Aydın Talıbzadə - Məcnun ruh, Məşədi İbad bədəndir
17.04.14

«ƏR VƏ ARVAD ÜÇÜN İNTİM TEATR

 

yaxud

 

MƏŞƏDİ İBAD NECƏ VARSA» məqaləsindən fraqmentlər...

 

 

...“O olmasın, bu olsun” Üzeyir bəy tərəfindən “Leyli və Məcnun” operasına MƏSXƏRƏ, ŞƏBƏDƏ kimi düşünülmüşdü. “Leyli və Məcnun” müsəlman Şərq poeziyasının gələnəksəl alicənab, ülvi mövzusudur, “Məşədi İbad” isə onun parodiyasıdır, şəbədəsidir...

   

  “O olmasın, bu olsun” məsxərəsinin elə birinci məclisində xor seyrçilərə çox vacib bir mətləbi bəyan edir: “ƏBƏS SÖZDÜR BU ƏFSANƏ, DÜŞÜBDÜR XƏLQİN AĞZINA, GƏRƏK LEYLİ, GƏRƏK MƏCNUN, VERİBDİRLƏR CANIN CANƏ”.Qəribədir, Üzeyir bəyə birdən-birə nə oldu ki, məşhur operadan iki il sonra “Leyli və Məcnun”u “əbəs söz” adlandırdı? Məsələ bu ki, Hacıbəyli cənabları xorun diliylə bir sıra yeni sosiaL, psixoloji və kulturoloji məqamları öz maarifçi qavrayışına uyğun bir tərzdə açıqlayır: “Leyli və Məcnun” bədii uydurmadır, təxəyyüldən törəmədir, gerçək dünyanın sevgilərilə heç bir bağlantısı yoxdur, onun hadisələrini ciddi həyat olayları sanmaq mənasızdır, sadəlövhlükdür. Çünki bu sevgi əhvalatının vaxtı çoxdan keçib qurtarıb, indisə başqa bir əyyamdır; elə bir əyyamdır ki, aşiq və məşuqənin dəyəri pulla ölçülür. “Leyli və Məcnun” “əbəs söz”, “əfsanə” kimi qiymətləndirdikdən (M.F.Axundzadə ənənəsimi?) sonra müəllif məsxərəni bütövlükdə maarifçilik şüarına doğru yönəldir. Bu şüarı doğuran bir qızdan ötrü səhralara düşmüş Qeysin məcnunluğuna Azərbaycan maarifçisinin ironik münasibətidir. Təbii ki, burada sətiraltı məna da mövcuddur: “Evlənmək istəyəndə daha məcnunluq eləmə, zəiflik göstərmə, məğmun olma. Lazım gələrsə, ya “o olmasın, bu olsun” deməyi bacar, ya da kələk qurmağı”...

 

     Proloqda xorun mətni qurtaran kimi Üzeyir bəy öz qəhrəmanları Gülnaz və Sərvəri səhnəyə çıxarır. Rüstəm bəyin mülkü sevgililərin görüş yeridir. “Yaxşı döşənmiş” otaq. Sərvərlə Gülnaz ünsiyyət yaxınlığından və evdə kimsənin olmadığından “şaşırıb” qəzəl oxuyurlar. Cavan oğlan və qızın boş bir otaqda əyləşib müqəvva kimi, kukla kimi davranması, razılaşaq ki, bir o qədər də məntiqi və ağlabatan deyil. Necə ola bilir yəni? Bəyəm Sərvər milli adət, şakər və yasaqlarla bağlı min bir əngəli, qorxu-hürkünü, hər tin başından boylanan bir lopabığ qoçunun hədəsini gözünün qabağına gətirib Rüstəm bəyin malikanəsinə ona görə dürtülüb ki, Gülnazla birgə FÜZULİDƏN qəzəl oxusun? Qəzəl oxumağa yermi qəhətdi? Əlbəttə ki, yox. Onda belə bir səhnə dramaturqun nəyinə lazım? Gəlin, bir balaca huşyar olaq. Məgər bu səhnə Qeys ilə Leylinin məktəbdəki görüşünü xatırlatmır? Bəyəm Sərvər və Gülnaz eşq barəsində çoxlu şeir əzbərləmiş “məktəblilər” kimi davranmırlar?..

 

    ... “O olmasın, bu olsun” məsxərəsinin əsas “məcnun”u Sərvər yox, Məşədi İbaddır. Pyesdə Məşədi barəsində hamıdan öncə onun birbaşa “rəqib”i Sərvər danışır, deyir ki, İbad kişi “dövlətli, ancaq qorxunc bir qocadır”, potensial xortdandır, əprimiş bir vücuddur. Məşədinin həqiqətini şişirdib ona şayiə donu geyindirməklə, Məşədinin “qara piar”ını Sərvər burada öz rəqibinin məğlubiyyətinə çalışır, Sənəmin və Gülnazın yanında onu gözdən salır, İbad kişinin arvad almaq şansını bilərəkdən azaldır. 

 

...Soruşula bilər: Məşədi İbadın özü hələ araya çıxmamışdan öncə bu nə haray-həşirdi (qara piardı) belə? Məsələnin çox sadə izahı var: hamı qeyri-rəsmi şəkildə Məşədiyə, - “yox”, - deyir və istəmir ki, gözəl Gülnaz “qoca” və “kifir” İbad kişinin arvadı olsun, halbuki artıq iş-işdən keçib, Rüstəm bəylə Məşədi danışıb, sövdələşib, behləşiblər. Qız onundur, vəssalam. Belə bir çətin psixoloji duruma düşmüş Rüstəm bəydən ötrü ən vacib problem rədd cavabını RƏSMİLƏŞDİRMƏKDƏNibarətdir. Lakin necə?

 

...Öncə Rüstəm bəy Məşədi İbada birmənalı şəkildə “hə” deyib. Mənim şərti şəkildə “elçilik-həngamə” adlandırdığım səhnədə bu “hə” rəsmiləşdirilməlidir. Amma ziyafətdə tamam ayrı bir oyun oynanılır: faktiki olaraq Məşədiyə qeyri-rəsmi şəkildə anladılır ki, iddiasından əl çəksin.. Ziyafət məhz “hə”nin “yox”a çevrilməsi üçün bir şansdır.

 

Rüstəm bəyin özü, hələ Sərvərdən xəbəri olmaya-olmaya, Məşədini tələyə salmaq istəyir: ziyafət bəhanəsiylə “kürəkəni” camaata göstərir, əgər belə demək caizsə, “üzə çıxarır” və bununla da çalışır ki, qızı Gülnazın dul kişi Məşədinin tayı olmadığını məclis əhlinə (potensial ictimaiyyətə) aydınlatsın. ... Rüstəm bəy istəyir ki, işdi, əgər birdən vəziyyət dəyişsə və o, verdiyi sözü dəbbələsə, “hə”ni “yox” eləsə, bu zaman bir qız atası kimi camaat qarşısında “Siz özünüz gördünüz də, daha məni qınamayın” söyləməyə haqqı olsun. Fikirləşməyinə dəyər ki, nə üçün Rüstəm bəyin malikanəsində təşkil olunmuş ziyafətdə onun və Məşədinin qohum-əqrabasından heç kim iştirak eləmir? Hər halda Üzeyir bəy bu məqamla bağlı bir dənə də olsun replika-filan yazmayıb. Öz sualıma mənim cavabım belədir ki, Rüstəm bəyin evindəki ZİYAFƏT qohumların sevinclərini bölüşdürdüyü şadyanalıq məclisi deyil, Məşədini arxaik bir EKSPONAT, köhnəliyin qiyafəsi kimi nümayiş etdirən MƏCLİS-SƏRGİDİR. Elə bir sərgi ki, orada İbad kişi ən yarıtmaz rakurslardan görükdürülür. ANTİELÇİLİK məramı ilə keçirilən bu ziyafət “Leyli və Məcnun” poemasından məşhur elçilik səhnəsinin şəbədə variantı kimi də çözülür. Mən yadınıza salıram Leyli atasının öz qızını ərə verməməkdən, “hə” deməməkdən ötrü gətirdiyi bəhanəni: “Qürbün bilirəm mənə şərəfdir, amma xələfin əcəb xələfdir, “Məcnun” - deyə tən edir xəlayiq, Məcnuna mənim qızım nə layiq?”.. Bu bəhanə-bəyanat bir güclü məntiq üzərində qurulur: Qeys dəlidir, məcnuna isə evlənmək yasaq buyrulur. “O olmasın, bu olsun” məsxərəsində isə Məşədinin üzünə deyilir ki, o, xalis oranqutan meymunudur. Hərçənd ki, onun arvad almaq hüququ bu “ittiham”a baxmayaraq qalır. Çünki əsl müsəlmandır. Əslində, Həsən bəyin Məşədi İbadın xeyrinə gətirdiyi sonuncu dəlil çox zəifdir və ziyafətə yığılanların “kürəkən”lə ilişkili formalaşmış neqativ təsəvvürlərinə bir qırıq da təsir göstərmir. Nədən ki,ZİYAFƏT  lap əvvəldən Məşədi üçün sosial, mənəvi-əxlaqi bir İMTAHAN, bir SINAQ kimi düşünülüb...

 

    ... İndisə keçək Məşədinin Məcnuna istehzasına, ona lağ etməsinə. Aydın məsələdir ki, İbad kişi cavan Qeys kimi səhraya varıb sərgərdan ola bilməz, əgər ona “yox” deyilibsə. Çünki Məşədi öz gücünə arxayındır; istər maddi təminatına, istərsə də fiziki vəziyyətinə görə: maşallah-namxuda, quş kimi yüngüldür, dişləri də cabecadır, yəni yerindədir. Ol səbəbdən Məşədi fürsəti qaçırmayacaq və Gülnazdan ötrü kərgədan tərsliyilə mübarizə aparacaq, ziyafətdəki biabırçılığı eyninə almayıb çaparaq adaxlıbazlığa gələcək. Əgər situasiyanı məntiqlə təftiş eləsək, məlum olacaq ki, İbad kişinin adaxlıbazlığına heç bir ehtiyac yoxdur. Çünki Rüstəm bəydən Məşədinin icazəsi var: istədiyi zamanda təşrif buyurub Gülnazı görə bilər. Bəs onda İbad kişi, sinni bir adam, bu nə hoqqadır çıxardır, gündüzün günorta vaxtı hasara dırmaşır? tacir İbad, daha doğrusu, baqqal İbad hasara ona görə dırmaşır, ona görə adaxlıbazlıq eləyir ki, ziyafətdən sonrakı pərtliyini aradan götürməyə, hələ də cavan, ərköyün bir həyat sürdüyünə, evlənmək hüququna malik olduğuna özünü və başqalarını inandırsın. Bununla da Məşədi “mömin idbar qoca”, “köhnə əyyamın eksponatı” təssüratını bilmərrə dağıtmağa can atır. Nəticə isə əksinə olur; Məşədini miskinləşdirir, amma onu “atdan sala bilmir”, yolundan döndərmir. Və sən bir təsadüfə bax, Gülnazın ikinci adaxlısının mövcudluğu Məşədi İbada həməncə “Leyli və Məcnun” əhvalatını xatırladır. Deməli, Məşədi özünü eşq dünyasının əsl Məcnunu, Sərvərisə İbn Səlamı kimi qavrayır. Bu analogiya bir daha təsdiqləyir ki, “O olmasın, bu olsun” pyesi “Leyli və Məcnun”a ədəbi parodiyadır, məsxərə qismində düşünülmüşdür.

 

     Məhz elə bu səhnədə Məşədi İbad hikkə ilə bəyanat verəcək: “Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları bura yığacağam”. Məgər adaxlısını və haqqını tələb etməkdən, ləkələnmiş adını təmizə çıxarmaqdan ötrü Məşədini Rüstəm bəyin qapısı ağzına “tökdürdüyü” qoçular Məcnunu murada çatdırmaq üçün Leyli atasının üstünə hücum çəkmiş cəngavər NOFƏL və onun döyüşçülərilə assosasiya yaratmırmı?

 

..Məsxərənin finalı “TOY” səhnəsidir. Halbuki toy mərasiminin özü əsərdə dekorativ xarakter daşıyır, bir rəmz kimi anlaşılır. Ona görə də toy məclisində hərə yalan-başdan bir kərə rəqs eləyib Məşədini bəylik otağına ötürməyə tələsir.

 

     Səhradan o yanası qəbirdir, məzardır. Məcnuna nəsib olan bu.

 

     Bəylik hamamından o yanası isə zifaf otağı. Məşədi İbada nəsib olan bu.

 

     Final məhz burada oynanılacaq; o yerdə ki, başqalarının həmin məkana daxil olması qəti qadağandır. Niyə? Bu məkanın bildirdiyi mənaları sıralasam, aşkar bilinəcək ki, bəylik otağı sakral mahiyyətli məkandır, astanadır, sevgiyə, nifrətə, doğuma, təcavüzə, ölümə eyni dərəcədə açıqdır. Bəylik otağı (və ya gərdək) astana olmaq etibarı ilə haradasa şərti qəbir funksiyasını yerinə yetirir, qəbir kimi insanın bir dünyadan o biri dünyaya keçidini təmin edir. Əgər “Leyli və Məcnun” poemasında Füzuli qəhrəmanları gəlib qəbirdə bir olurlarsa, məzar iki sevgilini bir-birinə qovuşdurursa, və müəyyən mənada “bəylik otağı” statusu qazanırsa, artıq “Məşədi İbad” məsxərəsində Üzeyir bəy öz personajlarını çəkib birbaşa zifaf otağına çəkir və elə buradaca Məşədiylə acı-acı zarafatlaşmağa başlayır. Məcnun Leylinin qəbri üstündə öz ölümü ilə “SEVGİLİM YALNIZ ODUR” söyləyirsə, İbad kişi çox asanlıqla “O OLMASIN, BU OLSUN” təklifilə razılaşır, özü üçün əlverişsiz şəraitdən ən sərfəli, ən optimal bir çıxış yolu tapır, yəni yaşamağı, evlənməyi ölümdən üstün tutur. Burada Məşədi sadə, lakin son dərəcə güclü həyat məntiqilə davranır: Gülnaz olmasın, Sənəm olsun, fərqi nədi ki, arvad elə arvaddı; bircə ölümə çarə yoxdur. Yerdə qalan nə varsa, hamısına əncam çəkmək olar. Düzdür, bu məntiq baqqal məntiqidir, di gəl ki, həyati gücü var...

 

..Bu mövqedən baxanda Sərvər də elə Məşədi İbadın invariantıdır. “Sərvər” farsca “başçı” deməkdir. Bəs “O olmasın, bu olsun” məsxərəsində Sərvər nəyin başçısıdır? Təbii ki, kələyin, fırıldağın. Sərvər XX yüzilin ön sənələrində ərsəyə gələn nəslin özünəməxsus student Məşədisidir...

 

...Üzeyir bəy “Leyli və Məcnun” poemasını tam şəkildə özünküləşdirdikdən sonra, yəni əsərin bütün məna düyünlərini açdıqdan, cövhəri qiyafədən ayırdıqdan, olayların psixoloji gerçəkliyinin həqiqətini aşkarladıqdan sonra görmüşdü ki, məşhur əfsanənin yazılı ədəbiyyata köçmüş qəhrəmanları BƏDƏNSİZDİRLƏR, bilmərrə RUHDURLAR, YALXI İDEYALARDIR. Ona görə də Üzeyir bəy çalışmışdı ki, “Məşədi İbad” məsxərəsinin hadisə və faktlarını birbaşa BƏDƏN (ontoloji bədən, psixoloji bədən, sosio-kulturoloji bədən) və onun tələbatları üzərində qurub-quraşdırsın. Xalqın meydan mədəniyyətinin mərkəzindəİDEYA yox, RUH yox, BƏDƏN dayanır. Bədən burada ontoloji, sosio-kulturoloji dəyərdir, meyardır, ölçüdür, etalondur. Meydanda bütün mənalar bədənə görə fokuslaşdırılır. Odur ki, Üzeyir bəy “Leyli və Məcnun” operasını bəstələrkən alqışladığı ideyaları, yaşantı və dəyərləri bir müddət keçincə tamamilə əks bir mövqedən yoxlamağa, saf-çürük eləməyə, sınağa çəkməyə başlamışdı: bu dəfə xalqın meydan mədəniyyətinin, gülüş mədəniyyətinin içindən boylanıb öz köhnə, kübar, sevimli qəhrəmanlarına baxmışdı və anlamışdı ki, onların faciəsinin bir nömrəli şərti BƏDƏNSİZLİKDİR. Elə buna görə də Üzeyir bəy “O olmasın, bu olsun” məsxərəsində “Leyli və Məcnun”un, bir qədər kobud səslənsə də, astarını üzünə çevirmişdi və bir daha isbata yetirmişdi ki, “ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR”, yəni hər hansı bir gözəl bədii uydurma həyat məntiqinin sınağından keçə bilməyəndə MƏSXƏRƏ üçün, ŞƏBƏDƏ üçün sonsuz imkanlar açır.

 

....Məşədi İbad bir BƏDƏN kimi meydan teatrı personajlarının sırasına qatılıb rəsmi mədəniyyətdə onların (Keçəl Pəhləvanın, Qaragözün) təmsilçisi funksiyasını daşıyır.

 

     İbad kişinin düz 50 yaşı var: canı isə hələ “suludur”, yoxsa evlənmək arzusu ilə ondan-bundan arvad soraqlamazdı ki? Sağlamlığı superdir, bir dişi də ağzından düşməyib, cavan oğlan kimidir: dərd çəkməyib, yaxşı yeyib-içib, canını güdüb. Üç dəfə arvad dəyişib, amma yenə də qadın görəndə laqeyd dayana bilmir.. Hətta gözəl Gülnazın görüşünə gəldiyi zaman belə qulluqçu Sənəmi də gözaltı eləyir, onu da əlindən buraxmaq istəmir. Məşədi İbad milli “don juanlığın” simvoludur...

 

 ...Məhz bu xüsusiyyətlərinə görə Məşədi İbadı “O olmasın, bu olsun” məsxərəsinin yeganə KİŞİSİ (ÖCÜL, ERKƏKanlamlarında) saymaq mümkündür. Nə üçün? Bəs başqaları? Doğrudan da, şəbədənin personajlarından heç biri qadın sevgisinə susamaq baxımından Məşədiyə tay ola bilməz.

 

     Başlayaq elə Sərvərdən. O, İbad kişinin yanında sütül bir oğlan uşağıdır, qarnıac “student baba”dır, bambılıdır, hələ indən beləsinə Gülnazı fırıldaqla özünə arvad eləyib kişi olmaq istəyir. Məşədidən yaşca cavan müflis Rüstəm bəy DUL kişidir. Ancaq o, qulluqçu Sənəmə, bir dəfə də olsun, gözünün ucuyla da baxmır, eyş-işrət təmənnasında bulunmur. Nədən? Bilirəm, hamınız deyəcəksiniz ki, axı, Rüstəm əsl BƏYDİR və bəyə yaraşmaz özünü yüngül, qeyrətsiz aparmaq. Bu məqamda mən də deyəcəyəm ki, Rüstəm bəy hər şeydən öncə kişidir, 45 yaşlı kişidir. Onun nə vaxtıdır ki, arvadsız qalsın?  Bir də Rüstəm bəyə heç kim qeyrətsiz olmağı təklif eləmir. Bir kəllə qənd, üç manat pul və bir molla Rüstəm bəylə Sənəmi siğə vasitəsilə asanca bir-birinə qovuşduracaq. Vacib deyil ki, bəyin kəbinli arvadı olsun Sənəm. Amma hayıf ki, onun belə bir təmənnası yoxdur: görünür ki, şürbilik, qumarbazlıq fiziki cəhətdən də Rüstəm bəyi “müflisləşdirib”. Yoxsa o öz evinin içində gül kimi arvaddan imtina etməzdi ki? Və çox güman ki, Rüstəm bəyin şərab dostları (Həsən bəy, Həsənqulu bəy, Rza bəy, qoçu Əskər) da bu dərdə mübtəladırlar. İçkidən, kefdən, boş-boş çərənləmələrdən onların başı ayılır ki, arvad barədə fikirləşsinlər də. Deməli, mən gümanımda haqlıyam: məsxərədə bir həqiqi KİŞİ (ÖCÜL, ERKƏK) var ki, adını Məşədi İbad çağırırlar. Bu adam haradasa şəhərin SEKSUAL nəhəngidir, özünəməxsus mömin Don Juandır. Təsadüfi deyil ki, elə ilk görüşdən Gülnaz Məşədidən qorxur. Bəhanə aydındır: Məşədi çirkin kişidir. Lakin Məşədinin çirkinliyilə Gülnazın qorxmasına heç cür bəraət qazandırmaq olmaz. Onun Məşədiyə reaksiyası ifrat reaksiyadır. Sənəm də Məşədi İbadla qarşılaşanda təqribən belə bir affekt içindədir. Məşədi İbadsa, əksinə, onları gördükdə bir az da qızışır, cuşa gəlir, ayırd edə bilmir ki, qadınlardan qulluqçu hansıdır, xanım hansı. Qadın üzünün hicabla, yaşmaqla örtüldüyü bir mühitdə bu yaşantı normaldır. Hətta Məşədi güclənən ehtiras içində şaşırır və öz halını gizlətməkdən ötrü başlayır ağzına gələn cəfəngiyyatı danışmağa: saçmalayır, mənasız “saqqal və həna” mövzusunu ortaya atır. Qorxu hissiylə seksual həyəcan arasında həmişə bir addımlıq psixoloji məsafə var. Onlar çox qısa bir zaman müddətində bir-birinə transformasiya oluna bilərlər. Bu emosiyalardan hər biri asanlıqla digərinin başlanğıc impulsuna çevrilmək imkanına malikdir. Gözəl Gülnazı çaşdıran, qorxudan Məşədinin çirkinliyi yox, onun qabarıq ifadə olunmuş seksual niyyətidir...

 

     Qulluqçu Sənəmin də İbad kişiyə qarşı aqressiv münasibəti bəraətsizdir. Şəxsən Sənəmə tacir Məşədinin heç bir ziyanı dəyməyib. Bəs onda qulluqçunun Məşədi İbadla belə qaba, layiqsiz rəftarının səbəbi nədir? Deyəcəksiniz ki, onun Gülnazı yaşlı kişidən qorumaq cəhdi. Daha belə həyasızcasına yox da. Bu aşkar kobudluğun, Məşədiyə qarşı hədələyici “yürüş”ün, aqressiv davranışın bir ucu məxfi seksual həyəcandır, seksual heyranlıqdır. Bica deyil ki, Sənəmin dayə hikkəsi, dayə idiası ilə göstərdiyi canfəşanlığı Məşədi İbadın özü də həddən ziyadə tez duyur və ona həməncə adekvat reaksiya göstərir: sanki Sənəmin psixoloji basqısını (axı, o da çoxdandır ki, dul qadındır) aşkarlayır. Sənəmin “hücum”u müqabilində zarafatlaşa-zarafatlaşa oxuyur: “GÖRÜRƏM KİM, MƏNƏ ÇOX YETİRİRSƏN GÖZÜNÜ, QORXURAM KİM, Kİ AXIRDA İTİRƏSƏN ÖZÜNÜ”...

 

..Bu bir daha ona sübutdur ki, pyesin qadınları elə ilk səhnədən Məşədiyə münasibətdə laqeyd qalmamışlar, Məşədiyə seksual maraq göstərmişlər. Niyə? Burada patologiya əlaməti və ya psixoloji qüsur varmı? Yoxsa milli oyun mədəniyyətində mövcud gələnəklərlə bağlıdır?

 

     Əvvəla ondan başlayaq ki, Məşədi İbad xalqın meydan mədəniyyətinin bədii-estetik və mənəvi-əxlaqi dəyərlər sistemində, xalqın folklorunda təsdiqlənmiş və yaşamaq hüququ qazanmış KEÇƏLİN yazılı ədəbiyyata köçmüş variantıdır. Meydan mədəniyyətinin varolma prinsiplərinə əsasən Keçəl yüksək erkəklik (buğalıq, öcüllük) potensialına malik bir kişidir. Məşədi İbad da keçəldir. Təsadüf, yoxsa qanunauyğunluq? Bəlkə folklor ənənəsinin diktəsi? Rəsmi mədəniyyət keçəlliyi neqativdə yozur: keçəllik qocalıq, heysizlik, çirkinlik əlamətidir, ölüm nişanəsidir. Mifik təfəkkür isə keçəlliyin pozitivdə götürülən mənalarını vurğulayır. Qeyri-rəsmi mədəniyyət də bu aspektdə mifik təfəkkürün ardınca gedir. Bu müstəvinin dəyərləri içində GÜNƏŞLƏ UŞAQ DA KEÇƏL sayılır. Onların hər ikisi dünyada görünəndə keçəl olurlar. Xalqın meydan mədəniyyətinin kontekstində keçəllik, ilk növbədə, fiziki gücün, buğalığın, erkəkliyin bildiricisi kimi qəbul edilir. Keçəl fallik kultun atributudur. Meydan teatrında isə Keçəl ampluadır. Xalqın Keçələ münasibəti həmişə ikilidir, ambivalentdir. Bu ikilik də onunla bağlıdır ki, Keçəl həyat və ölümü eyhamlaşdıran personajdır. Ona görə də xalq bir tərəfdən Keçələ gülür, digər tərəfdən isə onu əzizləyir. Keçəl sanki meydan teatrının dəcəl, ərköyün, lakin qartımış uşağıdır. Meydan oyunlarının personajı kimi Keçəl bir qayda olaraq çalışır ki, tamaşaçı onun başının dazlığını görməsin. Amma bu heç vaxt ona nəsib olmur və meydan əhli onun dazlığına lağ eləyib gülür. Mərhum teatrşünas Novruz Təhməzov yazırdı ki, “papağın götürülməsi Keçəlin ifşa olunması, gülünc vəziyyətə düşməsi deməkdir”. 

 

     PAPAQ KEÇƏLİN YARAĞIDIR, SİPƏRİDİR, MÜDAFİƏSİDİR.

 

     Elə bil ki papaq Keçəli camaatın gülüşündən qoruyur. Məşədinin də başına kələk gəlməzdi, gərçi o, papağını götürüb keçəlliyini göstərməsəydi...

 

... Məşədi İbad XX əsrin Keçəlidir, köhnəlmiş həyat tərzinin, dünyaduyumunun və, nəhayət, “primitiv” meydanın yorulmuş nümayəndəsidir, xalqın gülüş mədəniyyətinin müəyyən qədər qocalmış sonuncu nəhəngidir. Yalnız XX yüzil Keçəl Pəhləvanı, Qaragözü Yaxın və Orta Şərqin meydan mədəniyyətinin, gülüş mədəniyyətinin  kontekstindən çıxarıb Məşədi İbad kimi həpənd göstərə bilərdi və onu bolluca tənqid edərdi. Yalnız XX əsr Keçəli cılızlaşdırıb, “qocaldıb” sosial tipə çevirməyə qabil idi. Yalnız XX yüzil bambılı bir “student baba”nın əliylə Keçəli aldatmağa, onu dolamağa, nüfuzdan salmağa rüsxət verərdi və i.a. və s. Necə deyərlər, babalı XX əsrin və Hacıbəyli cənablarının boynuna... /kulis.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.