Rüfət Səid (Əhmədzadə) - Ayselin uçmasına dair fəlsəfi esse
30.06.14
Ey sevgili millət, uca xalq!
Siz elə bilirsiniz ki, qələm adamları əppə yemirlər? Yox, elə deyil. Həmişə olmasa da, hərdən-birdən yeyirik, hətta bayram günlərində xüsusi şövq ilə tualetə də gedirik.
Şəxsən, bu mübarək Sevgililər Günündə bütün ağrılı-acılı xatirələrimə sifon çəkib gəlmişəm. Amma xatirələr çox sırtıq olar. Yenə gəlib üzünə duracaqlar. Və yenə də, getdiyin, pənah apardığın yerlərdə söyüş yiyəsi olacaqsan. Başa sala bilməyəcəksən ki, vallah, billah, mənlik deyil... Nə isə, keçək sevginin saf tərəflərindən danışmağa. Çox populyar bir sual var: "Bu sənətə gəldiyinizə görə kimə borclusunuz?”. Bu sualı bir şairə versən, əvvəlcə duruxub qalar. Yəqin ki, qısa qapanmadan sonra başlayacaq bir-bir kimlərinsə adını çəkməyə. Amma mən soruşuram: Nəyə görə kiməsə minnətdar olmalıyıq ki? Əlimiz bala batıb? Sifon çəkməklə də getməyən o xatirələrə görə kimə təşəkkür etməliyik? Ya da ona görə ki, gəncliyimizin bütün perspektivlərini fərsizlikdən doğmuş depressiyalı xəyallara həsr etmişik? Sentimental bir şairin üz tutduğu hər yer qıfıllı olar. Hətta... Həm də... Nə yazsaq, nə desək də, nə uğrunda mübarizə aparsaq da, mənası yoxdur. Yəni, yalandan 1-2 ürək kövrəltməkdən başqa nə faydası var? Yox, insanlara vicdan əzabı yaşadacağıq? Romantik oğlanın xəyallarıyla yekəqarın bir heyvərənin altına girənə nə verəcəksən? Azad olmağımı öyrədəcəksən... Əhsən! Mən heç kimə minnətdar deyiləm. Xüsusən də, xatirələrimə görə. Deyirlər ki,ədəbiyyatı göz yaşı yaradır. Mənsə deyirəm ki, tər yaradır. İy gəldisə,pəncərəni aça bilərsiniz. Aysel söz verib, sakit oturacaq. Yalandan ilham pərisi nağıllarıyla həm özümüzü, həm də başqalarını doladıq. Qadınlar da məhz ilham pərisi olmaq naminə gəlib bir-bir getdilər. Qalmaq üçün gələnlər yox imiş bu dünyada. Bu dünyada şəxsi problemlərin kökündə də sosial problemlər durur. Bəzən də şəxsi problemlər kiməsə stimul verir, özünü sübut etmək üçün əsas yaradır... Amma mənim indiki durumumda, sosial problemlərimin kökündə şəxsi problemlərim durur.Hər şeyi ürəyimə salıram. Ürək də dözmür. Enerji tükənir, söz verdiyim işləri vaxtında çatdıra bilmirəm, düşürəm sosial şəbəkələrin canına... Nəticə? Mənim kimi minlərlə insan bir-birini "like” eləməklə yola verir, axşam düşür, səhər açılır, sonra yenidən axşam düşür.... Və şair bir gün siqaret almağa çıxanda, tanış bir simanı görür. Hayqırmaq istəyir: - Aysel, düş maşından! O, sənə görə deyil. Şairin boğazı düyünlənib. Səsi çıxmır. Aysel öz işindədir. Maşına əyləşir, cüvəllağı qaqaşla öpüşüb-görüşür, bir siqaret yandırır... Maşın yerindən götürülür. Kim nə edə bilər ki? Sevgi nə qədər ideal olsa da, mövcud reallıqları dəyişmir. Sonda müxtəlif formalarda gördüyünüz "xoşbəxtlik” variantları üçün bu sevgidən keçməli olursunuz. Kimi üçün xoşbəxtlik valideynlərin tapdığı kriteriyalardır. Kimin üçün bağlı qapı arxasından qır-qızıl... Kimi üçün beş dəqiqəlik ləzzət... Kimi üçün göydəndüşmə şöhrət... Kimi üçün isə bir şairin üçcə bəndlik şeiri. Və hələ də durub, fərqli fikirlərin müzakirəsinə çıxırıq. 30 iyun tarixini Sevgililər Günü kimi qeyd edək, ya etməyək? Şəxsən, mən Fərizənin yerində olsaydım (o sevgi və iradə ilə), elə məhz eyni addımı atardım. Mənim üçün filosofluq etməyin! Belə bir cəmiyyətdə atasız uşaq böyütmək, dul olmaq bilirsinizmi nədir?
Dövlət şəhidlərə, şəhid ailələrinə, yetimlərə, yesirlərə yiyə durdumu? Ya bizim insanlarımız nə etdi? Fərizə uşağını böyüdəcəkdi ki, 20 il sonra onun gözü qabağında hansısa "millətçi" deputatlar, "solçu" balalaykalar Rusiyanı təbliğ etsinlər?
P.S.: Aysel də uçdu pəncərədən. Səbəb "peredoz” idi. /kult.az/
|