Afaq Yusifli - Və belə...
16.06.14
Hekyə
Həmişə sənə çatmaq istəmək, daim səninlə birgə olmaq, səni özündə hiss etmək, xoşbəxtliyin zirvəsində səni görmək. O xoşbəxtlik ki, sənə çatana qədər sənə əks olan hər şeyin acısını duymağa, səndən uzaqlaşmağa, bəzən səndən,verdiyin kədərdən ,əzabdan bezib hər şeyindən əl çəkməyə məcbur edirsən. Niyə? Qərar verdim... Vəssalam... Daha o yoxdur, olmayacaq... Çoxlarının uğur, xoşbəxtlik dedikləri başqa şeylərdə də var. O sənin qədər acı vermir. Əzmir, əzrdirmir. Qərar verdim... Artıq səni məhv edəcəyəm... Sən unudulmağa məhkumsan. Yox ol məndən! Budur artıq... Bacarıram deyəsən. Bəli. Başqa şeylərə baxıram artıq. Dünya rəngləri gözümdə dəyişib. Maraqlarımı dəyişməyi bacardım. Bax! Bax! Mən artıq uğurluyam. Hamı məni dəstəkləyir. Fərqlənirəm... Seçilirəm... O əzab vermir... O xoşbəxt edir... O güldürür. Bax mənə! Sən mənə gəlmədin. Məni görmədin. Başqalarını qiymətləndirdin. Get! O başqaları, o da sən! Mən sənə gəldim, gəldim. 6 illik hər gecə yuxuya getmək üçün xəyalım oldun. Yıxdın məni. Durdum. ”Yaralı-yaralı” sənə qaçdım. İncitdin. Dözdüm. Baxdın mənə! Yaralı halda sənə gəlirdim. Büdrədim. Zərbə aldım. - Mənə baxıb güldünmü? Halıma acıdınmı? - Bəli, güldün. Yazığın gəldi. Amma başa düşmədin! - Sənə gələn yolda aldığım yaraları sarıdınmı? Sağaltdınmı? İndi get! İstəmirəm səni! - Buyurun, xanım. - Siz bügün möhtəşəm idiniz. - Ən uğurlu çıxış sizinki oldu. - Sizin parlaq gələcəyiniz var... Eşit! Duy! İstəmirəm daha səni! Həyatımın mənası deyilsən artıq. Sənsiz də bacaracağam. Xoşbəxtliyimin ünvanını tapacağam. *** - Gəl. Gəl də! Bugün bu küçədən gedək. Həmişə eyni yerdən getməyəcəyik ki? - Buradan gecikmərik ki? - Yox, demək olar ki, eyni yoldur. - Bax, burada nə gözəl mağazalar var. Gəl baxaq. - Yox, mən onlarla maraqlanmıram. - Onda bizi burada gözlə. *** Ana! Ana! Buna bax. Mən bu rəngi istəyirəm. Gör necə gözəldir. Al bunu mənə! - İlahi, bu necə gözəl qızcığazdır. Bu necə məsumluq, bu necə saflıq. Sadəlik və o sadəliyin daşıdığı ali gözəllik. - Hə, qızım, gəl baxaq. - Sən yenə gəlmək istəmirsən mağazaya? Xoşuna gələcək. - Yox, yox. Siz baxın. Mənə belə də yaxşıdır. - Tanrım, bu nə gözəl gözlər! - Ana, gedək də tələs! Mən bir küçəni keçdim. Ətrafda hər yer sanki yoxdur. Qaranlıqdır. Boşdur. Məsumluğun, saflığın olduğu təkcə dünya var sanki. O balaca qızcığazın dünyası və onu izləyən mən! Budur, o öz anasının əlindən tutaraq can atdığı mağazaya girdi. - Aman Allah! Yenə sən?! Nə vaxta qədər məni izləyəcəksən? Sənə yaxınlaşsam əlini mənə uzatmazsan. Əslində mənə nə qədər yaxınsansa, bir o qədər uzaqdan da uzaqsan. Ya mənə qovuş,ya məndən uzaqlaş! - İlahi, ”o” və “o” . Saflıq, sadəlik, gözəllik dünyam rəngli dünyama qovuşarkən. O necə də xoşbəxtdir. Orada pul, maddiyyat, zənginlik yoxsa da rənglər, boyalar var. - Ana, bunu alaq. Nə olar bunu da! Ana, bir az da burada qalım. Bəli, ən böyük xoşbəxtlik insanın özünü tanıması və nə istədiyini, qəlbinin dərinliyini də bilə bilməsidir. Yox! Yox! Bu əslində bədbəxtlikdir. Mən xoşbəxtəm. Mən uğurluyam. Mənimlə fəxr edirlər. Mən işimi sevirəm. Mən xoşbəxtəm? Mən uğurluyam? Mən o uğuru istəyirəm? Mən olduğum yerdəyəm? Və mən bu işimi sevirəm? Mənim hər şeyim var, amma bu təsəllidir. Çünki mənim əslində heç nəyim yoxdur. -Ana,mənə nə qədər karandaş alacaqsan?Neçə fırça aldın?Boyalarıma baxım hələ. Yox! Məndə “hər şey” var, amma sən yoxsan. Mənim hər şeyim məndə yoxdur. Sən yoxsan. O uşaqda olan xoşbəxtlik məndə yoxdur. Çünki məndə sən yoxsan, mənim arzum. Gəl mənə! O xoşbəxtdir. Nə istədiyini bilir və dəstəklənir.(?) Gəl! Mənim dəstəyim sən ol. Mənim mənam sən ol. Al əlimdən indiki “uğurlarımı”. Apar məni istədiyin yerə. Qərq olum boyalar, rənglər, fırçalar, məsumluq, sadəlik dünyana. Mənim uşaqlıq arzum... 12.05.2014
|