Vidadi Babanlı - "Bağışlanmağı rica edirəm…"
17.04.14

Özüm barədə son açıqlamalar 
Mən keşməkeşli ömür yolumu, körpəlikdən bu yana həyatımın acılı-şirinli, çətinliklər, əzab-əziyyətlərlə dolu mühüm hadisələri hələ bir neçə il əvvəldə “Gizlinlər” adlı iri həcmli əsərimdə qələmə almışam. Çap etdirib, oxucularıma çatdırmışam. Öz timsalımda şair və yazıçıların, bütünlükdə önəmli ziyalıların Sovet dövründə üzləşdikləri məhrumiyyətlərləri bacardığım qədər diqqətə çatdırmışdım. Əlbəttə, onlardan yazmağı lazım bilmədiklərim, açıb-ağartmaq istəmədiklərim az deyildir. Elə məsələlər var ki, insanın təkcə özünə məxsusdur, digərlərinin ondan hali olması vacib sayılmır, xırdaçılıq hesab olunur. Mənim hazırda deyəcəklərim, ictimaiyyət nəzərinə yetirmək məqsədi güddüklərim xeyli başqa mahiyyət daşıyır. Tale yüklü məsələlərdir. Bunları vaxt ikən yaddaşdan vərəqə köçürmək, gələcək nəsillərə ötürmək, müasirlərimizə də bildirmək məqamı artıq yetişmişdir. Ömür vəfasızdır.

Öncə ondan başlayım ki, bədxahlarım məni çox sərt, tündməcaz adam kimi qələmə verirlər. Qəsdən, qərəzçiliklə haqqımda mənfi rəy yaratmağa cəhd edirlər. Tamam yanlış söyləmədir, həyasız qarayaxmadır. Mən təbiətən son dərəcə kövrək, qəlbiyumşaq insanam. Cavanlığımdan bəri xeyirxahlığa, köməksizə kömək durmağa, əl tutmağa, yaxşılığı əsirgəməməyə çalışmışam. Əvəzində heç bir təmənna, hər hansı mənfəət ummamışam. Hər şeydə, hər işdə halallıq güdmüşəm. Qədrimi bilənlər də olub, bilməyənlər də; yaxşılıq əvəzinə yamanlıq eləyən nanəciblər də. Nə etmək olar? Atalar nahaq deməyiblər ki, insan çiy süd əmib. O yaxşılıqları, ulu dədələr demişkən, balıq bilməsə də, xalıq bilir.

Riyakarlığı özümə sığışdırmamışam

Nə isə, şeytana lənət! Qayıdaq mətləb üstünə. Burası doğrudur ki, sərtliyim yox deyildir. Lakin harda və necə? Mən ədalətsizliyə, haqsızlığa qarşı çox dözümsüz olmuşam. Sözü üzə deməkdən çəkinməmişəm. Bir çoxları kimi tüpürdüyümü yalamamışam. Üzə lotuyana irişib, dalda-bucaqda hərzə-hədyan danışmamışam. Riyakarlığı özümə sığışdırmamışam. Və bunun da ağrısını az çəkməmişəm. Elə buradaca etiraf edim ki, mənə yaxın adamları da özümdən küsdürmüşəm, incik salıb uzaqlaşdırmışam. Nəyinsə xatirinə susmsğı, dilimin ucuna gələn düz sözü geri qaytarmağı bacarmamışam.

Yaltaqlıqdan, irsiz-irsiz yarınmaqdan da möhkəm acığım gəlir. Bu iyrənc sifətləri vərdişə çevirmiş adamlardan son dərəcə zəhləm gedir. Vəzifəpərəst də olmamışam. Onun üçün dəridən-qabıqdan çıxmamışam. Hər şeyi öz halal zəhmətimlə, qələmimin gücü hesabına qazanmağa cəhd göstərmişəm. Çünki, vəzifə almaq da təkcə istedada, bacarığa görə deyildi. Kimlərə isə mütləq yarınmalı, yaltaqlıqla “saqqal altından” keçməli, bir növ gözükölgəli olmalı idin. Haqqa dirsək göstərib, nahaqqı dəstəkləmək məcburiyyətində qalmalı idin. Məhz bu səbəblərə görə vəzifə şanslarından geri durdum. Mənə deyilən təkliflərdən boyun qaçırdım. Amma bir qədər sonralar maddi çətinliklərlə, sıxıntılarla üzləşəndə hərdən məğrurluğumun peşmançılığını çəkdim. Görəndə ki, məndən istedadca, bacarıqca əsgiklər vəzifə hesabına hörmətdədirlər, daha çox sayılıb-seçilirlər, yüksək ənamlar alırlar, layiq olmadıqları təltiflərə sahib dururlar, özümü gizlində xeyli qınadım. Di gəl ki, nə edəsən? Xasiyyəti dəyişmək heç də asan deyil. Südlə girən, sümüklə çıxar.

Vəzifəyə həvəs göstərsəydim, vaxt itirərdim

Bir də, axı, bu sadəcə yekəxanalıq, boş-boşuna məğrurluq, özündən müştəbehlik deyildi. Yazdığım əsərlər diqqəti cəlb edirdi. Geniş oxucu kütləsinin rəğbətini qazanırdı. Başqa dillərə tərcümə olunur, dönə-dönə nəşr edilirdi. Sinəm də ki, mövzularla dolu idi, bitib-tükənmirdi. Gecəmi gündüzə qatıb hey qələm işlədirdim. Bu peşəmdən yorulub usanmırdım. Ondan böyük həzz duyurdum. Vəzifəyə həvəs göstərsəydim, vaxt itirərdim, əli boşda qalardım. Bunun peşimançılığı, vicdan xəcaləti məni daha artıq məyusladardı. Bir neçə il bundan əvvəl bir şeirimdə demişəm:

Bağladı dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
Əyil, keç dedilər, saqqal altından,
Vüqarlı qəddimi əyə bilmədim.

İnsana ağılı gərək haqq verə,
İncə mətləbləri qanmır heyvərə.
Ucuz bir şöhrətə, ad-sana görə
Sönük vicdanları öyə bilmədim.

Doğrudan da arı-namusu uca tutanlar, haqqı-həqiqəti bayraq edənlər üçün nəyinsə xətrinə görə əyilmək, sınmaq, gözükölgəli olmaq çox ağırdır, mənəvi əzabdır, ürəyə daimi, dözümsüz dərddir. Heç cürə anlaya bilmirəm ki, bəzi adamlar üzgörənliyi, yaltaqlığı, cılızlığı özlərinə necə sığışdırırlar? Təklikdə öz hərəkətlərindən utanıb, xəcalət çəkmirlərmi? Yoxsa bunu bir şərəf, xüsusi bacarıqmı hesab edirlər?!

Ümumiyyətlə, mən şan-şöhrət ölüsü olmamışam. Hər hansı bir mükafat, fəxri ad, ənam üçün dəridən-qabıqdan çıxmamışam. Özümü heç vaxt gözə soxmağa çalışmamışam. Zəhlə töküb, ona-buna xahiş-minnət etməmişəm. Heç kəsə boyun əymədiyim səbəbindən, mənliyimi qoruduğum ucbatından qıraqda qalmışam. “Xalq yazıçısı” fəxri adı veriləndə də, orden-medallar siyahısına salınanda da unudulmuşam. Halbuki mənim haqqım buna daha çox çatır.

Haqqımı tələb eləməyi özümə ar bilmişəm

Yaradıcılığım hansı fəxri ad alanlardan əsgikdir? Öyüncəklik olmasın, altı roman (“Vicdan susanda”, “Müqəddəs ocaq”, “ Ömürlük əzab”, “Gizlinlər”, “Qəribə eşq”, “Zamanə adamı”), beş povest (“Gəlin”, “Ayazlı gecələr”, “Həyat bizi sınayır”, “İnsaf nənə”, “Ana intiqamı”), üç pyes, yüzlərlə şeir, hekayə, publisist məqalə, xeyli miqdarda tərcümələr müəllifiyəm. Ssenarim əsasında bədii film çəkilib, pyeslərim tamaşaya qoyulub. Amma nə olsun, zəhmətim lazımınca qiymətləndirilməyib. Kimlərinsə gizli badalağına tuş gəlmişəm. Yubileylərimdə heç bir təltifə layiq görülməmişəm. Vaxtı ilə kisələrlə paylanan medallar da məndən yan keçib. Lakin bunların heç birinə darılmamışam. Dərd eləyib ürəyimə salmamışam. Bir çoxları kimi gedib qərəzçilərlə dava-dalaşa çıxmamışam. Haqqımı tələb eləməyi özümə ar bilmişəm. Şəxsiyyətimə sığışdırmamışam. Gözləmişəm ki, insafı-mürvəti arada görüb, haçansa məni də yada salarlar. Səbrdən, dözümdən əlavə çox mühüm təsəllim də mənə ürək-dirək verib. Xalqımın böyük ehtiramını qazanmışam. Əsərlərim geniş yayılıb, əksəriyyət tərəfindən bəyənilib. Uzaq-uzaq kəndlərdən, şəhərlərdən, tamam kənar yerlərdən təqdirli oxucu məktubları almışam. Hara ayaq basmışamsa, gülər üzlə qarşılanmışam. Bir sözlə, hamı yanında alnım açıq olub. Elə bu alnıaçıqlıq da məni yaşadıb. Qəlbimi fərəhlə doldurub, yeni ilhama, qələmə möhkəm sarılmağa çağırıb. Qərəzçilərin qəzəbini könlümdən silib-süpürüb, umu-küsüləri unutdurub.

Burada heç zaman unutmayacağım bir yaxşılığı da xüsusi qeyd etməliyəm: ədəbiyyatımızı və mədəniyyətimizi sevən, onun yaradıcılarına daim diqqət göstərən ulu öndərimiz, rəhmətlik Heydər Əliyev cənabları prezident təqaüdləri veriləndə siyahıya mənim adımı şəxsən özü saldırmışdı. 70 illik yubileyimdə isə telefonla məni təbrik etmişdi. Yazıçılar Birliyinin sədri mənim 70 illik yubileyimi dörd rayonda ləyaqətlə keçirilməsinə dəstək olmuşdur. Ancaq sonralar bədxahlarım aramızı vurdular, münasibətlərimiz korlandı.

Mənə arxadan vurulan zərbələr, şərlər, böhtanlar da az olmayıb. Ayrı bir xətər yetirməyə bəhanə tapmayanda, bəzi əsərlərimin üstünə kölgə salmağa cəhd ediblər. Guya mən kimlərinsə qələmə aldığı mövzuların təsirinə düşmüşəm. Bu şəri mətbuatda, yazılı şəkildə deməyə qeyrətləri, dəlil-sübutları çatmırdı. Yalnız dalda-bucaqda danışır, əsassız şayiə yayırdılar. Kimlər idi bu şayiəçilər, vicdansız boşboğazlar? Əlbəttə ki, istedadsızlar, ədəbiyyata adi həvəslə, boş ürəklə gələnlər! Talelərinə ilahi vergisi, fitri ilham düşməyənlər! Paxıl və paxır qəlbli bu adamların yeganə silahları şərdir, böhtandır, iftiradır. Özləri siyasi-ictimai tələbata uyğun, xalq həyatında baş verən ciddi hadisələrə cavab verən mövzu tapmırlar, küllükdə eşələnirlər. Ortaya diqqətçəkən bir əsər qoya bilmirlər. Şər-şamartılarla meydan sulayır, həsəd qurdlarını bu yolla öldürürlər.

Həmən namərdlər, kin-küdurətli nakəslər cəmiyyətin bütün zümrələrində, hər ixtisasda mövcuddurlar. Yaradıcılıq sahəsində: şair, yazıçı, bəstəkar, rəssam və sairələr arasında isə daha çoxdurlar. Belələrinə nə qarğış edəsən? Onsuz da Allah qarğıyıb onlara. İstedad paylarını əsirgəyib. Paxıllıqlarını paxır qazanında qaynadır. Ürək yağlarını həsəd alovunda əridib tükədir. Sənətə ürəyiboş gəlib, əliboş da dünyadan köçürlər.

Gəlin və qaynana münasibətlərini ədəbiyyata mən gətirmişəm

Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, mən bütün əsərlərimin mövzularını həyatın özündən almışam. Hansısa bir yazının təsiri ilə deyil, öz şəxsi müşahidələrimin, həyat biliklərimin məhsuludur. Şəxsi duyumlar, düşüncələr süzgəcindən keçənlərdir. Uzunçuluğa yol versəm də bir neçəsinin yazılma tarixçəsini misal gətirməyə məcburam. İlk nəsr əsərim olan “Gəlin” povestini bir aran rayonunda müəllim işləyərkən, qaldığım evin qonşuluğundakı ailədə baş vermiş hadisənin timsalında qələmə almışam. Gəlin və qaynana münasibətlərini ədəbiyyata mən gətirmişəm. Bu povest 1954-cü ildə “İnqilab və mədəniyyət” jurnalının 9-cu sayında çap edilmişdir. Bir il sonra isə ayrıca kitab şəklində nəşr olunmuşdur. Başqaları bu mövzuya iki-üç il sonra müraciət etmişlər. Məsələn: “Qaynana” tamaşası 1956-cı ildə səhnəyə qoyulmuş, “Böyük dayaq” romanı isə 1957-ci ildə çap edilmişdir. Ümumiyyətlə, mən irili-xırdalı bütün əsərlərimin mövzusunu həyatın özündən götürmüşəm. Hadisələrə dərindən nüfuz etməyim əsasında bədii söz süzgəcindən keçirib qələmə almışam. Diqqət yetirsəniz, aydınca görərsiniz ki, son yüzillikdə xalqımızın keçib gəldiyi dövrlər mərhələ-mərhələ mənim romanlarımda, povestlərimdə, pyes və hekayələrimdə öz əksini tapmışdır.

Burasını da nəzərə çatdırım ki, mən uşaqlıq və gənclik vaxtlarımdakı görüb-götürdüklərimlə kifayətlənməmişəm. Yeni həyat bilikləri qazanmağa çalışmışam. “Həyat bizi sınayır” povestini yazmaq üçün öz təşəbbüsüm, şəxsi səyimlə Sumqayıt şəhərinə gedib orada fəhlə yataqxanasında tərbiyəçi müəllim vəzifəsində il yarım işləmişəm.

“Vicdan susanda” romanım üzərində alın təri tökərkən Neft-kimya prosesləri institutuna üz tutmuşam. Xeyirxah ziyalıların köməyi ilə kitabxana müdiri işləyə-işləyə kimyaçı alimlərimizin iş üsulu, məişət və münasibət tərzlərini, elmi yaradıcılıq meyllərini öyrənmişəm. Konfranslarda, elmi müzakirələrdə özlərini necə apardıqlarını izləmişəm. Hər bir hərəkətlərinə göz qoymuşam. Laboratoriyalarda lazımi məhlulların necə alınması prosesinə bələd olmuşam. Sonralar romanı yazarkən heç nədə çətinlik çəkməmişəm. Romanda qoyulan əsas məsələ şəhərlərin havasının təmizlənməsi və ətraf mühitin qorunması – yəni ekologiya məsələsidir. Bununla bərabər də insan mənəviyyatı, vicdanın susdurulmaması – nəcibliyə, ali duyğuların qorunub saxlanmasına çağırışdır. Ekologiya problemi hələ keçən əsrin 60-cı illərinin ortalarında meydana çıxmışdı. Dünya mətbuatı həyəcan təbili çalmağa başlamışdı. Romanımın qəhrəmanları professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə yeni maşın yanacağı kəşfi üzərində çalışırdılar. Bu problemlər indi daha ciddi şəkildə diqqətdədir, ən aktual məsələ kimi qarşıda durur. İki kitabdan ibarət bu əsər haqqında mətbuatda çox yazılıb, çox müsbət fikirlər söylənib. Lakin heç kəs onun dərinliklərinə varmayıb. Əsərdəki əsas mətləbləri şərh etməyə səy göstərməyib.

“Müqəddəs ocaq” romanım da eynən canlı müşahidələrimin məhsuludur. Mərkəzi qəzetlərin birində maraqlı xəbər oxudum. Yazmışdılar ki, Kəlbəcər dağlarında qoyun otaran qoca bir çobanın Tibb institutunda təhsil alan qızı yay mövsümündə yaylağa gedib atasına kömək edir, onun yerinə sürü otarır. Çobanlıqla məşğul olur. Məsələ ilə maraqlandım. Bu mövzuda əsər yazmaq fikrinə düşdüm. Kəlbəcər rayonuna yollandım. Yaxın bir tanışımın vasitəsi ilə axtarıb həmən qızı tapdım. Xəbər doğru idi. Qızı yapıncıda, çoban papağında, sürü otaran yerdə gördüm. Zəngin təəssüratla qayıdıb, böyük həvəslə qələmi işə saldım. Romanın məğzində, əlbəttə, ayrı, daha ciddi məsələ durur: əsilə-kökə qayıtmaq, öz kimliyini unutmamaq, vətəni-torpağı sevmək, ulu adət-ənənələri müqəddəs bilmək və sairə vacib məsələləri oxuculara aşılamaq. Həmin məsələlərin diqqət mərkəzinə çəkilməsi üçün çoban qızı bir vasitədir, ədəbi üsuldur. Bizi bir millət olaraq özümüzü saxlamağa, başqa millətlər içərisində itib-batmamağa çağırışdır. Sovet ideologiyasının əleyhinə məxvi gedişdir. Xırda xalqları ruslaşdırma siyasətinə əks cavabdır. Xalqı ayıq-sayıq salmaq istəyidir.

Yaxud, Sovet dövrü məmurlarının özbaşınalığından, insan hüquqlarını tapdamaqlarından, faciələrə səbəb olmalarından bəhs edən “Ömürlük əzab” romanımı misal gətirək. Bu da sırf şəxsi müşahidələrimin, başqa şəkildə öz başıma gətirilənlərin ümumiləşdirilmiş təcəssümüdür. Heç bir kənar təsirin təzahürü deyildir.

Yanlış və qərəzli iraddalar

Gizli qarayaxmalara, şər-şamartıya, böhtana ən çox məruz qalmış əsərim “Ana intiqamı” povestidir. Guya bu povestin mövzusu böyük şair və dramaturq Hüseyn Cavidin bir pərdəlik “Ana” pyesi ilə səsləşir. Yanlış, qərəzli iraddır. Bunlar başqa-başqa əsərlərdir. Doğrudur, hər ikisi eyni mövzuya – ana ürəyinin böyüklüyünə həsr olunmuşdur. Ancaq necə? Hüseyn Caviddə süjet belədir: Mübahisə zəminində bir azərbaycanlı gənc qətlə yetirilir. Qatil xilas olmaq üçün qaçıb yaxınlıqdakı evdə gizlənir. Evin sahibəsi azərbaycanlı qadın böyük insanpərvərlik göstərib canini ələ vermir, ona sığınandan himayəsini əsirgəmir. İntiqam almaq dalınca gələnləri qapısından qovur. Sonradan bilir ki, himayə etdiyi adam öz oğlunun qatilidir. “Ana intiqamı”nda isə mövzunun həlli bambaşqadır. Cavanca oğlu Qarabağ uğrundakı döyüşlərin birində ermənilər tərəfindən öldürülmüş ana (müəllimə) düşməndən hayıf çıxmaq, intiqam almaq üçün camaatın, yerli rayon rəhbərlərinin etirazlarına, ağsaqqal, ağbirçək öyüd-nəsihətlərinə baxmayaraq, oğlunun əsgər paltarını geyib cəbhə xəttindəki hərbi hissəyə gedir. Tüfənglə, silahlarla rəftar qaydalarını öyrənir və vuruşa yollanır. Orada təxminən oğlu yaşında bir erməni dığasına rast gəlir. Tüfəngini ona tuşlayır. Ancaq böyük ana ürəyi dığanı öldürməyə qıymır. Bu dığanın da anasının gözü yolda olduğunu, oğul intizarı çəkdiyini düşünüb, tüfəngini aşağı salır. Ona təpinir ki, sənin nə işin qalıb döyüşdə. Çıx get ananın yanına. Yazıqdı, onun gözünü yolda qoyma. Dığa isə arada fürsət tapıb bu rəhmli ananı öldürür. Vəhşi erməni xisləti yaxşılığı yamanlıqla əvəzləndirir.

Soruşuram: hardadı, bədxahların irad tutduqları oxşarlıq? Bir də, axı, eyni mövzuda yazılan əsərlər bəyəm azdırmı? Dünya ədəbiyyatında da, öz ədəbiyyatımızda da buna istənilən qədər misal gətirmək mümkündür. Elə götürək “Leyli və Məcnun” mövzusunu. Neçə-neçə şairlər ona müraciət etmişlər. Onların hər biri həmən mövzuya öz baxış bucaqlarından yanaşmışlar. Dostluğa, ailə münasibətlərinə, vətənə, torpağa sevgiyə, anaya, ataya, evlada məhəbbətə və sevgiyə dair romanlar, povestlər, poemalar, şeirlər azmı yazılmışdır? Hərə öz istedadının, qələminin gücü müqabilində, həyatı qavrayış müstəvisində məsələlərə münasibətini bildirmişdir. Nəhayətdə onu da qeyd edim ki, mən Hüseyn Cavidin “Ana” adlı pyesini oxumamışdım. Onu yalnız çirkin söz-söhbət meydana çıxandan, həyasız iftiradan sonra tapıb tanış oldum. Povesti də qələmə almağıma ayrı səbəb vardı. Onu canlı həyatdan götürmüşdüm. Həqiqətən olmuş hadisə idi. Bir axşam televiziyada oğlu döyüşdə həlak olmuş ana göstərdilər. O, oğlunun əsgər paltarını geyib cəbhəyə gedirdi. Bundan çox təsirləndim. O gecə yata bilmədim. Səhərə qədər düşünüb bu barədə beynimdə süjet qurdum. Və heç bir gün də ara vermədən yazmağa başladım. Əsəri üç aya tamamladım. O vaxtlar kütləvi tirajla çap olunan, ətrafına böyük oxucu toplamış “Səhər” qəzetində hissə-hissə (hər nömrədə bir səhifə həcmində) çap etdilər, böyük maraq doğurdu. Hədsiz sayda təşəkkürlər eşitdim, evimə telefon zəngləri gəldi.

Belə zənglərdən biri mənim üçün daha önəmli, daha sevincli idi. Yaxın tanışlığımız, isti münasibətimiz olmadığı halda xalq artisti Həsənağa Turabov bir axşam mənə telefon açdı. Hal-əhval soruşandan sonra xahiş etdi ki, “Ana intiqamı” povestinin bir nüsxəsini təcili ona çatdırım, teatrda əsərlə maraqlaqnırlar. Leyla xanım Bədirbəyli povestdəki ana obrazını çox bəyənib. O obrazı səhnədə oynamaq həvəsindədi. Bu xoş xəbər, söz yox ki, məni fərəhləndirdi. Ertəsi gün əsəri teatra apardım. Görkəmli və çox istedadlı aktyorumuz Həsənağa Turabov o vaxtlar Milli Akademik Dram teatrının direktoru vəzifəsini icra edirdi. Həm də bədii hissə müdiri idi. Arası heç üç gün çəkmədi, məni teatra çağırıb, povesti pyes halına salmaq üçün müqavilə bağladılar. Rejissor Bəhram Osmanovu da quruluşçu rejissor təyin etdilər. İki ay ərzində əsərin səhnə variantını tamamladım. Teatrın bədii şurasında oxunub bəyənildi, tamaşaya qoyulmasına qərar verildi. Məşğələlər başlandı. Gözəl Leyla xanım özü kimi gözəl də ana obrazı yaratdı. Təəssüf ki, onu axıra qədər oynamaq bu xanım-xatın qadına nəsib olmadı. Üz vermiş ağır faciə ucbatından səhnə fəaliyyətini dayandırdı. Başqa bir istedadlı aktrisamız – Laləzar Mustafayeva onu əvəz etməli oldu. Tamaşa üç-dörd mövsüm səhnədən düşmədi.

Bəli, bu tamaşa araqarışdıran, böhtan atan ağzıgöyçəklərə mənim əvəzimdən ən tutarlı cavab oldu. Mən onsuz da heç nəyi vecimə almırdım, lazımsız, mətləbsiz mübahisələrə qoşulub vaxt itirmirdim. Əsəblərimi qoruyurdum. Daxili bir səs məni daimi olaraq ayıq saxlayırdı. İftiraçılara qoşulmamağa, onlara yeni-yeni əsərlərlə cavab verməyə çağırırdı. Mən bu daxili səsin düz mövqeyinə inanır, qələmə bir az da artıq cəhdlə, quc-qüvvətlə sarılırdım. Budur son nəticə: mənim əsərlərim meydandadır, oxucular tərəfindən unudulmur, təzə həvəslə oxunur. Böhtançılar isə Allah-taala tərəfindən öz layiqli cəzalarını alıblar. Yaddaşlardan çoxdan siliniblər.

80 yaşından sonra da ədəbi fəaliyyətdən qalmıram

Bizim müdrik nənələrimiz, mehriban ağbirçəklərimiz “yaman gözə yara çıxsın” – deyiblər. Göz dəyməsin, mən 80 yaşından sonra da ədəbi fəaliyyətdən qalmamışam. İri həcmli, gərgin zəhmət məhsulu olan, müstəqillik uğrunda ağrı-acılı mübarizələrimizdən bəhs edən “Zamana adamı” adlı bir romanın son nöqtəsini qoymuşam. Sağlıq olsun, yaxın zamanda nəşr etdirib, hörmətli oxucularımın diqqətinə çatdıracağam. Ondan əlavə də bir çox təzə şeirlər yazmışam. Əcəldən macal olsa, başqa mövzu da beynimdə hazırdı. Onu hasilə yetirməyə ilahidən möhlət istərdim.

Möhtərəm müasirlərim, ehtiramlı oxucularım, xalqımın əziz haqqpərəst ziyalıları! «Kaspi» qəzetinin səhifələrində ürəyimi sizə, bax, beləcə boşaltdım. Bəlkə də haradasa uzunçuluğa yol verdim, nədəsə ifrata vardım. Bağışlanmağı rica edirəm. Qəlbimin dərinliklərində saxladığım və heç vaxt dilə gətirmədiyim bu gizlinləri bütün açıqlığı ilə nəzərə çatdırmasa idim, ruhən dinclik tapmazdım. Son mənzilə aparılacaq çox ağır yük olardı.

Mart, 2014

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.