Firuz Mustafa - Çin olan yuxular
02.05.14

Hekayə

...və nəhayət, o, gecə gördüyü yuxunu bax elə bu dəqiqə, elektrik qatarının salonuna daxil olub enli ağac skamyanın üstünə yayxanaraq, ayağını-ayağının üstünə aşıranda bütün təfsilatı ilə xatırladı. Yuxunun süjeti çox maraqlı idi: Abdini hansısa idarəninmi, institutunmu əməkdaşları ilə görüşə dəvət ediblər. Əli gül-çiçəkli cavan oğlan və qızlar elə qapının ağzındaca öz sevimli yazıçılarını, yəni Abdini gözləyirlər. Abdin, heç özü də bilmədən nədənsə zala-onun üçün məxsusi ayrılmış rəyasət heyətinə yox, birbaşa lojaya qalxır. Aşağıda-salonda əyləşənlər ona əl edirlər. Abdin lojadan öz oxucularını qürurla seyr edib qəfildən üzüaşağı tullanır....və qollarını yana açaraq, havada asta-asta uçub camaatın başı üstə dövrə vurmağa başlayır. Hamı başını qaldırıb heyrətlə, quş kimi “qanadlarını” gərmiş Abdinə tamaşa edir. Heç kəsin cınqırı belə çıxmır. Bayaqdan bəri öz sevimli yazıçılarını gözləyən oxuculardan biri-qəşəng, totuq-motuq ağbəniz, qabarıq sinəli bir qız  əl atıb onun, “uçan” Abdinin pencəyinin ətəyindən tutub aşağı dartır.. Abdin düz qızın yanında yerə enib əlini sinəsinə qoyaraq centelmensayağı təzim edir. Zaldakılar Abdini sürəkli alqışlayırlar. Qız onun əlindən tutub rəyasət heyətinə doğru aparır. Abdin yüngül, çox yüngül addımlarla, Ayın üstündə gəzən kosmonavtsayaq, az qala yenə uça-uça, onun üçün ayrılmış fəxri yerə yaxınlaşır. Qız Abdinin qoluna girərək qalib pəhləvan kimi onun əlini yuxarı qaldırır. Abdin yenə təzim edib qızın incə əllərini dodaqlarına yaxınlaşdırır. Hətta, ürəyindən keçir ki, bu gözəl qızı bağrına basıb öpsün, amma cürət etmir, nədənsə çəkinir; nə olsun ki, yuxudur, birdən olmadı elə, oldu belə, yəni qız ona artıq-əskik söz deyər, lap sifətinə yağlı bir şillə çəkə bilər; adam gərək yuxuda da öz ayıq-sayıqlığını itirməsin. Xülasə, Abdin öz istəyindən vaz keçir... Abdin nə illah eləsə də o yuxunun ardını xatırlaya bilmədi. Olsun ki, yuxunun süjet xətti dəyişmişdi.  Elə sonluğu aydın olmayan bu süjetə görə o, oxucularla görüşün necə keçdiyindən də bixəbər qalır.

Yalnız indi elektrik qatarının pəncərəsinə söykənib yerini rahatlayan Abdin, bu səhərdən bəri onu tərk etməyən xoş ovqatın nəsə ötən gecə gördüyü o qəribə yuxu ilə möhkəm əlaqədə olduğu düşünürdü. Amma indi möcüzə baş vermişdi. Abdin gözlərinə inanmaq istəmirdi; elə bu səbəbdən də əli ilə gözlərini mıhkəmcə ovuşdurdu. Möcüzə burasında idi ki, yuxuda onun əlindən tutub öz oxucularının yanına dəvət edən qız indi Abdini üç addımlığında – “elektriçkadanın” salonunda, üzbəüz skamyada əyləşib əl çantasında mürgüləyən iri, yaşılgözlü pişiyin başını tumarlayırdı. Başını çantanın büzməli ağzından çıxaran pişik arabir gözlərini açıb nədənsə qəzəblə ətrafa boylanır, sonra yenə  mürgüləyirdi.
Görəsən, bu, ötən gecəki yuxunun davamı deyildi ki? Yox, nə yuxu, canim, belə də yuxu olar? Abdin əmin idi ki, indi üzbəüz skamyada əyləşən qızın və onun qucağında mürgüləyən pişiyin yuxu ilə əlaqəsi elə yuxu səviyyəsində ola bilər.

Qızın baxışları harasa uzaqlara, qatarın pəncərəsi önündən keçib arxaya “addımlayan” yaşıl bağlara, göyün üzünə səpələnmiş mavi-çəhrayı buludlara dikilmişdi. Vaqonda adam az idi. Qız da tək oturmuşdu, Abdin də. Adamları çimərlik zonasına aparıb indi çox az sərnişinlə geriyə – şəhərə qayıdan qatarın yeknəsəq səsindən, təkərlərin çaqqıltısından başqa heç nə eşidilmirdi.

Pişik ölgün-ölgün başını çantadan çıxarıb yenə zəhmli-zəhmli ətrafa göz gəzdirəndə qız cibindən iri, göyümsov bir həb çıxarıb dilsiz – ağızsız heyvanın ağzına atdı. Pişik həbi kəmalı-ədəblə udub lap körpə uşaqlar sayağı gözlərini ərklə qapadı, elə bil yuxuya getdi.

Abdinin uşaq yaşlarından pişik deyilən şeydən zəndeyi-zəhləsi gedirdi. Mənzilində pişik saxlayan qonşulara getməz, pişik tumarlayan adama əl verməkdən bir bəhanə ilə yayınardı.

Nədənsə ona elə gəlirdi ki, dünyadakı ən iyrənc şeylərdən biri də pişik tüküdür. Hətta, bir vaxt hansı kitabdansa oxumuşdu ki, bəzi xəstəliklərin yaranmasının səbəbkarı məhz pişiklərdir. Pişiyin iyi, qoxusu onda ikrah oyadır, bədənində allergiya yaradırdı. Abdin, əlbəttə, bir yazıçı kimi öz əsərlərində bütün canlıların daha çox xeyirxah cəhətlərindən, müsbət keyfiyyətlərindən yazırdı və bu məsələdə, sözsüz ki, pişik də istisna olunmurdu. Hətta, onun uşaqlar üçün yazdığı bəzi əsərlərdə müsbət pişik obrazına da rast gəlmək mümkündü. Amma əsər öz yerində, həyatın öz işləkləri vardı.

Pişik başını çantadan çıxarıb astadan mıyoldadı. Qız xəfifcə gülümsədi. Abdinin də üzünə təbəssüm qondu.

Abdin heç özü də bilmədi ki, onun gözləri qızın baxışları ilə necə çarpazlaşdı, qız diqqətlə, sınayıcı nəzərlərlə altdan-yuxarı onu necə süzdü. Abdin bir xeyli tərəddüdən sonra yerində qurcalanıb qıza verəcəyi ilk sualı özü üçün müəyyənləıdirməyə başladı. Ələ yaxşı fürsət düşmüşdü: indi pişikdən bir vasitə kimi istifadə etmək olardı. Bəli, indi pişik yad sahilləri birləşdirən “körpü” kimi bir şey idi.

Əlbəttə ilk sual pişiklə bağlı olmalı idi və elə belə də oldu. O, hansı cinsdən, hansı növdəndir? Nə yeyib-içir, necə yatıb-durur? Abdin pişiklərə xüsusi sevgisinin olduğunu bildirməyi də təbii ki, unutmadı.

Qız gülümsünü onun pişiklərə sevgisinin əsasında  hansı amilin dayandığını soruşdu. Abdin hələ tələbə ikən müəllimlərindən birinin auditoriyaya müraciətlə verdiyi sualı xatırladı: “Uşaqlar, siz öz dostlarınızda hansı yaxşı keyfiyyətləri görmək istərdiniz?” Hə doğrudan da, o, pişiyi nə üçün sevirdi axı? Yadına düşən tərifli epitetləri söyləməkdən başqa əlacı qalmadı: mehribanlığına, sədaqətinə, təmizkarlığına görə. Sən demə, elə qız da öz pişiyindəki həmin keyfiyyətlərin vurğunu imiş... Hələ bunlar azmış kimi, Abdin pişiyə hansı yeməklərin faydalı olduğu, onu necə qidalandırmağın zəruriliyi barədə xeyli məlumat da verdi; əslində isə bütün bu qidaların adı, satıldığı ünvan ona televiziyada tez-tez verilən uşaq verlişlərindən, qəzet elanlarından tanış idi.

Qız diqqətlə onu dinləyir, arabir kiçik cib dəftərçəsində qeydlər  aparmağı da unutmurdu.

Tezliklə pişik haqqında gedən söhbətin istiqaməti başqa məcraya yönəlməyə başladı. Qız nəsə söhbətarası bildirdi ki, Abdinin sifəti ona tanış gəlir, olsun ki, onlar haradasa, hansı məclisdəsə qarşılaşıblar. Abdin təvazökarlığın daşını atıb yazı-pozu adamı olduğunu bildirdi – üstəlik, bir-iki kitabının adını çəkməyi də unutmadı. Nəhayət, deyəsən qız onu həqiqətən xatırladı: televiziya verlişində görmüşdü. Abdin məmnun halda gülümsəyərək, belə hallarda həmişə olduğu kimi, əli ilə qalın şəvə saçlarına sığal verib məmnuniyyət hissi ilə qızın möhkəm yaddaşına, oxucu zövqünə “bərəkallah” dedi.

Relslərin üstü ilə şütüyən qatar öz əbədi, yeknəsəq nəğməsini oxuyurdu. Göyün üzündəki mavi-çəhrayı buludlar artıq dağılmışdı. Yaxınlıqdakı bağlardan iydə ağaclarının bihuşedici ətri vaqonun açıq pəncərəsindən içəri dolurdu.

Abdin arvad-uşağı bağ evində rahatlandıqdan sonra şəhərdəki mənzilinə tələsirdi. Nəşriyyatdan sifariş vermişdilər – əlində yarımçıq kitabı vardı, tezliklə yazıb başa çatdırmalı idi. Elə yüksək qanorar vəd etməsələr də, o, bu kitabı vaxtında təhvil vermək niyyətindəydi. Çünki nəşriyyat müqaviləsinin pozulması onun gələcək əsərlərinin çapını şübhə altına ala bilərdi.

Amma bu yandan da qız... Bu mürgüləyən pişik də, o iydələrin bihuşedici ətri də, lap elə gecə gördüyü o müəmmalı, ləzzətli yuxu da və o yuxuda özünün uça-uça boşluqda dövrə vurub oxucuların hüzuruna getməsi də indi Abdinə yeni bir yuxu kimi görünürdü. Sanki qızın özü də elə həmin yuxudan gəlmişdi və qız Abdinin əlindən tutub (yuxuda isə pencəyinin ətəyindən tutmuşdu) yuxu aləmindən bu işıqlı günəşli günə, iydə ağaclarının məstedici ətri hopmuş vaqona gətirmişdi. Bütün bu ürəkaçan mənzərələrin fonunda təkcə pişik yad, mənfi  obraz təsiri bağışlayırdı. Amma nə edəsən ki, Abdinin pişiyi tərifləməkdən başqa əlacı yoxdu, bir də ki, bu tanışlıq, bu ünsiyyət üçün pişik bir dostluq körpüsü kimi çox gərəkli, mühüm rol oynamışdı və oynamaqda idi. Pişiyin iri, yaşıl gözləri Abdinin üzünə dikildi. Abdin yenə söhbəti hərləyib-fırlayıb pişik mövzusunun üstünə gətirdi. Bu dəfə o, hansı ölkədə doğulan pişiklərin daha gözəl, daha ağıllı, daha mədəni olduğu barədə ətraflı məlumat verməyə başladı. Qız onun dediklərini diqqətlə dinləyir, arabir sual verir, dəftərçəsində qeydlər aparırdı. Abdinə elə gəlirdi ki, indi onun dediklərinə qızla birgə pişik də qulaq asır; çünki bu allah heyvanının baxışlarında bir “yumşalma” hiss olunurdu.

Qatar mənzil başına çatmaqda idi.
Yaşıl bağlar, iydə ağaclarının bihuşedici rahiyəsi artıq arxada qalmışdı. Şəhərin tutqun, benzin, mazut qoxulu havası, maşınların zəhlətökən səsi həyasız, çağırılmamış qonaq kimi vaqonun pəncərəsindən içəri təpilirdi...

Abdin qızdan şəhərin harasında yaşadığını soruşdu. Qız öz ünvanını dedi. Abdin pişik məsələsindən sonra başqa bir yalan da uydurmalı oldu – guya onlar eyni istiqamətə getməli idilər, az qala lap qonşudurlar, əslində isə Abdini evi sonuncu stansiyanın yaxınlığında idi.

Abdin onu da öyrənə bildi ki, qız tək-tənha yaşayır, birotaqlı mənzili var. Həyatda isə yeganə etibarlı dostu üç gündən bəri xəstəliyə mübtəla olmuş, dişinin arasından su ilə həbdən başqa heç bir şey keçməyən bu pişikdir. Abdin yenə pişiyin ünvanına bir-iki xoş söz deyəndən sonra qızın telefonunu istədi: sən demə, onun mənzilində telefon yoxmuş. Eybi yoxdur, o indi bu qəşəng, totuq-motuq, ağsifət, güləş qızı taksi ilə ötürəndə evlərinin yerini dəqiq öyrənib tezliklə ona – daha doğrusu, pişiyə lazım olan dərmanları çatdırar. Qız etiraz etmədi. Taksi qız yaşayan evin qənşərində dayananda o, dilucu Abdini öz “daxmasına” (qız elə beləcə də dedi: “daxma”)   dəvət etdi. Abdinin razılaşmaqdan savayı əlacı qalmadı. Hələ tənbəllik etməyib yaxınlıqdakı köşkdən bir qutu şokolad almağı da unutmadı. Qız yüngülvari etiraz etsə də, o, gələcəkdə aralarında bəlkə də möhkəm bir dostluğun bünövrəsinin qoyula biləcəyini xüsusi vurğuladı. Və bu anlarda Abdinin başında belə bir qəribə sual da dolaşmağa başladı:”Görəsən bu xanımın pişiyi şokolad yemir ki?” Axı acı həb udmaqdansa şirin şokolad yemək daha əlverişli ola bilərdi.

Qızın mənzilində ideal səliqə-sahman vardı. Divardan pişiyin iri, rəngli şəkli asılmışdı. Pişik şəkildə həyatda olduğundan daha canlı, daha şux idi. Görünür, xəstəlik elə bir əclaf şeydir ki,o qısa bir vaxt ərzində təkcə adamları deyil, elə heyvanları da taqətdən salır. Şəkildən boylanan pişiyin gözlərindən hirs-hikkədən əsər-əlamət yoxdu: portretdəki pişiyin baxışlarından nəşə və toxluq yağırdı; allahın bu məzlum heyvanı şəkildə adam balası kimi dil açıb danışmaq istəyirdi sanki. Abdinin ağlına belə bir fikir də gəldi ki, ay dadı-bidad, görəsən, pişik dil aça bilsə, ilk sözü, ilk sualı, ilk istəyi nə olar? – ana?, ata?, yemək? Görəsən, pişiklər də öz atalarını tanıyırmı? Axı onları böyüdüb tərbiyə edən analar olur. Allahın bu dilsiz-ağızsız heyvanları yəqin ki, çox vaxt bic doğulduqlarını heç vaxt dərk etmirlər. Ağlına gələn gülünc sualların təsiri altında xəyala gedən Abdin qızın gətirdiyi pürrəngi çaydan içə-içə ətrafa nəzər salır, nədənsə sıxılır, darıxırdı. O, göz gəzdirib rəfdəki kitabların səliqəli sırasına diqqət yetirdi. Daha bir möcüzə! İşə bir bax, onun kiçik, bapbalaca kitabı hansısa qalın cildin böyrünə sığınmışdı; öz kitabı ona nədənsə qızın qucağına sığınıb yuxuya getmiş xəstə, naxoş pişiyi xatırlatdı. Bəlkə elə o balaca kitab da əbədi yuxuda idi – çox güman ki, onun vərəqlərini tərpədən, içindəkiləri oxuyan olmamışdı. Oxusaydı, yəqin ki, qız xatırlayar, bir söz deyərdi... Abdin hərdən, candərdi də olsa, pişiyin ünvanına xoş söz deməyi unutmurdu.

Abdin gecəni qızgildə qaldı...
Səhərə yaxın qız pişiyi yerdəki iri, isti, yumşaq döşəkçənin üstündən götürüb yatağa qoydu. Yataqda onların, yəni qızla Abdinin arasında xumarlanan heyvanın gecə lampası kimi parlayıb yanan gözlərinə baxıb o üz – bu üzünə eşələnən sənətkarın ödü ağzına gəldi. Abdin bu iyrənc varlığın tüklü sifətinə, şana kimi yana dartılmış uzun bığcıqlarına, əyri pəncəsinə ikrahla və səbrlə xeyli tamaşa etsə də axırda hövsələsini basa bilmədi. Və nəhayət qəzəblə, qışqıra-qışqıra pişiyi yatağa salmağın, pişiklə bir yerdə- bir çarpayıda yatmağın, bir qabdan yeyib-içməyin acı nəticələrindən, onun potensial xəstəlik daşıyıcısı, xərçəng, lap elə SPİD mənbəyi olduğundan əl-qolunu ölçə-ölçə, ağzı köpüklənə-köpüklənə xeyli danışıb məlumat verdi.

Yataqda böyrü üstə uzanaraq bir əli ilə qabarıq sinəsini örtüb, o biri əli ilə bayaqdan pişiyin başını sığallayan qız, sanki bəyaz mərmər heykələ çevrilmişdi. İndi qızın donuq baxışları pişiyinki kimi ciddiləşmişdi. Elə bil onun gözlərinin rəngi də dəyişmişdi.

Abdin pişiyə qarşı olan bütün nifrət, qəzəb və hiddətini bildirdikdən sonra yataqdan qalxıb elə alt tuman-köynəkdə hamama girdi. Əl-üzünə su vurub geri qayıdanda gözlərinə inanmadı: dünəndən bəri ölgün-ölgün mürgüləyən pişik, vəhşi pələng kimi tarım dartınıb qapının ağzını kəsdirmişdi. Abdin pişiyi təpiklə vurmaqdan özünü zorla saxladı, onun böyründən keçib qızın yatdığı otağa keçmək istəyəndə heyvan qəzəbli pələng kimi yuxarı tullanıb onun çiyinlərini, boyun-boğazını hiddətlə cırmaqlamağa başladı. Abdin bir anlığa özünü itirdi. Bu alçaq pişik onu qızın yataq otağına buraxmaq istəmirdi. Abdin geri sərpinib yumruğunu quduzlaşmış pişiyin təpəsinə endirdi. Döşəməyə dəyib top kimi təzədən yuxarı atılan heyvanın caynaqları bu dəfə Abdinin sifətinə ilişdi. Onların hər ikisi qəzəblə zingildədi – həm Abdin, həm də pişik...

O, pişiyin quyruğundan yapışıb var qüvvəsi ilə kiçik balkona açılan qapıdan bayıra fırlatdı. Sonra asta, ehtiyatlı addımlarla geri döndü.

Qızın yatağı boş idi. Qəribə idi – o, otaqda yox idi. Görəsən hara getmişdi? Elə bil qeydə çəkilmişdi qız. Bəlkə yenə də Abdinin yuxusuna pənah aparmışdı? Dünən gecə yuxuda qanad açaraq dövrə vurub uçanda qız Abdinin ətəyindən yapışıb onu yerə endirmişdi. Görəsən, o, Abdinin yuxularına yenə gələcəkdimi?

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.