Mətanət Vahid - İntihara meylli, həyatdan usanmış, kədərli
29.04.14

Xatirələrin şəklini çəkən    
 
Kənan Hacının yaradıcılığına bələdliyim yalnız saytlardan oxuduğum şeir və hekayələrindən ibarət idi. Oxuduğum ilk irihəcmli əsəri “Yaddaş kartı” oldu. Bu kitabda müəllifin xeyli maraqlı xatirələri, diqqətçəkən məqamlar yer alır. Bununla belə, əsəri sadəcə təxminən eyni yaşlarda eyni situasiyaların şahidi olmuş bir insanın xatirələri, yaşantıları kimi oxudum. “Yaddaş kartı” sənədli olması səbəbilə daha çox publisistik bir dillə yazıldığından müəllifin nasir kimi potensialı kifayət qədər açılmamış qalır.
 
Qəribədir ki, bəzən bir müəllifin hər hansı əsəri ilə tanış olanda daha ondan heç nə oxumayacağına qərar verirsən. Bəzən isə əksinə, hansısa maraq səni həmin müəllifin digər əsərlərinə yönləndirir. Belə bir maraqla Kənan Hacının təxminən iki il öncə çap olunsa da, oxuya bilmədiyim “Atamın sevgilisi” adlı kitabına üz tutdum.
 
Kitabı oxuduqca Kənan Hacının nəsri haqqında tez-tez rastlaşdığım “səmimi yazır” fikrini özüm üçün aydınlaşdırmağa çalışdım. Müəllifin, yaxud mətnin “səmimiliyi” ifadəsi son vaxtlar ədəbi, bədii, publisistik - hər cür yazı haqqında işlədilir və istər-istəməz düşündürür: nədir bu səmimiyyət? Müəllif oxucu qarşısında etiraflar etməyə borcludurmu? Bu səmimiyyətdən ədəbiyyat doğulurmu? Məncə, qoy müəllif oxucunu “aldatsın”, oyun qursun, onu fikir labirintlərinə cəlb etsin, amma ona əsl ədəbiyyatı təqdim etsin. Kim nə deyir desin, qəti fikrim budur ki, yalnız səmimiyyət üzərində ədəbiyyat yaranmır.
 
Mən “Çəhrayı qan”ın axıcı dilindən, ikinci dəfə çap olunsa da, tamamlanmamış təəssüratı yaratmasından, həcmi kiçik olmasına baxmayaraq təkrarlara yer verilməsindən, Nabatın gözlərinin əsər boyu gah ala, gah qonur, gah da zil-qara kimi təqdim olunması və s. detallardan söz açmaq niyyətində deyiləm. “Atamın sevgilisi” kitabında diqqətimi cəlb edən avtobioqrafiklik oldu: “Çəhrayı qan” talesiz qadın haqqında roman kimi yazılsa da, əsas planda müəllifin öz obrazı görünür, romanda da, esse və hekayələrdə də müəllif  daha çox özünü yazır.
 
Yazarın oxucular tərəfindən ən çox qarşılaşdığı suallardan biri məhz belə olur ki, bu əsər avtobioqrafikdirmi? Bəzən müəllif hansısa epizodların öz həyatından götürüldüyünü  etiraf edir, bəzən isə ən kiçik bir uyğunluğu da inkar edir. Kənan Hacı əsər boyu oxucudan bu hadisələrin özü ilə əlaqədar olduğunu gizlətmir. Sanki ədəbi uğuru məhz əsərin avtobioqrafikliyində görən müəllif ədəbi “yalan”dan – uydurmadan “qorxur”, yaxud buna təxəyyülünün gücü yetmir. Əsərdə təkrar-təkrar qeyd edir ki, bu etiraflar üçün utansa da, lap oxucusu onu qınasa da, “müəllifin oxucunu aldatmağa ixtiyarı yoxdur”.
 
 
Təbiidir ki, istənilən mətndə müəllifin özü bu və ya digər dərəcədə iştirak edir; o, istəsə də, istəməsə də, subyektivlik özünü göstərir. Müəllif yaradıcıdır və yaratdığı obrazların kimliyindən asılı olmayaraq, hər birində onun özündən nə isə var – düşüncələri, hissləri və ya ruhundan nə iləsə obrazlarda ifadə olunur.
 
Amma əsərin kimin həyatından bəhs etməsi oxucu üçün az əhəmiyyət daşımalıdır. Önəmli olan odur ki, mətn oxucuda sual yarada bilsin, onu axtarışa sövq etsin. Romanın ilk səhifələrində oxuyuruq: “Belə fikirlər içində sövq-təbii hiss eləmişdim ki, bu gün oyunun başlanğıcıdır. Hansı oyunun? Özüm də bilmirdim. Bu oyunun nə ilə nəticələnəcəyi haqda da heç düşünmürdüm. Nə sirdisə, sidq-ürəkdən oyun adlandırdığım bu gedişatın iştirakçısı olmağa can atırdım”. Təhkiyəçi qəhrəman sövq-təbii ilə içinə düşdüyü oyunun varlığını hiss etsə də, sonunu düşünmək belə istəmir. Amma oxucu üçün bu oyun maraqlıdır axı – gedişatını da bilmək istəyir, sonunu da. Lakin vəd edilmiş, həvəslə gözlənilən bu oyun baş tutmur. Əvəzində oxucu banal sevgi hekayəti ilə üz-üzə qalır: təcrübəsiz cavan oğlan və həyatın hər üzünü görmüş gənc fahişə qadın bir-birlərini dəlicəsinə sevirlər. Gerisi məlumdur: təbii ki, Azərbaycan reallığında hökm sürən mental dəyərlər və Nabatın vicdanı onların sonadək birgəliyinə yol vermir və bir müddət sevgili olandan sonra ayrılırlar. Arabir təhkiyəçi-qəhrəman utanc hissi keçirərək oxuculardan yazılanları unutmağı rica edir. Lakin sona qədər yaşananları etiraf etməkdən də çəkinmir. Müəllifin cürəti təqdirolunasıdır. Bununla belə onun üçün ağır xatirələrə çevrilmiş yaşantıları əsərdə də elə xatirə olaraq qalır.
 
“Çəhrayı qan” romanında fahişəyə aşiq olan ədəbi qəhrəman “Sənə məktub” hekayəsində evli qadını sevərək yenə yasaq eşq yaşayır. Tək təsəllisi sevdiyi qadınla internet əlaqəsi saxlamaq olan obraz “Evli qadını sevməyin bədəli”ndə yenə intihar fikrini başından ata bilmir, içkiyə aludə olur. Nəticə etibarilə biz bir əsərdən o birinə keçən sentimental, tənhalıq və çarəsizliyin əlində əsir olmuş obrazın çevrəsində dönüb dolanan oxşar həyat hekayələri oxumalı oluruq.
 
Məsələ burasındadır ki, bu gün az qala, hamımız yazmağa dəhşətli bir ehtiyac duyuruq. Ətrafımızda çoxlu insanlar – sevdiklərimiz, bizi sevənlər, dostlar, qohumlar, ailəmiz olsa da, demək olar ki, hamımız başa düşülməzlikdən əziyyət çəkirik. Belə olan halda, hər kəs bu tənhalıqdan xilas yolunu “qələmə sarılmaqda” görür.
 
Əminliklə deyə bilərəm ki, “Atamın sevgilisi” və “Evli qadını sevməyin bədəli” və s. kimi mətnləri qələmə almaq üçün yazıçı olmaq vacib deyil. Bəlkə də, hər kəsin yaza biləcəyi xatirələri, ağrı-acıları, lap elə bir romanlıq materialı var. Amma yazarın vəzifəsi bu “xam materialı” romanın, hekayənin, bir sözlə, bədii mətnin “məhsuluna” çevirməkdir. Odur ki, əsərin avtobioqrafikliyi mütləq şəkildə yalnız həyat tarixçəsinin danışılmasından, müəllifin real yaşantılarının eynisindən ibarət olmaq məcburiyyətində deyil. İndi adını xatırlaya bilmədiyim müəllifin maraqlı bir fikri var ki, avtobioqrafik roman yazarın öz şəxsiyyəti ilə döyüşü olmalıdır, öz həyat tarixçəsi ilə total qarşıdurmanın nəticəsi olaraq meydana çıxmalıdır – belə bir qarşıdurmadan ərsəyə gəlməyən əsəri yazmağa və oxumağa dəyməz.
 
Adətən, deyirlər ki, özünü yazmaq istəyi xatirələrdən qurtulmaq arzusundan doğulur. Lakin müəllif yazdıqca həm də o xatirələri yaşadır, onlara ölməyə imkan vermir, diri saxlamağa çalışır. Nədənsə Kənanın qara sevdalı hekayələrini oxuduqca düşünürdüm ki, onun arzusu unutmaq deyil, əksinə, o, unutmaqdan qorxduğu üçün yazır. Müəllif özünün olanı göz önündə tutmağa çalışır, sanki “olanım-qalanım bu xatirələrdir” deyə, onları təkrar-təkrar yazmaqla rəsmini çəkir, heykəlini yonur, xatirələrin yoxluğa yuvarlanmasına, heçliyə qarışmasına imkan vermək istəmir.
 
Kitabın əvvəlindəki “Göydən üç alma düşmədi” essesində körpə ikən valideynləri ilə birgə çəkilmiş ilk və son şəkildən bəhs edir: “O xoşbəxt anı tutub saxlayan fotoqraf da artıq həyatda yoxdur... İllər keçəcək, heç birimiz həyatda olmayacağıq, amma bu şəkil qalacaq...” “Atamın sevgilisi” kitabı Kənan Hacının xatirələrinin şəklidir, özü olmayanda belə, baxılacaq, oxunacaq, xatırlanacaq şəkli – eynən valideynlərinin itkisindən sonra baxıb təsəlli tapdığı rəsmləri kimi.
 
Kənan Hacının nəsrindəki şeiriyyət, çox güman ki, şairliyindən irəli gəlir. Onun bəzi hekayələrini şeir kimi oxumaq olur. Və maraqlısı budur ki, əsərlərini oxuduqca hiss edirsən ki, müəllifin potensialı yazdıqlarından bir boy artıqdır – kitab boyu oxucunun müəllifdən gözləntiləri kifayət qədər özünü doğrultmasa da, daha artığını, daha yaxşısını yaza biləcəyini duyursan. Məncə, Kənan Hacı hələ yaza biləcəyini yazmayıb və növbəti əsərlərdə diqqətini yalnız alter eqosunu yaratmaqdan yayındıra bilsə, yeni bir mərhələyə adlayacağına, daha dəyərli əsərlər yazacağına çox ümidliyəm.
 
Dünya ədəbiyyatında avtobioqrafik əsərlərin xeyli sayda nümunələri var və bunların hər biri müəllif üçün örnəkdir. Amerikalı yazar C.Franzen bir mühazirəsində özünün avtobioqrafik romanını necə yazmasıyla bağlı sirlərini açıqlayır: Gənc yaşlarından məhrumiyyətlərə dözməli olan yazar ayrılıq və kədərlə süslənmiş həyatı haqqında roman yazmağa başlayır. Lakin yazdıqca özünün prototipi olan qəhrəmanını sevmədiyinin fərqinə varır, hətta komplekslərinə, çatışmazlıqlarına görə ona nifrət edir.
 
O, özünün sevmədiyi bir obrazın oxucu tərəfindən seviləcəyinə, qəbul ediləcəyinə inanmır. Və müəllif anlayır ki, avtobioqrafik romanının uğurlu alınması üçün ilk növbədə özünü, bunun üçünsə həyat tərzini və düşüncələrini dəyişməlidir. Bu “çevrilmə” uğrunda xeyli yol qət edir, dəyişə bilənə qədər xeyli zaman keçir və özü dəyişdikcə qəhrəmanını da dəyişir. Nəhayət, bir gün anlayır ki, onun aylar öncə bu əsər üçün düşündüyü obraz artıq “ölüb”.
 
Səhifənin ortasına başdaşı şəkli çəkib “ölmüş qəhrəmanının” adını üstünə yazır və yeni adla yeni, lakin yenə də özünün prototipi olan qəhrəman yaradır. Amerikalı müəllifin bir avtobioqrafik roman yazmaq uğrunda çabaları haqqındakı bu mühazirəni oxuyarkən iradəsinə məftun olmuşdum. Hətta deyərdim ki, bu situasiyanın özü belə, gözəl bir həyat hekayəsidir. Kənan Hacıya da içərisindəki intihara meylli, həyatdan usanmış, kədərli obrazı yenməyi arzu edirəm və ümid edirəm ki, növbəti romanda yepyeni, fərqli bir obraz ilə qarşılaşacağıq.
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.