Azərbaycan bədii nəsri 2013-cü ildə
09.04.14

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Ədəbi proses – 2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Ədəbi mühit və ümumən ictimaiyyət üçün maraqlı ola biləcəyini nəzərə alaraq müşavirə materiallarından bir qismini dərc etməyi qərara almışıq. Bu sıradan ilk materialı – bədii nəsrlə bağlı məruzəni təqdim edirik.

Salidə ŞƏRİFOVA
filologiya elmləri doktoru,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi

 
Hekayə məzmunun bir problemə həsr olunması, bədii “vaxt – məkan”ın qısalığı ilə səciyyələnir. Azərbaycan ədəbiyyatında 2013-cü ildə çap olunmuş hekayələr bu janr xüsusiyyətlərini nəzərə almışdır.
Ötən ildə yayılmış hekayələrin problematikası arasında müharibə mövzusu və ictimai şüurun durumu xüsusi yer tutur.
Hərbi mövzuya həsr olunmuş hekayələr “itirilmiş nəsil” kimi dünya ədəbiyyatında tanınan ədəbi cərəyana xas bir sıra amilləri özündə əks etdirmişdir. Müharibənin anti romantik təsviri və qəhrəmanların müharibədən sonrakı dövrdə həyatında yaranmış ziddiyyətlərin acıqlanması “itirilmiş nəsil” cərəyanına aid edilən bədii əsərlərin əsas əlamətləridir. Ülviyyə Heydərovanın “Sükut”, Vahid Məhərrəmovun “Hərbi sirr” hekayələrində Qarabağda baş vermiş hadisələr, onların insanların taleyinə təsiri açıqlanmışdır. Ülviyyə Heydərovanın “Sükut” hekayəsində soyuq fevral günlərində yarıqaranlıq zirzəmiyə sığınmış bir ailənin faciəsi timsalında Xocalı faciəsinin olayları yaşanır. Eyni zamanda, Ülviyyə Heydərova milli yaddaşın gücləndirilməsinin zəruri olmasına toxunur. Hekayədə Xocalı faciəsinin qurbanları XIX – XX əsrlərdə baş vermiş azərbaycanlıların soyqırımını yada salırlar. Vahid Məhərrəmovun “Hərbi sirr” hekayəsində isə şəhid olan əsgərlərin nakam qalması problemi mərkəzi yer tutur. Əsərin əsas qəhrəmanı Samir şəhid olan cəbhə yoldaşları haqqında fikirləşir ki, axı bu oğullar da dünyaya yaşamaq və sevmək üçün gəlmişdilər, onların da ürəklərində arzuları, yollarını gözləyən valideynləri, qardaş-bacıları və sevgililəri var idi. Bununla belə, 2013-cü ildə çap olunmuş və hərbi mövzuya həsr olunmuş hekayələrdə qəhrəmanların müharibədən sonrakı dövrdə cəmiyyətə inteqrasiya olma problemləri qaldırılmamışdır. Eyni zamanda, bir sıra Qarabağ probleminə həsr olunmuş hekayələrdə romantizmin notları izlənilir. Belə ki, Hüseynbala Mirələmovun “Məhəbbət hekayəti” hekayəsində Qarabağ müharibəsi iki qüvvənin (xeyir və şərin) mübarizəsi kimi təsvir olunur, eyni zamanda üçüncü bir qüvvənin, sevginin – ilahi qüvvənin də mübarizə aparması göstərilir.
İctimai süurun və mənəvi dəyərlərin naqisliklərinin müxtəlif amilləri Kamil Əfsəroğlunun “Sibir toyu” hekayəsində qaldırılmışdır.
Kamil Əfsəroğlunun “Sibir toyu” hekayəsi
ndə Vətəndən kənarda, yad mədəni-mənəvi duruma düşən soydaşlarımızın daxili transformasiyaya məruz qalması açıqlanır. Bir tərəfdən Rusiyaya düşmüş Temirin milli və dini dəyərlərə sadiq qalması, o biri tərəfdən isə onun dalınca gələn qonşusu Bərşadın Borisə “çevrilməsi” süjet xəttinin əsas ziddiyyətini təşkil edir.
2013-cü ildə çap olunmuş hekayələr əsasən realizm üslubunda yazılmışdır, postmodern üslubda yazılmış nümunələrə nadir hallarda rast gəlmək olar. Bu baxımdan Bayram İsgəndərlinin “Tabut şəhər” və Təranə Vahidin “Axşamüstü” hekayələri xüsusi maraq kəsb edir. Bayram İsgəndərli “Tabut şəhər” hekayəsində real və qeyri-real aləmlərin qarışması əsasında maraqlı bədii məkan yarada bilmişdir. Əsərin qəhrəmanı yuxuda qaranlıq dünyaya, daha qısası Tabut şəhərinə düşür. Düşdüyü yerin hara olmasını soruşan qəhrəmana “Heç narahat olma, bu şəhərə gələndə hamımız sənin kimi olmuşuq. Əvvəl qaranlıqda heç nə görməmişik. Sonra qaranlığa alışmışıq...”Tabut şəhəri müəllif tərəfindən müasir cəmiyyətin alleqoriyası kimi istifadə edilir. Təranə Vahidin “Axşamüstü” hekayəsində üç yolun kəsişməsi dünyanın variativ və fraqmentar xarakter daşımasına işarə edir. Bu üç yol ayrıcında qalan qocanın gözünə Əzrayılın dəyməsi və yerdən qara bir daş götürüb qəbiristana uzanan yola qolazlaması, həmçinin insanın ölümü ilə həyatın dəyişmədən davam etməsi postmodernə xas bədii şüuru ifadə edir.
Hekayə janrında “vaxt-məkan” göstəricilərinin qısa olması onu hekayə janrının müəyyənedici faktoruna çevirir. Hekayə janrında qələmə alınmış əsərlərdə vaxt və məkan arasında əlaqələr digər nəsr janrlarında olduğu kimi bir-biri ilə şərtlənir. Məsələn, Vahid Məhərrəmovun “Hər addım uğrunda” adlı kitabında toplanılmış doqquz hekayəsində (“Qanlı məktəbli çantası”, “Döyüşçü sözü”, “Ağır gün”, “Sevgiyə açılan atəş”, “Hər addım uğrunda”, “Güllə yağışı altında”, “Hərbi sirr”, “Qoşa məzar”) bədii məkan konkret coğrafi ərazini (Qarabağ və cəbhə xətti) və tarixi vaxtı (20-ci əsrin 90-cı illərini) əhatə edir. Əsərlərin xronotopu yığcam və dinamik xarakter daşıyır.
2013-cü ildə nəşr olunmuş hekayələrdə bədii hadisələrin həm müəllif (təhkiyəçi) adından, həm də birinci qəhrəman adından təhkiyə edilməsinə rast gəlmək olar. Ülviyyə Heydərovanın “Sükut”, Vahid Məhərrəmovun “Hərbi sirr”, Kamil Əfsəroğlunun “Sibir toyu”, Bayram İsgəndərlinin “Tabut şəhər” hekayələrində bədii hadisələr birinci qəhrəmanın adından təhkiyə edilir. Anarın “Bir sən, bir mən, bir ölüm...”, Təranə Vahidin “Axşamüstü”, Fərəc Fərəcovun “Dərd” hekayələrində bədii hadisələr müəllif (təhkiyəçi) adından təhkiyə edilir.
2013-cü ildə çap olunmuş hekayələr arasında Anarın “Bir sən, bir mən, bir ölüm...” və Fərəc Fərəcovun “Dərd” əsərləri xüsusi yer tutur. Bu hekayələr bədii refleksiya ilə seçilir. Anarın “Bir sən, bir mən, bir ölüm...” hekayəsi “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ilə sıx əlaqəlidir, roman hadisələrinin bu günkü durumu baxımından yeni anlamıdır. Anar  “Bir sən, bir mən, bir ölüm...” hekayəsi barəsində qeyd etmişdir ki: “rejissora söz vermişdim ki, xahişini hökmən yerinə yetirəcəm, rayon teatrlarının birində qurduğu tamaşa üçün bir neçə mahnı mətni yazacam. İki mətn artıq hazır idi. Zaurun mahnısını isə nəhayət, bu axşam bitirmək niyyətindəydim. Kompüterimdə dünən gecədən beynimdə bişirdiyim misraları yazdım. Mahnı Zaurun dilindən Təhminəyə ünvanlanmalıydı...” Fərəc Fərəcovun “Dərd” hekayəsi isə yazarın bədii mühitin tanınması problemini və onlar arasında ziddiyyətli qarışıqlı əlaqələri açıqlayır. Hekayədə Yazarlar Birliyində keçirilən iclaslarda bədii prosesə səhv qiymət verilməsi fonunda ədəbiyyatşünaslığın problemlərinə toxunulur.
2013-cü ildə nəşr olunmuş povestlər janrların qarışıqlığı istiqamətində təcrübələr ilə səciyyələnir. Belə ki, povestin sənədli janrlarla, pritça ilə qarışmasına və kinopovest janr formasına müəlliflər xüsusi diqqət yetirirlər. Qeyd etmək lazımdır ki, son illər Azərbaycan ədəbiyyatında novella janrında bədii əsərlərə nadir hallarda rast gəlmək olar. 2013-cü ildə Teymur Rəhimovun (Muğanlı) mürəkkəb janr konstruksiyasına malik “Müqəssir göyərçin” novellası nəşr edilmişdir.
Kamil Əşrəfoğlunun “Qisas” povestində sənədlilik janr xüsusiyyətlərinə aparıcı təsir göstərir. Povestdə Bərşad ilə yanaşı, Stalinin və Leninin obrazları yaradılmışdır. Stalin və Lenin arasındakı dialoqlarda SSRİ-nin yaranmasına, 26 Bakı komissarlarının güllələnilməsinə, Nəriman Nərimanovun fəaliyyətinə bədii qiymət verilmişdir. Povestdə konkret tarixi sənədlər olmasa da, tarixi faktlar özünü qabarıq şəkildə göstərir, əsərin fabula və süjetinə önəmli təsir edir. Südabə Sərvinin “Alyoşa əfsanəsi” povesti isə Alyoşa Cəmil oğlu Sadıqovun Qarabağ müharibəsindəki iştirakına həsr olunmuşdur. Müəllif əsəri sənədli povest kimi təqdim etmişdir. Əsərdə bir tərəfdən, hərbi hadisələr xronometraj qaydaya əsaslanaraq təsvir olunur, digər tərəfdən isə Alyoşa tərəfindən xilas edilmiş insanların söhbətləri verilir. Əsərin qəhrəmanları arasında millət vəkili olan Elman Məmmədova, Ağdamın o vaxtkı icra başçısı Nadir İsmayılova, döyüşçü dostlarına (İman, Felmar və s.) rast gəlirik.
Zəka Vilayətoğlunun “Bağışlayın cənab...” povestində sənədlilik avtobioqrafik xarakter daşıyır. Zəka Vilayətoğlu povestdə Rusiyada yaşayan azərbaycanlıların həyatlarını, ögey mədəni-mənəvi ictimai durumda keçirdikləri hiss və fikirləri əks etdirib. Qeyd etmək olar ki, oxşar problematika 2013-cü ildə çap olunmuş “Milena” povestinə də xasdır. Lakin “Milena”da avtobioqrafiklik aparıcı faktor kimi çıxış etmir. “Milena” povestində Rusiyada yaşayan və milli örnəkdən uzaqlaşan azərbaycanlı rəssam Eynarın faciəsi təsvir edilir.
Yazıçı Elçin Hüseynbəylinin “Mən necə qəhrəman oldum” povestində sənədlilik əsərin gündəlik formasında yazılmasında özünü büruzə verir. Gündəlik SSRİ dövründə Novosibirsk şəhərində əsgərlik çəkən azərbaycanlı adından aparılır. Qeyd etmək lazımdır ki, povest satirik üslubda yazılıb. Bədii vaxtın sovet dövrünə aid olmasına baxmayaraq, satira müasir zamanın gerçəkliyinə qarşı yönəlmişdir.
2013-cü ildə çap edilmiş Əli Mehdinin “Alabaş” povest-pritçasında fabula Alabaş adlı itin taleyi ətrafında yaradılmışdır. Povestdə Alabaş adlı itin doğulmasından ölənə qədər olan anları incəliklə qələmə alınır. İnsanların daxili aləmləri itin dili ilə açıqlanır.
Adətən, kinopovest dedikdə kino sənətinə xas kino əsər başa düşülür. Lakin XX əsrin ortalarında bu termin bir sıra bədii əsərlərə də həvalə olunmağa başlayır. Belə ki, kinoya xas üslublardan geniş istifadə olunmaqla yaradılan bir sıra kiçik nəsr nümunələrinə kinopovest deyirlər. Bu üslublar arasında hadisələrin qısa epizodlara bölünməsi, dialoqların və müəllif şərhlərinin lakonik olması, fabulanın montaj xarakter daşımasını qeyd etmək olar.
Sadalanan xüsusiyyətləri Həsən Quliyevin “Hakimiyyət və tale” əsərində müşahidə edirik. Həsən Quliyevin “Hakimiyyət və tale” sənədli kinopovesti Bakının panoramının təsviri ilə başlayır. XX əsrin tarixi hadisəsinə çevrilmiş və şərqdə ilk ADR, o dövrdə vəzifədə olmuş Azərbaycan ziyalıları M.Ə. Rəsulzadə və N. Nərimanov xatırlanır. Bu iki tarixi şəxsiyyətin faciəvi taleləri müqayisə edilir. Məhz müəllifin bu müqayisəsi fabulanın montajlığına gətirib çıxarır.
Teymur Rəhimovun (Muğanlı) “Müqəssir göyərçin” novellasında antidetektiv və sovet ədəbiyyatında geniş yayılmış “istehsal romanı”nın təsiri müşahidə olunur. Bu da novellanın bədii dəyərinə müsbət təsir göstərir. Novellanın fabulası pambıq qəbulu məntəqəsində xammalın mənimsənilməsi və bunla bağlı aparılan istintaq ətrafında qurulub. Yeyintiləri ört-basdır etmək üçün Əlibala pambıq qəbulu məntəqəsində süni yanğın törədir. Lakin istintaq bu yanğının təsadüfi hadisə olması nəticəsinə gəlir.
Roman sinkretik janr hesab edilir. Onun yaranması bir neçə janrın qarışması nəticəsində baş vermişdir. Yaranan andan romanda sintetizmin artmasını müşahidə edirik. 2013-cü ildə çap olunmuş Azərbaycan romanları da bu tendensiyaya riayət edirlər. Məsələn, Nəriman Mahmudun “Zəncirlənmiş ədalət” sənədli romanı, Əhməd Şahidovun “Samir” bioqrafik romanı, Zakir Sadatlının “Əfqanıstan uçurumu” xatirə-romanı, Arif Əliyevin “Son çağrı” roman-reportajı, Kənan Hacının “Yaddaş kartı” avtobioqrafik romanı, İradə Aytelin “Partizanın acı həqiqətləri” bioqrafik romanı, Nəriman Əbdülrəhmanlının “Yolçu” romanı, Akif Əlinin “Azman” tarixi romanı və s.
Nəriman Mahmudun “Zəncirlənmiş ədalət” əsərinin janrını müəllif bədii – publisistik – sənədli roman kimi müəyyənləşdirmişdir. Roman mürəkkəb janr strukturuna malikdir. Əsərdə bədii təxəyyül publisistik və sənədli təhkiyə ilə qarışmışdır. İstifadə olunmuş janr strukturu zabit Ramil Səfərovun bioqrafiyasını və Qarabağ münaqişəsinin tarixini paralel, lakin bir-biri ilə bağlı süjet xətlərində açmağa imkan vermişdir.
Əhməd Şahidovun “Samir” romanına bioqrafiya janrının elementləri nüfuz etmişdir. Romanın əsas qəhrəmanı Samir həyatda olan real insan obrazıdır. Müəllifin özünün qeyd etdiyi kimi bu stilist Samir Əliyevdir. Bioqrafiklik əsərin fabulasına təsir göstərmişdir. Belə ki, təhkiyə Samirin uşaqlığından başlayaraq, onun həyatını əhatə edir.
Zakir Sadatlının “Əfqanıstan uçurumu” xatirə-romanında memuar janrının güclü təsiri müşahidə olunur. Zakir Sadatlı Sovet ordusunun Əfqanıstana girməsi və 10 il aparılan müharibənin acı nəticələrini düz 30 ildən sonra, özünəməxsus şəkildə oxucuya çatdırmağa çalışır. Əfqanıstan müharibəsinin dəhşət və iztirablarını, müharibənin ölüm – itimlərini təxəyyül məhsulu kimi deyil, reallıqlar kimi çatdırmağın öhdəsindən gələ bilən yazıçı müharibənin acılarını canlandırmağa nail olur. Əsərdə sənədli və bədii lövhələr növbələşdirilmiş şəkildə verilir.
Arif Əliyevin “Son çağrı” romanı publisistikaya aid reportaj ilə janr qarışıqlığının nəticəsi kimi yaradılmışdır. Bunun nəticəsində fabula fraqmentar xarakter daşıyır, süjet isə çoxsaylı nüfuzedici epizodlarla səciyyələnir. Əsərdə real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov, Elçin Şıxlı və s.) bağlı səhnələr, tarixi hadisələr stenoqrafik dəqiqliklə əks etdirilir. Əsərdə hadisələr ən xırda detallar ilə reportaja xas ekspressiv üslubda oxucuya çatdırılır.
Kənan Hacının “Yaddaş kartı” əsəri m
üəllif tərəfindən memuar-roman kimi təqdim edilir. Əsər avtobioqrafik səciyyə daşıyır. Bu romanın janr strukturunu avtobioqrafik roman kimi müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Memuar janrında qələmə alınmış nümunələrdə təsvir edilən dövrün mənzərəsi dolğun şəkildə canlandırılır. Həmin əsərlərdə tarixi şəxsiyyətlər və ədəbi simalar canlı olaraq təsvir edilir. “Yaddaş kartı” əsərində isə müəllifin uşaqlıq, yeniyetməlik və gənclik dövrü, jurnalist fəaliyyəti əksini tapmışdır. Düzdür romanda bir sıra yazar, şair və alimlərimiz təsvir edilir. Lakin dövrün mənzərəsi dolğun şəkildə açıqlanmır, bədii təhkiyədə müəllifin şəxsi hissləri mərkəzi yer tutur.
İradə Aytelin “Partizanın acı həqiqətləri” bioqrafik romanı 1941-45-ci illər Böyük Vətən Müharibəsi iştirakçısı olmuş və “İvan Russki” ləqəbi ilə partizanlıq etmiş Mirdamət Seyidova həsr olunmuşdur. Müəllif beş ay ərzində 91 il ömür sürmüş Mirdamat Seyidovun xatirələri və qeydləri əsasında sənədli roman yazmışdır.
Nəriman Əbdülrəhmanlının tarixi-salnamə janrında qələmə alınmış “Yolçu” romanı süjet strukturu baxımından maraq kəsb edir. İlk növbədə isə, romanın tarixi-salnamə adlandırılması diqqəti cəlb edir. Nəriman Əbdülrəhmanlının dörd kitab şəklində yazmış olduğu roman Mirzə Yusif Tiflisinin tərtib etdiyi salnamə şəklində oxucuya çatdırılır. Salnaməçinin ömrünün hər ilinə uyğun olaraq kitab 76 sərlövhə-fəsildə birləşmiş və hər fəsildə yeddi səhifə-yarpaq yerləşdirilmişdir. Nəriman Əbdülrəhmanlının “Yolçu” əsərinin janrını roman-xronika kimi müəyyənləşdirmək olar.
Akif Əlinin “Azman” (və ya “Sən mənim dözümümü görəcəksən...”) romanının bədii vaxtı IX əsri əhatə edir. Bu tarixi dövrdə yeni din tətbiqi adı altında Azərbaycana yürüşə çıxan Ərəb Xilafəti ilə mübarizə romanın süjet xəttinin əsasını təşkil edir. Romanda Xürrəmi dövlətinin yaradılması göstərilir. Akif Əli qələmə almış olduğu bu əsəri “Patetik fantaziya” adlandırmışdır. F.e.d. Vaqif Yusifli əsərin janrını düzgün olaraq tarixi roman kimi səciyyələndirmişdir.
Problematika baxımından romanları iki qrupa aid etmək olar: milli problemlərə həsr olunmuş romanlar və fərdi dünyagörüşünün böhranlı amillərinə həsr olunmuş romanlar.
Milli problemlərə həsr olunmuş romanlara artıq sadalanan Nəriman Mahmudun “Zəncirlənmiş ədalət”, Arif Əliyevin “Son çağrı” Kənan Hacının “Yaddaş kartı”, Nəriman Əbdülrəhmanlının “Yolçu”, Akif Əlinin “Azman” əsərlərini aid etmək olar. Bununla yanaşı, Şəmil Sadiqin “OdƏrlər”, Cəlaləddin Qasımovun “Silinməyən ləkə” və “24 ilin ölüsü”, Sevinc Elsevərin “Falçı”, Əhməd Şahidovun “Sıfır nöqtəsi” romanlarına da diqqət yetirilməlidir.
Nəriman Mahmudun “Zəncirlənmiş ədalət” romanında müəllif Səfərovun Macarıstanda həbs olunmasına aparan yolu ədəbi şərhlərlə oxucusuna çatdırmağa cəhd edir. Əsərdə Qarabağ müharibəsi zamanı separatçıların törətmiş olduğu vəhşiliklər təsvir edilir.
Şəmil Sadiqin “OdƏrlər” (Türkün ən gizli və çağdaş tarixindən) romanında hadisələr zəbt olunmuş torpaqlarda da əksini tapmış olur. Müəyyən tapşırıq dalınca yollanmış beş OdƏrlərin-igidlərin taleləri əksini tapmışdır.
Cəlaləddin Qasımovun “Silinməyən ləkə” və “24 ilin ölüsü” adlı romanlarının bədii məzmunu Qarabağ müharibəsini, Xocalı soyqırımını əks etdirir. Maraqlı məqamdır ki, “Silinməyən ləkə” romanının bir neçə epizodu müəllifin 2010-cu ildə Tbilisidə olarkən, Qarabağ müharibəsinin iştirakçısı olmuş Ermənistan vətəndaşının açıqlamaları əsasında yazılmışdır.
Sevinc Elsevərin “Falçı” əsərində təbii fəlakət nəticəsində dədə-baba yurdundan didərgin düşmüş ailələrin çadır düşərgəsinə köçürülmələri və köçürülən ailələr arasındakı gərgin ziddiyyətlər əksini tapmışdır. Qarabağın S rayonunun S kəndinin sakinləri qəfil sel nəticəsində doğma yurdlarından perik düşürlər.
Arif Əliyevin “Son çağrı” romanı fərdi və ictimai azadlığın təmin edilməsi problemini qaldırır. Əsərin obrazlarından biri əcnəbi Flippa azadlıq probleminə toxunaraq qeyd edir ki, maliyyə qaynaqları müstəqil olmayan media özgür ola bilməz, media özgürlüyü olmayan yerdə isə söz azadlığı nəinki illüziyadır, hətta ictimai şüurun sağlamlığına təhlükə mənbəyidir.
Əhməd Şahidovun “Sıfır nöqtəsi” romanında ümumtürk inkişaf istiqamətinin təbliği verilir. Əsərin əsas qəhrəmanı Azad Bakı Dövlət Universitetinə daxil olur, ali təhsilini Kiprdə davam etdirir. Azad türkçülük ideyalarının təsiri altındadır. Maraqlıdır ki, bu Azadın milli görüşlərini arxa plana keçirir.
Qeyd etmək lazımdır ki, 2013-cü ildə yaranan romanlarda milli inkişaf yolu adətən türkçülüklə əlaqələndirilmir. Əsasən, Qərb istiqamətinə xas dəyərlərə üstünlük verilir. Məsələn, Akif Əlinin “Azman” tarixi romanı. Bu roman Xürrəmi hərəkətinin dəyərlərini təbliğ edir. Maraqlıdır ki, xürrəmilərin dəyərləri bu gün Avropa Birliyinin aparıcı prinsipləri ilə oxşar xarakter daşıyırlar. Arif Əliyevin “Son çağrı” romanında Qərb demokratik dəyərlərə xüsusi diqqət ayrılmışdır. Postmodern üslubunda yazılmış Orxan Fikrətoğlunun “Ölü mətn...” romanında isə islami, türk, sovet dövrlərində əlifbanın dəyişməsinin milli tarixə və şüura təsiri açıqlanır. Lakin Orxan Fikrətoğlu inkişaf yolunu türkçülük və ya qərb demokratik ideyaları ilə əlaqələndirmir, onun təklif etdiyi xilas ideyası Sufi sevgisidir. Əsərdə sufi təriqət əsasında hərəkat və inkişaf daha düzgün hesab olunur.
Müasir fərdi dünyagörüşünün böhranlı amillərinə həsr olunmuş romanlara Eyvaz Zeynalovun “Bələdçi” və “Qisas”, Əhməd Şahidovun “Samir”, Mübariz Cəfərlinin “Bağban”,  Elxan Xanəlizadənin “Zəncir” əsərlərini aid etmək olar.
Eyvaz Zeynalovun “Bələdçi” romanının başlanğıcında baş qəhrəmanın puç olmuş arzularının təsvirinə rast gəlirik. Çətinliklərlə üzləşən gənclər öz daxili mənəvi vahidliyini qoruya bilmirlər, xarici təzyiq nəticəsində uşaqlıq xatirələrində “gizlənirlər” və intihar etməsi haqqında fikirləşməyə başlayırlar. Romandakı “ilk məhəbbətindən” uzun-uzadı parçalar məhz xatirələrində “gizlənmə” cəhdini əks etdirir.
Əhməd Şahidovun “Samir” romanında zorakılığa məruz qalmış şəxsin iztirabları əksinin tapmışdır. Romanda təsvir edilən hadisələr bir insanın həyat bioqrafiyası çərçivəsində homoseksuallıq kimi problemi açıqlanır. Samirin bu azlığın nümayəndəsi kimi cəmiyyətlə mübarizəsi təsvir edilir. Samir “homoseksual” adlandırılaraq təhqir və təqiblərə məruz qalır.
Mübariz Cəfərlinin “Bağban” romanında yuxudan istifadə lal insanın daxili aləmini açmağa yardım edir. Yuxusuna reallıqdan daha çox inanan qəssab oğlu Əbə anadan lal doğulub. Danışa bilməyən bu adam başqalarına müyəssər olmayan qabiliyyətə malikdir. Yazar Əbənin səssizliyi ilə bir çox gizli məqamları oxucuya çatdırmaq istəyir.
Eyvaz Zeynalovun “QİSAS” romanında cəmiyyətdə yerini tapa bilməyən alim Sabir müəllimin taleyi təsvir edilir. Həyatını həsr etdiyi elm Sabirə çıxış yolu olmur. Sabir onu əhatə edən qeyri-sağlam mühiti görüb elmdən əl çəkir, ticarətlə məşğul olur. Ticarət işinin incəliklərinə bələd ola bilmədiyindən uğursuzluğa düçar olur.
Elxan Xanəlizadənin “Zəncir” romanında isə gənclərin sosial ədalətsizlik ilə mübarizə və ya konformist razılaşma yolunun seçimi problemi qaldırılır. Romanda gənclərin əksər hissəsi sosial ədalətsizliklə razılaşır, bunu adi hal kimi qəbul edirlər.
2013-cü ildə bir sıra detektiv əsərlər nəşr edilmişdir. Bu romanlar kütləvi oxucuya ünvanlanmış, “böyük” ədəbiyyat inkişafı baxımından əhəmiyyət kəsb etmirlər.
Müşfiq Xanın “Sonuncu hədiyyə” romanında hadisələr bir neçə süjet xətti ilə inkişaf edir. Birinci süjet xətti iki tələbə Xəyalə ilə Sabirin müəmmalı şəkildə qətlə yetirilməsi ilə əlaqəlidir. Təcrübəli xəfiyyə Satonun axtarışları nəticəsində bu qətllə bərabər iyirmi iki il əvvəl baş vermiş cinayətin üstü də açılır. Və bu cinayətin ətrafında baş verən hadisələr ikinci süjet xəttini təşkil edir. Belə ki, 20 il əvvəl Xəyalənin anası ərinə xəyanət edir, sürücü Mədətdən əkiz doğur. Əkizlərdən birinin öldüyünü güman edir. Əkiz bacıların qardaşları Oqtay tərəfindən öldürülməsi süjet xətlərini birləşdirir.
İlham Y. Əliyevin “Qanlı vadi” detektiv romanı sənədli roman xarakteri daşıyır, baş vermiş qətl və cinayətlərdən bəhs edir. Cinayətkarlarla oturub-duran Afaq bilmədən ağır cinayət planına şahid olur. Bu da onun faciəsinə çevrilir.
Elxan Elatlının “Adsız tablo” romanında baş vermiş qətl hadisəsi təsvir edilir. Bakıda baş vermiş bu qətl ilə intim sirlər açıqlansa belə qətlin sirrinin açılması mümkün olmur. Təhqiqata cəlb edilən Qanbay Qasımlı üç gündən az vaxt çərçivəsində cinayəti açmalı idi. Qanbay Qasımlı başladığı işdə səhvə yola verir. O, qətlin sirrinin açılmasını deyil, böhtana düşmüş namuslu qadının xilas edilməsinə diqqət yetirir. Nəticədə isə əsl qatilin kimliyi məlum olur.
Elçin Əfəndinin “Silinməyən izlər” dedektiv romanında Tərlanın ölümündən sonra baş verən olaylar, Aslanın imkanlı ailənin qızı olan Dənizi sevməsi və sevginin qarşılığı nəticəsində ölümcül döyülməsi, Nağı tərəfindən qorunması romandakı hadisələri gözümüzdə canlandırır. Romanda Dənizin atası vergilər nazirinin müavini vəzifəsində çalışan İkram Ələsgərov və anası Aybənizin pula hərisliyi, Nağının insani keyfiyyətləri əksini tapmışdır. Aybənizin keçmiş sevgilisi Tərlandan olan qızının Tərlanın oğlu Aslanla sevgisinə qarşı çıxmasının səbəbi, yəni sirrinin faş olması qorxusu ilə Tərlanı öldürtməsi hadisələrin gedişatını təşkil edir. Əsərin kriminal düyünü əsərin əsas qəhrəmanlarından biri olan xəfiyyə Daniel (mayor Vüsal Vüqarlı) tərəfindən açıqlanır.
2013-cü ildə macəra üslubunda yazılmış və qapalı təşkilatların fəaliyyətinə həsr olunmuş romanlar da nəşr olunmuşdur. Vüqar Ziferoğlunun “Sirr” və Qaraqanın (Elxan Zeynallının) sayca beşinci romanı “Evakuasiya” romanlarını misal gətirmək olar. Bu əsərləri “fentezi” adlanan cərəyana aid etmək olar. Vüqar Ziferoğlunun “Sirr” əsərində təsvir olunan hadisələr X əsri əhatə edir. Romanda 970-ci illərdə Slavyan tayfaları arasında gedən münaqişələr fonunda ilahi sirləri özündə əks etdirən qədim əlyazmanın ələ keçirmək istəyən gizli təşkilatın əməlləri təsvir olunur. Qaraqanın (Elxan Zeynallının) “Evakuasiya” romanında isə mason, tapliyerlər və sair gizli təşkilatların gizli fəaliyyətlərinin müasir cəmiyyətə təsiri təsvir edilir.
2013-cü il Azərbaycan nəsri realist üsluba üstünlük verir. Əvvəlki dövrdən fərqli olaraq postmodern əsərlərə nadir hallarda rast gəlirik. Janr sisteminin inkişafı baxımından 2013-cü ildə çap olunmuş povest və romanlar maraq kəsb edir. Povest və romanlar arasında sənədli və publisistik janrlar ilə qarışıqlıq geniş yayılmışdır. Janr strukturu baxımından bir sıra maraqlı nəsr nümunələri yaradılmışdır. Lakin bədii nəsr janrların müəllifə verdiyi imkanlar tam şəkildə istifadə olunmamışdır. 2013-cü il Azərbaycan nəsrinin təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, müasir yazarlar dünya ədəbiyyatında baş verən prosesləri mütaliə etmirlər. 2013-cü il bədii nəsr nümunələrinin milli ədəbiyyat ilə intertekstual əlaqələrinin zəiflənməsi təəssüf hissi doğurur. Eyni zamanda, janr inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etməyən nəsr nümunələri yaradılır. Əsasən, kütləvi oxucuya yönəlmiş detektiv və fentezi formasında. “Yüksək” və kütləvi ədəbiyyat arasında fərqlər daha aydın müşahidə olunur.
Nəsr janrlarının potensialının tam istifadə olunmaması 2013-cü il nəsrinin problematikasına mənfi təsir göstərmişdir. Müəlliflərin diqqətini Qarabağ və Rusiyada yaşayan soydaşlarımızın problemləri daha çox cəlb edir. Bununla belə, 2013-cü il bədii nəsri Azərbaycan cəmiyyətinin digər vacib problemlərini tam aça bilməmişdir. Cəmiyyətimizi düşündürən bir çox problemlər toxunulmamış qalmışdır. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.