Cavid Zeynallı: “Röya mənə dedi ki...” - MÜSAHİBƏ
29.01.14

Gənc yazıçı Cavid Zeynallı müsahibəsində yeni romanı - “Leyla” haqda danışır.

 

- “Leyla” romanını yazmaq ideyası necə yarandı?

 

- “Leyla”nı “Günəşi gözləyənlər”i bitirən zaman yazmağa başlamışdım. Təxminən, birinci romanın axır səhnələri idi. Açığı, bir az yorulmuşdum. Düşündüm ki, bir az nəfəsimi dərsəm yaxşı olar. Həm də fikirləşirdim ki, son iyirmi ildə Azərbaycanda bir şou bumu yaşanır və bunu mütləq ədəbiyyat materialına çevirmək lazımdır. Məsələ onda deyil ki, şou-biznesdən roman yazmaq nə dərəcədə ciddi, nə dərəcədə qeyri-ciddi olar. Burda əsas məsələ yazıçının hansı tərəfdən, hansı yöndən şou-biznesə yanaşmasındadır. Yəni, məqsəd şou-biznes haqda yazmaq idi və mənə elə gəlir, bu mövzuda yazılan əsər yaxşı oxuna, adamlarda maraq yarada bilər. Çünki faktiki televiziyalarda şou proqramlara maraq həmişə böyük olur, hamı baxır və müzakirə edir. Buna görə, düşündüm: bu mövzuda ortalığa bir əsər çıxartsam, nəsə səs-küyə səbəb ola bilər. Bir növ həmin həyatın pərdə arxasını öyrənmək baxımından maraqlı ola bilərdi. Səbəb bunlardır. Həm də bilirsiniz, cavab üçün özümü dağa-daşa salmayım: nəsə yazmalıydım, ya yox?

 

- Şou-biznesin mətbəxini öyrənmək üçün nə etdin? Müğənnilərlə əlaqə saxlayıb görüşdünmü?

 

- Romanda yaratdığım obrazların heç biri ilə görüşməmişəm. Əlbəttə ki, onlarla görüşməyi çox istərdim. Amma bu, mənim imkanlarım xaricində idi. Əsərdə Aygün Kazımovadan, Lalə Məmmədovanın həyatından, Röyadan, Nisə Qasımovadan nəsə var. Məsələn, Rəqsanə var. Romandakı maşın krediti söhbəti Rəqsanədən gəlir. Daha çox müğənnilərin müsahibələri, qonaq olduqları verilişlərdə dedikləri faktlar mənim üçün maraqlı olub. Yəni açıq informasiyalardan istifadə etmişəm.

 

- Dediklərin daha çox detal şəklindədir...

 

- Əslində həmin faktlar mənə detal kimi vacib idi. Çünki mən əvvəlcədən nə yazmaq istədiyimi bilirdim. Amma yazmaq istədiyimi zənginləşdirmək, bir az inandırıcı, bir az fərqli göstərmək üçün həmin detallar mənə lazım idi. Bu detallardan istifadə edib obraz yaratmışam. Tutaq ki, Rəqsanənin, Röyanın həyatını olduğu kimi yazsaydım, bu heç kimə maraqlı olmayacaqdı. Mənə ümumiləşmiş bir obraz lazım idi ki, həmin o ümumiləşmiş obraz vasitəsilə də şou-biznesdə olan hadisələri, çirkinlikləri, pərdə arxası mənzərəni oxucuya çatdırım.

 

- Klara obrazı kimdir?

 

- Klara obrazı konkret heç kim deyil, uydurulmuş obrazdır. Və mənə elə gəlir ki, Azərbaycan şou-biznesində, ümumiyyətlə, Azərbaycan ictimai həyatında elə bir adam ola bilər. Çünki Azərbaycan mühiti buna imkan verir.

 

- Bəzi adamlar deyir, Klara obrazı İlhamə Quliyevadır...

 

- (Gülür) Orda elə məsələlər var ki, İlhamə Quliyeva yatsa da,  yuxusuna girməz. Bank sahibi olmaq, xaricdə ticarət əlaqələri, hər şeyə diktə etmək, hətta televiziyalara müəyyən təsir imkanı... Bunlar İlhamə Quliyevalıq deyil, onun imkanları xaricindədir. Yenə deyərəm, bu obraz mənim təxəyyülümün nəticəsidir.

 

- Müğənni Röya ilə bağlı qalmaqal yarananda “Yazıçısan, get işinlə məşğul ol” kimi fikirlər də səsləndirildi. Bu haqda nə deyə bilərsən?

 

- Yazıçı həmişə ciddi olmalıdır, yazıçı həmişə sanballı olmalıdır, nə bilim, yazıçı həmişə özünü başqa təbəqələrdən yüksək tutmalıdır filan deyən adamlara sadəcə gülürəm. Və yazıçı niyə şou-biznesdən yazır, getsin öz işi ilə məşğul olsun deyən adamlar da başını divara döyürlər. Sözü bir vaxtlar müqəddəs hesab edirdilər, sonra dedilər, söz plastilin kimidir. Sözü siqaret dalınca da, sözü araq dalınca da mağazaya göndərmək olar. Yəni mənim üçün ədəbiyyat ilahi məsələ-filan deyil. Vacib olan sözdən necə istifadə etməkdir.

 

- Son romanındakı Rəcəb obrazı “Günəşi gözləyənlər” romanının qəhrəmanı Üzeyirə bənzəyir. Bunu bilərəkdən etmisən?

 

- Həm Üzeyirin, həm də Rəcəbin xarakterində mənə aid nəsə var. Digər tərəfdən bir Azərbaycan gəncinin bohem həyat keçirməsini təsvir etmək, o şəkildə onun obrazını yaratmaq mənə maraqlıdır. İkinci bir tərəfdən, Azərbaycanda oxucu kütləsinin əsas kontingenti gənclər və tələbələrdən ibarətdir. Təəssüf ki, biz tələbələri öz oxucumuza çevirə bilməmişik.Gənc adam obraz yaratmaqda məqsəd buna hesablanıb. Digər tərəfdən, Azərbaycan gəncinin sosial durumu, günü-güzəranı doğrudan da yazdığım gündədir. Elə mən özüm də daxil olmaqla. Həm də, mən Üzeyir obrazından bir balaca qırılmaq istəyərdim. Müəyyən qədər “Leyla” romanında qırılmışam. Çünki orda daha çox naturalist şeylər, həyatın daha dibi kimi məsələlər var. Qismət bir dəfə maraqlı şey dedi: “Rəcəb Üzeyirin iş tapmış variantıdır” (Gülür). Amma mən yəqin növbəti əsərlərimdə belə bir qəhrəman yaratmayacam. Bu qəhrəmandan artıq doydum.

 

- Sosial mənşə etibarilə onu özünə yaxın hesab edirsənmi?

 

- Əlbəttə. Universitet həyatı, tələbə yataqxanası, kirayədə yaşamaq, iş tapa bilməmək, maddi problemlər, pivədən sərxoş olmaq, hamısı mənə aiddir.

 

- Elə bir roman yaza bilərsənmi, qəhrəmanı qadın olsun?

 

- Yaratmaq olar, amma həm oxucunu inandırmaq, həm də hissləri filan vermək çətin olar. Mənə elə gəlir, yaxşı qadın obrazını ancaq qadın yazıçı yarada bilər. Məndə belə bir fikir formalaşıb. Təəssüf ki, bizim xanım yazıçıların isə siz dediyiniz qadın obrazını yaradacaqlarına nəsə inanım yoxdur.

 

- İki roman yazmısan. Onları oxuyanda adamda belə təəssürat yaranır ki, sən süjet və ideyadan daha çox dilə üstünlük verirsən. Və dil sənin üçün birinci nömrəli məsələdir.

 

- Razıyam, mən dilə qarşı hədsiz həssas, vasvasıyam. Yazılarımda da bunu hiss etmisiniz. Bir vergül yerində olmayanda, daxilən narahat oluram. Amma bu o demək deyil ki, mənim yazı dilimdə qüsur tapmaq olmaz. Əstəğfürullah! Hətta “İncil”i də redaktə etmək olar. Redaktə sonsuz prosesdir. Konkret suala gələndə, bəli, mən düşünürəm ki, ədəbiyyat məhz dil faktıdır. Bunu son vaxtlar ironiya kimi də istifadə edirlər. Dil vacib deyil, əsas ideyadır, süjetdir deyirlər. Yanlış anlayışdır. Yaxşı mövzu pis dildə yazılsa, oxuya bilmərəm. “Leyla”da ideya baxımdan kim nə istəyir, onu çıxartsın. Məndən soruşsanız “Leyla”nın ideyası nədir, konkret cavab verə bilmərəm. Ümumiyyətlə, bu haqda düşünməmişəm. Yəni düşündüyümü sizə dedim və bizim həmkarlardan fərqli olaraq, ciddi görkəm alıb, sualın ağzını azdırmaq üçün fəlsəfə açmaq istəmirəm.

 

- Azərbaycan ədəbiyyatında arxaizmlərlə, dialektik sözlərlə uzun təntənəli cümlələr yazan müəlliflər olub. Çox gözəl dillə pis mətn yazılması mümkündürmü?

 

- Bizim ədəbiyyatımızda kifayət qədər belə nümunə var. Mən Sabir Əhmədlinin əsərlərini oxuyanda dəhşətə gəlmişdim. Mövzuları yaxşıdır, ustad yazıçıdır. Hətta mən sizə deyim ki, onun cümlələrinin altından xətt çəkib yazmışdım ki, biabırçılıqdır, redaktəyə çox ciddi ehtiyacı var. Səhv etmirəmsə, Əkrəm Əylisli dedi bir dəfə: Sabir Əhmədliyə dedim ki, əsər gözəldi, amma dili pintidi, gəl bunu düzəldək. O da razılaşmayıb. İndi bu yazıçının öz üslubudur. Əstəğfürullah, Elxan Qaraqanla Sabir Əhmədlini müqayisə etmək fikrim yoxdur, amma Elxanın “A” romanında səkkiz sözlük bir cümlədə dörd söz çıxartdım, heç nə dəyişmədi. Əksinə, cümlə nəfəs aldı.

 

- Bu əsərin mesajı nədir? Şou-biznes romanı təsiri bağışlamır əsər, bir jurnalistin başına gələn macəraya oxşayır. Leylaya adamın ürəyi ağrıyır.

 

- Bu məqamı düz tutmusunuz. Mənim yazmaqda məqsədim şou-biznesin bu qədər rəngarəngliyi, parlaqlığı fonunda onun pərdə arxasındakı adamın böyük faciəsini göstərmək idi. Hər şey kənardan olduğu kimi görünmür. Bu milyonların arxasında nə boyda insan faciəsi dayanır. Romanda həm də Azərbaycan ədəbiyyatının və jurnalistikasının gerçək üzünü göstərmək istəmişəm.

 

- Əsərdə ədəbi mühitlə, jurnalistika ilə bağlı az da olsa bir sıra məqamlar var. Amma şou biznes daha geniş yer tutur. Ədəbi mühit və jurnalistika ilə bağlı müşahidələr şou biznesdən daha maraqlıdır. Olmazdımı ki, yaxşı bildiyindən bu mühitdən yazasan?

 

- Dediklərinizlə razıyam, çünki mən bu mühitin içindəyəm. Bir də müharibədən yazmaq üçün hökmən müharibədə olmaq gərək deyil axı. Ədəbi mühit, jurnalistika ilə bağlı detallar ona görə maraqlıdır ki, mən onları bilirəm. Söhbətlərin içində olmuşam. Bəlkə üç il şou-biznesdə olsaydım, bundan da yaxşı yazardım.

 

- Romanda həm də qəribə bir iticilik, bir aqressiya var...

 

- Bilmirəm, bəlkə mənim yaratdığım qəhrəmana, həyata içimdə bir aqressiya var. Bu onun sübutu ola bilər. Qəhrəman it günündə yaşayırsa, onun düşüncəsi də elə olmalıdır. Rəcəb başqa şey düşünə bilməz. Yataqxanada yaşayan insan villada yaşayan insanlara böyük sevgi, mərhəmətlə yanaşa bilməz. Bu saxta ədəbiyyat olacaq. O başqa məsələ ki, əsərdə həmin məsələlər baxımından əndazəni aşmışam, insanlara qarşı dəhşətli aqressiya nümayiş etdirmişəm. Ola bilər! Bəlkə də belədir.

 

- İki romanın da birinci şəxsin dilindəndir. Bir müddət sonra birinci şəxsin dilində yazmaq səni yormayacaq ki?

 

- Bu artıq məni yorub (gülür). Səbəb sadədir: birinci şəxsin dilində çox rahat yazıram. Belə yazmaq rahatdır, vəssalam. Bir tərəfdən də düşünürəm ki, artıq bəs edər. Üçüncü romanı nə vaxt yazmağa başlasam, üçüncü şəxsin dilindən yazacam.

 

- Epiqraflar da çoxdur-Zəlimxan Yaqubdan tutmuş Paolo Koelyoya qədər. Bu epiqrafları verməkdə məqsəd nə idi?

 

- Həmin epiqrafları diqqətlə oxusanız, görərsiniz ki, fəsillərlə bağlılıq var, yəni nəyəsə söykənir. Zəlimxan Yaqubun şeirini vermişəmsə, qəhrəman gedib bir yaxşılıq missiyasını yerinə yetirir. Kitabın birinci epiqrafı Qismətin şeiridir və Leylanın bütün xarakterinə, vəziyyətinə uyğundur. Bu epiqraflar savad nümayişi-filan üçün deyil. Onsuz da mən, mütaliəmdən narazı olan adamam. Və mən bilirəm ki, indiyə qədər nəyi oxumalıydım, oxumamışam. Bu qədər sadə.

 

- Mətbuatda Röya ilə görüşünüz haqda məlumat yayılıb. İstərdik ki, həmin görüş barədə də danışasınız.

 

- Bu məsələ yayılandan sonra Röya xanımın prodüseri Kənan bəy zəng elədi və dedi, belə bir söhbət yaranıb, sizdən açıqlama almaq istəyərdim ki, nə məsələdir. Mən də ona izah etdim ki, bunu nə təsdiq, nə də inkar edirəm. Bu, ümumiləşdirilmiş obrazdır və orda Röyadan da nələrsə var. Dedim, Röya oxuyub nəticəni özü çıxarmalıdır. Kitab mağazalarda kitab var, Röya xanım alsın oxusun, əgər özünü orda görürsə artıq mənim günahım yoxdur, görmürsə də, lap yaxşı. Özü bilər, səhər də mənə Röyanın dostu zəng elədi ki, Röya sizinlə görüşüb çay içmək istəyir. Mən də dedim, gəlmək imkanım yoxdur, amma təqdimat mərasimi olacaq, gəlsin, orda aydınlaşdıraq. Və o da dedi ki, vaxtı yoxdu, konsertə hazırlaşır, üzrlü sayın, siz gəlsəniz, daha yaxşı olar. Açığı, getmək istəmirdim, israr etdikləri üçün getdim. Röya konsert üçün məşq edirdi. Bir az aqressiv, bir az istehzayla dedi ki, məndən yazmaq istəyən yazıçı zəhmət olmasa əyləşsin, məni bir az yaxından tanısın. Oturduq, söhbət etdik. Dedi, belə bir fikrin var idisə, gərək mənimlə görüşərdin, sənə elə məlumatlar verərdim ki... Mən də cavab verdim ki, məqsədim sizdən yazmaq olmayıbsa, niyə görüşməli idim? /kulis.az/

Yenililklər
27.11.20
Elnarə Qaragözova- Kamal Abdullanın postmodern nəsrində oxşar obrazı
27.11.20
Vilayət Quliyev - Kəndimizin erməniləri
27.11.20
Təranə Vahid - Qorxu çiçəkləri
27.11.20
Mərahim Nəsib - Səni də dəyişən noyabr oldu
24.11.20
Qulu Ağsəs - Ağ alınlı qızılı atların vətəni
24.11.20
“Xaqani Şirvani həyatı və yaradıcılığı” kitabı çap olunub
17.11.20
Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
17.11.20
Professor Şamil Salmanovun seçilmiş əsərləri nəşr olunub
17.11.20
Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub
17.11.20
Beynəlxalq və yerli ekspertlər Şuşaya səfər edəcəklər
17.11.20
Mədəniyyət Nazirliyinin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunub
17.11.20
Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda nəşr edilib
16.11.20
Gülnar Səma -  Kəndimizin könüllü şəhidi
14.11.20
Türkiyədə mühacir yazıçı və jurnalist Məmməd Sadiq Aran haqqında kitab çap olunub
14.11.20
Nadir Əzhəri: “Uçan buludlar” hekayəsində modern baxışın izləri
14.11.20
Prezident təqaüdçüsü müharibə uşaqlarına kitab həsr etdi
14.11.20
Yohannes Keskinen: “O dönəmdə Moskva yönətimi "parçala və hökm sür" siyasətini fəal bir şəkildə həyata keçirirdi”
13.11.20
Musa Yaqubdan 50 yaşlı möhtəşəm Şuşa şeiri
13.11.20
“Bəhlul” jurnalı ilk dəfə transfonelitersiya edilərək çap olunub
13.11.20
“Nobel qardaşlarının ilk uğuru” filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
13.11.20
Bəstəkarlar İttifaqı “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə öz fəaliyyətini davam etdirir
13.11.20
TÜRKSOY-un Baş katibi: "Türk aləminin mədəniyyət xadimlərinin səsləri Şuşadan dünyaya yayılacaq"
13.11.20
Nailə Adilqızı - Ucalsın göylərə bu haqq səsimiz
12.11.20
Səadət Kərimi: “Biz birləşib, güclü və qətiyyətli olanda Tehranın da, Kremlin də polemikası dəyişir”
12.11.20
Şuşanın Tarixi Mərkəzi dünya irsi elan edilməsinə layiqdir
12.11.20
Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacağıq
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.