Rəşad Məcidin APA TV-nin "Kulis" verlişinə müsahibəsi - VİDEO + Mətn
14.05.14

APA TV-nin “Kulis” verilişində Qan Turalının AYB-nin gənclər katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ilə müsahibənin stenoqramı və müsahibəsi.
 
- Bu yaxınlarda “Dəlicəsinə” adlı kitabınız çap olundu. Uzun müddətdir ki, kitabınız çıxmırdı. Uzun müddətdir ki, ədəbi proseslərin içində fəal olan bir adam kimi, kitablarınızın az çap olunmağı nə ilə bağlıdır?

 
- Kitabla bağlı, kitabın ön sözündə fikirlərimi demişəm. 80-ci illərdə şeirlərimi “Yazıçı” nəşriyyatına təqdim etmişdim. O vaxt gənc bir yazarın kitabının çap olunması üçün 3-5 il gözləmək lazım idi. Nəşriyyat bir neçə il əvvəldən plan tuturdu, nazirlik təsdiq edirdi  və sonra kitab çap olunurdu. Sovet dövründə qismət olmadı mənim kitabımın çap olunması. İlk kitabım 1993-cü ildə çap olundu. “Hələ ki vaxt var” kitabımı rəhmətlik dostum Eldar Nəsibli “Mərhəmət” jurnalının xüsusi buraxılışı kimi çap etmişdi. İlk kitabım 12 min tirajla çap olunmuşdu. İndi üçün fantastik bir tirajdır.
 
Kitab üçün ön sözü də illər öncə yazmışdım. Xeyli illər gözləmişdim. O vaxt biz böyük bir dövlətin tərkibində, başqa ümidlərlə, planlarla yaşayırdıq. 1988-ci ildə hərəkat, SSRİ-nin dağılması, Azərbaycanın müstəqil olması, Qarabağ müharibəsi, torpaqların itirilməsi bizim həyatımızın yönünü dəyişdi. Növbəti kitabım  “10 sentyabr”  2004-cü ildə çap olundu.  Ondan sonra söz verdim ki, 5 ildən bir  kitab çap etdirəcəm. “Əlvida və salam” kitabımı 45 yaşımda çap etdirdim. 50 yaşın həndəvərində isə “Dəlicəsinə” kitabımı çap etdirdim. Bu kitabda əsasən son illərdə yazdığım yazılar, səfər qeydləri, esselər toplanıb. Payızda bir şeirlər kitabı çap etdirməyi planlaşdırıram. Bəzi köhnə şeirlərimi əlavə etməklə 200-300 şeirim var. Bu kitabı da 50 yaşıma hədiyyə kimi çap edəcəyəm.
 
- Sizə 50 yaş verməzdim. Daha gənc görsənirsiniz.
 
- Təşəkkür edirəm. Bizə də uşaqlıqda və gənclikdə 50 yaş daha böyük bir şey kimi, qocalıq kimi görünürdü. Üzeyir Hacıbəyov Məşədi İbadı “50-55 yaşlarında qoca bir kişi” kimi təsvir edir. Ancaq özü o yaşa çatanda etiraf edir ki, haqsızlıq etmişəm. İllər ki, bu sürətlə gedir, sizlər də sürətlə 50 yaşınıza çatacaqsınız.
 
- Siz həm AYB-nin katibi, həm də Azərbaycan mətbuatının flaqmanlarından biri olan “525-ci qəzet”in baş redaktorusunuz. Eyni zamanda yaradıcılıqla məşğulsunuz. Sizə elə gəlmirmi ki, şair Rəşad Məcid müəyyən qədər arxa planda qalıb?

 
- Əslində elədir. 80-ci illərdən sonrakı dövrdə, 90-cı illərin əvvəllərində, proseslərin qaynar vaxtlarında yazmaq mənim üçün ciddi bir problemə çevrildi. 93-cü ildə bir neçə şeir yazmışdım. ondan sonra 1996-cı ildə bir silsilə şeirlər yazmışdım. 2003-cü ildə “10 sentyabr” hekayəsini yazanda mənə elə gəlirdi ki, bu hekayə ilə Amerikanın İraqa hücumunun qarşısını ala bilərəm. Mən ümumiyyətlə ədəbiyyata bu cür baxmışam və hesab edirəm ki, ədəbiyyat bu cür ciddi məsələdir. Yazıçılıqla məşğul olmaqla bağlı Orxan Pamukun bir fikrini tez-tez təkrar edirəm: “Yazıçılıq iynə ilə quyu qazmaq kimi bir işdir”. Bu həyat tərzi istər-istəməz mənlik olmadı. İctimai proseslərin içərisinə atıldım. “525-ci qəzet” 90-cı illərdə ədəbiyyat üçün ciddi işlər gördü. Bütün qəzetlər ədəbiyyata qapılarını bağlayanda bizim qəzet ədəbi dəyərləri yenidən gündəmə gətirdi. Bizdən sonra da bu ənənə davam etdi. İndi mən sevinirəm ki, çoxlu ədəbiyyat saytları var, qəzetlərdə ədəbi səhifələr var. Bizə o qədər də ehtiyac duyulmur, “525-ci qəzet”in əvvəlki təsir gücü yoxdur.
 
“10 sentyabr” hekayəsi çap olundu və böyük reaksiya doğurdu. O hekayənin çapından sonra mən bir gün işə gəldim və masamın üstündə Anar müəllimin o hekayə ilə bağlı mənə yazdığı məktubu gördüm. Sonradan o məktubu kitablarıma saldım. O ərəfədə mən Mətbuat Şurasının üzvü idim, ictimai həyatda aktiv idim, “525-ci qəzet” demək olar bütün istedadlı adamları çap edirdi, onlara öz qapısını açmışdı. 2004-cü ildə Afaq Məsudun otağında Anar müəllim mənə AYB-nin gənclər üzrə katibi olmağı təklif edəndə, bu təklifi gözləmirdim. Bəlkə də ilk şeirlərimi yazanda nə vaxtsa AYB-nin katibi olmaq ürəyimdən keçib. Çünki 15-16 yaşım olanda Sahil bağında dayanıb AYB-dən, “Ulduz” və “Azərbaycan” jurnallarından çıxan böyük ədiblərimizi görəndə onlara pərəstişlə baxırdım. Jurnalistikada da eyni cür fikirləşirdim. İlk məqalələrim çıxanda düşünürdüm ki, mən haçansa redaktor ola bilərəm. O vaxt əlçatmaz kimi görünürdü bu arzular. Ancaq sonradan dövr dəyişdi. Mən uşaqlıq arzularım kimi götürsəm bunları, demək olar ki, arzularım reallaşıb.
 
AYB-nin katibi olandan sonra bir müddət sıxıldım orda. Çünki otaq qonşularım yaşlı yazıçılar idi. Rəhmətlik Qabil, Abbas Abdulla, Fikrət Sadıq qonşu otaqlarda idilər. Hərdən orda vodka içirdilər, dava salırdılar. (gülür) Darıxırdım orda. Sonradan Gənc Ədiblər məktəbinin yaranmasından sonra mən özüm şövqlə bu işlərlə məşğul olmağa başladım. O zaman yazmışam ki, yazmamaq mümkün olmayıb. Çox vaxt publisistika ilə fikirlərimi bildirirəm. Çox vaxt da müsahibələr yolu kəsib. Mən hansısa məsələyə münasibətimi yazanacan, jurnalist açıqlama, müsahibə alıb və yazmağa ehtiyac qalmayıb.
 
- Etiraf etmək və ədalətli olmaq lazımdır ki, AYB-nin son illər ən maraqlı layihəsi Gənc Ədiblər Məktəbidir. 2005-ci ildə ədəbiyyatda təkcə AYO-nun gəncləri aktiv idi. Amma sizin gəlişinizdən sonra AYB-nin gəncləri də fəallaşdı. Amma onlarla bağlı da problem yarandı. Məsələn, Qismət uzaqlaşdı, Şərif Ağayarla bağlı problem oldu...
 
- O gənclərin gəlməyi mənim üçün həyatımın ən maraqlı hissəsi oldu. Unudulmaz bir hissəsi idi. Mən o zaman şövqlə bir balaca istedadı olan adamları toplayıb onlara ürək-dirək verirdim, dəstək olurdum. Mənə deyirdilər sən gənclərə çox diqqət ayırırsan. Anar müəllim, Fikrət müəllim deyirdi ki, filankəs istedadlıdır, sonra xarab olmasa yaxşıdır. Fikirləşirdim ki, adam niyə havalanmalıdır ki? Sonradan gördüm ki, hansısa gənci AYB-yə üzv edirsən, təqaüd verirsən, kitabının təqdimatına böyük-böyük yazıçıları dəvət edirsən və o dəyişir.  Gənc yaşda o şöhrətə hazır olmaq çətindir. Hər adamın işi deyil. Bizim dostumuz Qulu Ağsəs deyirdi ki, “Rəşad gəncləri yetişdirmir, Rəşad gəncləri qudurdur”. Başa düşdüm ki, bəzi gənclər üçün çətindir. Dostumun atası deyirdi ki, “50 kilo qızılın üstündə oturmaq üçün, çəkin 50 kilodan artıq olmalıdır ki, dingildəməyəsən”. Bəziləri sonradan “dingildədi”.
 
AYB-dən çıxan bəzi gənclərin çıxması ilə bağlı mən sındım. Mən bütün etdiklərimi səmimi qəlbdən edirdim. Amma bu nankorluq, bu münasibətlərdən sonra mən zədə aldım. Fikirləşdim ki, bu mənim münasibətimi dəyişəcək. Şükür ki, elə olmadı. Yenə də istedadlı gənclərə kömək edirəm. Ancaq indi bir az ehtiyatla edirəm. Əvvəlki entuziazm, şövq yoxdur.
 
- AYB-dən uzaqlaşan gənclər sizin inamınızı, etimadınızı harda doğrultmadılar? Məsələn Qismətin, Cavidin, Şərifin hərəkətlərindən niyə narahat oldunuz?
 
- Qismətlə bağlı mənəvi şeylər oldu. Onun bəzi yazılarına, düşüncələrinə görə incidim ondan. Cavid Anar müəllimlə bağlı o cür yazı yazandan sonra incidim ondan.
 
- Anar müəllimin filmi ilə bağlı olan yazını deyirsiniz?
 
- Bəli. Anar müəllim haqqında o tonda, təhqiredici tərzdə yazmağa Cavidin haqqı yoxdur. Mən Cavidin ilk romanını oxudum, ön söz yazdım. “Fətəli fəthi” romanı o vaxt latınla çap olunmamışdı. O kitabı da mən vermişəm Cavidə. Üstündən 6 ay keçəndən sonra soruşdum ki, “Fətəli fəthini” oxumusan, dedi ki yox. Qalın bir romandır. Mən Cavid haqqında yazımda yazmışdım ki, arzulayıram sən də belə bir roman yazasan. “Fətəli fəthi” romanı Azərbaycanın ən fundamental, ən köklü romanlarından biridir. Mən ona görə istəyirdim ki,  bizim gənc yazıçımız da belə romanlar yazsın. Sonra Cavid həmin romandan sitatlar gətirərək, Anar müəllimi təhqir etdi. Deyir ki, həmin kitabı oxumuşam, amma mən yenə də əmin deyiləm. O kitabı tam oxuyan adam Azərbaycan yazıçısına qarşı o tonla danışmaz. O kitab insanı içəridən müdrikləşdirir. O romandan bir neçə vərəq oxuyub arasından.
 
- Şəriflə bağlı necə oldu münasibət. Şərif özü çıxmadı, onu AYB özü uzaqlaşdırdı.
 
- Şərif o proseslərin, Əkrəm Əylislinin güdazına getdi. Şərif istedadlı insandır. İllər öncə onun “Səhra məsnəvisi” şeirlər kitabı haqqında yazı yazmışam və o yazı mənim “10 sentyabr” kitabımda da var. İndiki ədəbi prosesdə çoxlu yazarlar var. Amma mənim oxuyub zövq aldığım, qıcıqlandığım yeganə müəllif Şərif Ağayardır. Digərləri hələ Şərifdən öyrənməlidir. Bir köşə yazısında belə böyük problemləri qoyub, peşəkar münasibət göstərə bilir. Şərif tamdır, bütövdür, bişmişdir. Mənim Şərifə münasibətim AYB üzvü olub-olmamağından asılı olmayaraq birmənalıdır. AYB-dən uzaqlaşması da onun yaradıcı adama məxsus keyfiyyətləri ilə bağlı emosional olması ilə bağlıdır. Əkrəm Əylisli ilə bağlı da nazirlikdə işləyə-işləyə, dövlətin siyasətinə uyğun olmayan şəkildə danışmışdı. Heç olmasa susmalı, deməli deyilsən. Neçə dəfə demişəm ki, jurnalistlərin zəngi adamı elə yerdə yaxalayır ki, əsəbiləşirsən, kobud olursan. Sonuncu dəfə Anar müəllimin Edruad Bağırovla bağlı hansısa sayta demişdi ki, “Eduad Bağırov qələt edir, gələn kimi onu Yazıçılar Birliyindən çıxaracağıq”.
 
- Bəzən bir fikri ironiya ilə deyirsən, onu da yazırlar.
 
- Ümumiyyətlə indiki jurnalistikadakı bu işi bəyənmirəm. Belə jurnalistika olmaz axı. Sanki insanları terror edirlər. Şərifin AYB-dən çıxması bir az da öz günahı oldu. Mən düşünürəm ki, bir yazıçının AYB üzvü olub-olmamasının onun yaradıcılığına dəxli yoxdur. O demək deyil ki, Gənc Ədiblər Məktəbində olan uşaqların hamısı dahi olacaq. Bir–iki gənc çıxsa böyük işdir. Bu baxımdan Şərif də oturub yaradıcılığı ilə məşğul olsun.
 
- Mətbuatda yazırlar ki, AYB üzvlərinin AYB haqqında, Anar müəllim haqqında kəskin fikirlər səsləndirməyi narazılıqla qarşılanır. Qismətin yazıları, Cavidin, Şərifin yazıları və s. Biz bilirik ki, AYB hətta sovet dövründə də nisbətən azad qurum olub. Anar haqqında tənqidi fikir bildirmək niyə olmasın ki?
 

- Qismətin yazısının Anar müəllimə heç bir dəxli yoxdur. Bu mənim xətrimə dəymişdi. Qismət mənimlə bağlı yazdığı tənqid deyildi. Mənimlə bağlı məqamlar ədalətsiz idi. Qismətdən gözləmədim. Qismətin Anar müəllimlə bağlı problemi olmayıb. Mən daha çox mühiti bildiyim üçün, Qisməti qorumaq istəmişəm. Amma ətrafındakı gənclər Anar müəllimin Qismətə münasibətini qısqandılar.
 
-Anar qurultayda Qismətin şeirini oxumuşdu...
 
-Anar müəllim Qisməti bəyənir. Fikrət Qoca da onu bəyənir. Onun ətrafındakı gənclər imkan vermədi və Qismət AYB-dən getdi. Mən 2012-ci ildə Gəncədə Qisməti Anar müəllimlə barışdırmağa cəhd etdim. Amma hər halda Qismət uşaqlıq elədi. Gələcəkdə səhvlərini başa düşəcək.  Qismətə heyfsilənirəm. Cavidin yazısında təhqir var idi. Cavid deyir ki, mən təhqir etməmişəm. 25 ildir qəzet buraxıram. 25 ildir bu işlərlə məşğulam. Adamlar haqqında ikibaşlı, beşbaşlı cümlələr yazmışam. Mən bilmirəm hansı söz hansı tonla necədir? Gənc ədiblərdən hansısa deyə bilməz ki, onları siyasətə-filan sürükləmişəm. Anar müəllimlə bağlı söz demək üçün gərək özün də nə isə yazasan. Heç olmasa cümlən olmalıdır.
 
-Yəni nəzakətlə tənqid etmək lazımdır?
 
-Məsələn, sən Saday Şəkərlinin Anar müəllim haqqında təhqiredici sözünü saytda verirsən.
 
-Jurnalistika baxımından normaldır.
 
-Jurnalistika baxımından normaldırsa bəzi dəyərlərimizin üstündən xətt çəkək? Bunu eləməyə nə var ki?
 
-Saday Şəkərlinin fikirləri AYB-də necə qarşılanr ki?
 
-Mən onu oxuyanda bunun əsas günahını jurnalistlərdə, redaktorlarda görürəm. Onu o şəkildə buraxmaq olmaz. Tutaq ki, sovet dövründə də ağzına gələni danışırdılar. Amma hər şey mətbuata çıxmırdı. İndi hərə ağzına gələni sosial şəbəkədə yazır, saytlar, qəzetlər də onu götürüb verir.
 
-Saday Şəkərli AYB üzvüdür axı...

 
-AYB-nin 1300-1500 üzvü var. Onunda 100-150 nəfəri istedadlı ola bilər. Bəzən gənclərlə bağlı da eyni şeyi düşünürəm ki, kütləvi üzv etmək olmaz. Təqaüd almaq üçün gəlirlər. Mən bilirəm ki, bu yaxşı deyil.
 
-Gənc Ədibləri mərhələ ilə üzv edirsiniz AYB-yə?
 
-Hər il 20 gəncə təqaüd verilir. Rəşad Məcid konveyer deyil, zavod deyil ki ildə 20 istedadlı gənc təqdim etsin. Bu mümkün deyil. İndiyəcən 140 gəncə prezident təqaüdü verilib. Onlardan 2-3 nəfər qalsa böyük işdir. Bu Azərbaycan prezidenti tərəfindən ədəbiyyata böyük jestdir. Ayda 200 manat  20 yaşlı gənc üçün böyük köməkdir. Məsələn Ramil Əhmədə biz təqaüd verdik və mən onu işə götürdüm. Amma bir dəfə Ramil Əhmədlə söhbət elədik, doyan adam kimi danışdı. Elə bil Rəşad Məciddir. Gələcəyə ümidi yoxdur, pesimistdir. Bunun səbəbini özünə dedim. Camaat AYB üzvü olmaq üçün 15 il əziyyət çəkib, sən isə universitetin ikinci kursundan üzv olmusan. Camaat “525-ci qəzet”də işləmək üçün həsəd çəkib. Ona görə sən belə doymuş kimisən.
 
-O çox məhsuldardır. Oxuyandır...
 
-Çoxlarında belə olur ki, mən çox vacib adamam düşüncəsinə qapılır, gələcək üçün stimulu qalmır. Mən fikirləşirəm ki, belə olmamalıdır. Bizim gənclərin içində gənc yazar Pərvin ən zəhmətkeşi, ən israrlısı olmadı. Bilirəm ki, siz bəyənmirsiniz. Amma o israrlı oldu, inkişaf etdi. İndi Anar müəllim onun kitablarına öz söz yazır. Anar müəllim öz “Kərəm kimi” kitabını Pərvinə verib ki, ön söz yazsın. Əziyyət itmir. Anar müəllimi aldatmaq mümkün deyil. Mən istəyirdim ki, hamısı elə olsun. Caviddən umurdum ki, o da elə olsun. Ona “Fətəli fəthi”ni verəndə istəyirdim ki, altı aydan sonra o da böyük bir əsərlə gəlsin. Sonuncu romanını oxumamışam. Amma birinci romanında böyük ümidlərim vardı. Elə Qismətin özü. Hərdən Seyfəddin Hüseyinli ilə söhbətləşirik. Bu qədər akademizmə getmək, oxucudan uzaqlaşmaq lazım deyildi. Ədəbiyyat sənət üçündür desək də, kütləni nəzərə almaq lazımdır. Səni anlayan olmursa, olursan Tehran Əlişanoğlu.
 
-AYB-nin qurultayına hazırlıq necə gedir?
 
-Yadınızdadırsa, mən sizə də, Azadlıq radiosuna da demişdim ki, qurultay 2014-cü ildə aprel ayında keçiriləcək. Hətta saatını da demişdim. 2009-da olmadısa, 2014-cü ildə olmalıdır. Elə də oldu. Texniki məsələlər demək olar ki, həll olunub. Azərbaycan dövləti də böyük köməklik göstərir. Həm 80 illik yubiley, həm qurultayın özünə ciddi hazırlıq gedir. Bölgələrdə namizədlər müəyyənləşir. Sonra seksiya üzrə nümayəndələr müəyyənləşəcək. Təxminən 300 nəfər nümayəndə olacaq. İmzası tanınan hər bir yazıçı qurultay nümayəndəsi ola biləcək. Ona görə dava salanları başa düşə bilmirəm. Sumqayıta Arif Əmrahoğlu ilə getdik. Səsvermə oldu, seçki keçirildi sonra Əyyub Qiyas dava salmağa başladı. Onu başa düşmədim. Əyyub Qiyas həm dram sahəsində, həm nəsr sahəsində aktiv fəaliyyətdədir. O nəsr seksiyasından da, dram seksiyasından qurultaya nümayəndə ola bilər.
 
-Bakı nümayəndələri ancaq seksiyalardan seçilir?
 
-Ola bilsin Qazaxdan olan hansısa yazıçını seksiya seçsin. Qarabağdan Asif Rüstəmlini, Tahir Rzayevi seçdilər. Tahir müəllim millət vəkilidir, şairdir, kitablar müəllifidir. Asif müəllim elmlər doktorudur. Ola bilər ki, Ağcabədidən olan hansısa yazıçını seksiyalar seçsin.
 
-Bəs gənclər necə təmsil olunur?
 
-Gənclər Şurası bütövlükdə təmsil olunur. 21 nəfər onlardır. Ola bilsin ki, hansısa seksiyadan da gəncləri seçdik.
 
-Məsələn Cavidi üzv seçməyiblər.
 
-Cavidin o hərəkətinə hirsli idim. Hələ də inciyəm. Cavidə Anar müəllimin münasibəti də yaxşıdır. O cür tənqid etmək olmazdı.
 
-Amma Cavidin seçilmək haqqı var.
 
-Lap Cavid nəsr seksiyasından seçilsin. Məsələ ondadır ki, Anarı tənqid etmək asandır. Görüm bir naziri o şəkildə tənqid edə bilərlərmi? Anar müəllimi tənqid etmək qəhrəmanlıq deyil ki?
 
-Siz mətbuat işini çox yaxşı bilirsiniz. Neçə illərdir bu işin içindəsiniz. Amma bəzən yaşınıza uyğun olmayaraq təmkin hissini itirirsiniz. Məsələn Kəramətlə bağlı məsələlərdə...

 
-Bayaq danışdıq, Cəlil Cavanşirlə münasibətimizdən. Cəlil Cavanşirin tərcümə etdiyi “Qiraətçi” romanı ilə bağlı yazmışdım. Doğrudan da o romanın birinci hissəsi yaxşı tərcümə edilmişdi. Cəlilin isə qüsurları demişdim, yazmışdım.  Bu gün elə tərcüməçilər var ki, mən Cəlil Cavanşirin tərcüməsinə şükür edirəm.
 
Kəramətin o vaxt romanını oxudum və bir hissəni çox bəyəndim. Hazırlaşırdım ona dəstək verim, həvəsləndirdim. Bir axşam feysbukda söhbət edirdim, öz romanı ilə  bağlı suallar verməyə başladım. Kənd həyatı, koloriti, ferma həyatı ilə bağlı suallar verməyə başladım. Gördüm ki, bu bilmir. Mən şübhələndim. Sonra Qismətdən, Şərifdən, onunla litrlərlə vodka içənlərdən soruşdum. Əksəriyyəti dedi ki, onun elədiyi söhbətlərdən nəticə çıxararaq demək olar ki, o həmin hissəni yaza bilməz. Bir-iki dəfə də yazı tapşırdım, özünü doğrultmadı.
 
Sonra mənimlə bağlı ağzına gələni yazmağa başladı. Mənimlə müsahibəsi də Azərbaycan mətbuat tarixində görünməmiş tərbiyəsizlikdir. Adam verilməmiş sualı sonradan necə yazırsan ora? Bir dəfə səninlə olmuşdu belə. İkimiz də diktafon gətirmişdik. Sənə qarşı sərt sözlər desəm də, çap etmişdin o müsahibəni. Amma bu görünməmiş  iş oldu. Bundan sonra da elə nəsil gəlir ki, Kəramətə şükür edirəm. Yenə Kəramət cümlənin başını, ayağını yaza bilir. İndi danışığını, yazısını bilməyən elə adamlara rast gəlirsən ki, adam heyrət edir.
 
AYB-yə bəzən biri iddia ilə gəlir ki, mən yazıçıyam, şairəm. Deyirəm yaxşı, buyur bir şair adı de. Deyir Nizami Gəncəvi. Deyirəm bir az bəri gəl. Ən yaxşı halda Zəlimxan Yaqubun adını çəkir. Son müsahibə ilə bağlı çox adam demişdi. Bayaq Cəlilin adını çəkdim. Cəlil Cavanşir demişdi ki, Rəşad Məcid təzadlı adamdır. Demişdi ki, onun yaxşı işləri də var, yaxşı olmayan işləri də var. O mənim yadımda qalmışdı. O dəqiq müşahidəçidir. Bu sözdən sonra fikirləşdim ki, Cəlil yazıçı ola bilər. Çünki bunu tutubsa, müşahidəsi var. Yazıçı üçün müşahidə qabiliyyəti, intuisiya, hissiyyat əsas şərtlərdəndir.
 
Bu proseslər gedəndə, mən zədə aldım. Ondan sonra jurnalistlərə mənzil verilməsi ilə bağlı çox qarışıqlıq oldu. Mən orda çox yaxşı çıxış etdim. Ondan sonra 31 ev alan baş redaktor bir kənarda qaldı, mən qabardıldım. Sağdan soldan mənə terror elədilər. Ola bilsin ki, bu da əsəblərimə təsir elədi.
 
-Bu sizin gündəmdə olmağınızdan irəli gəlir. O redaktorların çoxusu tanınmır.
 
-Əlbəttə. Çoxusuna heç ev lazım deyil, amma alıb qoyub bir kənara. Amma mənim oğlum yaşayır orda. Mən bunu açıq demişəm. Kənardan elə görünür ki, Rəşad Məcidin pulu var, dövləti var. Bunu da fikirləşmişəm ki, niyə belə baxırlar. Bu mənim özümə güvənimlə bağlıdır. Gəncliyimdə xəsis olmamışam. Atam ticarətdə işləyib, kömək edib.  5 redaktor adı çəkərik ki, heç kəs tanımır. Mən jurnalistika, ədəbiyyat mühitində yaxşılıq eləməyə çalışmışam. Ona görə nankorluq məni əsəbləşdirir. Əvvəl istedadın gücünə önəm verirdimsə, indi mənim üçün əsas keyfiyyət etibardır, vəfadır, sədaqətdir. Ola bilər adam az istedadlıdır, amma sədaqətlidir. Mənim üçün insani keyfiyyətlər önəmlidir. Ona görə də qəddar oluram. Kimsə nankor olursa, münasibətim dəyişir.
 
-Cavid buna görə Gənclər Şurasına girə bilmir...
 
-Əlbəttə. Mən Cavidi qəsdən çağırmadım Gənclər Şurasına. O gün görüşdük, söhbət elədik  Cavidlə. Amma mənim hirsimə, qəzəbimə düzgün yanaşmalıdılar. Bəlkə 30 yaşımda olsam mən də edərəm o cür hərəkəti. Bu yaşımda düşünürəm ki, bəzi xarakterlərimin üstündən xətt çəkib ən yaxşı qəzeti çıxararam. “Gündəlik Teleqraf”da Taleh Şahsuvarlı ilə söhbət edirik. Deyir çalışırıq, qəzetin tirajını qaldırmaq olmur. Deyirəm mən neçə ildir mətbuatdayam, bacarsam özüm qaldıraram. Talehə niyə imkan verirəm? Amma müəyyən çərçivə daxilindəyik.
 
-Mən o müsahibəni oxudum və hiss elədim ki, siz jurnalistika fəaliyyəti ilə bağlı bədbinliyə düşmüsünüz.
 

-Baxışlarım dəyişib. 25 min tirajı olub bizim qəzetin. O vaxtlar daha çox zövq alırdıq. İndi saytlar çoxlıb, qarışıqlıqdır. Sən Saday Şəkərlinin müsahibəsini verirsən, amma mən baş redaktor olsam verməzdim. Mən də qıcıqlandırıcı şeylər edirdim. Amma müəyyən çərçivə daxilində. İndi o çərçivə böyüyüb.
 
-Rəşad müəllim, qurultaydan nə gözləyirsiniz?

 
-AYB-də dəyişik artıq baş verdi. “Ulduz” jurnalında Qulu Ağsəsin baş redaktor olmasını istəyirdim, oldu. Qulunun potensialına bələdəm. Həvəsdən düşməsə maraqlı jurnal çıxaracaq. “Ədəbiyyat qəzeti” ilə bağlı tənqidimi həmişə demişdim. İndi artıq yeniləşmə var. Əsəd Cahangiri yüksək qiymətləndirirəm. Ona imkan vermək lazımdır nə isə eləsin. “Azərbaycan” jurnalında baş redaktor müavini oldu, işlər görəcək. İlqar Fəhmiyə böyük qiymət vermişəm hər zaman, redaktor müavinidir. Yəqin ki, AYB-nin katibliyi, sədri yerində qalacaq. /kulis.az/





Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.