Əli Şirin Şükürlü - Onun adı Şərəf idi
13.12.13
Şeir-pritça
dilimin ucunda söylənməyən söz, sinəmdə nəğmələr yatar. təsəllim Sənsizlik bəzən, Sənsizlik səni anladar.
masamın üstündə kitablar kağızlar qələmlər ... məyus; sənsizlikdən danışır. təsəllim sənsizlik - səndən danışır...
yol qırağındakı Daşın üstündə oturub Qoca – bir az dalğın. uzaqdan oynaya-oynaya bir oğlan yaxınlaşır.
- adın nədir, bala? - - adim Azərdir, dədə. - adam öz - özünə oynamaz, oğul! - öz- özümə oynamıram ki, içimdəki havaya oynayıram, dədə.
uzaqlaşır Azər. gözdən itənə qədər seyr edir onu Qoca.
içindəki havaya yüyürür Azər ...
ulduzlar sayrışır. hava tutulur. keçdiyim küçələr – yollar, yol qırağındakı ... binalar qəmgin yağışdan çıxıb sənsizliyi ağlayır, təsəllim sənsizlik – səni xatırladır ...
qapı ağzında qarşılayır Azəri Baycan. sarılırlar biri – birinə.
Baycan Azərin sevgilisi, gözəl bir qızdı. biçimli bədəni var.
uzanıb Baycanın yanında Azər. isti öpüşləri yandırır qızın sinəsini.
- Azər, görəsən, qadınlar sevmədən necə kiminsə ola bilirlər? – ehtirasdan titrəyən səsiylə soruşur Baycan - Bu o deməkdir ki, sən məni çox sevirsən – daha möhkəm qucaqlayıb özünə sıxır Baycanı Azər.
özü də bilmədən nədən yenidən dillənir Baycan: - deyirlər: düşmənlər əsir qadınlarla istədiyi kimi davranırlar.
qızı qucaqlayan qolları boşalır Azərin. isti öpüşlərin yeri soyumağa başlayır. Baycan heyrətlə baxır Azərə - sanki buz heykəldi dayanıb qarşısında.
- bilirsən, Baycan, mən bir qızı sevirdim uşaq vaxtından, əsir apardılar gözüm görəsi, onun adı Şərəf idi. Ş-ə-r-ə-f... boğulur Azərin səsi
qız ehtiraslı sevgidən sonra dərhal anlaya bilmir nə baş verdiyini. örtülən qapının səsindən diksinib ayılır Baycan. çilik – çilik olub dağılır otağa Baycanın xəyalındakı Azərin buz heykəli.
Azər Baycandan qaçır ...
səhərlər geyinib çıxıram evdən. dönürəm axşamlar, gecə yarısı. geydiyim paltarlar, keçdiyim yollar, gördüyüm adamlar, sevdiyim axşamlar ... sənsizliyi anladır. təsəllim sənsizlik – səni anladır ...
- niyə bikefsən, oğul, nəsə itirənə oxşayırsan? – soruşur yol qırağındakı Daşın üstündə oturan Qoca. - hə, itirmişəm, dədə - dillənir başını qaldırmadan Azər. - üzülmə, oğul, insan bu dünyaya daha çox itirmək üçün gəlir onsuz da.
uzaqlaşdıqca Qocadan Azər sanki daha aydın eşidir: “ insan bu dünyaya itirmək üçün gəlir”.
“itirəndə də baxır nəyi itirirsən” – qüssə ilə düşünür Azər.
gözdən itənə qədər seyr edir onu Qoca.
Azər içindəki havadan qaçır ...
illərdi bir qara sevda səsləyir məni, gedimmi görəsən?!
yəni belə olacaq – illər ötüb keçəcək, sən mənsiz yaşayacaqsan, mən sənsiz öləcəyəm?!..
hava soyuqdu ... yol qırağındakı Daş tənhalıqdan üşüyür artıq ...
sayrışır göydə ulduzlar sayrışır, qarışır yer üzü qarışır, yarışır hər şey yarışır. təsəllim Sənsizlik?! Sənsizlik nədən danışır?!..
... – 08.04.2008.
Avanqard.net
|