Aydın Dadaşov - Azərbaycançılıq fədaisi
31.01.14

Kəsərli publisistikasında sosial-siyasi problemləri qabartmaqla ictimai fikri formalaşdıran peşəkar jurnalist, istiqlal mövzulu "Qaranlıqda işıqlar", "Nagəhan bəla"  pyeslərinin, ədəbiyyatşünaslığa dair fundamental tədqiqatların müəllifi, və nəhayət M,F,Axundovdan başlanan maarifçi demokratik hərəkatın azərbaycançılıq ideyasının gerçəkləşməsində müstəsna rol oynayan, dönməz əqidəli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin siyasi portretini yaradan mənbəələrə nəzər salaq.

2 dekabr 1907-ci il tarixli «İrşad» qəzetinin 122-ci sayında çap olunmuş, Məhəmməd Əmin Rəsulzadənin Həsən bəyin dəfn mərasimindəki çıxışından: «Bizdə rəis yoxdur. Bizim rəislərimiz cəmaəti bu cəlladların əlindən qurtarmalıdır. Bu xilaslıq da camaətin öz əli ilə gərək olsun. Başqa bir yol yoxdur. Camaət özü-öz azadlığına gərək çalışsın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir fayda olmaz. Çün həmişə qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də, qəssab onun bu naləsinə baxmaz (...). Dəyər ki, camaət öz haqq və ixtiyarını, öz bacarıq və gücünü bilsin, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz. Camaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Maarif, maarif, maarif!» - cümlələri «parçalanmış və talan olan millət» yolunda məşəl kimi yanan müəllifin inqilabi coşğunluğunu, siyasi səviyyəsini və maarifçilik yanğısını nümayiş etdirir. «İrşad» qəzetində Ə.Ağaoğlunun yaratdığı sağlam mühitdə, ideyası uğrunda varından-yoxundan keçməyə hazır olan M.Ə.Rəsulzadə ilə yanaşı, digər maarifçilərimiz də  xalqın mənafeyi uğrunda yorulmadan çalışırdılar.
30 sentyabr 1908-ci il tarixli «Tərəqqi» qəzetinin 65, 68-ci saylarında çap edilən «Kooperativ cəmiyyətləri» məqaləsində Məhəmməd Əmin Rəsulzadə: «Fabrikaçının imkanı olduğundan maşın vasitəsi ilə müdam işləyib məta hazırlıyor. Məta hazırlıyor da, satılacağını heç bilmiyor. Buna görə də ona lazımdır ki, ticarət azad olsun, yollar rahat olsun, insanların bir-birilə rəftarı və əşyanın hüsulu asan vəchə düşsün. Ona gərəkdir ki, hər yerdə müəyyən bir qanun mühafizəsi görsün» - deyə bazar iqtisadiyyatının tələblərini aydın şəkildə şərh edir. Müəllif: «Bir nəfər dəllalı güdəndə görün ki, o, dükanları qapı-qapı gəzib nələr qayırır? Baxınız ki, o nə yollar ilə mağazalara girib vəkil olduğu ticarətxanənin, yainki, fabrikanın mətaını nə dillərlə tərif edib, nə üsullar ilə işə verir»  - yazmaqla o dövrdəki sənayeləşmə nəticəsində yeni peyda olan reklam agentlərini arxaik dildə dəllal adlandırması da maraqlıdır. Tədricən azad iqtisadiyyat zəminində meydana çıxan gəlmə şirkətlərin yaratdığı problemlər də müəllifin nəzərindən qaçmır.
Məhəmməd Əmin Rəsulzadənin 5 dekabr 1908-ci ildə tamaşaya qoyulan «Qaranlıqda işıqlar» pyesi milli dirçəliş ideyalarının istiqlal hərəkatına tətbiqini göstərməklə müstəqillik amallarına xidmət edirdi. Çarizm irticasına qarşı yönəlmiş sosial plakat janrında olan bu əsər ədəbiyyatımızda da, müstəqillik mövzusunun ilk qaranquşu sayıldı. Həmin il müəllifin yazdığı «Nagəhan bəla» pyesi də melodrama janrında olub sosial problemləri əks etdirsə də, məğzində müstəqillik ideyası dayanırdı. 16 fevral 1909-cu il tarixli «Tərəqqi» qəzetinin 37-ci sayında çap edilən «Açıq terror» məqaləsində Məhəmməd Əmin Rəsulzadə naməlum şəxs tərəfindən Nobel şirkətinin mühəndisi Maksimova atılan gülləyə görə iki yüz fəhlənin işdən atılmasına: «Bir nəfər caniyə qisas etmək üçün iki yüz nəfərə cani olmaq nə böyük istibdad! Haqsızlıq!» - deyə qətiyyətlə münasibətini bildirir. Ümumiyyətlə mütərəqqi dövri mətbuatda gəlmə şirkətlərin yerli xalqların taleyinə biganə qalmaları tez-tez işıqlandırılırdı. Təsadüf deyil ki, adı çəkilən şirkətlər fəhlələr üçün eyni tipli baraklardan, xarici rəislərin yaşadıqları saray və bağlardan savayı şəhərdə heç bir tikinti aparmırdılar. Fəaliyyətlərində daim müstəmləkə siyasətindən doğan sərt siyasi və iqtisadi qanunların yaratdığı məhdudiyyətlə buxovlanan yerli sərmayədarlar gəlmələrdən fərqli olaraq tək maddi qazancla kifayətlənməyərək öz talelərinin doğma xalqla bağlı olduğunu dərk edirdilər. Məhz bu zəmində formalaşan strateji təfəkkür tərzi onların bir çoxunu maarifçiliyi təbliğ etmək məqsədi ilə yaranan mətbuatın, təhsilin, mədəniyyətin, elmin, texnikanın inkişafını nizamlayan, hüquqi status qazanmış mütərəqqi cəmiyyətlərin himayədarına çevirdi. Milli kapitalizmin formalaşması artıq dövrün tələbinə çevrilir və Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilər örnək hesab olunurdular. Bununla belə, öncə dünyaya, sonra millətə sevgini önə çəkən mütərəqqi ziyalılarımız millətçiliyi qətiyyən qəbul etmirdilər.
29 iyun 1909-cu il tarixli «Tərəqqi» qəzetinin 143-cü sayında Məhəmməd Əminin dərc etdirdiyi «Qəribə bir baykot» məqaləsindəki: «Millətçilik! İnsan-insanlar əvəzində utanıyor, xəcalət çəkiyor» - sözləri humanizmin bəşəri ideyaların önə çəkilməsinə parlaq misaldır.
1910-cu ildən milli müstəqillik ideyalarını önə çəkən «Açıq söz» qəzeti Məhəmməd Əmin Rəsulzadənin simasında Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi təməlini qoymağa başladı. Həmin ərəfədə Y.V.Çəmənzəminli də bu qəzetdə çap olunan «Bizə ciddi mətbuat çoxdan lazım idi» məqaləsindəki: «Rus-yapon müharibəsi bizə «Həyat» ilə «İrşad»ı bəxş etmiş idi. Böyük Avropa dalğası da «Açıq söz»ü vücuda gətirdi. Məsləksiz mətbuatdan inciyib kənara çəkilmiş mühərrirlərimiz yenə də qəzet başına toplandılar. Dərdlərimiz müzakirə olunur, halımızı təsvir edirlər» (1.s.182) - fikirlərilə müharibə meydanındakı məğlubiyyətdən laxlamış məmur idarəçiliyinin zəifləməsi nəticəsində yaranan və demokratik fikir təməlində bərqərar olan kütləvi informasiya vasitələrinin imkanlarını dəyərləndirirdi.
1910-cu ilin sentyabrında həbs təhlükəsindən qurtulmaq üçün yaşadığı İranda Avropa təhsili görmüş ziyalılarla birgə Demokrat partiyasının əsasını qoyan, «İrane-Nov», «İrane-ahat» kimi müasir tipli qəzetlərin baş redaktoru olan M.Ə.Rəsulzadə İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın (1905-11-ci illər) rəhbəri Səttar xanla yaxın dostluq münasibətləri yaratmaqla tanınmış ideoloqlardan birinə çevrilir. İran istibdadının təzyiqi ilə Türkiyəyə mühacirət edən M.Ə.Rəsulzadə Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Yusif bəy Akçuraoğlu (1876-1936), Ziya Gök Alp (1876-1924) ilə birlikdə milli ideyaların daşıyıcısı sayılan «Türk ocağı» cəmiyyətində çalışsa da, əsas fikri Azərbaycanda gedən ictimai-siyasi hadisələrlə bağlı idi.
1911-ci ildə Türkiyədə Cəmaləddin Əfqaninin «Milli vəhdət fəlsəfəsi və dil birliyinin əsas mahiyyəti» və «Səadətin altı guşəli qəsri» əsərlərini fars dilindən tərcümə edib çap etdirən Məhəmməd Əmin Rəsulzadə bununla Əbdülhəmidin istibdadı dövründə ömrünün son altı ilini İstanbulun Babialı həbsxanasında keçirmiş və on dörd il əvvəl dünyasını dəyişmiş islam aliminin ideyalarına sosial sifarişin olduğunu təsdiqləyir. Ə.Hüseynzadənin İstanbulda yazdığı «Hali vətən» şerindəki: «Ucundadır dilimin həqiqətin böyüyü, Nə qoydular deyəyim, nə kəsdilər dilimi.» beyti isə Azərbaycanın düşdüyü ictimai-siyasi mühitin mahiyyətini açan obraz kimi səslənir.
16 sentyabr 1914-cü ildən şair-publisist Əliabbas Müznibin (1882-1938) redaktorluğu ilə nəşr olunan «Dirlik» jurnalında M.Ə.Rəsulzadənin istiqlal məqalələrində xalqı türk, tatar deyil, məhz azərbaycanlı kimi təqdim etməsi sadəcə genetik kodlar üzərində yox, geopolitik azərbaycançılıq zəminində yaranacaq «Müsavat dövlətçiliyi»nin ideoloji təməli idi. Beləliklə, siyasi vəziyyətin durmadan dəyişdiyi Birinci Dünya Müharibəsi Turan ideyasının arxa plana atılmasına səbəb olsa da, məhz həmin dövrdə azərbaycançılığın təməli qoyuldu.
1 may 1917-ci ildə Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının Qurultayında bütövləşərək ümumxalq partiyasına çevrilən Müsavatın mərkəzi komitəsində M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ş.Rüstəmov, M.H.Hacınski kimi siyasi liderlər təmsil olunsalar da, kütləvi informasiya vasitələrinin azlığı əyalətlərlə intensiv əlaqələrin həyata keçirilməsini ləngidirdi.
24-26 noyabr 1917-ci ildə Müəssislər Məclisinə keçirilən seçkilərdə menşeviklər 661.934 səs toplamaqla 11, müsavatçılar isə 615.816 səslə 10 deputat yeri qazandılar. Daşnaklar istisna olmaqla seçkidə iştirak edən Müsəlman Sosialist Bloku, eser, bolşevik, hümmət və ittihadçılar əsasən müsəlmanlardan ibarət olduğundan səslərin əksəriyyəti də onlara aid idi. Bununla belə, xüsusən erməni kartından istifadə etməklə Rusiyanın Azərbaycana təzyiqi davam edirdi. Mirzə Bala Məmmədzadənin göstərdiyi: «Hələ 18 dekabr 1917-ci ildə Lenin Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin etmişdi. Bu komissarın vəzifələrini yaxşı təsəvvür etmək üçün XKS sədri Lenin və millətlər komissarı Stalin dekret imzalamışdılar. Qafqazın fəlakətində böyük payı olan və «Dekret N13» adıyla məşhurlaşan bu sənədi aşağıda eynən veririk:
«Xalq Komissarları Soveti rus ordusu tərəfindən işğal edilmişdi. Türkiyə Ermənistanında erməni xalqının tam istiqlalını elan etmək dərəcəsinə qədər təyini-müqəddərat haqqında müdafiə edəcəyini bütün erməni xalqına elan etdi»» (2. s.90) - kimi faktda geosiyasi vəziyyətin gərginliyi öz əksini tapır. «Azərbaycan cümhuriyyəti» kitabında bu fakta münasibətini bildirən Məhəmməd Əmin Rəsulzadə: «Cibində rus ordusunun işğal etdiyi Türkiyə ərazisi üzərində erməni muxtariyyətinin elanına aid  dekret bulunan Şaumyanın» (3. s. 32)  başçılığı ilə daşnak-bolşevik alaylarının törətdiyi qırğınları nəzərə çatdırır.  
7 fevral 1918-ci ildə «Hümmət» qəzetində N.Nərimanov «Arı bəy» imzası ilə çap etdirdiyi «Kiçik felyeton»unda: «Rus müəllifləri tam açıq halda Məhəmməd Əmin Rəsulzadəyə bildirirlər ki, cənab, sizin yeriniz fəhlə və əsgər deputatları şurası deyil; siz bəylərin və kapitalistlərin tərəfdarısınız. Ona görə də gedib milli komitədə çalışın. Düşünürük ki, belə müraciət cənab Rəsulzadəyə böhtandır. Çünki, Məhəmməd Əmin Rəsulzadə Müsavatın lideridir. Müsavat isə yazılı surətdə qeydiyyatdan keçmiş və dərc olunmuş rəsmi proqramında açıq-aşkar torpağın kəndlilərə verilməsinin tərəfdarıdır. Bu halda torpağı kəndlilərə vermək istəyən cənab Rəsulzadə bəylərin və mülkədarların tərəfdarı ola bilərmi?» (4. s.93) - yazmaqla son dövrdə «Raboçiy» və «İzvestiya» qəzetlərindəki yazarların M.Ə.Rəsulzadəni sancmalarına öz münasibətini bildirirdi.  
10 fevral 1918-ci ildə Tiflisdə yaradılan, qanunverici orqan kimi səlahiyyətlərə malik olan Zaqafqaziya Seyminin Məhəmməd Əminin rəhbərlik etdiyi 44 azərbaycanlı deputatdan ibarət müsəlman fraksiyasının İrəvan quberniyasının Kəmərli və Uluxanlı kəndlərində ermənilərin törətdikləri qırğını araşdıran xüsusi iclasında müsavatçı M.Hacınskinin məruzəsi ətrafında müzakirələr aparılır. 17-21 fevralda seymin Georqadzenin başçılıq etdiyi komissiyası yerində araşdırmalar aparmaqla müsəlman əhalisinin vəhşicəsinə qırılması faktını təsdiq edir. Zaqafqaziya Seymində fəallıq göstərən müsəlman fraksiyasının deputatları; Məhəmməd Əmin Rəsulzadə hakimiyyətçilik, Fətəli Xan Xoyski hüquq, Nəsib bəy Yusifbəyov təhsil, M.Hacınski ştat strukturunun, xərclər smetasının tətbiqində yaxından iştirak edirdilər. M.Hacınski deputatların dietik qidalanması məsələsi ilə məşğul olan komissiyaya da rəhbərlik edirdi.
22 fevral 1918-ci ildə «Hümmət» qəzetində N.Nərimanov «Arı bəy» imzası ilə çap etdirdiyi növbəti «Kiçik felyeton»unda bir daha torpaq məsələsinə qayıdaraq problemin üzərində dayanır. Müsavat proqramında bu işin yalnız sözdə olduğunu bildirərək onların məsələyə münasibətini şərh edən müəllifin: «Müsavat rəhbərləri bu cür düşünürlər: burada nə var ki, proqramda yazarıq ki, torpaq kəndlilərə paylanmalıdır, amma çıxışlarımızda bu haqda heç nə danışmarıq. Çünki bu barədə danışsaq, əsl türklər iki hissəyə bölünərlər: kəndlilərə və mülkədarlara. Beləliklə, bu iki əks sinif arasında münaqişə yaranar və «əsl türklərin» vətəni dağıla bilər. İndi isə məlum olmuşdur ki, Gəncə quberniyasında bu «vətən» artıq dağılmaq üzrədir: oranın kəndliləri «Müsavat»ın qəlbi sayılan Nəsib bəy Yusifbəyovun sözünə baxmayıb torpaqları zəbt etmiş, mülkədarları isə Gəncəyə qovmuşlar.» (4. s.105) - sözləri ciddi ittiham kimi səslənir. Müxtəlif mənbələrdəki araşdırmalarda bəy-xan zümrəsinin çoxluq təşkil etdiyi Müsavat partiyasının proqramında yazılanlar inanılmaz görünsə də, hələ o zaman bolşevik ideoloqlarının məhz aqrar problemləri önə çəkmələri məlumdur.
14 iyun 1919-cu ildə ölkədə hərbi vəziyyət elan edildikdən sonra Cənubi Qafqaz respublikaları ilə bağlanmış birgə müdafiə müqaviləsinin 27 iyunda, parlamentin növbədənkənar əlli birinci iclasında təcili müzakirəsi keçirildi. Denikin ordusunun Şimali Qafqazyadan sonra qonşuluqdakı digər dövlətlərin istiqlalına təhlükə yaratdığı bir məqamda Gürcüstanla bağlanmış ittifaqın birgə müdafiədə vacibliyi qeyd olunmaqla Məhəmməd Əmin Rəsulzadənin müqaviləyə istinad edərək söylədiyi: «Maddədə üçüncü qonşu olan erməni millətinə imkan verilmişdir ki, müəyyən vaxta qədər istərlərsə, ittifaqda iştirak edə bilərlər. Ümid edirəm ki, erməni demokratiyası yaxın zamanda öz mənfəətini dərk edib müqəddəratını və mənafeyini Zaqafqaziya millətlərilə birlikdə həll, müdafiə etməyə qalxışar…» (5. s.762) - sözləri natiqin demokratizmə inamını əks etdirir.
27 noyabr 1919-cu il tarixli parlamentin yüz birinci iclasında Məhəmməd Əmin Rəsulzadənin çıxışındakı: «Bir də burada torpağın milliləşdirilməsindən bəhs olunur. Bir kaç ay zərfində mümkün olurkən, deməklə mümkün də olmaz. Tutalım ki, biz bir gün milliləşməni də və sizin bütün torpaq proqramınızı da qəbul etdik. Fəqət bunun feli icrası üçün külli miqdarda məmurlar lazımdır: yerləri ölçmək, hesabını tutmaq, keçənlərin siyahısını tərtib vermək lazımdır, ondan sonra ancaq iş başlamaq olar ki, bu da iki il çəkər.» (5. s.537). Göründüyü kimi yetmiş illik hakimiyyəti dövründə «torpaq kəndlinin, zavod fəhlənin» - deyib məhsulun kimə çatacağını gizli saxlayan sovet hökumətini mədh edənlərə elə Məhəmməd Əmin Rəsulzadənin özü daha tutarlı cavab vermişdir.
1920-ci ilin əvvəllərində Rusiyanın və onun Qərb müttəfiqlərinin marağına zidd gedərək Sevr müqaviləsini rədd edib daşnak qüvvələrini yerinə oturdan Türkiyənin Ermənistanı Aleksandropol sazişi imzalamağa məcbur etməsi, bu iki dövlətin sərhəd münasibətlərinin tənzimlənməsinə şərait yaratsa da, türk ordusu çıxdıqdan sonra ermənilər Qars və İrəvan mahallarında milli qırğın törədirlər. Tiflisdə üç qonşu respublika nümayəndələrinin sülh danışıqlarından qayıdan Şəfi bəy Rüstəmbəyovun 9 mart 1920-ci il Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin iclasında ermənilərin törətdikləri qırğın barədə bədbin çıxışı vəziyyətin təhlilinə ehtiyac yaratdı. Çıxış üçün söz alan Məhəmməd Əmin Rəsulzadə: «İnsaniyyət, haqq və hüquq şüarı elan edilməmişdən Rus-Osmanlı müharibəsi əsnasında da o yerlərdə məzlum müsəlmanların qanı axıdılmışdı.» (5. s.826) - deyərək, Parisdəki Poqos Nubar paşadan gələn məlumata əsasən yaradılmaqda olan vahid Ermənistanın mərkəzi kimi Karsın nəzərdə tutulmasına da toxundu.  Onun: «Bu xəbərləri Karsdan gələn xəbərlərlə müqayisə etsək, anlaşılır ki, bu son hərəkət süni bir Ermənistan düzəltmək məqsədindən ibarətdir.» (5. s.828) - kimi uzaqgörən qənaətini bildirib «məzarıstan sükutu, qəbristan asayişi üzərində hökumət qurulması»nın mümkünsüzlüyünü qeyd edərək emosiyalara uymadan sivil və mədəni yollarla addım atmağı önə çəkməsi natiqin strateji məqsəddən dönməzliyini göstərirdi.
27 aprel 1920-ci il tarixli Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sonuncu, yüz qırx beşinci iclasında gözlənilmədən iki nəfər silahlı ilə salona daxil olan, çərkəzi geyimli, tapançalı, xəncərli Həmid Sultanovun gətirdiyi «Azərbaycan İnqilab Komitəsi parlamanı buraxıb Müsavat hökumətinin dərhal inqilabi komitəyə təslim olmasını tələb edir.» - yazılı ultimatumu çaşqınlıq yaradır. M.Ə.Rəsulzadənin: «Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də, təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək.» (5. s.972) - sözləri vəziyyətin gərginliyi barədə təsəvvür yaradır. Səs çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alındıqdan sonra digər partiyalarla müzakirə apararaq komissiyanın sədri kimi parlamentə izahat verən Məhəmməd Həsən Hacınskinin Azərbaycan Kommunist firqəsinin məktubunda «axşam saat 7-yə qədər hökumətin onlara təslim edilməsi tələbi qəbul edilərsə, Qızıl Ordunun Bakıya girməyəcəyi, yalnız hökumət başında olanlar müsəlman olan Azərbaycan kommunistləri ilə əvəzləndikdən sonra məmurların öz işlərində qalacağı, parlamentdəki siyasi firqələrin azad fəaliyyəti, hökumət üzvlərinin təqib olunmayacağı»nı nəzərə çatdırır. Qızıl Ordunun məqsədi məzlum millətə yardım etmək olduğu halda bu təklifi qəbul edilməsə, gələcəkdə məsuliyyətin parlament üzvlərinin üzərinə düşəcəyini vurğulayır.
İşğalçı orduya qarşı duracaq hərbi qüvvənin yoxluğu bəlli olduğundan Məhəmməd Həsən Hacınskinin: «Boynumuza almalıyıq ki, bu gün sərhəddə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır deyilik. Hökumətin laqeyidliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdır.» - sözləri reallığı əks etdirsə də,  «Bununla belə ictimaiyyətin fikrilə də razılaşmalıyıq ki, Şimaldan heç bir qorxu yoxdur və orada yaşayanlar da Azərbaycan kəndliləri kimi kəndlilərdir və azərbaycanlı kəndlilərin razılığı və istəyi olmasa, heç kəs Azərbaycana soxula bilməz. (…) Onların vəzifələri Azərbaycandan keçib Türkiyəni zalım imperialistlərdən azad etməkdir. Əgər məqsəd budursa, Şimaldan gələn qüvvələrin təzyiqi altında hökuməti təslim etməyə nə ehtiyac var? Bir halda ki, türklərin imperializm əsarətindən azad olmasına hamı və o cümlədən, biz də sevinirik. Bu fikrə qarşı cümhuriyyət daxilində zidd çıxan olmaz. Əslində Türkiyəyə və Zəngəzura kömək etmək istəyirlərsə ictimaiyyət arasında elə bir fikir yaratmalıdırlar ki, bu qüvvələr Azərbaycana yalnız onun ərazisindən keçib Türkiyəyə getmək üçün daxil olurlar.» (5. s.973) - kimi fərziyyələrinin əsassız olduğu tezliklə təsdiqlənir.
Yalnız Məhəmməd Əmin Rəsulzadənin: «Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün, bundan əlavə bugünkü Kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq.» (5. s. 976) - sözləri yetmiş ildən sonra müstəqillik haqqını yenidən qazanacaq xalqın ideoloqunun çağırışı kimi səslənir.
Artıq işğalçı qoşunun təzyiqi ilə vəziyyətə nəzarət edə bilməyən parlamentdə sonuncu çıxışçılardan olan M.Hacınski tribunaya qalxaraq bolşeviklərin inqilabi hökumətinin parlamentlə birgə çalışmaq fikri olmadığını bildirir. Əliheydər Qarayevin «proletar inqilabının əleyhinə gedənlərin gülləbaran ediləcəyi» barədə xəbərdarlığından sonra bir çox deputat salonu tərk etsə də, qarışıqlıq şəraitində belə fraksiyaların fəaliyyəti davam edir. Gecə yarıya qədər uzanan bu fövqəladə iclasda Əliheydər Qarayevin artıq işğalçılıq missiyasını yerinə yetirməyə başlayan Qırmızı Ordunu «dünya proletariatının xilaskarı» adlandırması Məhəmməd Əminə xoş gəlmir. Ona qəti cavab verən Məhəmməd Əminin «ilanın ağına da lənət, qarasına da»-deyə hansı rəngə boyanmasından asılı olmayaraq rus ordusunun ağ və ya qırmızısının yalnız xalqları əsarətdə saxlayan işğalçı olduğunu söyləməsi Əliheydər Qarayevi hiddətləndirir. «Gülləbaran edərəm, gözlərini çıxardaram» - deyə ona hücum çəkən Əliheydər Qarayevə təmkinini pozmayan Məhəmməd Əmin olduqca tutarlı cavab verir: «Siz millətin gözünü çıxarmısınız Qarayev Əliheydər, tovarişlər səni gülləbaran edəndə məni və bu günü yada salarsan!». Məhəmməd Əminin bu kəlamlarına tədqiqatçı Manaf Süleymanovun münasibəti maraqlıdır: «Bu kəlam əsl peyğəmbərlik idi. İllərin arxasından hadisəni görmək əsl peyğəmbərlikdir. Möcüzə!» (6. s.160).
1 noyabr 1920-ci ildə Bakıya gələn İosif Stalinin Məhəmməd Əmin Rəsulzadəni həbsdən azad etdirərək özü ilə qatarla Moskvaya aparması köhnə dosta mənəvi borcun qaytarılması kimi səslənsə də, əslində milli demokratiyanın mərkəzi fiqurunun neytrallaşdırılması, bu platformada digər mövqedə duran Nərimanovun də siyasi meydanda təklənməsinə səbəb olur. Həmin ilin 29 noyabrında Ermənistanda sovet hökuməti qurulduqdan dərhal sonra mərkəzi hakimiyyətə və Bakıda əhatələndiyi bolşevik cildinə girmiş daşnaklara təsir mexanizmindən məhrum olan Nəriman Nərimanov Zəngəzur kimi tarixi ərazimizin itirilməsinə qarşı çıxa bilmir.
P.S."Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi ilə azərbaycançılığın bərpasıa inamını qətiyyətlə söyləyən Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə dair prezident fərmanı müqəddəs dövlətçilik strategiyasının təsdiqidir.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.