Narıngül - Gecikmiş
02.06.14

Hekayə

Gecikmisən...
Həkim xanım bu sözləri əlindəki əlcəkləri soyuna-soyuna deyir. Vecinə almır heç nəyi, elə bil hava durumunu anladır, gümrah səslə, hündürdən səslənir.
Üçümüz  də qeyri-ixtiyari gözlərimizi həkimin üzünə  zilləmişik.  
Sonra həkim yumru əndamını yırğalaya-yırğalaya divara  söykənmiş su kranında əllərini yuyur, siyirtmədən kağız çıxardır. “Çoxdan üstünə düşməliydiniz,- deyir - tez olsaydı,  müalicəsi asan olardı. İndi çoxlu  dava dərman gərəkdir, alınmasa əməliyyat da lazım ola bilər”.
Həkim dayanmadan yazır. Orta  barmağında üstü ay şəkilli üzük var. Kimdəsə görmüşəm  bu üzükdən, xatırlaya bilmirəm. Kimin barmağında idi axı... Beynimi sındırıram. Bir şeyi çürütməsəm ölərəm. Tapdım. Aha!  Şəhlanın barmağında  idi, rəfiqəmin bacısının... Ürəyimdən keçir ki, həkimə  deyim  firma dərmanı, filan yazmasın, həm də, dərmanlar çox olmasın. Amma demirəm.
İmkan tapıb divardan asılmış güzgüdə özümə də tamaşa edirəm. Rəngim bir qədər solğundur, ancaq pis görünmürəm.
 Həkim resepti o tərəf, bu tərəfinə çevirib təkrar-təkrar baxır, nəhayət ki, son nöqtəni qoyur.  
Ərim əyri-üyrü xətlə yazılmış dərmanların adını hecalaya-hecalaya, çətinliklə  oxuyur, bir-iki sual da  verir həkimə. Sonra  gülümsəyərək minnətdarlıq edir.
Qapının arxasında  növbəyə dayanmış adamlar içəridən tıqqıltı səsləri eşidib canlanırlar. Birinci  dayanmıış  kişi az qala bizi çiyinləyərək  özünü  içəri atır.
- Bunlar həmişə şişirdirlər. Yox bir gecikmisiz, əməliyyat, filan...Hamısı  pul tələsidir!
Qızım dəhlizə çıxan kimi  müxalif çıxış edir.
- Daha gedib evdə beynynə salma ha... Ərim vasvasılığımı bilir,  həmişə mənimlə uşaq kimi rəftar edir.
- Əlbəttə, boş şeydir. Sabah başqa həkimin yanına gedərəm.Tanış həkim var, professordur, yaman tərifləyirlər. Bir dəfə yoxlatmaqla dəqiq bilmək olmur ki...
Mən də öz növbəmdə ağlımı nümayiş etdirirəm, həm də, onlara təsəlli verirəm.
Küçəyə çıxan kimi qızım atasının  qoluna girir.Yamyaşıl bağın kənarıyla addımlayırıq. Ətrafdan təzə biçilmiş otun ətri gəlir. Yerə qonmuş quşlar ayağımızın  altından “pırr” edərək uçurlar. Son günlər quşlar yaman çoxalıb.
 Həkim deyirdi gecikmisən...  
“ Istəsən dərsə hərdən bir gələrsən, əgər özündən kiçik uşaqlarla əyləşmək istəmirsənsə... Sən bu uşaqlardan xeyli böyüksən. Hörmət edərik...” – deyir universitet müəllimim.
“Yox, necə olsa da  bir neçə gün  oturum sinifdə. O qədər arzulamışam  ki, tələbə olmağı”. Gözlərim dolur, ancaq hiss etdirməməyə çalışıram.  “Qatarın dalınca qaçan sərnşin kimiyəm, hey qaçıram çata bilmirəm, gecikirəm”.
“Axır ki, çatırsan, -  deyir müəllim - dərd etməyə dəyməz”.
Başa düşən insandır. Anlayır ki, mənimlə yarı yaşda  olan  uşaqlarla birlikdə tələbəlik keçirmək mənlik deyil.  
Ərimlə  qızım xeyli  irəlidə gedirlər. Qızım bərk-bərk atasının  qoluna girib, nə isə danışırlar. Söhbətləri  yaman tutur. Mən  heç ...Mənimki oğlumdur. Xaricdə təhsil alır. Deyir ki, bəlkə heç təhsilimi bitirib qayıtmadım. Qayıtmasa ürəyim partlayar.  Hələ ki, o vaxta var...
Ərim yerişini yavaşıdır ki, onlara çatım.
Nişanlı vaxtlarında necəydisə, elə də qalıb. O qədər də dəyişməyib. O vaxtlar da təmkinli və ciddiydi. Mən  isə onun əksiyəm. Neçə il əvvəli xatırlayıram.
“Daha gecdir,   bəy -gəlin masasında əyləşə bilmərik. Nəyimizə gərəkdir ki, toy. Uşaq deyili ki...”
Ərim həmişə məni sözsüz anlayır. Dərhal razılaşıram. Heç özüm də istəmirəm. Xoşum gəlmir belə şeylərdən. “Adamın əti tökülür-  deyirəm - sakitcə evlənək”.   
Parkın qurtaracağında dayanırıq. Sağollaşıb hərəmiz bir tərəfə ayrılırıq.  
Dayanacaqda  “it yiyəsini tanımır”. Sərnişin gözləyən avtobuslar az qala  bir-birinin üstünə çıxıblar. Əyri-üyrü, köndələn şəkildə  kim necə istəyir,  harda gəldi saxlayıb. Yoldan keçən maşınlar yolu burulub keçirlər. Siqnal səsi, konduktorların səsinə qarışıb.  
“Allah kəssin belə işi!” Hər dəfə bu dayanacaqda eyni sözləri təkrarlayır, ürəyimdə sürücülərin halına acıyıram.  “Bu sürücü tayfası çox həyasız olur. Bunlar başqa millətdir ”-  uzun illər sürücü işləmiş dayım belə  deyərdi. İri qarpız dilimlərini süfrədən götürüb iştahla yeyə-yeyə  söyürdü “öz tayfasını”.
Marşrut üçün adam haraylayan konduktor  oğlan öz işindədir. Elə qışqırır ki, elə bil boğazını xüsusi qurğu  ilə  genəldiblər.  
Marşrutların arasından balaca, köhnə avtobusumu tapıb əyləşirəm. Aynaya: “Məni gözlə” yazılıb. Kənara yapışdırılmış oyuncaq ayı elə hey atılıb düşür.   
Nuh əyyamından qalıb avtobus. Köhnə marşrutlar artıq  sıradan çıxıb. Bunları arxivdən tapırlar sanki. Iki-üç ədəd ola, ya olmaya.  
- Ay uşaq, sür gedək, yatıb qaldın ki, burda...
Arxa oturacaqda əyləşmiş  qadın səslənir. Ləhcəylə danışır. Xoşum gəlmir ləhcəylə danışan adamlardan, bəyənmirəm onları. Görəsən,  hansı bölgənin ləhcəsidir? Beynimi qurdalayıb fikirləşirəm, tapıram sonda.
- Metronun bir şıxışı da gəlsin, gözüm üstə! Sürücü oğlan güzgüdən arxaya boylanıb irişir. Güzgüyə”Allahu - Əkbər” yazılıb.  
- Ağ elədin ha! Qadın yenidən söylənir. “E” hərfini xüsusi vurğuyla uzadır.
Sürücü cavan oğlandır. Heç cavan da demək olmaz, uşağa oxşayır. Arıqdır deyə belə görünür. İri gözləri var. Gözlərinin içi gülür. Sükandan yapışmış biləkləri nazikdir.
“Biləklərin çox  nazikdir, kişi biləyinə oxşamır.Yemək yemirsən, ona görə cansızsan...” atasının maşınını idarə edən oğluma iradımı bildirirəm. O da  bu sürücü oğlan kimi irişir, əllərini sükandan çəkib qollarını şişirdir.
“Biləklərimi neynirsən, sən mənim musqullarıma bax!”
-    Ə, malış avtobusu çək kənara!
Yanaşı dayanmış avtobusun yekəpər sürücüsü qızıl dişlərini göstərir.
Oğlan ildırım sürətiylə kaskadyorlar kimi maşını səkiyə  dırmaşdırır.
-Yavaş sür, a bala. Bizi o dünyalıq edəcəksən.
Yaşlı bir kişi oturduğu yerdə səndələyir, qalxıb yerini öndəki oturacağa dəyişir. Sürücü güzgüdən dişlərini ağardır:
- Qorxma, icazəni almışam, o biri dünyayla sazişim də var...
Kişi ərklə onu söyür -  küçük!  
Arxadan aramsız maşın siqnalı eşidilir. Kimsə hündürdən söylənir. Deyəsən, marşrut hansısa maşının yolunu kəsib.
Sabah başqa həkimə də yoxlatdırmaq lazımdır. Başımı avtobusun aynasına söykəyib mürgüləyirəm.
- Gəl, düş aşağı. Düş, yerdə danışaq!  
Yarıaçılmış pəncərədən iki əl içəri uzanıb, sürücünün yaxasından yapışıb.  İri biləkli əllərdir. Sürücünün köynəyi ağappaqdır, amma əzik-əzikdir. Yerdən daha başqa birisinin səsi gəlir.
- Bizim qabağımızda nə kişilik edirsən?!  Düş aşağı, görək nə deyirsən.
 Sürücü özünü sındırmasa da, hiss olunur ki, düşmək istəmir. Amma  dilini də saxlamır:
- Siz kimsiniz, əcəb edirəm. Yol mənimdir.
- Düşür yerə küçüyü!
Yerdəki oğlanlardan biri dillənir.  
Sürücü  hirslə qapını aşır, az qala  pəncərə qarışıq  sürüşüb yerə düşür. Adamlar söylənə-söylənə avtobusdan aşağı  enirlər. “Etibarsız” sərnişinlər  dərhal  başqa marşrutlara üz tuturlar. Kənarda dayanıb tamaşa edən adamlara qoşuluram. Yolun ortasında əməlli – başlı dava gedir. Bir vaxtlar döyüş filmləri dəbdəydi.  Döyüşlərin çoxu küçədə baş verirdi. Uşaqlar həvəslə baxırdılar. İndi dəbdən düşüb.
Konduktor oğlan da sürücünün  köməyinə gəlib. Əslində iki nəfər dalaşır. O birilər: “aralanın” - deyə cəhd edirlər, hərdən zərbə onlara da dəyir. Həvəskar rejissorların xəbəri olsa, döyüş kadrlarını çəkmək üçün əla fürsət olardı.  
Həyəcandan bədənim əsir.
Sürücüyə dava edən oğlanlardan biri yaxınlıqda dayanmış bahalı avtomobilə yanaşır, maşının qapısını açır, əyilib nə isə götürür. Fikir verirəm. Bıçaqdır. İndicə yaxınlaşıb sürücünün kürəyinə sancacaq  bıçağı. Sürücü arxasını ona çevirib, başını rəqibinin sinəsinə dirəyib. Oğlan qımıldanır, vuracaq indi. Vurur. Hərtərəf qandır. Qan asfaltın üstüylə axıb gedir. Sürücü yerə uzanıb.Üzünü örtüblər.  Ölüb. Anası vay-şivən qopara-qopara gəlir. Anası ölsün... Anası varmı görəsən?
Oğlan bıçaq olan əlini yuxarı qaldırır. Günəş də yuxarıdadır, düz göyün ortasında. Şüalarını bıçağın üzərində oynayır,  işığı gözlərimə düşür. İrəli uzanmış bıçaq zərblə qoluma sancılır. Heç nə hiss etmirəm, oğlanın bişaq tutan əlindən yapışmışam.  
Yenidən qan axır. Bu dəfə qan asfalta deyil, ovcuma tökülür.
Sürücünün  sifəti ağappaqdır. Avtobusa söykənib, heyrətlə baxır. O biri oğlan da qanı görüb sakitləşib. Hamı gözünü qolumdan axan qana silləyib.
Qolum göynəyir. Hərdən kəskin sancıları hiss edirəm, sanki iynə batırırlar. Polis məntəqəsinə hələ indi fikir verirəm. Heç bir yerində pəncərə yoxdur otağın. Qəribədir. Divarlar cəhrayı rəngdədir, qarşı tərəfdə günəş şüaları rəqs edir.Eynən bıçağın üzərindəki kimi. Axı  bura gün düşmür, bəs divardakı günəş rəsmi haradandır? Həkim deyir ki, gələrsən sarğını dəyişərik. İncidəcək, amma ötüb keçəcək.  Hələ bir həftə hər gün gəlməlisən.
Polis işçisi uzun –uzadı, heç kimə fikir vermədən  yazır. Resept yazan həkim də beləydi. Polis yazılı kağızı  qarşıma qoyur:
- Burdan da qol çək. Burdan da qol...
Qolumun yarası incidir. Həkim sarğını yenicə dəyişb, yəqin ondandır.
- Yaxşı ki, kecikmədin – hündürboylu polis işçisi pəncərənin qarşısında gəzişərək dillənir – yoxsa, oğlanı o dünyalıq edəcəkdilər. Oğlanı xilas etmisən.  
Açıq pəncərənin  qarşısındakı ağacın başında  sərçələr o tərəf - bu tərəfə uçuşurlar. Cikkilti səsi aləmi başına götürüb. Əməlli başlı izdihamdır. Görəsən, bu quşların köçü hansı fəsildə başlanır?..
 

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.