Aliq Nağıoğlu - Yeyiş

16.05.14

Hekayə
      
      Askerov o qədər sağlam adamdı ki, əgər içməsəydi, anasıtək yüz iki il yaşayardı. Amma öldü. Özü də içkini azaldandan, hətta gündə iki dəfə namaz qılmağa başlayandan sonra. Qəfil ölümü elə bayağı və inanılmaz oldu ki, kəndin qadınları onunla vidalaşmağa belə gələ bilmədilər. Son illər, ələlxüsus da arvadı keçən il rəhmətə gedəndən, bir xeyli geriləmişdi, xəstəlikləri çoxalmışdı. Tez-tez yuyunsa da sidik qoxuyurdu, böyrəkləri sözünə baxmırdı, prostatdan əziyyət çəkirdi. Gözlərindən əməliyyat olunmağa isə otaqda qaxılıb qalmağın əzablarına tablaşmayaraq havalanacağından razılıq vermişdi. Yeganə çıxış yolunu içkidə görürdü. Səhər tezdən evdən çıxırdı, günorta azanından qabaq orta yaşlı içki yoldaşı əlindən tutub yavaş-yavaş dəmir darvazanın ağzınadək gətirirdi. Bədbəxt özü də güclə ayaq üstə dururdu.
      Keçən ildən onunla bir otaqda qalan nəvəsi hərəkətlərindən təngə gəlmişdi. Onun anası, kənddəki bircə gəlini də soyuq dindirib danışdırırdı. Düzdü, xaricdə yaşayan, məşhur türk firmasında aparıcı işçi olan böyük oğlu hələ ki, onun və nəvənin aylıq xərcliyini davamlı göndərirdi. Elə keçən həftəarası qardaşoğlunun yüz dollarını, ona çatacaq üç yüz dolları rayon mərkəzinə gedib bankdan almışdı.
      Vaxt vardı oğlanları ona indiki xərcliyindən dəfələrlə çox pul yollayırdı. Ara verəndə dərhal haray-həşir salırdı, həyətin bir hissəsini, hətta evi satacağı ilə hədələyirdi. İndi  buna da min şükür, həyat yerində dayanmır.
       Askerov ali məktəbin mühasiblik ixtisasını tam başa vura bilməyib, üçüncü kursdan atsa da, həmişə yaxşı vəzifələr daşımışdı. Sovetlərin zəhəndə vaxtı cəmi bir dəfə qarmağa keçib, dörd il iş almışdı.
       Ortancıl oğlu ilə bir həyətdə, ayrı-ayrı evlərdə olurdular. Oğlunun evi çox darısqal idi, keçən il anasının hüzrünə gələn qardaşlar razılaşmışdılar ki, uşaq məktəbi bitirənədək təzə ev tikməsinə ona kömək etsinlər. Bundan ötrü oturub smeta da tutmuşdular, binanı küm altına salana kimi lazım olan məbləği kəndin ustası ilə hesablamışdılar da. Vur-tut on doqquz min manat pul gərək idi. Böyük qardaş deyirdi ki, indiyədək dədə bu pullardan dinməz beş-altı evlik yeyib-içib. Nə edəsən, gec olsa da yenə yadımıza düşdü. Səninkini bitirəndən sonra ata evini söküb mənə də tikərik, ən çətini başlamaqdı.
     Dünən də böyük qardaş  kənddəki qardaşla telefonla uzun-uzadı danışmışdı. Çarpayıda uzansa da, səs lap yaxından gəldiyindən deyilənlər apaydın eşidilirdi.
      -Sən onu başa sal, mən gələn aydan dədənin və oğlanın hərəsinə yüz dollar göndərəcəyəm. Oğlan o pulu dərslərinə xərcləməkdə davam edər, dədə təqaüdünü, göndərdiyim yüz dolları özü bildiyitək xərcləyər. Sənə də ayrıca xeyir-şər üçün hər ay gələn iki yüz dollar dəyişməyəcək. Keçən il mamanın yas məclisində yaman israfçılıq etdik. Dədə də gözümə çəmsiz dəydi. Heç nəyi bilmək olmaz. Onun aylıq xərcliyindən qənaət olunan pulu, sənin təzə evinə yönəldərik. Smeta üzrə hesablanan summanın yarısını özün maaşından topla, yarısını mən göndərəcəm. Çatmasa, kredit götürərsən, ödənişə əl tutaram. Yubandırma, aprelin axırları tikintini başlayarsan... İndi burda da qabaqkıtək qazanmaq olmur. Mənim rasxodum da böyüyüb: böyük qızım bu il ali məktəbə qəbul imtahanları verəcək...       
      Bu xəbəri həmin günün axşamı nəvəsi də  təsdiqləmişdi. Göndəriləcək yüz dollara aydınlıq gəlmişdi: bundan sonra belə olacaq. Odur ki, bu gün kefi olmadığından bazar qabağına çıxmamışdı. Günortadan həmən sonra növbəti siqareti damağına qoyub məscidin həyətinə üz tutmuşdu. Burda göyə tuşlanan qoşa minarədə son tamamlama işləri başa çatmaqda idi. Tələsirdilər ki, ziyarətə gedənədək qurtarsınlar. Gözünə dəyincə, fəhlələrlə söhbətdən ayrılıb ona tərəf yeriyərək:
     -Salaməleyküm, nə var, nə yox? Bayram da oldu, gözə dəymədin,- deyən, yaşca ondan xeyli uşaq olsa da, saç-saqqalı ağarmış molla qayğılı görsənirdi.-Könüllü işləyənlərdir, gələcəyin məşədiləri, kərbəlayiləri... Ən uzun ömür də bir gün bitir, Askerov, onu öz əlimizlə qısaltmağı tanrı bizə bağışlamaz,- molla onu həmişə soyadı ilə dindirirdi, özü də rus variantında. Kişili-arvadlı hər kəs də onu bu cürə çağırırdı.
       Ətraf kəndlərin tayfalarının soy kökünə, nəsil şəcərəsinə mollanın yaxşı bələdçiliyi vardı. Askerovdan yeddi bayram böyük olan atasıyla cavanlıqda çox yeyib-içdiyini də eşitmişdi: həm çəkəndi mərhum, həm də atan. Dozasını artıq edəndə sayıqlığını itirib çöldə rastına çıxan qaz-ördəyi büküb-bükmələyib paltarının altına soxurdu. Tüfeyli həyat sürdüyündən erkən dünyadan köç etmişdi. Sonralar molla İranda bir neçə il dini təhsil alanda Askerov ona çox əl tutmuşdu. Bölgənin sayılan ruhanisi, adlı-sanlı baxıcısı kimi məşhurlaşandan aralarındakı xətir-hörməti məxsusi qorumuşdu: yas çadırlarında, toy şənliklərində adını hallandırıb pərt eləməmişdi.
     O isə mollaya göz vurub:
     -Balıqçı balıqçını gendən görür,- deyə mənalı-mənalı qımışmışdı,-sən məni görürsən, bu bəsdir.
     -Mən ona görə səni xəbərdar edirəm, çəkindirirəm, bu əməldən əl götürməyini istəyirəm. Yadındadır, üç il qabaq sən Yaradanın yoluna qayıtdın, mən xuddamlığı sənə tapşırdım, Allah rizası sən də məsciddə xeyli işlər gördün: həyətin bir hissəsinə plitə döşətdirdin, su çəkdirdin, quyu qazdırdın... Sonra necəsə xəstələndin, aləmə cuy saldın ki, içməsən ölərsən, yenə qayıtdın o yola. Nəvən yerində cavanlarla məclis qurdun, hallanıb bazar qabağında dava-dalaş saldın, xətir-hörmətin azaldı. Kəndin arvadlarının dilindən düşmürsən. Baax, qəfildən kefli ölərsən, biabır olarıq, dediyim budur...
     -Boş ver, bir var beyin xərçəngindən, ya da acından öləsən, bir də var içib öləsən. Bu mənim şəxsi fikrimdir.
   -İndi hər kəsin, nəyi də olmasa, öz rəyi var... Qadınların da, uşaqların da. Başı olmasa da, mülahizəsi var. Görünür, zaman belədir, -molla qəti tövrünü pozmurdu.
   -Əslində, sən düz deyirsən. Ancaq indi yaşımın elə vaxtıdır ki, bir işə yaramıram, heç xuddamlığa da... Mənim vaxtım çox olur, içməyib neynəyim, amma söz verirəm ki, mən onu tədricən azaldacam. Görərsən, o dünyaya təmizcə gedəcəm, Hacı... Sən məni hamıdan yaxşı tanıyırsan ki! İçməyimin də səbəbləri olub, lap qabaqlardan, hafizəndə qalar...
    -Əlbəttə, səni başa düşürəm, camaatın ağzını yığışdırmaqdan yana tərgiz bu zəhrimarı... Namaz qılmağa bura gəl, məsciddə qılınan namaz yüzqat səvabdır, özün də ona qonşusan. Axırı pis qurtarar, daha doğrusu, pis yox eyy, necə qurtarmalıdırsa, elə qurtarar.
     -Camaat getsin öz dərdini çəksin. Bazar qabağında dəstə-dəstə toplaşıb, onun-bunun qeybətini qırırlar. Yer əkib-tökməyə, mal-qara saxlamağa, nəsə tələb etməyə  lodanları qalmayıb... Zəhmlərindən bircə qız-gəlin dörd yol ayrıcından keçməyə peşmandı...
        -Əstəğfürullah... Yaxşı, mən gedirəm, evdən zəng eləmişdilər, Bərdədən qonaqlarım gəlib, başqa işlərim var,-aralanıb kənarda dayanan ağ “Prado”suna minməyə tələsmişdi. Başqa sözlə, özünü amiranə aparmışdı, xalqın dərdini düzüb-qoşmaqdan gecəsi-gündüzü yoxmuş bunəvanın... 
       Hər necəsə, bu iki səbəb bazar qabağına getmək həvəsini söndürə bilmişdi.
     Molladan ayrılıb birbaşa evə gəlmişdi. Həyət qapısını açıb nəvəsini səsləmişdi:
     -Gəl, get mağazaya...
     Nəvə onuncu sinifə gedirdi. Səhər öynəsi məktəbdə olur, günortadan sonra hazırlığa tələsirdi.
     -Bir paçka siqaret, bir dənə də çubuş alarsan,- pulu əlində tutmuşdu, nəvə almırdı. Müqavimət göstərirdi, müxtəlif dəlillər gətirirdi, dillər tökürdü. Deyirdi, axırıncı dəfə söz vermişdin, daha içməyəcəksən. Namaz qılmağa hazırlaşırdın axı. Düz deyirsən, demişdim, onunla razılaşırdı, bir az əvvəl molla ilə də söhbətləşdim, o da sən deyəni buyurdu. Atacam, tamam keçəcəm namaza, amma birdən-birə yox. Belə etsəm, ölərəm, sən istəyirsən ölüm?! Nəvə dinmirdi, doluxsunmuşdu, ağlamaqdan qalırdı. Amma, düzü, onun dəlillərindən lap ürəyi bulanırdı. Oğlan qır-saqqız olmuşdu, əl çəkmirdi ki, yainki başa sal, nəyə görə qocalanda da içirsən? Sən yaşda kənddə içən qalmayıb axı. Hamımız sənin əvəzinə utanırıq. O, izah edirdi, ancaq nəticəsi olmurdu. Ola bilər yayğın, qeyri-müəyyən, qarışıq anladırdı. Bezəndə şirin dilinə basırdı:
     -Sən görmürsən, baba nə çəkir? Mənə çətindi nənədən sonra, dərdimnən içirəm... Ta keçmişəm çekuşkaya...
     -Nənənin hüzründə, əmilər gələndə sən söz vermişdin, ancaq əməl etmədin. Aldatdın onları...
     -Əmilərin hardadır?
     -Rusiyətdə...
     -Arvadları hardadır? Yanlarında... Mənsə təkəm, yaxşı ki sən varsan, yoxsa mən də nənənin dalınca getmişdim.
     -Onda içmə, qurban olum, içməsən, hələ yaşayacaqsan.
     -İçməsəm, nənə gəlir gözlərimin qabağına, deyir: ay nadürüst, elə bu hərəkətini mənim sağlığımda edə bilməzdin. Həə, elə belə deyir, babacanı, indi mən nə etməliyəm? Deyirsən, onun  ruhunu şad etməyim?! Anladın?
     -Yox,- nəvə deyirdi.-Anlamadım.
     -Onda marş mağazaya!..
     Gündə iki dəfə dəstəmaz alırdı, sübh və şam namazlarını qılırdı. 
        Sübh-şam namazı arasında iki yüz əlli qramlıq arağı fasilələrlə içirdi. Özündə hiss etdiyi dəyişiklik tədricən yeməkdən kəsilməyi idi. İştahasızlıq canını qüvvətdən salırdı. Nəvəsi günorta öynəsi məktəbdən qayıdanda iki nəfərlik dəmir çarpayıda uzanıb mürgü vururdu. Oğlan hazırlığa getmək üçün kitablarını yığanda, ayılıb zəif səslə soruşurdu:
      -Bilmirsən molla kəndin adamlarını ziyarətə nə vaxt aparacaq?
      -Hansı molla? Bizimki?
      -Hə də... Kəndin məşədisi artacaq...
      -Hərəyə əlli manat yığıb üç gün məsciddə ehsan verəcəklər. Yayda da qadınların iyirminəfərlik dəstəsi gedəcək...
      -Sən hər şeyi bilirsən ki...
      -Məktəbdə müəllimlər danışırdılar... Yeyişi səbirsizliklə gözləyirlər...
      -Eşidirsən?
      -Hə, baba...
      -Molla İrana, İraqa niyə tez-tez gedir? Mən desəm, mənimlə gedəllər? Bəlkə, molla adı altında maskalanıb, gizli ziyarətə gedir, oralarda alayı işlər görür. Qayıdan başı avtobusu düz həyətinə sürdürür. Bə necə molladı ki, adamları aparır, ordan ayın-oyun gətirir? Camaat niyə özü getmir? Birdən ölən-zad oldu...
      -Mollanı hər yerdə tanıyırlar. Sənin içməkdən başın ayılır ki...
      O dinmirdi, nə barədəsə düşünürdü, sonra ah çəkib deyirdi:
      -Kaş mən öləndə molla burda olaydı...
       Oğlan ölüm sözünü eşidəndə pis olurdu. Özü də baba bu barədə son günlər yeri gəldi-gəlmədi zəvzəkləyirdi.
       Axşamçağı nəvə rus dili müəlliminin yanına yollananda, o da siqaret çəkməkdən ötrü taxta oturacağı götürüb küçə ağzında əyləşirdi. Qabaq qonşusu onu görcək yavaş-yavaş yaxına gəlirdi.
       -İçəridə siqaret çəkmirəm, uşağa ziyandır. Heç rəhmətlik sağlığı da çəkməzdim,- tez-tez burda oturmağının səbəbini anlatmağa vərdiş etdiyindən əlüstü dillənirdi. 
        -Gərək siyahıya yazılıb sən də ziyarətə gedəydin, Askerov...
        -Ziyarətə...
        -Hə-ə, bir həftəyə gedirik, axı...
        -Bura bax, sən ora niyə gedirsən? Anlat qoca əyyaşa...
        -Ay qonşu, sən dünya görmüş adamsan, ora niyə gedirlər?
        -Mən bilmirəm, zəhmət deyilsə, anlat...
        -Arzusunda olmuşam həmişə, ta uşaqlıqdan... Rəhmətlik dədəmin tərsliyi tutdu, getmədi, heç olmasa özüm gedim...
        -Gedib kim olacaqsan?..
        -Məşədi...
        -Tutalım oldun məşədi, sonra...
        -Onun yolunu gətirəcəm, ibadət edəcəm, imanlı olacam... Nəhayət, niyyətimə çatmağıma az qalıb...
        -Hansı niyyətinə, oğul?
        -O günlərdə otuz beş yaşım tamam oldu, ta məni hərbi xidmətə aparmazlar, canım dincəldi... İndi rahat nəfəs ala bilərəm. Ziyarətdən qayıdıb, ayrıca qurban kəsib kasıb-kusuba paylayacam. Bir də, kənddə nə qədər məşədi çox olsa, yaxşıdır.
        -Bunu molla deyir?
        -Öz ağlıma nə gəlib? Belənçidə bəla-fəlakət bizim yerdən qaçaq olar. Sonra Kərbəlaya gedərəm, Allah Həccə də səbəb salar... Növbəynən. Başdaşıma da yazılacaq.
        -Vooo, ay sağ olmuş, bunu bayaqdan deyəmməzdin? Əsas budu-başdaşı!.. Sonluğu düz vaxtında gətirdin, gedim, televizor yana-yana qalıb, siqareti bitirdim.
        Əslində başdaşı, heykəl onun yaralı yeri idi. Onun aləmində ölüyə verilən ehsanat, molla yığıncağı mənasız şey idi. Ona heç vaxt çatmırdı ki, bir bölük adamın yığışıb bir həftə yeyib-içməyi sonda hansı anlama gəlir. Adını da yeyim qoymuşdular. Elə başdaşı da bununtək. Niyə ölü qalanlara bunca ziyan vurmalıdır ki, yeddisi çıxar-çıxmaz borca-xərcə düşən yaxınları içlərində mərhumu lənətləsinlər. Sağlığında özünə sadə, ucuz başdaşı hazırlatdırmaq fikri zaman-zaman beyninə hakim kəsilmişdi. Baş daşından yana pul narahatlığı da yox idi. Gəl ki qərar verməkdə tərəddüd edirdi.
        Gecədən xeyli keçmiş axırıncı dəfə ayıldı, axmaq yuxu görürdü. Ancaq məzmunu yadında qalmamışdı. Nə illah elədisə yaddaşını bərpa edə bilmədi. İstədi nəvəni durğuzsun, yerindən qalxmağa halı olmadı. Dəyirmi stolun üstündə gecə lampası öz vamında işıq saçırdı. Bir az sonra işıq tədricən dumana büründü. Və gözləri axdı.    
       Səhər naxır örüşə gedəndə kəndin mollası maşınla gəldi. Oğlu kəfəni kəsib-biçmək üçün onu yuxarı otağa apardı.
       -Parçanı özü almışdı, vəsiyyət eləmişdi bundan biçilsin, bizim uşağa yerini nişan verib. Onunla qalırdı,- deyib kirimişcə aşağı düşdü. Meyiti yumaqdan yana məsciddən gətirilən balaca çadırı qurmağa yer göstərdi. İki bağlama küləş gətirmək üçün əl arabasını götürməyə gedəndə oğlan gəldi ki, Hacı onu yuxarı çağırır.
      Molla evin ortasında arxası qapıya oturmuşdu. Onu görcək çönüb yaxına çağırdı:
      -Bəri gəl,-dedi,- toxunmamışam, açdım, özüm də çaşıb qaldım,- əli ilə mələfənin arasındakı bükülüyə işarə elədi,- götür, işini bilirmiş, tədbirli adam idi. Kənd daha bir xeyirxah, namaz qılan oğlunu itirdi. Allah rəhmət eləsin.
      ...İki saatdan sonra mafəni yerdən götürəndə kənd qadınlarından oxşayıb şivən qoparan olmadı. 

Avanqard.net

 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.