Xose Luis Borxes - Dante haqqında 9 esse
03.07.14

1, 2,3 və 4-cü esselər

(Davamı olacaq)

Yazıya ön söz


Xorxe Luis Borxes. Səsini XX əsr dühalarının dinlədiyi, dövrümüzün ən maraqlı mütəfəkkirlərindən biri. O, bir o qədər də çox yaratmayıb; bir neçə şeir kitabı, hekayələr, esselər. Borxesin esseləri lakonizmi ilə konspektləri xatırladır. Lakin buradakı fikirlər cildlərə sığar. Onlar ilk baxışda qəribə görünür; hər yerdə ziddiyyət, ziddiyyət. Sonra başa düşürsən ki, Borxes müxtəlif mümkün baxışları və şərhləri nəzərə alaraq, hər şeyi eyni vaxtda müxtəlif yönlərdən görür. Borxes dünyanın faniliyini, ondakı bütün hadisələrin mürəkkəbliyini qeyd edir. Borxesi təsnifləndirmək çətindir: o, demək olar, bütün dinlərin dərin bilicisi idi, lakin dindar deyildi. Tarix səhnəsindən silinmiş, eləcə də mövcud xalqlar, çarlıqlar və dinlər - aydın məsələdir. O isə, bir erudit və həvəskar tarixçi kimi, xəyalının gücünə, fantaziyası ilə naməlum tayfaları, ölkələri və sektaları, maddiləşdirilmiş yuxunun başgicəlləndirən obrazlarını, sonsuz kitabxanalar, qüdrətli lotereyalar, başlanğıcı və sonu anlaşılmaz olan universal kitablar yaradır.
"Kitab qurdu", bivec qauço həyatı üçün darıxır; vətənpərvər argentinalı yaradıcılığı etibarilə dünya vətəndaşıdır, onun qəhrəmanları yunanlar, ərəblər, hindular, yəhudilər, çinlilər, skandinavlar, irlandlardır...
Lakin onun baş qəhrəmanı Söz və Fikirdir, bütün dövrlərin və xalqların ədəbiyyatıdır. Maraqlıdır, o, heç yerdə nə marksizm-leninizmi, nə də SSRİ-ni yada salmır; bu təlim, bu quruluş ona o qədər yaddır ki, hətta düşməncəsinə münasibət də döğurmurdu - çünki, ümumiyyətlə, hər cür ehkam Borxes üçün yolverilməzdir. Lakin qatı antisovet düşüncəlilərdən fərqli olaraq, o da, sovet ədəbiyyatı üçün mövcud deyildi ya da yalnız mənfini müsbətlə əvəz etməklə onun baxışlarını 180 dərəcə döndərmək mümkün olmamışdı (ifrat sağçılar yaxud solçularla olduğu kimi). Borxes, sadəcə, başqa Kainatda yaşayırdı, onun fikirləri o qədər gözlənilməzdir ki, sanki bizi dördüncü, hətta beşinci dərəcədən müşahidə edir. Dünyanın dərkedilməzliyi Borxesə pərişanlıq deyil, sevinc bəxş edirdi - dərketmə prosesi məhz özünün nəhayətsizliyi ilə gözəldir. Borxesdə nə möminlər var, nə də yaramazlar (hərçənd ki, o, "Alçaqlığın ümumi tarixi"ni də yazmışdı). O, nə hakimdir, nə müstəntiq; o, tədqiqatçıdır.
Borxesə qadağa qoyulduğu dövr arxada qalıb.Bu gün hesab edilir ki, yüksək erudisiya, ayıq və aydın ağıl, başqalarının görmədiyini, görə bilmədiyini görmək bacarığı, ruhən cəlbedici fantaziya, həqiqi dialektik düşüncəyə malik oxucunu cəlb edir. "Dante haqqında doqquz esse" "Sərt Dante"nin qəbul edilmiş obrazını inkar edərək, "İlahi komediya"ya dünyanın mənzərəsini vermək kimi misli olmayan kobud cəhd və ən gözlənilməz analogiyalar verməklə, ona bədbəxt sevgi abidəsi kimi baxmaqla, şairin ruhuna nüfuz etməsi ilə təəccübləndirir.

A.FRİDMAN


Dante haqqında mühazirələrdən

...Məsələ Dantenin nə ilahiyyatla, nə də mifologiya ilə bağlı düşüncələrindədir. Məsələ ondadır ki, heç bir kitab belə estetik hisslər doğurmur. Kitablarda isə, mən hisslər axtarıram.
"Komediya" hamının oxumalı olduğu kitabdır. Ədəbiyyatın bizə təklif edə biləcəyi bu ən yaxşı hədiyyəni səhifələyərkən biz qəribə asketizmə qapılırıq.
Özümü "Komediya"nı oxumaq xoşbəxtliyindən nə üçün məhrum edim? Özü də ki, onun mütaliəsi çox asandır.
Çətini oxuduqdan sonradır; fikirlər, mübahisələr… lakin öz-özlüyündə kitab son dərəcə aydındır. Və ola bilsin ki, ədəbiyyatda ən canlı baş qəhrəman Dantedir ...

Proloq

Şərq kitabxanasında çox - çox əsr əvvəllərə aid qravürlü cədvəl təsəvvür edək. Məsələn, deyək ki, ərəb qravürünü; ordakı bütün nağıllar min bir gecədə əks olunub. Və yaxud bu, Çin qravürü də ola bilər; yüzlərlə və minlərlə qəhrəmanı olan Çin romanının illüstrasiyaları da ola bilər. Obrazlardan nəsə - çevrilmiş konusu xatırladan ağac, dəmir divarda qırmızı qüllə diqqətimizi cəlb edir, daha sonra başqa nə isə diqqətimizi cəlb edir. Ağır gün başa çatır və qravürün səndə yaratdığı təəssüratdan asılı olaraq anlayırsan ki, o, Yer üzündəki hər şeyi; nə varsa, olubsa, olacaqsa, keçmişin və gələcəyin tarixini, nəyimiz varsa onu, nə əldə ediriksə, hamısını, bu sakit labirintin hansısa küncündə bizi gözləyən hər şeyi əks etdirir... Və bu, mənə başqa bir sehri, başqa, bütün kainat boyda olan qravürü -- Dante haqqında poemanı xatırladır.
Düşünürəm ki, əgər biz onu ilk dəfə oxuyuruqmuş kimi oxuya bilsəydik (bizimçün sifariş edilmiş həzz), onda onun universallığı da, əlahiddə möhtəşəmliyi də, ucalığı da nəzərimizə çarpmazdı. Biz əvvəllər onun qismən tutqun, boğucu və ən çox da məzəli xüsusiyyətlərini qeyd edərdik; hər şeydən əvvəl, yəqin ki, ingilis dantoloqlarını uzaqlaşdıran cəhətini: müxtəlifliyin və dəqiq müqayisələrin tapılmasını. Dantenin “insanla ilan bir-birinə dolaşıb bir-birinə çevrilirlər” deməsi az idi; o, bu qarşılıqlı metamorfozanı kağızı yaxan odla müqayisə edir; özü də əvvəlcə tünd qırmızı zehin təsirindən ağlığı öləziyir, amma hələ tam qaralmır, tünd qırmızı zeh yaranır (Cəhənnəm, XXV). Onun deməsi az idi ki, yeddinci dairənin zülmətində günahkarlar gəlməni ayırd etmək üçün gözlərini zilləyirlər; o, onları Ayın tutqun işığına zillənmiş insanla, yaxud iynəni saplayan qoca dərzi ilə müqayisə edir (Cəhənnəm, XV). Cəhənnəmin dərin qatlarında suyun buz olduğunu bildirmək kifayət etmirdi, o, əlavə edir ki, bu, su deyil, şüşədir (Cəhənnəm, XXXII). Belə müqayisələr barədə Makeley də düşünüb. O, Kerinin əksinə olaraq deyir ki, Miltonun "qəlbi dumanları" və "təmtəraqlı ümumiləşdirmələri" Dantenin "təfərrüatlar"ından ona daha az təsir edir. Daha sonra Reskin Miltonun dumanlarını pisləyir və Dante cəhənnəminin dəqiq topoqrafiyasını bəyənir.
Hiperbolanın şairlərin silahı olduğu hamıya məlumdur. Qonqorda olduğu kimi, Petrarkada da qadınlar həmişə qızılı saçlı, su isə büllur kimidir. Rəmzlərin mexaniki və kobud seçimi sözlərin aydınlığını qiymətdən salır , laqeydliyə və diqqətsizliyə əsaslandıqları görünür. Dante bu səhvləri özünə yasaq etmişdir - bütün poemada özünü doğrultmayan bircə söz belə yoxdur. Dantenin dəqiqliyi süni ritorikanın məhsulu deyil; bu, poemanın hər epizodunda görüb duyduğu reallığın, tamlığın təsdiqidir. Bu cəhət son dərəcə gözəl və eyni zamanda xəsisliklə ifadə edilmiş qəhrəmanların psixologiyasının xüsusiyyətlərinə də aiddir. Onlar sanki poemaya hörülmüşlər; bəzilərini sitat gətirəcəyəm: Cəhənnəmlik ruhlar ağlayır və Allahı söyüb - biabır edirlər, amma elə ki, Haronun qayığına minirlər, qorxu dözülməz, əzablı cəhənnəmə düşmək arzusu ilə əvəz olunur (Cəhənnəm, III). Vergilinin heç vaxt göylər yüksəlməyəcəyini eşidən Dante dərhal onu müəllim ( və cənab) adlandırır. Bununla onu əvvəlki kimi sevdiyini göstərir və ola bilsin, Vergilinin faciəsini biləndə, onu daha çox sevir (Cəhənnəm, IV). Dante ikinci dairədə qara tufanda Françeska ilə Paolonun arasında məhəbbətin necə yarandığını bilmək istəyir. Françeska deyir ki, heç onların özlərinin də bundan xəbərləri olmayıb («Soli eravamo e sanza alcun sospetto») və aralarında sevgi təsadüfən, mütaliə zamanı baş verib. Vergili tək ağılın köməyi ilə ilahi əbədiyyətə qovuşmağın yolunu qürurluların bildiyini söyləyir, lakin dərhal susur, boynunu bükür, ona görə ki, o, özü də belədir (Əraf, VI). Ərafın dik yamacında mantuanlı Sordellonun kölgəsi Vergilidən haralı olduğunu soruşur. Vergili Mantuiyadan olduğunu deyəndə, Sordello sözünü bitirməyə aman verməyb, onu bağrına basır (Əraf, VI).
Müasir roman inadla əqli proseslərdən bəhs edir, Dante isə, yalnız jestləri yaxud niyyətləri təsvir edərək, onlar haqqında anlayış verir.
Pol Klodel qeyd edir ki, can verəndən sonra biz, çətin ki, cəhənnəmin dairələrini, Ərafın terraslarını və ya konsentrik səmaları görəcəyik. Dante, təbii ki, onunla razılaşardı; o, özünün ölüm topoqrafiyasını poemasının sxolastika və forması ilə ucalan bina kimi düşünmüşdü.
Dantedə kainat Ptolemeyin astronomiyasına və xristian ilahiyyatına əsaslanır. Torpaq hərəkətsiz sahədir. Şimal yarımkürəsinin mərkəzində (insanlara bura qədər icazə verilib) - Sion dağıdır; dağdan 90 dərəcə şərqdə Qanq çayı qurtarır, 90 dərəcə qərbdə Ebro çayı doğulur. Cənub yarımkürəsi torpaqla yox, su ilə örtülüb və ora insanlara qadağandır.Onun mərkəzində Sionun antipodu olan Əraf dağı yerləşir. İki çay və iki dağ yer kürəsində xaç əmələ gətirir.
Sionun altında (lakin ondan bir qədər geniş) Cəhənnəmin çevrilmiş konusu açılır və amfiteatrın pillələri kimi, daralmış dairələrə bölünmüş yerin mərkəzinə doğru gedir. Dairələrin sayı doqquzdur, onların topoqrafiyası dəhşətlidir, xarabalıqdan ibarətdir; ilk beş dairə Cəhənnəmin üst qatını göstərir, son dörd dairə isə - aşağı qatdır; bura dəmir divarlarla əhatə olunmuş qırmızı qüllələrli şəhərdir. İçəridə - sərdabələr, quyular, uçurumlar, bataqlıq və qumsallıq; konusun ucunda isə, "Yer kürəsini deşən qurd Lütsifer".
Letanın sularının qayalarda açdığı çat Cəhənnəmin dibini Ərafın dibi ilə birləşdirir. Ərafın dağları yalnız bir girişi olan adalardır; yan tərəflərdə ölüm günahlarına uyğun olan terraslar üst-üstə qalaqlanıb; zirvədə Behişt bağı çiçəkləyib. Yerin ətrafında doqquz konsentrik sahə var; ilk yeddisi planetlərə uyğundur (Ayın, Merkurinin, Veneranın, Günəşin, Marsın, Yupiterin, Saturnun səması), səkkizinci - Hərəkətsiz ulduzların səması, doqquzuncu da eləcə. Birinci Hərəkətverici qüvvə də adlandırılan büllur səma. O, Allahın olduğu nöqtənin ətrafında Möminlərin müqayisəolunmaz çiçəyinin -- Behişt gülünün açdığı Behişti əhatə edir... Dantenin, oxucunun da müşahidə etdiyi kimi, Ərafın 1 və 3, eləcə də dairənin sehrinə tabe olan dünyasının konfiqurasiyasının əsas cizgiləri bunlardır. Timeyin Dantenin xatırlatdığı "Demiurq" və ya "Yaradan" kitabı fırlanmanı hərəkətin ən kamil növü, dairəni ən kamil bədən hesab edir. Platonun Demiurqu Ksenofan və Parmenidlə bölüşdüyü bu ehkam Dantenin keçdiyi üç dünyanı diqtə etdi.
Doqquz dövr edən səma, su ilə örtülmüş və mərkəzdə dağ olan cənub yarımkürəsi qədim kosmologiyaya açıq - aşkar uyğun gəlir; bəziləri hesab edir ki, "qədim" epiteti eynilə poemanın fövqəladə quruluşuna da uyğundur. Cəhənnəmin doqquz dairəsi isə, Ptolemeyin doqquz səması kimi, heç də az köhnə və müdafiəsiz deyil, Əraf isə, Dantenin onu yerləşdirdiyi dağ kimi qeyri - realdır.
Buna hər cür etiraz etmək mümkündür: əvvəla, Dante O Dünyanın həqiqi və ya aydın topoqrafiyasını müəyyən etmək fikrində deyildi. O, özü Kan Qrandeyə latınca yazdığı məşhur məktubunda deyirdi ki, "Komediya"nın süjeti alleqorik mənada insanın öz xidmətləri və ya səhv hərəkətləri ilə özü-özünə mükafatı yaxud edam qazanması deyil, sadəcə, ölümdən sonra ruhların vəziyyətidir. Şairin oğlu Cakopo di Dante bu fikri inkişaf etdirib. Onun komediyaya verdiyi proloqda oxuyuruq ki,"Komediya" insanın üç vəziyyətini alleqorik şəkildə göstərməyə cəhd edir: "Cəhənnəm" adlandırılan birinci hissədə günahlara baxılır, ikincidə - Əraf - günahdan yaxşılığa keçiddir, üçüncüdə - "Cənnət"də isə, mükəmməl insan. Çünki "Ən Ali xeyiri dərk etmək üçün insana yüksək dərəcədə xeyirxahlıq və həzz lazımdır". Qədim dövrün digər şərhçiləri də belə düşünürdülər. Məsələn, Cakomo della Lora deyirdi: "Şair kitabı üç hissəyə bölür - Cəhənnəm, Əraf və Cənnət. Ondan ötrü ki, həyatın üç növdə ola bilməsini göstərsin: günahkarların, tövbə edənlərin və xeyirxahların həyatını". Daha bir ağlabatan şərh: XIX əsrin sonlarında "Komediya"nı öyrənən Françesko da Buti yazır: "Poemanın süjeti cismən bədəndən ayrılan ruhun vəziyyətidir, amma mənəvi - cəzalar və mükafatlar iradə azadlığına görə insana çatacaq".
Hüqo "Kölgənin söylədikləri"ndə yazır ki, cəhənnəmdə Kain üçün Avelin obrazını qəbul edən kabus, Neronun Aqrippinanı tanıdığı həmin o kabusdur.
Qəddarlığın ittihamı köhnəliyin ittihamlarından daha ciddidir. Nitsşe "Bütlərin toranı"nda (1888) Danteni " qəbirlərin üstündə şeir yazan goreşən" adlandıraraq, bu ittihamı heyrətamiz aforizmlə zərbə çevirdi.
Tərif, göründüyü kimi, ağıllı olmaqdan daha çox, gurultuludur və dillərə düşməsi - xüsusi şöhrətə!- görə qayğısız qısa fikirlərin dəbdə olmasına borcludur.
Onu təkzib etməyin ən yaxşı üsulu onu yozmağa cəhd etməkdir. Dantenin sərtliyi və amansızlığı formal xarakterli başqa mülahizələrlə izah edilir.
Panteistlər hesab edirlər ki, Allah kainatla eynidir, öz yaratdıqlarının hər birindədir və onların taleyidir; bu fikir, ehtimal ki, səhvdir və əgər o, həqiqət kimi qəbul edilərsə, kafirlikdir, amma şairdən və onun şeirindən söhbət gedirsə, danılmazdır. Uydurduğu əfsanəsinin qəhrəmanlarından hər birində şairin özündən də nə isə var; ya bir nəfəs, ya da bir detal. Onun əsərində özünün hər yerdə mövcudluğunu gizlətmək və ya kölgələmək heç də asan bir məsələ deyil. Problem Dante üçün xüsusilə ağırdır: poemasının xarakteri ilə qəhrəmanlarını elə şöhrətləndirməli və ya rüsvay etməlidir ki, oxucu son nəticədə ədalət obrazının müəllifin özü olduğunu hiss etməsin. Buna nail olmaq üçün Dante özünü "Komediya"dan çıxardı və göstərdi ki, şəxsi reaksiyası ilahi hökmə ya uyğun gəlmir, ya da hərdən uyğun gəlir - Filipp Arsenti və ya İudada olduğu kimi.

IV nəğmənin zadəgan qəsri

XIX əsrin əvvəlində yaxud XVIII əsrin sonunda işlək ingilis dilinə sakson və ya şotland mənşəli, nəsə mübhəm bir dəhşət mənasını verən “eere”, “uncanny”, “weird” epitetləri daxil oldu. Belə epitetlər mənzərənin romantik konsepsiyasına uyğun idi. Almanlar bunu “unheimlich” sözü ilə çox əla tərcümə etmişlər; ispanca isə bu, çox güman ki, hamısından yaxşı- “siniestro” deməkdir. "Uncanniness"in bu xüsusi keyfiyyətini nəzərdə tutaraq, bir zaman mən belə yazdım: «Vilyam Bekfordun “Vatek”indəki (1782) son səhifələrdəki odlu qəsr ədəbiyyatda ilk əsl dəhşətli cəhənnəmdir. Ondan əvvəlki ən məşhur cəhənnəm, “Komediya”nın kədərli çarlığı dəhşətli yer deyil, dəhşətlərin baş verdiyi yerdir. Fərq aydındır».
Stivenson (yuxular haqqında fəsil) qeyd edir ki, uşaqlıqda ona iyrənc boz rəngli yuxular əzab verib; Çesterton («Cümə axşamı olan insan», VI) təsəvvür edir ki, dünyanın qərb sərhədində ağacdan daha böyük və daha kiçik ağac və hardasa şərqdə - öz arxitekturasına görə acıqlı qəsr ola bilər. Edqar Po «Şüşə qabda tapılan əlyazmalar»da elə bir cənub dənizindən söhbət açır ki, orada gəminin gövdəsi canlı bədən kimi böyüyür; Melvill “Mobi Dik”in bir çox səhifələrini balinanın dözülməz ağlığı qarşısında yaranan dəhşətin təsvirinə həsr edir … Mən nümunələr gətirirəm amma ola bilsin ki, eləcə qeyd etmək kifayət edər ki, Dantenin Cəhənnəmi -tərifi göylərə qaldırılmış həbsxana obrazıdır, Bedfordun cəhənnəmi - dəhşət tunelləridir.
Ötən axşam Konstitusiya vağzalında qəflətən möhtəşəm «uncanniness»i - "Komediya”da cəhənnəmin darvazalarının səssiz və təmkinli dəhşəti timsalında xatırladım. Mətni yoxladım; səhv etmədiyimə əmin oldum.

“Cəhənnəm”in ən məşhur nəğmələrindən biri -- IV nəğməsi haqqında danışıram. “Cənnət”in son səhifələrində çox şey, hətta deyərdim, hər şey izah olunur. «Komediya» - Dantenin yuxusudur və yuxu süjetindən başqa bir şey deyil. Onun sözlərinə görə, o, özü də meşəyə necə düşdüyünü bilmir («tant' era pieno d'sonno a quel punto») [1]. «Sonno»- günahkarın həyəcanlı ruhunu verməkçün bir metaforadır, amma yuxunun qeyri-müəyyən başlanğıcına işarə edir. Sonra Dante deyir ki, yolunu kəsən dişi canavar “artıq çoxlarını məhv edib”. Qvido Vitali qeyd edir ki, ilk baxışdan belə fikir yaranmır ki, biz yuxuda nə baş verdiyini bildiyimiz qədər, Dante də bunu bilirdi. Meşədə naməlum adam peyda olur. Dante onu görən kimi bilir ki, bu şəxs uzun müddət susub -- həmin tip haqqında yeni məlumat. Mamilyano qeyd edir ki, bu, məntiqi baxımdan yox, poetik baxımdan bəraət qazanıb. Fantastik səyahət başlanır. Vergilinin siması birinci dövrənin girişinin ağzında dəyişir. Dante onun bənizinin ağarmasını qorxu ilə izah edir. Vergili danışır ki, o, kədər içindədir və ittiham edilmişlərdən biridir. Dante bu xəbərdəki dəhşəti gizlətmək və ya şəfqət diləmək üçün ehtiram titullarından istifadə edir: "dimmi, maestro mio, dimmi, signore" [2]. Hava ağrıların deyil, kədərin nəfəsindən əsir. Vergili izah edir ki, bura Etiqadını elan etməzdən əvvəl ölənlərin Cəhənnəmidir; onu dörd ali kölgə salamlayır; üzlərdə nə bir kədər, nə bir sevinc var; bunlar Homer, Horatsi, Ovidi və Lukandır; Homerin sağ əlində qılınc var. Bu, eposda onun birinciliyinin rəmzidir.
Məşhur kölgələr Danteni özlərinə tay kimi qəbul edirlər, öz əbədi monastırlarına - yeddiqat yüksək divarlarla (yeddi azad incəsənət və ya üç intellektual və dörd mənəvi məziyyət) və quru yolu kimi keçdikləri çayla (yer nemətləri və ya bəlağət) mühasirəyə alınmış qəsrə aparırlar. Qəsrin sakinləri rəğbət oyadırlar; yavaş-yavaş və xəsisliklə danışır, qürurla, çox möhtəşəm bir şəkildə və aramla baxırlar. Qalanın həyətində sirli yaşıllıq var.
Dante təpədən antik və İncil qəhrəmanlarını və onların arasında bir müsəlman görür («Averois, che e'gran commento feo») [3]. Biri yadda qalan cizgilərlə («Cesare armato con li ochi grifagni») [4], digəri möhtəşəm tənhalığı ilə diqqəti cəlb edir («e solo, in parte vidi e'Saladino») [5]. Onlar ümiddən məhrum olublar, əzablara məruz qalmayıblar, lakin bilirlər ki, Allah onları qəbul etməyəcək. Adları quruca sadalamaqla oxucunu həyəcanlandırmaqdan daha çox, məlumatlandıraraq, Dante nəğməni bitirir.
Həmçinin Abraamın Qucağı adlandırılan patriarxların Limbi haqqında təsəvvür (Luka, 16) və xaç suyuna salınmamış ölən körpələrin limbi ilahiyyat üçün adidir. Lakin səxavətli bütpərəstləri bu qucaqda yerləşdirmək, Françesko Torrakanın şahidliyinə görə, yalnız Dantenin ağlına gəlib. Bütpərəstlik dövrünün dəhşətini yumşaltmaq üçün şair böyük Roma tarixinə müraciət edir. Onu tərifləmək istəyir, lakin anlamaya bilmir ki - bu fikir Qvido Vitaliyə məxsusdur - antik dövrə hədsiz sadiqlik əxlaqi hədəflərə ziddir. Dante dinə itaətsizlik edərək qəhrəmanlarını xilas edə bilməzdi; onları İnkar Cəhənnəmində təsəvvür edir; onlara səmada Allahı seyr etmək xoşbaxtlığı verilməmişdir və Dante onların sirli taleyinə ağlayır. İllər keçdikdən sonra o, Göydə Yupiteri təsəvvür etməklə bu problemə qayıdır. Bokaçço fikir verir ki, "Cəhənnəm"in VII və VIII nəğmələrinin yazılması arasında sürgünlə bağlı böyük fasilə var. Buna «lo dico, sequitando ch'assai primo» [6] şeiri işarə edir. Ola bilsin ki, bu elə belədir, amma qəsr haqqında nəğmələrlə digərləri arasında fərq daha vacibdir. V nəğmədə Dante Françesku da Riminini ölməz misralar deməyə vadar edir. Yetər ki, istə, o, Aristotelin, Heraklitin və Orfeyin dilindən nəğmədə necə sözlər verərdi! Bilərəkdən ya yox, onların sükutu vahiməni gücləndirir və səhnəyə uyğun gəlir. Benedetto Kroçe deyir: «Gözəl qəsrdə, müdriklər və qəhrəmanlar arasında, incə poeziya əvəzinə quruca məlumatdır. Heyrət, pərəstiş, kədərin adı çəkilir, lakin təsvir olunmur» («Dantenin poeziyası », 1920).
Şərhçilər orta əsr qəsrini antik sakinləri arasındakı ziddiyyətlərə görə pisləyirlər; bu qarışıqlıq həmin dövrün mənzərəsi üçün səciyyəvidir və əlbəttə, qeyri-reallığın rahiyəsini gücləndirir.
Dördüncü nəğmənin planı və icrası, bəziləri ilahiyyat xarakterli olmaqla, bir sıra çətinliklər törədir. «Eneida»nın ehtiraslı oxucusu Yelisey çöllərində və ya bu xoşbəxt çöllərin orta əsr variantında ölüləri təsəvvür edirdi; «un luogo aperto, luminoso» [7] şeirində Eneyin öz romalılarını gördüyü yüksəlişin əks-sədası və «largior hie campos aether» [8] var. Ehkamın cuşa gətirdiyi Dante Cəhənnəmdə öz nəcib qəsrini ucaltmalı idi. Mario Rossi burada rəsmiyyətin poeziya ilə toqquşmasını, poemanın daxili münaqişəsi ilə daxili ziddiyyətlərin mənbəyi olan -intuitiv hiss olunan xoşbəxtliklə dəhşətli hökmü aşkar edir. Bir yerdə deyilir ki, hava dəhşətli ahlardan titrədi, digər yerdə isə, üzlərdə nə sevinc, nə də kədər var idi. Burada şairin təxəyyülü qüsursuz deyil. Bu, nisbi yöndəmsizlik səbəbindən qəsrə və onun sakinlərinə yaxud əsirlərinə quruluq, xüsusi dəhşət verir. Bu sakit sadalamada mum fiqurlar muzeyindəki kimi nəsə bir ağırlıq hiss olunur: Sezar silahlıdır və hərəkətsizdir; Laviniya əbədi olaraq atası ilə yanaşı əyləşib; şübhəsiz ki, sabah da bugünkü kimi, dünənki kimi, bütün günlərdəki kimi olacaq.
“Əraf”ın son abzaslarından birində deyilir ki, yazmaları qadağan edilmiş şairlərin kölgələri vaxtı qısaltmaq üçün cəhənnəmdə ədəbi mübahisələr aparır. (Cobertinin dediyi kimi, Dante “Komediya”nın ilk nəğmələrində uydurduğu əhvalatın adi şahidindən daha artıqdır”».)
Belə deyək, qalanın belə qəribə olmasının səbəbləri: söz düzülüşündən gələn səbəbləri, texniki səbəbləri müəyyən edilib, lakin şəxsi səbəblər çatışmır. Hansısa ilahiyyatçı hesab edib ki, qəsrdə Allahın olmaması qorxu yaratmaqdan ötrü yetərli idi. Qeyd edək ki, tersinalardan birində nəzakətlə bəyan edilir ki, yerdə şöhrət deyilən şey ki var, mənasız şeydir. («Non e il mondan romore altro ch'un fiato e muta nome perche muta lato» [9], - “Əraf”, XI). Mən daha bir şəxsi səbəbdə israrlıyam. «Komediya»nın bu yerində Homer, Ovidi, Horatsi və Lukan, bu nəhənglərdən nə isdedadı, nə də yaradıcılığı ilə geri qalmadığını düşünən Dantenin öz proyeksiyası və ya əksi idi. O, özünü həmin nəslin insanı, məşhur şair kimi görürdü və bilirdi ki, başqaları da ona bu cür baxacaqlar. Böyük möhtərəm kölgələr Danteni öz dairələrinə qəbul etdilər: «ch'e si mi fecer della loro schieza, si ch'io sesto tra cotanto Senno» [10].
Bu, yuxugörənin özünün güclə ayrıla bildiyi Dantenin yuxusunun ilkin obrazlarıdır. Onlar dayanmadan ədəbiyyat haqqında danışırlar (bəs, nə etsinlər?). Onlar «İliada»nı yaxud «Farsaliya»nı oxuyurlar yaxud «Komediya» yazırlar, onlar öz sənətlərində zirvəyə çatırlar. Lakin onlar Cəhənnəmdədirlər, çünki Beatriçe onları unudub.

Uqolinonun yanlış problemi


Mən Danteyə yazılan bütün şərhləri oxumamışam (heç kim oxumayıb), amma "Cəhənnəm"də axırıncıdan əvvəlki nəğmənin məşhur 75 - ci şeirinin incəsənətlə həyat arasında ziddiyyətdən doğmuş problem yaratdığını güman edirəm. Bu şeirdə Pizadan olan Uqolino Aclıq qalasında uşaqlarının ölümü barədə danışarkən deyir ki, aclıq kədərdən güclü idi ("Poscia, piu che'l dolor, potea dijuinb). Mənim məzəmmətim qədim şərhçilərə aid deyil, onlar üçün şeirlər heç bir problem yaratmayıb, hamı da hesab edib ki, Uqolinonu kədər deyil, aclıq öldürüb. Cefri Çoser də belə başa düşmüşdü və “Kenterberi əfsanələri"ndə bu epizodu kobud şəkildə nağıl etmişdi.
Səhnəyə baxaq. 9-cu dövrənin buzlu dərinliklərində Uqolino əbədi olaraq Ruciyeri deli Ubaldininin boynunun ardını gəmirir, qanlı ağzını satqının saçlarıyla silir. Ağzını (üzünü yox!) dəhşətli təamdan qaldırıb deyir ki, Ruciyeri onu satıb və oğlanları ilə birlikdə qəsrdə dustaq edib. Dar pəncərələrin arasından o, - yuxuda Ruciyerinin ac köpəklərlə dağların ətəyində yalquzaq və dişi canavar ovuna çıxmasını gördüyü gecəyədək dəfələrlə Ayın doğduğunu və öldüyünü görür. Sübh çağı qəsrə girişi bağlayan çəkic səsləri eşidilir. Gündüzlər və gecələr sükut içində keçir. Dərddən əzab çəkən Uqolino əllərini dişləyir; uşaqlar atalarının aclıqdan əziyyət çəkdiyini düşünərək, bu aclığı onun yaratdığı bədənləri ilə dəf etməyi təklif edirlər. Beşinci günlə altıncı gün arası Uqolino uşaqların bir-birinin ardınca necə öldüklərini görür. Onda o, kor olur, öz ölüləri ilə danışır, hıçqırır və qaranlıqda onları əlləri ilə yoxlayır; sonra aclıq dərdə güc gəlir.
Mən bunu ilk şərhçilərin necə başa düşdüklərini danışdım. Budur, bu da Rimbaldi de İmola (XIV əsr): "O, demək istəyir ki, aclıq ələmin qalib gələ və öldürə bilmədiyinə üstün gəlir". Müasirlərimiz Françesko Torreka, Qvido Vitali və Tommazo Kazni də belə düşünürlər. Onlardan birincisi Uqolinonun sözlərində kütləşmə və vicdan əzabını görür; sonuncu isə, əlavə edir: "Müasirlər düşünürlər ki, Uqolino sonda uşaqlarını yeyir - tarixə və təbiətə zidd bir fikir; və mübahisəni lazımsız hesab edir. Benedetto Kroçe onunla razılaşır və hər iki izahda ənənəvilik taparaq, onları daha məntiqli və daha ehtimali hesab edir. Bianka son dərəcə kəskin rəy verir:
"Bəziləri ehtimal edirlər ki, Uqolino öz uşaqlarını yeyir - izah inanılmazdır, lakin ona laqeyd yanaşmaq olmaz". Luici Pyetrobono hesab edir ki, şeir bilərəkdən müəmmalıdır. Öz növbəsində, "lazımsız mübahisədə" iştirak etməzdən əvvəl, bir anlığa uşaqların yekdil təklifi üzərində dayanmaq istəyirəm. Onlar istəyirlər ki, o, uşaqların onun özünün yaratdığı bədənlərini götürsün ("tu ne vestisti queste miseri carni, e tu le spoglia"). Şübhələnirəm ki, bu sözlər onlarla fəxr edənləri daha çox utandırsın. De Sanktis ("İtaliya ədəbiyyatının tarixi", XI) qəflətən müxtəlif anlayışların birləşdirilməsi üzərində düşünür; D'Ovidio qeyd edir ki, "oğulların qırılmasının bu qoçaq şəkli, demək olar ki, istənilən tənqidi silahsızlaşdırır". Lakin mən burada "Komediya"nın nadir qeyri-dəqiqliklərindən birini görürəm. Məncə, o, Dantenin deyil, daha çox Malvezinin qələminə və ya Qrasianın heyrətinə layiqdir. Özümə deyirəm, Dante öz uydurmasını hiss etməyə bilməzdi, şübhəsizdir ki, uşaqların öz kasıb qonaqlığını xorla təklif etmələri şişirdilib. Bəziləri hesab edirlər ki, Uqolino özünün əvvəlki cinayətkar yeməyinə bəraət qazandırmağa çalışaraq, burada yalan danışır.
Tarixi sual: Uqolino della Qerardeskanın 1289-cu il fevralın əvvəlində hannibalizmlə məşğul olub-olmadığı barədə qəti bir söz demək mümkün deyil. Estetik və ya ədəbi mənada isə - bu,tamamilə başqa məsələdir. Belə formalaşdırmaq mümkündür: Dante Uqolinonun (onun poemasının həqiqi olmayan qəhrəmanı) öz uşaqlarının bədənini yeməsinə inandırmaq istəyirdimi?
Cavab verməyə ehtiyat edirəm: Dante bizi buna inandırmağa çalışmırdı, lakin şübhə oyatmağa cəhd edirdi. Əmin olmamaq - onun planının bir hissəsidir. Uqolino Ruciyerinin kəlləsini gəmirir; Uqolinonun yuxusuna canavarın böyürlərini yırtan itidişli itlər girir; Dərddən ağlını utirmiş Uqolino öz əllərini gəmirir; Uqolino uşaqlarının qeyri-adi təklifini eşidir; Uqolino ikimənalı şeirlər deyir və yenidən düşmənin kəlləsini gəmirir. Bu hərəkətlər dəhşətli hadisəni təlqin və ya simvolizə edir. İkili funksiya yerinə yetirilir; nağılın bir hissəsi tamamlanır və peyğəmbərlik edilir.
R.-L.Stivenson (Etik təcrübələr, 110) qeyd edir ki, kitabın qəhrəmanları özlərində söz zəncirini ehtiva edirlər - buna qədər o, Axill və Per Qüntu, Robinzon Kruzo və Don Kixotu bu səviyyəyə endirir (bu bizə hörmətsizlik kimi görünür). Bu, dünyanın güclülərinə də aiddir - sözlərin bir seriyası - Aleksandr, digəri Atilladır. Onda Uqolino haqqında demək lazımdır ki, bu, uzunluğu 30 tersina olan şifahi parçadır.
Ona - adam əti yemək haqqındadır - deyə bilərikmi? Təkrar edirəm ki, biz onun adam yemək haqqında olmasından şübhələnməliyik, amma bundan qorxmalıyıq, buna şəkk etməliyik. Uqolinonun müdhiş ziyafətini inkar və ya təsdiq etmək onu müşahidə etməkdən qorxunc deyil.
"Kitab - onu təşkil edən sözlər deməkdir" kəlamı, zənnimcə,çox solğun solğun aksiomdur. Lakin biz hamımız nəsə orijinal bir şey yaratmağa cəhd edirik və Henri Ceymslə on dəqiqəlik dialoq əsas verir deyək:"qaykanı daha bərk sıxmaq lazımdır". Bunun doğru olduğunu hesab etmirəm; məncə, Dante Uqolino barəsində tersinalarında verdiyi məlumatdan çox bilmirdi. Şopenhauerin sözlərinə görə, onun əsas əsərinin birinci cildi yalnız bircə fikirdən ibarətdir, lakin o, bunu qısaca ifadə edə bilmir. Dante, əksinə, deyərdi ki, Uqolinonun bütün obrazı mübahisəli tersinadadır.
Tarix boyu real zamanda, müxtəlif alternativlər qarşısında qalan insan onlardan birini seçir və başqalarını unudur. Lakin incəsənətin özündə həm ümid və həm də şübhə ehtiva etdiyi ikimənalı dünyasında başqa cürdür. Bu dünyada Hamlet həm müdrikdir, həm də dəli. (İki məşhur ikimənalılığı xatırlayaq. Birinci - Kevedonun "qanlı ayı", eyni zamanda döyüş meydanının üzərindəki ay və müsəlman bayrağındakı Ay. İkinci - Şekspirin 107-ci sonetində "ölən Ay" - eyni vaxtda həm göydəki Ay, həm də bakirəlik kraliçası.) Uqolino öz Aclıq Qəsrinin zülmətində əzizlərinin bədənlərini tıxır ya tıxmır? - bu həyəcanlandırıcı qeyri - müəyyənlik, bu inamsızlıq qəribə səhnə yaradır.
Uqolino Dantenin gözünə ölümqabağı mümkün olan iki əzab içində göründü və nəsillər də onu belə gördü.

Ulissin son səyahəti

Mən Dantenin Ulissin dili ilə söylədiyi (“Cəhənnəm”,XXVI) sirli - müəmmalı rəvayəti Komediyanın başqa gözlənilməz hadisələri işığında müəmmalı nağıla baxmaq istərdim («Cəhənnəm», XXVI).Bu hissədə yalançıların cəzalandırıldıqları dövrənin xarabalıqlarında Uliss və Diomed qoşadilli alovda əbədi yanırlar. Uliss Vergilinin təhriki ilə necə həlak olmasını danışır; deyir ki, o, Sirsiyadan ayrılanda (onu bir ildən artıq Qaetanın yanında gizlətmiş Sirsiyadan), nə oğluna olan məhəbbəti, nə də Penelopa olan sevgisi onu dünyanı və insanları qüsurları vı ləyaqətləri ilə öyrənmək cəhdindən saxlaya bilmədi. Sonuncu, ogəmidə, ona sadiq olan bir qisim insanla açıq dənizə atılır; onlar Herkulesin qoca yaşlarında sütunlarını ucaltdığı dənizə yaxınlaşırlar. Burda, allahlardan birinin şöhrətpərəstlik və kobudluğa qoyduğu hədd nöqtəsində, Uliss yoldaşlarınıömürlərinin sonunda insanlarsız dünyanı, toxunulmamış dənizi dərk etməyə inandırdı - antipod. Onların kim olduqlarını, heyvan kimi yaşamaq üçün deyil, bilik və hünər axtarmaq üçün doğulduqlarını xatırlatdı. Onlar əvvəlcə qərbə, sonra isə cənuba doğru hərəkət edirlər, beş ay okeanda üzürlər və bir dəfə üfüqdə tünd rəngli dağ görürlər. Bu dağ əvvəl gördüklərinin heç birinə oxşamırdı... Dənizçilər şadlıq edirlər. Lakin sevincləri tezliklə pərişanlıq hissi ilə əvəz olunur, qasırğa qalxır və gəmi üş dəfə çevrilir, dördüncü dəfədə batır; Allahın hökmü belə olur və dəniz onları ağuşuna alır.
Əhvalat belədir. Şərhçilərin çoxu -- Florentiyalı anonim bir şəxsdən tutmuş Rafael Andreoliyədək, onu müəllifin kənara çıxması hesab ediblər və zənn ediblər ki, Uliss və Diomed yalançılar dərəsi üçün nəzərdə tutulmuş yalançılardır («e dentro dalla for fiamma si geme Fagguato del caval») və bu səyahət də ötəri parlaq uydurmadır. Tommazeo, əksinə, "Civitas Dei"dən bir parçanı sitat gətirir, amma insanın Yerin cənub hissəsinə düşməsinin mümkün olmadığını deyən Kliment Aleksandriyskidən də sitat gətirə bilərdi; ona görə də Kazini və Pyetrobono başdan - başa günah sayılan bu dəniz səyahəti səfərini ittiham edirlər. Həqiqətən də, yunanların burulğanın onları udmazdan əvvəl gördükləri dağ - fanilərə qadağan olunmuş Ərafın müqəddəs dağı idi ("Əraf", I).
Hüqo Fridrix əminliklə qeyd edir ki, "səyahət fəlakətlə bitdi və ona görə yox ki, bu, dənizçilərin işidir, yox, sadəcə,Allahın hökmü belə oldu ("Odissey cəhənnəmdə", 1942).
Öz təşəbbüsü barədə danışan Uliss bu işi "ağılsızlıq" (folle) adlandırır; "Cənnət"in XXV nəğməsində Ulissin səyahəti vacco folle - mənasız və həyasızlıq adlandırılır. Epitet Dante tərəfindən qaranlıq meşədə, Vergilinin həyəcanlandırıcı təklifindən sonra ("temo che la venuta pod sia folle") [11] səsləndirilir və o, bilərəkdən təkrar olunur. Dante sahilə çıxanda can verən Ulissi görür və o, deyir ki, üzüb yan alanlardan heç kim geri qayıda bilməyib; sonra qeyd edir ki, eyni sözləri Uliss özünün faciəli sonundan danışarkən deyir.
Karl Şteyner yazır: "Dante bu sahilə görə həlak olan Ulissi düşünməyibmi? Əlbəttə, düşünüb, lakin Uliss öz gücü ilə insanlara qoyulan həddə meydan oxuyaraq, ona çatmağa çalışırdı. Dante, yəni Uliss təvazökarlıqla silahlanaraq, ora ayaq basır.Onu lovğalıq deyil, ağıl irəli aparırdı». Avqust Ruegin («Jenseits Vorstellungen von Dante») bu fikridir [13]: “Uliss kimi tapdalanmamış cığırla yeriyən tədqiqatçı Dante heç bir insanın görmədiyi dünyaları keçərək, ən çətin və ucqar hədəflərə can atır. Lakin burada möcüzə baş verir. Uliss qorxu hissini özündən uzaqlaşdırıb riskə gedərək, qadağan edilmiş macəralara doğru yola düşdü; Dante alilərin iradəsinə tabe olur”».
Bunu “Komediya”nın iki çox məşhur hissəsi təsdiqləyir. Onlardan birində Dante bəyan edir ki, 3 axirət dünyasını ziyarət etməyə layiq deyil («Mən nə Eney, nə də Paveləm»), Vergili isə, Beatriçenin ona tapşırdığı vəzifəni izah edir; ikincidə Kaçyaquda [14] Danteyə poemanı nəşr etməyi məsləhət görür («Cənnət», XVII). Belə sübutlara malik olarkən, hər iki səyahəti - insanlar tərəfindən yazılmış kitablardan ən yaxşısını yaratmış Dantenin zəvvarlığı ilə Cəhənnəmdə udulmuş Ulissin rəğbət oyatmayan macərasını müqayisə etmək mənasızdır. Onun hərəkəti Dantenin hünərinə tamamilə zidd görünür.

Ancaq belə dəlilin mahiyyətində səhv də vardır. Ulissin səyahəti, şübhəsiz, Ulissin öz işidir yaxud o, Ulissin şəxsiyyətinin qabaqcadan söylədiyi süjetdən başqa bir şey deyil. Lakin Dantenin işi onun səyahəti deyil, kitabıdır. Bu aydındır, amma niyəsə unudulur, bir halda ki, "Komediya" birinci şəxsin dilindən yazılmışdır və fani insan ölməz personajın kölgəsində qalmışdır. Dante ilahiyyatçı idi və «Komediya» əsəri bir çox hallarda həm çətin idi, həm də Ulissin sonuncu səyahəti kimi təhlükəli və labüd idi. Dante Müqəddəs ruhun qələmilə üzdən qeyd etdiyi sirləri təsvir etməyə cəsarət etmişdir; onun bu proqnozu asanlıqla öz bədbəxtliyinə səbəb ola bilərdi. O, Beatriçe Portinarini Müqəddəs Ana və İisusla [15] müqayisəyə, anlaşılmaz, naməlum və xoşbəxt Məhşər Gününün hökmünü qabaqcadan xəbər verməyə cəsarət etmiş; o, günahkar ataların ruhlarını simoniyada ittiham edəcək vaxtın dövr etməsini söyləyən Averroesanın davamçısı Siqeranı xilas etmişdir. Və o, şöhrətin ötəriliyi haqqında necə qızğınlıqla danışmışdır!
Non e il mondan romore altro ch'un fiato
di vento ch'or vien quinci e or vien quindi
E muta nome perche muta lato [16].
Bu daxili mübarizənin müxtəlif cizgiləri poemada qalır. Karl Şteyner onlardan birini, Vergilinin Dantenin qorxusuna qalib gəldiyi və möhtəşəm bir səyahətə razı saldığı dialoqda tapır. «Poemada Vergili ilə aparılan mübahisə, əslində, Dantenin öz ürəyində gedirdi; həmin vaxt o, poemanı yenicə fikirləşmişdi. Poemanın nəşri məsələsinə baxıldığı “Cənnət”in XVII fəsli bu mübahisəyə uyğun gəlir. Onu bitirib, dərc etmək və düşmənləri qəzəbləndirmək olarmı? Amma hər iki halda öz gücünün dərk edilməsi və onlara qoyulmuş yüksək hədəf qalib gəldi» (XV).
Bundan başqa, Dante bu misralarda insanın qəlbindəki münaqişəni simvollaşdırmışdır; düşünürəm ki, o, bunu (ola bilsin ki, istəmədən və hətta heç xəyalına belə gətirmədən) Ulisslə bağlı faciəli əhvalatda əks etdirmişdir və hekayə özünün sarsıdıcı reallığına görə bu emosional yükə borcludur. Dante özü Uliss idi və Ulissi yaxalamış cəzadan hardasa qorxa bilərdi.
Sonuncu mülahizə. İngilis dilində yazılmış iki kitab, Dantenin və dənizin iki pərəstişkarı Dantenin Ulissinin bəzi təsirlərini üzərlərində hiss edib. Elliot (ona qədər Endryu Lonq, daha əvvəl Lonqfello) israr edir ki, möhtəşəm Uliss Tennison bu məşhur prototipdən boy verir. Bilmirəm, başqa daha dərin oxşarlıq gözə çarpıbmı; “Cəhənnəm”dəki Ulisslə “Mobi Dik”dəki uğursuz kapitan Ahab. O da qeyri - adi şücaət və ustalıqla öz məhvinə can atır, əsas ideya eynidir, final oxşardır, son söz, demək olar ki, üst-üstə düşür. Şopenhauer yazırdı ki, biz qeyri-iradi heç nə etmirik; hər iki təşəbbüs dolaşıq və anlaşılmaz intihardır.
P.S. Deyirlər ki, Dantenin Ulissi, bir əsr sonra Amerikanın və Hindistanın sahillərinə yan almış məşhur kapitanları qabaqlayıb. Kürən Erik 985- ci ildə Qrenlandiyanı kəşf edib; onun oğlu Leyf XI əsrin əvvəlində Kanada sahillərinə çıxıb. Dante bunu bilə bilməzdi. Skandinavlar hadisəni yuxu kimi təqdim edərək, sirri gizlətməyə çalışıblar.

Rəhmdil cəllad

Dante (hamıya məlum olduğu kimi) Françeskunu Cəhənnəmdə yerləşdirdi və sonsuz canıyananlıqla onun günahının tarixçəsini dinlədi. Bu ziddiyyəti necə azaltmaq, ona necə bəraət qazandırmaq olar? Dörd mümkün izaha baxaq.
Birincisi tamamilə zahiri xarakterlidir. Dante poemanın ümumi formasını müəyyən edib düşünür ki, onu, həlak olmuş ruhların etirafları ilə canlandırmasa, o,adların və ya coğrafi xəritələrin boş sadalanmasına çevrilə bilər. Belə bir fikir onu hər bir dairədə maraqlı və İtaliyada kifayət qədər maraqlı və məşhur olan günahkar tapmağa vadar edir (bu cənablara qəzəblənmiş Lamartin “Komediya”nı “Florentiya qəzeti” adlandırır»). Təbii ki, etiraf təsirli olmalı idi;onda risk yox idi, çünki müəllifin Cəhənnəm hekayəçisi ilə əlbir olduğuna şübhə yeri qalmayacaq. Bu fikir (Kroçenin böyük ciddiyyətlə yazdığı teoloji əsərinə poeziya sahəsindən daşınmış), çox güman ki, ən çox ehtimal olunandır, amma onda nəsə çox xırda və ya kiçicik bir şey var ki, Dante haqqında bizim təsəvvürümüzə uyğun gəlmir.
Bundan başqa, “Komediya” kimi belə intəhasız bir kitabın təfsiri bu qədər asan ola bilməzdi.
İkinci - Yunqun doktrinasına əsasən, ədəbi uydurmanı ikibaşlı uydurmaya tən tutur. Ona görə də, indi bizim xəyalımız olan şairin gözünə Françeskanın və şəxsi canyananlığının edamı göründü. Şopenhauer qeyd edir ki, yuxu görən gördüyünə və eşitdiyinə təəccüblənə bilər, lakin hər şey, hər şey, nəticə etibarilə, onun ürəyində əvvəlcədən olmuşdur. Eynilə Dante, gördüklərinin yuxu və ya uydurma olmasına acıya bilərdi. Həmçinin, demək olar ki, onun özünün cəhənnəm sərsərisi simasında başqalarının əksi olduğu kimi, Françeska elə şairin öz obrazıdır. Ancaq şübhələnirəm ki, son fikir yanlışdır, çünki kitablara və yuxulara real olanları yazmaq başqa, kitabda yuxunun əlaqəsizliyinə və məsuliyyətsizliyinə yol vermək bir başqadır.
Üçüncü fikir birinci kimi texniki xarakterlidir. Dante "Komediya"nın gedişində Allahın dərkedilməz qərarlarını qabaqcadan görməli idi. O,yalnız özünün qeyri - kamil ağlının köməyi ilə Məhşər gününün bəzi hökmlərini müəyyən etməyə ürəklənmişdi. Deyək ki, qoy yalnız kitabda olsun, Selestinini ittiham etdi və Əbədi Fırlanma astrolojı tezisini müdafiə etmiş Siqer Brabantskini xilas etdi.
Bu əməliyyatı maskalamaq üçün Dante göstərdi ki, ədalət "Cəhənnəm"də Allah tərəfindən idarə olunur (justitia mossa l'mio fattore) [17], amma özü üçün mərhəmət və anlayış atributlarını saxladı. Françeskunu cəzalandırır və Françeskuya ağlayır. Benedetto Kroçe bəyan edir: «Dante ilahiyyatçı, mömin, əxlaq dərsi verən vaiz kimi günahkarları ittiham edir, lakin onlara ürəyində bəraət qazandırır ».
Dördüncü fikir daha mürəkkəbdir. Onu anlamaq üçün bir qədər düşünmək lazımdır. İki müddəaya baxaq: birincisi - qatil ölüm cəzasına layiqdir; ikincisi - Rodion Raskolnikov edama layiqdir. Şübhəsiz, müddəalar sinonim deyil. Paradoksaldır, lakin elə alınır ki, konkret (real) qatillər yoxdur və uydurma (abstrakt) Raskolnikov da yoxdur, əksinə. “Qatillər” konsepsiyası ümumiləşməni inkar edir; haqqında kitabda oxuduğumuz, bizim üçün real varlıq olan Raskolnikov uydurmadır. Əslində, ciddi decək, «qatillər» yox, bizim ləng dilimizin bu qeyri-müəyyən dairəyə daxil etdiyi fərdlər var (nəticədə, nominalist Posselinin və Gilyermord Okkamanın müddəası belədir). Başqa sözlə, Dostoyevskini kim oxuyubsa, özü müəyyən mənada Paskolnikov olub və bilir ki, o, öz “cinayətində” azad deyil, çünki onu buna vəziyyətin qaçılmaz caynaqları gətirib çıxarıb. Öldürən qatil deyil, oğurlayan oğru deyil, aldadan yalançı deyil: bunu məhkumlar bilirlər (daha doğrusu, hiss edirlər). Nəhayət, hər bir cəzada ədalətsizlik var. Hüquqi nöqteyi - nəzərdən qatil ölümə tamamilə layiq ola bilər - lakin öz həyatıyla məcbur olub adam öldürmüş yazıq yox, amma mümkündür - o, markiz de Laplas!- kainatın tarixi layiqdir. Madam de Stal bu fikirləri məşhur aforizmində yekunlaşdırıb: hər şeyi başa düşmək - hər şeyi bağışlamaq deməkdir.
Françeskanın günahından Dante elə nəzakətlə və mərhəmətlə danışır ki, bizim hamımız günah işlətməyin zəruriliyini hiss edirik. Bunu şair də hiss edirdi, dindardan fərqli olaraq, o, sübut etmişdi ki, ("Əraf", XVI nəğmə) əgər bizim hərəkətlərimiz planetlərin təsirindən asılı olsaydı, o zaman iradə azadlığı yox olardı və xeyirə görə mükafatlandırmaq və şərə görə cəzalandırmaq ədalətsizlik olardı.
Dante anlayır və bağışlamır - budur barışmaz paradoks. Mən hesab edirəm ki, bu, məntiqdən uzaq həll edilmişdir. Dante dərk etmirdi, amma hiss edirdi ki, insanın hərəkətləri qaçılmazdır və eynən əbədi həzz və ya ölüm də, onları doğuranlar üçün qaçılmazdır.
Spinozanın davamçıları və stoiklər, həmçinin iradə azadlığını və əxlaq qanunlarını inkar edirdilər. Kalvin bəziləri üçün cəhənnəmi, digərləri üçün səmanı seçir. Salenin "Əlquran"a yazdığı ön sözündə oxuduğuma görə, müsəlman sektalarından biri də buna tərəfdardır.
Gördüyünüz kimi, dördüncü fikir problemləri tükəndirmir. Onu xatırlatmaqla kifayətlənək. Başqa fikirlər məntiqlidir, amma bu, nə olursa- olsun, mənə həqiqət görünür.

Ruscadan tərcümə edəni: Südabə AĞABALAYEVA  /"Azərbaycan" jurnalı/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.