Günay Əmirova - ONA məktublar
23.06.14
Çiçəklərinin təravətli, əsrarəngiz qoxusuna bələnmiş səhərimi açdım. Rənglərin bir-biriylə yarışması elə bil rəssam fırçasına ehtiyac duyur. Xoş təbiətin gülərüz siması, quşların cəh-cəhinə qarışmış möhtəşəm gününə salam olsun!
Səhərə aşiqəm, çünki səhər hər gün təzələnir. Hər gün xoş əhval-ruhiyyəylə libasını geyinir. Hərə səhəri bir cür qarşılayır. Mənim səhərim bu gün sənsiz başladı. Səhərimdə yalnız adın, xəyalın var. Mən uzun illərin yolçusuyam. Sən də bu möhtəşəm səhərlə oyandın. Günəş həmişəkindən daha böyükdür. Elə qayğıyla, sevgiylə istisini paylayır ki, Yer kürəsinə. Bu paydan bizə də düşdü bu gün. Ayrı-ayrı məkanlarda olsaq da, istiliyi bərabər çəkdik içimizə. Hələ pis insanların nəfsindən çirklənməyən havanı eyni vaxtda ciyərlərimizə çəkdik, şahzadəm.
Sən elə bir hissən ki, onu adlandırmaq çətindir. Gizli, füsunkar, fərqli, xəyali, yuxu kimi, amma gerçəyə bənzər, həsrət-vüsalı şirin olan şahzadəm.
Sən elə bir ətirsən ki, onun tayı-bərabəri yoxdur. Onu qoxuladıqca qoxulamaq istərəm. Sən elə bir nəğməsən ki, heç bir bəstəkarın səni yaratmağa gücü yetməz. Sən elə bir rəsm əsərisən ki, tablona baxmaq, baxmaq, baxmaq istərəm. Çünki xəyalın sevgi fırçası ilə çəkilmişdir.
Sən elə bir kitabsan ki, oxumaq, oxumaq, oxumaq istərəm. Çünki sən ən böyük sevgi əsərisən. Sən elə bir filmsən ki, maraqla izlədiyim film. Sonunu bilmək istəmədiyim film. Çünki Sən möhtəşəm, əzəmətli, maraqlı sevgi filmisən.
Sən mənim ruhumun laylası, fikirlərimin mayası, sevgimin həzin, şıltaq notlarla yazılan mahnısı... Dünyamın təmiz, təravətli dünyasısan. Sən həm də sabah-sabah içimə dolan səhər mehim, ömrümə təşrif buyuran ovqatım, kefimsən. Fikirlərim fəvvarə kimi aşıb-daşır, o fəvvarələri də hərəkətə gətirən bir tək səni düşünmək, sənin gəlməyinə, xəyallarımdan, yuxularımdan çıxıb reallığa qayıtmağına inanmaqdır.
Qəlbimdə məskən saldığın üçün rəngdən-rəngə çalan kəpənəklər uçur iç dünyamda. Bomboz güvələrə yer yoxdur sənin məskən saldığın qəlbimdə. Qəlbimi məsud etmisən, qəlbim hüzur tapıb sənin xəyalınla.
Kirpiklərimə baxanda bir halı müşahidə edirəm ki, gün ərzində nə qədər bir-birlərindən uzaq olsalar da, günün sonunda hüzur tapırlar. İndi nə qədər uzaq gəzsələr də ruhlarımız, vaxt gələcək hüzur tapacaqlar.
Ey şahzadəm, elə bu dəm, Gələ bilsən, sevə bilsən, Hissimi bilə bilsən, Sənə həmdəm olaram, Qəlbimə həmdəm olaram.
Cani könüldən sevə bilsən, sevgimi sən, Ola bilməzsən inan hər kəs kimi sən, Həmdəmim ol, sevinim, həm də gülüm, Bülbülüm ol, mən də sənin qönçə gülün.
|