Firuz Mustafa - Durna ovu
31.03.14

Hekayə

  -Abbas, prezident səni gözləyir.
  Bayaqdan bəri həyətdəki skamyada əyləşib fikrə getmiş Abbas əvvəlcə diksindi,  sonra bu xəbəri gətirən ortayaşlı qaraşın adamın, prezidentin köməkçisinin üzünə baxıb zorla, candərdi gülümsəyərək soruşdu:
   -Prezident yerindədir?
   -Bəli. İndi səni gözləyir.
   Söhbət Abbasın işlədiyi şirkətin prezidenti barədə gedirdi. Prezidentin adı Cavad idi, iş yerində hamı ona üzbəüz söhbətdə “Cavad müəllim” deyə müraciət edirdi. Amma haqqında söhbət düşəndə nədənsə hamı ona bir nəfər kimi “prezident” deyirdi. “Prezident” elə gəldi, “prezident” belə getdi... Deyəsən, Cavad müəllimin özü bunu  xoşlayırdı; qoy adamlar onu üzdə yox, yalnız arxada bu cür, əzizləyə-əzizləyə “prezident” adlandırsınlar. Yoxsa üzə irişməyə, adamı gözünün içinə tərifləməyə nə var ki?
   Cavad müəllimin şirkəti çox böyük idi. Buraya ofislər, tikinti qrupları, yükdaşımalar daxil idi. Deyilənə görə, vaxtilə adı heç “it dəftərində” belə olmayan, kasıbyana həyat tərzi keçirən Cavad müəllim bu son illərdə yuxarıda sanballı vəzifə tutan qohumunun vasitəsi ilə şirkət açmış, qısa vaxtda böyük sərvət sahibi olmuş, var-dövlət toplamışdı.
   Cavad müəllim son vaxtlar daha yeni bir sahəyə maraq göstərməyə başlamışdı. İndi onu turizm cəlb edirdi. Elə buna görə də şirkətin nəzdində turizm firması yaratmışdı. Firmaya yığışanların şoxu cavan qızlar, gəlinlər idi. Abbasın ordan-burdan eşitdiyinə görə, həmin qız-gəlinlərin bir qismi Cavad müəllimin yaxın qohum-əqrəbası, bir qismi isə “gəzdiyi” qadınlar idi. Abbas da həmin firmanın işçisi hesab olunurdu.
   Abbas ali təhsilli idi. İngilis dilini bilirdi. Sürücülük vəsiqəsi vardı. Cavad müəllim onu işə xarici dil bildiyinə görə götürmüşdü, ona on-oniki yerlik təzə bir minik avtobusu vermişdi. Abbas gələcəkdə bu avtobusla xaricdən gələn qonaqları gəzintiyə aparacaq, onları ölkənin səfalı yerləri ilə tanış edəcək, məlumatlandıracaqdı.
   Cavad müəllimin qəbul otağında iki ucaboy, xoşsifət qız vardı.
   -Buyurun, içəri keçin, prezident sizi gözləyir,-deyə, qızlardan biri dilləndi.
   Cavad müəllim böyük otağın ortasında dayanıb açıq pəncərədən uzaqlara baxırdı. Abbas salam verib gözlədi.
   Cavad müəllim Abbasın salamını dilucu alıb, birbaşa mətləbə keçdi:
   -De görüm, maşın sazdırmı?
   -Bəli.
   -Qonaqlarımız var. Xaricdən gəliblər. Mənim tanışlarımdır. Turistdirlər. Sabah onları götürüb ova aparacaqsan.
   Abbas şirkət prezidentinin üzünə baxıb susurdu.
   -Niyə dillənmirsən?
   Abbas duruxub mızıldandı, astadan:
   -Oldu, Cavad müəllim-deyə, dilləndi.
   -Bilirsən onları hara aparmaq lazımdır?
   -Ova...
   -“Ova”... Bəs bilirsən ov harada olacaq?
   -Xeyr, bilmirəm...
   Cavad müəllim yenə pəncərəyə yaxınlaşıb başqa bir adamla söhbət edirmiş kimi izah etməyə başladı:
   -Şəhərdən xeyli kənarda bizim şirkətə məxsus bir böyük sahə var, adına “Qarayer” deyirlər. Orada meşə də var, çəmənlik də, göl də. Sabah sübh tezdən, saat yeddidə birbaşa gəlirsən bura, şirkətin həyətinə. Qonaqlar da öz silah- sursatları ilə bura gələcəklər. Sən onları həmin yerə ova aparacaqsan. Gecikmə ha, bu avropalılar çox dəqiq adamlar olur. Sizə mənim köməkçim Qaflan bələdçilik edəcək. O, oraları yaxşı tanıyır. Ova elə buradan çıxarsınız. Oldu?
    -Oldu...
    Doğrudan da qonaqlar deyilən vaxt, sübh tezdən şirkətin həyətinə toplaşıb Abbası gözləyirdilər. Qaflan da onlarla idi.Abbas qonaqlarla salamlaşdı. Turistlər iri torbalaı maşının arxa hissəsinə-yük yerinə yığdılar.Yəqin ki, onların necə deyərlər, “silah-sursatları” bu torbalarda idi.
   Qonaqlardan biri irəlidə, Abbasın yanında əyləşdi. Bu, Corc adlı dilli-dilavər, irigövdəli, alagöz, çatmaqaş bir kişi idi. Səfər yoldaşları yol boyu dil boğaza qoymayan bu “nəhəngin” danışdığı lətifələrə, atmacalara sakitcə qulaq asırdılar; aradabir Corc şaqqanaq çəkib gülsə də, onunla az adam “həmrəylik” edirdi. Hiss olunurdu ki, səyyahlar Corcun gəvəzə-gəvəzə danışmağına elə də məhəl qoymurlar. Amma arada qonaqlar arasında fikir mübadiləsi gedirdi. Hətta, Abbasdan işi-gücü ilə bağlı müəyyən şeylər də soruşurdular. Bu söhbətlərdən bir şey anlamayan təkcə Qaflan idi; prezidentin köməkçisi elə maşına minən kimi etiraf etmişdi ki, ingiliscə bir kəlmə belə bilmir.
   Corc biləndə ki, Abbas ova ilk dəfədir gedir, bərk təəccübləndi.
   -Bəs sizin prezident bizə demişdi ki, dilmanc həm də təcrübəli ovçudur...
   -Bəlkə məndən əvvəlki sürücünü deyirmiş.
   -Yox. Nə əvvəlki? O, səni deyirdi. Bəyəm sənin adın Abbas deyil.
   -Bəli,-deyə, Abbas dilucu cavab verdi.
   Söhbət əsnasında Abbas onu da bildi ki, dünyanın o başından basa-basa dünyanın bu başına gələn səyyahlar ov üçün Cavad müəllimin şirkətinə bir xeyli pul da keçiriblər.
   Maşın kolların arası ilə uzanan yolla üzüyuxarı qalxdı. Az sonra bu seyrək kolları sıx ağaclar əvəz etməyə başladı.
  Burada, “Qarayer” adlanan bu mənzərəli yerdə payızın gəlişi aydın hiss olunurdu. Meşədəki ağacların yaşıl yarpaqlarına artıq “qızılı çınqılar”  bir yandan od qoymuşdu, yerə tökülmüş quru yarpaqlar ayaq altında xışıldayırdı. Meşənin ortasında kiçik, şəffaf sulu, dibindəki yosunları aydın görünən bir göl vardı.
   Corc Abbasa sarı dönüb ucadan:
  -Saxla,-deyə, qışqırdı.-Yəqin ki, durnalar bu gölün üstündən uçurlar. Buralarda ayrı yerdə göl yoxdur ki?
  Abbas qonağın dediklərini Qaflana tərcümə etdi. Qaflan başını yellədib dedi:
  -Hə, kişi düz deyir, bu, bizə lazım olan göldür. Payızda durnalar bu gölün üstdən uçub gedirlər.
  Abbas əyləci basdı. Ovçu səyyahlar maşından yerə tökülüşüb səfər çantalarını açdılar, tüfənglərini götürüb cəld gölə sarı addımladılar.
  Corc, deyəsən, aralarında ingilis dilini bilən adamın olduğunu unudub, dodaqaltı mızıldandı:
  -Axmaq adam, bizi ələ salıb deyəsən? Bəs durnalar hanı?
  -Hanı durnalar?-deyə səyyahların hamısı sanki xorla dillənib Abbasın üzünə baxdılar.
  Corc hikkəli-hikkəli Abbasa üz tutdu:
   -O dostundan soruş gör buralarda haçansa öz gözləri ilə durna görübmü?
   Abbas deyilənləri Qaflana tərcümə etdi.
   Qaflan əlüstü cavab verdi:
   -Əlbəttə, görmüşəm. Hətta, bəzən durnalar bu gölün sahilinə enir, burada dincəlib nəfəslərini dərir, sonra təzədən yollarına davam edirlər.
   Corc dedi:
   -Siz özünüz indiyəcən heç durna ovuna çıxmısızmı?
   Abbas bir az duruxdu.
  -Yox... Bizdə, ümumiyyətlə, durnaya güllə atmırlar.
  Corc təəccüblə müsahibinə baxdı; indi onun çatma qaşları daha da dartılmışdı.
  -Sizinkilər niyə ovlamırlar durnanı?
  -Bu, günah hesab olunur.
  Corc qəfildən qəşş edib güldü:
  -Günah? Paho, bunlarda quşlara güllə atmaq günah sayılır. Yaxşı, bəs onda sizin prezideniniz bizi buraya nə üçün dəvət edib? Axı o, özü bizə dedi ki, mən hər il pzyız düşəndə durna ovuna çıxıram. Elə isə, ya siz yalan deyirsiniz, ya da sizin şefiniz.
   Abbas çiyinlərini çəkib susdu.
   Səyyahlar  çantalarını yerə, bozarmış otların üstünə qoyub qurdalanmağa başladılar.
    Abbas məəttəl qalmışdı: əcnəbilərin hər torbasıdan beş-altı “durna” çıxırdı. Abbas handan-hana bu quşların kauçukdan düzəldiyinin fərqinə vardı. Qonaqlar “durnaların” qanadlarının altındakı düyməni basıb uzun boynundan yapışaraq quşları bir-bir gölə atmağa başladılar. Durnaların hərəkəti pultla idarə olunurdu.
   Sonra iri bir yeşiyi qucaqlarına alıb ağacların sıx yerində quraşdırmağa başladılar. Az sonra yeşikdən durna səsləri gəlməyə başladı.
  Abbasın gözlərindəki heyrəti oxuyubmuş kimi, Corc gülə-gülə öz “sirlərinin” bəzilərini açıb tökməyə başladı:
   -Bu maqnitofonda bir çox quşların, heyvanların səsi yazılıb. Burada, hətta, yırtıcı hayvanların da səsi var. Çox güman ki, bu meşədə pələng yoxdur, olsaydı o yeşikdən pələng nəriltisi eşidəcəydik. Axı biz pələng ovuna da çıxırıq... Hə, indi durnaları “oxuduruq”. Özü də bu, durnaların gündüz uçanda çıxardıqları səslərdır. Axı onlar gecələr başqa “nəğmələr” oxuyurlar.
   Abbas durnaların səsini dinləyərək susurdu. “ Bunlar nə qəribə adamlardır. Camaat maqnitofona müğənnilərin səsini yazdırıb qulaq asır, bunlarsa quş səsini...”
   Sonra Abbasın ağlına bir sual gəldi: “Görəsən, bunların durnaları ilə bizim durnaların səsi arasında bir fərq varmı? Onlar bir-birlərinin dilini başa düşürlərmi? Eh, deyəsən, mən də xərifləyirəm. Əlbəttə, yəqin ki, dünyadakı bütün durnalar eyni dildə danışırlar. Ta onlar da bir-birini tərcüməçi vastəsi ilə anlayası deyillər ki... Yox, bəlkə də hər durna dəstəsinin öz dili var. Axı bu yer üzünə səpələnmiş insanların da hamısının dili eyni deyil ki... O ki ola quş...” Abbas öz suallarına özü cavab tapa bilmirdi.
   Maqnitofandakı durna səsləri haray qoparır, göldəki “durnalar” qanad açıb üzürdülər. Durnaların səsinə meşədəki çəyirtkələrin civiltisi qarışmışdı.
   Səyyahlar tüfənglərini çıxarıb sazlamağa başladılar. Abbas ömründə bu cür silah görməmişdi. Tüfənglərin par-par yanan lülələri lap durna boğazına bənzəyirdi. Allah bilir, bəlkə də bu silahlar elə durnaları öldürmək üçün kəşf olunmuşdu...
   Elə bil qəfildən möcüzə baş verdi. Yerdəki durnaların qıy səsinə göydən “cavab” gəldi. Az sonra açıq səmada nizamla qatarlanıb cənub istiqamətinə uçan durna köçü göründü. Durnalar ləngər vuraraq uçurdular; sanki par-par yanan iri mirvari dənələrini hansı ustanınsa mahir əlləri səliqə ilə görünməz bir sapa düzmüşdü.
   Durna qatarı gölün üstündə halay vurub uçuşun istiqamətini dəyişdi.
   Ovçular cəld ağacların sıx yerinə çəkildilər.
   Corc Qaflanla Abbasa baxıb əli ilə öz ağzını qapadı:
   -Sssssssss...
   Bu, o demək idi ki, cıqqırınızı çıxarmayın.
   Pusquda duran ovçular silahlarının tətiyini çəkib ğözləməyə başladılar.
   Durna qatarı gölün üstündə halay vurdu. Göldəki “durnalar” səs-səsə verib qaqqıdaşırdılar. Görəsən, bu saxta, yalançı durnalarla gölün üstündə dövrə vuran durnalar bir-birlərini anlayırdılarmı? Görəsən onlar bir-birini “tərcüməsiz” başa düşə bilirdilərmi? Daha doğrusu, əsl quşlar bu saxta, “bic” durnaların qaqqıltısından bir şey anlayırdılarmı? Bu həssas quşlar doğrudanmı onları gözləyən fəlakətdən bixəbər idilər?
   Abbasın diqqəti göydə idi. “Ay bədbəxtlər, hara gəlirsiniz. Bu adamlar indiyəcən gördüyünüz bütün yırtıcılardan qorxuludur. Öz marşurutunuzdan çıxmayın, uçun gedin, yolunuza davam edin”.
  Deyəsən, quşlar duyuq düşməyə başladılar; onların qırımından hiss olunurdu ki, nədənsə yerə enmək istəmirlər. Sanki quşlar Abbasın ürəyindən keçənləri duymuşdular. Di gəl ki, durnaların qırımını qazdan ayıq Corc çox tez duydu.
   Durnalar gölün üstündə bir-iki dəfə halay vurub təzədən nizama düzüldülər.
  Corc astadan əmr verdi. Tüfənglərin hamısı eyni vaxtda şaqqıldadı. Yaralı durnalar daş parçaları kimi tappıltı ilə gölə düşməyə başladılar. Gölün üstündəki kiçik qırmızı qan ləkələri get-gedə tündləşib böyük həlqələrə çevtilirdi.
   Göldəki kauçuk durnalar hələ də öz işlərində idi: onlar suda cəh-cəh vuraraq atılıb-düşür, bu yandan baş vurub o yandan çıxırdılar.
  Göydəki durnaların səfi, nizamı pozulmuşdu. Sanki onların düzüldüyü “sap” indi qırılmış, oradakı iri, parlaq mirvarı dənələri yerə-göyə səpələnmişdi. Səfdən qopub suya tökülən durnaların yanıqlı qıy-qiyaməti aləmi başına götürmüşdü.
   Çaxmaqlar çaqqıldayır, güllələr şaqqıldayırdı.
 Suda çırpınan yaralı durnalar zərif boyunlarını irəli uzadıb  sahilə sarı üzürdülər. İnda sanki onlar imdadı göydən yox, qurudan gözləyirdilər. Amma onları burada odlu lülələrdən səpələnən odlu qurşun -qırmalardan başqa neç nə, heç kəs gözləmirdi.
   Salamat qalan, amma parakəndə halda səpələnmiş durnaların bir neçəsi nəhayət özlərində güc taparaq təzədən qatara düzülüb qıy vurudular. İndi onlar dövrə vurub təzədən cənuba sarı istiqamət götürmüşdülər. Allah bilir o sağ qalan quşlar qıy çəkməklə nə demək istəyirdilər? Bəlkə bununla ölən dəstə üzvləri ilə vidalaşırdılar? Bəlkə də onlar bu yolla göldə üzən “durnalara” öz nifrətlərini bildirirdilər?  Bütün bunları bilmək insanlar üçün çətin bir iş idi. Axı kim idi durna dilini anlayan?
   Corc kolların arasından çıxıb ağır addımlarla gölə sarı yeridi. Dəstə üzvləri də onun arxasınca irəliyə yönəldi. Səyyah ovçular maqnitofonu söndürüb bir xeyli göldəki ölü və diri quşlara tamaşa etdilər. Maqnitofon söndüyündən kauçuk quşlar “susmuşdu”,  indi yalnız yaralı quşların səsi eşidilirdi.
    Yaralı durnalardan biri qanadlarını sürüyə-sürüyə sahilə çıxıb ətrafa boylandı. Sonra quş ləngər vura-vura adamlara sarı sürünməyə başladı. Corc tüfəngi sinəsinə yaxınlaşdırıb nişan aldı. Bayaqdan içini yeyə-yeyə qalmış Abbas qeyri-ixtiyari əlini irəli uzadıb silahın durna boğazına bənzəyən lüləsini yuxarı qaldırdı. Tüfəngin ağzından çıxan tüstü topasının qoxusu ətrafa yayıldı.
   Corcün qaşları təəcüblə çatıldı. Amma bir an keçməmiş onun qəhqəhəsi yaralı quşların səsinə qarışdı.
   -Hm... Təbiətə sevgi... Quşlara, heyvanlara məhəbbət... Əlbəttə, bu yaxşı əlamətdir. –Corc bir az susub üzünü Abbasla Qaflana sarı tutdu:-Amma məncə sizin hər biriniz quş əti də yeyir, heyvan əti də.
   Qonaqların hamısı güldü. İngilis dilində bir kəlmə söz belə anlamayan Qaflan da qonaqlara qoşulub gülməyə başladı.
  Göydəki durna qatarı çəkilib getmişdi.
  Meh əsirdi.
   Bir müddət araya sükut çökdü. Deyəsən, artıq yaralı quşların hamısı ölmüşdü. Bayaqdan yanlarını basa-basa onlara sarı sürünən durna yaxınlıqdakı nəhəng ağac kötüyünün dibində yerə çökmüşdü; quşun uzun boynu ilan kimi qıvrılmışdı. Abbasın heç olmasa bir durnanı xilas etmək cəhdi də puça çıxmışdı.
   Səyyah ovçulardan biri kənardan idarə edilən pultu basıb göldəki durnaları sahilə çağırdı.
    Quşlar sürətlə sahilə sarı üzməyə başladılar. Suyun şappıltısı aydın eşidilirdi.
   Ölü quşlar gölün üstündə boz yumaq kimi qıvrılıb qalmışdılar.
   Tüfəngləri və “durnaları” maşında qabqarandan sonra Corcun gur səsi eşidildi:
-Hə, indi hamı maşına. Getdik...
 Abbas mat-məəttəl qalmışdı; əgər quşlar bunlara lazım deyildisə, onda bu boyda vur-çatlasın, bu boyda qırğın-qiyamət nədən ötrü idi?
  Maşın yerindən tərpəndi.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.