın əməlli-başlı təmir etdirdiyi bu evə 1990-cı ildə elə küçmüşük ki, nə döşəməsi olub, nə də pəncərəsi. Atamın dostları yığışaraq pəncərənin yerinə “kardon”, döşəməyə isə taxda düzüblər. Kəndimizin başında böyük “spirt” zavodu var idi, atamla bərabər rayonun bir neçə kənd sakinləri həmin zavodda işləyirdi. Elə atamın da qanının arasına bu girir. Zavodda işləyə-işləyə evi təmir etdirir.
Atam isə bu zavodda əsgərlikdən sonra, Gəncədə Politeknik texnikomunda qiyabı oxuyarkən işə düzəlmişdi. Yadımdadır gecə növbədə qalanda xalam gəlib bizimlə qalırdı ki, anam qorxmasın. Sonra isə bu zavodun işi dayandı və bu dayanmaq bir çoxlarını çörək pulu qazanmaq üçün didərgin saldı ki, onlardan bir də elə mənim atam oldu. Bundan sonra isə atam düşdü Rusiyanın çöllərinə ki, bizə bir gün ağlasın.
Nəysə... bunda sözüm yox, atam indi də elə Rusiya Federasiyasına gedib-gəlməkdədi.
Uşaqlığım isə elə də imkanlı keçmədi. Çünki, evə təkcə atamın qazanc gətirməyi evin bütün ehtiyaclarını ödəmirdi. Zaman keçdikcə mən də böyüdüm. Qardaşım da, bacım da. On səkkiz yaşımın tamam olmağına sayılı günlərim qalmışdı ki, hərbi xidmətə çağırıldım. Elə beləcə kəndimizlə vidalaşdım. Hərbi xidmətdən sonra elə mən də atama qoşulub Rusiyaya getdim. Amma, oxumaq həvəsi məni bir anda olsun tək buraxmırdı.
Bəxtim onda gətirdi ki, Moskvada işləyə-işləyə universitetə qəbul olundum və elə ilk arzum da belə gerçəkləşdi. Çox Şükür!
Amma illər ötdü qürbətdə də yaşaya bilmədim. Elə uşaqlıqdan yaşamaq istədiyim şəhər Bakı idi. Beləcə Allahım işimi düzə çəkdi və Bakıda yaşamaq mənə qismət oldu. İndi Bakıdan kəndə gedəndə on səkkiz yaşıma kimi yaşadığım bu ata evimizdə yata bilmirəm. Elə bilirəm ki, qonağam. Adam öz evində də darıxarmış, İlahi!
|