Xanəmir: "Nobeli yaxın gələcək üçün bu ölkəyə gətirərəm"
04.03.14

Tanınmış yazar Xanəmirlə müsahibə


- Ədəbiyyatda söz sahibi olan əksər yazarlar  qeyd edirlər ki, Xanəmir şeirdə yeni mərhələ yaratdı. Ancaq bu yeni mərhələ  Azərbaycan oxucusu üçün çox ağırdır. Sizin fikrinizcə bu ağırlıq şeirlərinizin öz yerini tutmasına maneə törədə bilərmi?

-Kim nə deyir, nə məqsədlə deyir, özü bilər. Hər halda, yeni olan nələrəsə cəhd edirəm. Həm də bu yenilikləri necə gəldi kimdənsə oğurluq, təsirlənərək yox, gücüm yetdiyi qədər öz məhsulum kimi etməyə çalışıram.  Tarixdən məlumdur ki, insanlıq əksər fəlsəfələri, ideya, ideologiya və məfkurələri sınaqdan çıxardı. İnsan istəyir ki, əmək, can, ruh, mübarizə (sini) verdiyi bu ideyalar..., özündən də, nəslindən də, keçmişindən və gələcəyindən də uzun  yaşasın. Çünki özünü orda gizləyir, orda görür. Baxanda ki ona qarşı mübarizə aparıb zaman xərclədiyi bu “obijelər”  onu arxadan vurur, çölün ortasında qoyur, onda öz ölüm inancını, təsəvvürünü təzələməyə çalışır, öz ölüm rituallarına hallalıq həngaməsiylə hazırlıq görür. Çünki  onun bu dünyadan son çıxış  imkanları yenə də qürurlu qurtuluşla əhv olaraq əvəzlənməsi gəlib nəfsinə dəyib dayanır. Bu zaman onun qurtuluş anlayışı ümumidən fərdə gedən o fani yolda elə dəyişir ki, artıq yazar öz sayılan saysız-hesabsız sümüklərini deyil, varlığında təlatümlər yaradan ruhsal iqlimlərdəki inkivizisiyanı görür. İndiyə kimi yazdıqlarının selinə-suyuna qarışıb axan, bu axarda suyu suyuna, köpüyü minlərlə yazarın köpüyünə qarışan yazar, selin - suyun qarşısına keçib, öz çör-çöpünü ayırmağa, axıntının gətirdiyi öz “mal-mülkünü”  seçməyə səy göstərir. Yazar həm də bu dünyada nəinki özünün, hətta başqasının payına dinməzcə düşəni arıdıb ayırd edən, yiyələnib, yerinə gözlərini qıyaraq  qoyandır.


- Sizcə, yazarın oxucuya görə yazması məntiqə uyğundurmu?


-Yazar heç vaxt oxucusunu dinşəyib, sonra dinləyib düşünmür. Oxucu onun üçün ayaq altına məharətlə atılmış bir varlıqdır. Bəlkə də, bəzi məqamlarda ona mane olan bir sürəcin sehirsiz səbəbkarıdır. Yazar Allahla onun arasına girən oxucudan ömrü boyu qisas almaq zorunda və bu istiqamətdə iyid ərdəmiylə çalışmalıdır. Azərbaycan yazarlarında oxucu müstəvisində yazarlıq instikti ölüb. O oxucu üçün əldən-ayaqdan gedər, oxucunun ayağını yuyub sırtıqcasına suyunu it kimi çap-çapla içər, təki onun tör-töküntü cümlələrinə, üzərindən erməni donuzu keçən yazısına oxucunun qurd bağlamış gözü dəysin. Azərbaycanın azmış, azqın yazarı istəyir ki, onun yazılarının bəyənilən bakirəliyini oxucu öz oxuyla alsın, pozsun. Azərbaycan oxucusu zina etmək instiktindən yan ötməz. Onun yazıları oxucu şəhvətiylə məharətlə murdarlandıqdan sonra toxunulmazlıq  statusuyla  “əbədilik”  qazanır. Oxucu yoxdur Azərbaycanın  yazı məkanında! Azərbaycanın yazı məkanında Allah var! Bəs gözəlllik və doğruluq anlayışını - əbədi-əzəli kuralını - hara qoyacaqsınız? Madam ki bütün çabalar qurtuluş - müəllifin, yazarın, mətnin qurtuluşudursa, sözə çəkilməkdirsə, onda oxucuyla döyüşərək dövriyyədən çıxaracaqsan. Bu gün yeni ədəbiyyatın formalaşması naminə “müqəddəs oxucunu” bitərəf edib, onun yerində indiyə kimi gizli qalmış Allahın aşikarlığını car çəkəcəksən.


Məsələnin kökü budur ki, Yer üzünə vəd olunmuş Qiyaməti öncədən hiss edən yazar, instikt və şüuraltı onuruyla bu “hadisəni” istəyir ki, yazısında ucuzluğu-bahalığıyla uduzmadan həll eləsin. Çünki  Yazı qutsal bir provakasiya izləniminə, məharətinə sahibdir. Kahinlərin məşğul olduğu bu sənət indi kəramətini kütləviliyə verib axı. Ona görə də vəd olunmuş Qiyaməti biz yazarlar olaraq, məharətlə və sədaqətlə hazırlıq işlərimizi görərək, öz yazı qayğılarımızla qımışaraq  qarşılamaq istəyirik.Yəni yazar Allahın Qiyamət proyektinə başqalarından fərqli olaraq həm də bir əmanət, qutsal dəyər kimi baxmaq içgüdüsünə sahibdir.Yazarlar olaraq  istəyirik ki,  Allahın nəyi varsa əmanət elədiyi insanı, varlığı biz qurtaraq yazımızla. Yazının belə bir ölməz, diriliş püskürən özəlliyi var. Bizim mənbəyimiz də Löhfi-Məhfuzda həm saklı, gizli, həm də aşikardır. Biz yazıya yığılıb, yazıya çəkilmək, cəzamızı yazıda çəkmək istəyirik. Burda artıq  oxucu söhbəti yoxdur, ola bilməz. Mən can hayındayam, qəssab piy axtarışında. Yazı gizlətməyi, hifz edib qorumağı və təqdim eləməyi bacarmalıdır. Yazı, elə bunu öz bürcüylə, “bilinciylə”  bacarır. Biz yazıya şan-şöhrət, qız bişirmək, orden-medal almaq kimi baxırırq. Oysa, canın, ruhun ( gözəlliyin, əxlaqın, düzlüyün), harmoniyanın, simmetriyanın yazıya çəkilib, daşqından, sel fəlakətindən xilas olması  anlaşılan, sınaqdan çıxan bir haldır. 


- İndi belə bir fikir formalaşıb ki, Azərbaycan dili ədəbiyyat dili deyil, bu dillə nəinki Nobel almaq, heç Biləcəridən o tərəfə də keçmək olmaz. Bu fikirlə razısınızmı?


-Nobel almaq üsulunda istisnalar olmaqla  yanaşı,  mürəkkəbyalayan kəsimin  Nobelin necə əldə olunmağından xaincə  xəbəri var. Azərbaycan dili Nobel dili deyil, neft dili deyil, pul, iqtisadiyyat, biznes, şər dili deyil. Azərbaycan dili erişilməz eşq dilidir.  Bu dil kosmoqonik, metafizik məsxərəsi, məzənnəsi olan bir dildir. Çünki sənin  sənət Qibləndən qəbul elədiyin gözəlliyin, doğruluğun, harmoniyan, əxlaqın, ritmin görünən böyüklüyü və əndazəsi həmişə bu kosmoqonik qatıyla zühur edən, bizi bu “qəfəsdən” xilas eləməyə çalışan dillə mümkün olub. Dilimizdəki feillərə bax, necə də ərsəyə, yazıya gəlmək üçün  ərşlə-gurşla əlləşir. “Dədə Qorqud” dastanındakı dilə bax:  “Evdən çıxıb yeriyəndə sərv boylum...”, evdən demir ey, gör,  aləmlər arasındakı keçidləri hansı üsulla, minvalla  necə sıraya düzür. Bu “çıxmalar”, bu “yerimələr”, ötələrin, metafizik dediklərimizin yerini bəlli etmək üçün çox sadə bir halıyla ruhumda cilvələnir. Lütfən, Nobel almaq çoxmu önəmlidir? Nə çətin şeydir bu Nobel?! Əgər vacibdirsə, strateji bir əhəmiyyət daşıyırsa,  məni bugünkü yaşam durumumdakı zillətdən qurtarsınlar, haqqımı kimlərsə basıb yeməsinlər,  dövlət maliyyəsini buraxsın, mən o Nobeli yaxın gələcək üçün bu ölkəyə gətirərəm. (Elə dedim ki, elə bil gedib əsir gətirirəm. Məhz Nobeli bu ölkəyə əsir kimi göyərdib gətirmək gərəkir.) Yaxın gələcəkdə Nobelin bu dünyada və özəlliklə ədəbiyyatda  məlum “fədəkar” fünksiyasını  itirəcəyi qənaətindəyəm.


- Gəlin, kəmiyyət məsələsini qoyaq bir kənara. Sizcə, ədəbiyyatımızda keyfiyyət baxımından hal-hazırda hansı üstündür: poeziya, ya nəsr?


- Mən pataloji poyrazların əsməsinə baxmayaraq, Yazının mənəviyyat paytaxtında poeziyanın payını püləyərək (ehtiyatla) deyərdim. Niyə? Ona görə ki, poeziyada yerli yeniliklər daha çox nəzərə çarpır. Əsas olan,  yenilik aktının  ritmimizin ağrılarında  keçmişlə minalanmış məkandır. Yeniliyin isti hava axınlarını daha çox özünə çəkib, ədəbiyyatın canına buzladıb buraxan poeziyadır. Poeziya bizim düşüncələrimizin Sibiridir. Biz orada yalnız acılarımızın “srokunu” çəkir, dərdimizin cəzaçəkmə müəsisəsində sürgün həyatımızı yaşayırıq. Bu proses olmazsa, sözümüzün tarixində, yaddaşında poeziyamızın milliləşmə spirtuallığındakı vivekası ( “hidayətəçatma estetikası” deyək buna) mələyə-mələyə  qalar. Poeziya bu gün bizdə elə bil, daha çox, yapılanma, yenidənşəkillənmə  dönəminə girib.


- Bu yapılanma dönəmi yenicə başlasa da artıq, demək olar ki, şeirə gətirilməyən mövzu qalmayıb. Məsələn, elə götürək bu  sufizm və ya təsəvvüfü. Neopostmodern dünyada bu fəlsəfi cərəyanların şeirimizdəki varlığı nə qədər effektli ola bilər?


- Hər şey dünyadakı sayqı itirmiş  savaşlardan asılıdır. Dünyada gedən isti-soyuq-   ilıq savaşların ətrafa yansıması və oyatdığı  fikirlər fonunda düşüncələrdə şəkillənmələr alovlanır. Ancaq gerçək fikirlər, düşüncələr, mədəniyyətlər mərhəmətli mübarizələrin başladığı, baş verdiyi yerdə təzahür edir. Mən savaşlardan mübarizəyə keçidi daha çox təmənnasız təqdir edirəm. Ümumiyyətlə, insanın ölümü olmadan aparılan mübarizə və şəkillənən mədəniyyətin  tərəfindəyəm. Mənə görə, mübarizə aparan insan ölməməlidir. Elə fiziksəl olaraq da o, aradan “kələ-kötür yollarla” götürülməməlidir. Apardığı mübarizəni, ilkin olaraq,  onun özünə dadızdırmaq lazımdır ki, başqalarını sıradan çıxarmasın. Ancaq mübarizə aparan insanlar aradan götürülür, yox olur, məhv edilir. İkincisi, indi heç mədəniyyətlər savaşı-filan da getmir. Gerçək, özüllü  Mədəniyyətlər heç vaxt  çatışmır, qıraqda-bucaqda qarşıdurma yaratmır. Mərkəzlərə doğru gedir, mərkəzləşmə yaradır.  Bu gün insanların ruhsallıq sorunları, spirtual həyat yöntəmlərindəki çatışmazlıqlar mövcuddur. Yenidən dünyaya seçilmiş insanlar, onların fərqli halları, o insanların inaclı informasiyaları, insanirildən informasiyalarındakı irşadları çox önəmlidir. Hansısa cinayətin, uzun bir yolçuluğun bu dünyanın gedişatını izləyib, onu fərqli bir formula çevirib mahiyyətə dönüşdürən mexanizm üçün heç bir anlamı yoxdur. (Bildiniz də, hansı ədəbiyyatları nəzərdə tuturam?!) Sizin dediyiniz o neopostmodern dünyanın özü də simasını səmaların sayqısından qazanmış sufizmin bir zərrəciyidir. Çağdaş dünya ədəbiyyatını işığı atıb, nurla incələsəniz, aparıcı xəttin sufizm elementləriyilə dolub-daşdığını görərsiniz. Çox vaxt bu gizli, görünməz şəkildə  aparılır. Onun da səbəbi bu anlayışın (sufizmin) yerdə, ədəbiyyatda mənimkimilər tərəfindən öhdəliyə götürülmüş özəlliyindədir. Digər yöndən, mən şeiri ədəbiyyatın əhatəsindən olmasa da, ədəbiyyatın əsarətindən çoxdan ayırmışam. Şerin canını ədəbiyyatın yaramazlığa doğru uzanan  əlindən qurtarmışam. 


- Yeri gəlmişkən, bu yaxınlarda “Derlər” poeziya  kitabınızı təqdim etdiniz. Bu kitabı digər kitablarınızın davamı hesab etmək olarmı? Yəni kitablarınız sufizmin “şəriət, təriqət, mərifət, həqiqət”  ardıcıllığı kimi düzülüb?


- Kitablarımı əvvəldən görürəm. Özü də adıyla birgə. Onların oğlanmı, qızmı olduğu mənə əvvlcədən ayan olur. Bu kitabımın da maddiyyat ucbatından gecikməsinə baxmayaraq, əvvəlcədən varlığını bilirdim. Nə olur-olsun, mən yazanda “hər kəlməsi küydən uzaq  kitab yazıram, ta bu misradı, bu cümlədi, bu bənddi... –  deyil. Çəkdiyiniz o bənzətməyə münasibət bildirim ki, sufi ədəbiyyatında zamana görə dəyişiləsi çox qayda və kurallar olduğu qənaətindəyəm. Məncə, yuxarıda göstərdiyiniz məşhur tərkedilmiş tezis indi keçərli deyil. Ancaq sufizmin mənə verdiyi bəzi imkanlardan yararlanaraq, öz bildiyim üsullardan istifadə edirəm. Yenə deyirəm, mən sufi-filan deyiləm, amma  bundan xəcalət xeyirləyən xəbərim var. Kosmonavt  yerdə kosmonavtlıq eləmir ki. Qalxır kosmosa, öz işini görüb qayıdır. Məncə, yazılarımdakı “hərəkətim” kosmonavtlıq kimi bir şeydir. Yazılarımda işimi görüb, əməliyyatlarımı aparıb, “müəyyən tapşırıqları yerinə yetirib”  geriyə geyimli şəkildə döyüküb dönürəm. O zamana qədər özümü lüt kimi görürəm, demək. 


- Bildiyim qədər, siz yaxın illərdə  bir sıra ölkələrdə səyahətdə olmusunuz. Bilmək istərdim ki, Xanəmir Telmanoğlu modern Avropa ölkələrində öz sufi ruhunu qoruya bilibmi? Yəni mühitin yaradıcılığa təsiri nə qədərdir?


- Sualında görünən göyümə görə minnətdaram. Ancaq mən heç vaxtı özümə sufi-flan deməmişəm və bu ağır adın ayıqlığındakı aydınlıq altında mənim kimi mənasız birisi təntiyərək tab gətirə bilməz. Kimlərsə deyib, kimlərsə yazıb, özləri bilərlər, mən, hər halda, kimliyimdəki olqunluğun  incə məharətlə işlənmiş oyuqlarının o tayını  bilməyə çalışıram. Qaldı sualın digər qisminə, o Avropa dediyin, dünənə qədər bizə boyun əyib pul-para verirdi ki, sən Allah, yerində dur, üzərimə gəlmə. Sözsüz ki, özünü avropalı hesab edən ən zırı şairdən özümü heç də  əskik saymıram, əksinə, bəlkə, gülünc səslənəcək, kifayət qədər Avropa poeziya aləmiylə tanışlığım olduğu üçün deyirəm, bizdə bəzi qələm əhli, içi  mən olmaqla, Avropanın poravoz  poeziyasının qabağında meydan sulaya bilər. Şəxsən, mənim yazılarım bu gün Avropanın üzərinə gedə biləcək, axça, vergi ala biləcək səyini seyrəltməyən səviyyədədir. Bu gün Avropa mənim şeirimə borclu qaldığı töyücüsünü, vergisini hesabıma yatırmalıdır. Bu da ədəbiyyatın əyilməz ətəklərində yazılmamış yarlığdır.


- Sizin fikrinizcə, nədir postmodernizm? Və bu cərəyan ədəbiyyatımıza kimin ayaqları ilə “gəlib”? 


- Postmodern dünyagörüşüylə bağlı çox bilgin ustalar dəyərli və fərqli fikirlər söyləyiblər. Əgər deyilənlər doğru isə, bizim ədəbiyyatda postmodernizm çoxdan yaranıb. Sabir Füzulini azmı dekonstruksiya eləyib? Anar (“Molla Nəsrəddin - 66”)  Mirzə Cəlili , Elçin “Əsli və Kərəm”i dekonstruksiya etməyibmi? Bu cərəyanla bağlı “göyə qayıdan mətnlər” kitabımda yazmışam. Postmodernizm barədə öz yaradıcılığımla əlaqədar onu deyim ki, postmodernizm mənim yazılarımın qorunmasına, üzə çıxmasına xidmət edir. Bu gün yazılarımın, mətnlərimin qorunması, yara, zədə, xətər almaması üçün postmodern kimi bir akımın öndə “durması” və “fəaliyyəti” vacibdir.  1996-cı ildə “Qarğa beyni yeyənlərə namə” şeirimi oxuyanlar, yəqin, xatırlaya biləcəkləri bu yöndə çox şeylərin olduğuna iman gətirəcəklər. 


- Mətnlərinizdə “ ey dili qafil, fil faili məchul fani f...” kimi epiqraflara rast gəlinir. Bunlar nə məna kəsb edir və mətnlərdə rolu nə qədərdir? 


- Təkcə bu deyil, “ey dadi bidad danəndə dəhan dərviş d...”,  və “şah belə dedi”, “ şah yatdı, qaçdı....”, “Şah əmək haqqımı yedi...”  kimi yazılarımda başlanğıclar var. Bu barədə zaman-zaman həm yazılanlar var, həm də mənim açıqlamalarım olub. Hər dəfə də bir münasibət bildirmişəm. İndi isə....birini də indi deyim... bütün yazıların, hətta canlı insanların, canlı həyatın  nə vaxtsa Allah qatında bir mahiyyətə dönüşəcəyi zaman gələcək. Ancaq  bu canlı həyat, bu insanlar bütünlüklə yazının – mətnin  fonunda yenidən yəhərlənib-yüyənlənərək fani mahiyyət kəsb edəcək. Son deyilən,  mənim təsəvvürümə görə,  yazıda, yazı düzündə, yağı ağzında  təzahür edəcək, sözdə təcəlla bulacaq, mətn dediyimiz bu tərəfimizlə sözün  kiliminin  gəyən gecələrinin ulduzu sayrışan kimlik tapacaq. O  vaxt bizim fərdiliyimiz, xarakterimiz adımızla, imzamızla deyil,  yazılarımızdakı imzasız halımızla, kimliyimizlə, tutumumuzla özgürlüyünü qamarlayıb qoruyacaq. Bu özgürlüyün yazıdakı  təməlini hazırlayıram, deyə bilərəm. 


- Mövcud olanlardan danışdıq. İndi istərdim ki, çap olunmamış romanınızın mövzu - ideyası barədə danışasınız... 


- İstəməzdim. Çünki danışsam, gərək Azərbaycandan göyərə-göyərə, göy öskürəklə köçəm. Mən də Azərbaycandan (geri) getmək istəmirəm. Azərbaycan dışında mənim üçün bütün ölkələr bu yurdun gerisindədir. Mənə görə, bütün ölkələr Azərbaycanın ardına düzülüblər. Getsəm, elə 2001-ci ilin avqustunda gedərdim də... Bir məşum yazıyla bağlı mənim düşdüyüm duruma kim düşsəydi, çoxdan ya intihar edər, ya da buralardan dabanına tüpürüb qaçardı. Sadəcə, hər şeyi qapalı saxlamağım, həm də  fiziki hazırlığım  buralarda davam gətirməyimdə mənə kəhanət qoxuyan köməyini edir. O zamanlar bir yazımla bağlı baş verənlər hələ indi də başımı ağrıdır, vaxtımı alır, əsəblərimi oynadır. /1937.az/

Yenililklər
27.11.20
Elnarə Qaragözova- Kamal Abdullanın postmodern nəsrində oxşar obrazı
27.11.20
Vilayət Quliyev - Kəndimizin erməniləri
27.11.20
Təranə Vahid - Qorxu çiçəkləri
27.11.20
Mərahim Nəsib - Səni də dəyişən noyabr oldu
24.11.20
Qulu Ağsəs - Ağ alınlı qızılı atların vətəni
24.11.20
“Xaqani Şirvani həyatı və yaradıcılığı” kitabı çap olunub
17.11.20
Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
17.11.20
Professor Şamil Salmanovun seçilmiş əsərləri nəşr olunub
17.11.20
Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub
17.11.20
Beynəlxalq və yerli ekspertlər Şuşaya səfər edəcəklər
17.11.20
Mədəniyyət Nazirliyinin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunub
17.11.20
Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda nəşr edilib
16.11.20
Gülnar Səma -  Kəndimizin könüllü şəhidi
14.11.20
Türkiyədə mühacir yazıçı və jurnalist Məmməd Sadiq Aran haqqında kitab çap olunub
14.11.20
Nadir Əzhəri: “Uçan buludlar” hekayəsində modern baxışın izləri
14.11.20
Prezident təqaüdçüsü müharibə uşaqlarına kitab həsr etdi
14.11.20
Yohannes Keskinen: “O dönəmdə Moskva yönətimi "parçala və hökm sür" siyasətini fəal bir şəkildə həyata keçirirdi”
13.11.20
Musa Yaqubdan 50 yaşlı möhtəşəm Şuşa şeiri
13.11.20
“Bəhlul” jurnalı ilk dəfə transfonelitersiya edilərək çap olunub
13.11.20
“Nobel qardaşlarının ilk uğuru” filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
13.11.20
Bəstəkarlar İttifaqı “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə öz fəaliyyətini davam etdirir
13.11.20
TÜRKSOY-un Baş katibi: "Türk aləminin mədəniyyət xadimlərinin səsləri Şuşadan dünyaya yayılacaq"
13.11.20
Nailə Adilqızı - Ucalsın göylərə bu haqq səsimiz
12.11.20
Səadət Kərimi: “Biz birləşib, güclü və qətiyyətli olanda Tehranın da, Kremlin də polemikası dəyişir”
12.11.20
Şuşanın Tarixi Mərkəzi dünya irsi elan edilməsinə layiqdir
12.11.20
Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacağıq
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.