Mübariz Rəfiyev -"Şpaqat" vəziyyəti
09.12.13
“ ... burda pul qar kimidi, nənə, - adamın əlində qalmır.” İşə bax, sən demə, neftin kəskin ucuzlaşmasının, üzüaşağı qəfil dombalağının ucsuz-bucaqsız Tayqada fındıq boyda balaca Luçazarnıya təsiri olarmış! Təsir nədi əşi, bir ilin içində əməlli-başlı çökdü şəhər. İri-iri zavodlar dayandı, müəssisələr bağlandı, işçilər qeyri-müəyyən müddətə məzuniyyətə buraxıldı. Şəhərə taun düşdü sanki, başını götürən qaçdı... “Kimin ağlına gələrdi belə olacaq, nənə...- şəhərin lap mərkəzində, köhnə pinəçi butkasının yerində ağ-qırmızı kərpicdən tikdirdiyi əzəmətli Ticarət Evinin qabağında indi sapand daşı kimi düşüb qalıb. Başını doğma kəndlərinin axşamüstüsündə nənəsinin dizinə qoyub fikrən, gözləri şimalın süd kimi ağ, bəyaz gecəsində sərgərdan günəşə dikili. - Mənimki də belə gətirdi, nənə”. Başının üstündə yellənən bir topa bataqlıq mığmığası qara ipək kəlağayısıdı nənəsinin, qanını sümürdükcə şişib qara-qırmızı tuluğa dönmüş ağcaqanadlarının göynədici dişdək yeri - quru, cod əlləridi, boynunda-boğazında gəzir, keçəlləşmiş daz başında əvvəlki şəvə, sıx saçlarını qarışdırır.. “Özü yıxılan ağlamaz, dur qayıt gəl emmizə, Edan. Gəl yurdunda yurdçu ol. Quru qaraltın bəsimizdi...” “Özü yıxılan ağlamaz...”- nənəsinin heydən düşmüş, xırıltılı səsi qulağının dibində cəhrə kimi cırıldayır hey, kirkirə daşı kimi fırlanıb oyur beynini. “İldar, vsyo brasay k çortu, priezjay. Tam uje delat neçevo...” - bu tərəfdən də Lyuda. Uzaq Karpat dağlarının ətəyində binələnmiş yad bir Ukrayna kəndindən əl edir ona... İki yolun ayrıcında qalıb indi. Atacağı hər hansı addım onu iki yerə böləcək mütləq. Kürəyinin ortasına vuran küt ağrı canına üşütmə salıb: “başıma bir iş gəlsə noolacaq?”. “Axırıncı alkaş kimi meyidimi tullayacaqlar Aqanın qırağında... - axır vaxtlar, nədisə, Qurban tez-tez düşür yadına.- Xarabadı bura, deyirdi yazıq, bataqlıqdı... çıxmaq olmur ...” Ona ən çox yer eləyən Ruslan oldu. Anası tərəfə çəkdi oğraş, anasının götünə düşüb getdi. Yaxşı da elədi. Əlinin lap içindən gəldi. Nə eləməliydi? Ətək-ətək pulu aparıb Fyodor kişinin qapısına tökəndə bilmirdi axırı belə olacaq? Amma, nə bir olduu! Qəsr tikdirirdi kişinin oğlu! Yekə-yekə! Əlində-ovcunda nə qalmışdı tökdü Lyudagilin qapısına. Halbuki bir sınıq kərpic nədi, qıymadı öz kəndlərinə. Bir daxma qaraltmadı. Elə dedi, edərəm. Sonra eləyərəm. Sonrası da belə... Onun həmişə gülüb lağa qoyduğu adamlar özlərinə yer-yurd elədi Bakıda, ev-eşik sahibi oldu. “Nə qalmısınız “şpaqat” vəziyyətində, - gülüb onlara eyzən. - bir ayağınız burda, biri Bakıda?..” İndi gül, Eldar müəllim, gül! Gör indi kim “şpaqat” vəziyyətindədi... O vədə Rusetə razı deyildi nənəsi. ”Mayda qayıdacam” deyib and-aman elədi,- niyə mayda, özü də bilmirdi.- dədəsinin goruna and verdi. “Kişinin ili çıxsın, nişannan, cəhənnəm ol get, hara gedirsən...”- candərdi razılaşdı arvad. Əlacsız! İnstitutdan sonra gədənin ortalıqda avara qalacağından qorxdu. Kənd yeriydi, iş yox, güc yox. O da candərdi razılaşdı nənəsiynən. Oktyabrın iyirmi biri,- indiki kimi yadındadı.- nişanladılar onu. Hər şey elə sürətlə baş verdi ki, otuz ildi hazırlıq gedirmiş sanki bu işə. Onu ən çox təəccübləndirən xalası oldu; yaxınlaşıb boynundan bir öpüş qopartdı, guya qaynana olmaq xala olmaqdan irəliymiş. Hələ Südabə! Həmişə sakit, fağır tanıdığı xalaqızısının canfəşanlığı, aktivliyi onu mat qoymuşdu lap... Səhərisi çıxdı kənddən. Vəssalam! O oktyabr- bu oktyabr. Gör neçə il keçib üstündən. İyirmi iki elə Ruslanın yaşıdı... ”Özü yıxılan ağlamaz”,- Sverdlovskinin səsli-küylü, izdihamlı küçələrində döyüküb tək qalanda da fikirləşmişdi bu barədə,- “eşşəyə minmək bir ayıb, düşmək iki ayıb”. - Yezjay na sever, zemlyak, tam rubli dlinnıe...- dəmir yol vağzalında bir erməni biletsatan yaxınlaşmışdı ona, sifətində qarışıq, müəmmalı təbəssüm. Başqa yolu onsuz da yoxdu. Bircə yol vardı, o da qeyri-müəyyənliyə çağırırdı. Şimala! Gülən arvadın oğlu Qurbanın yanına. ... Plaskart vaqonun pencərəsindən açılan mənzərələr bir-birini itələdikcə içini yeyən şübhələr, tərəddüdlər də üst-üstə qalanmışdı. Uralın enliyarpaq sıx, sağlam meşələri şimala doğru təkəmseyrək dılğır-tösmərək şam ağacları ilə əvəzlənirdi. Tək-tək gözə dəyən əlçim qar topaları partlayan qarğıdalı dənləri kimi getdikcə çoxalıb artır, ağacdan ağaca sıçrayır, gah hirs-hikkə ilə vaqonunn şüşələrinə çırpılıb içəri dürtülməyə cəhd edir, gah da sərnişinləri qatarqarışıq dürməkləyib udmaq əzmində görünürdü... Yarıqaranlıq-yarıboş plaskartın üst yerində uzanıb tavandakı plafonun üzücü sarı-solğun işığına baxa-baxa tək bir şey haqda fikirləşmişdi onda:- hara gedir o, nə gözləyir onu? Axı, Qurban da o Qurban deyil indi. Bir vaxtlar şəhərdə çalıb-çapan, vurub-tutan olsalar da. İki qardaş kürək-kürəyə verib davaya qoşa atılanda bir batalyon adamı şil-küt edərmişlər. Su sənəyi suda sınar, düz sözdü. Qardaşı adam öldürüb türmələrə düşmüşdü, özü də belindən bıçaqlanıb şikəst qalıb, deyirlər. Şəhərdə pinəçilik edir... Bilsə Qurbanın yanına gedəcək, ömürbillah qoymazdı nənəsi. Kök bələdçi qızın işıqlı-cingiltili səsinə, ayazlı-bəyazlı səhərin sərt nəfəsinə oyanıb qalxanda artıq vaqonun bütün pencərələrində Təbiət Qocanın “Qış” tablosu asılmışdı. Sakit, ağır, əngin... Tayqa! Qəribədir, kənddən çıxdığı neçə ildi gör,- azı iyirmi beş il.- amma fikirləşəndə, elə bil dünən gəlib bu şəhərə; arada o iyirmi beş il heç olmayıb. Əvvəlki sıx, şəvə saçları, sapsağlam, balta dişləri yerində olsa, deyər bəs yuxuymuş Luçazarnı,- ha əlləşsə də yadına sala bilmədiyi yuxu. ... Şəhərin ortasındakı balaca, dar-basırıq pinəçi budkasında rastlaşdığı ilk mənzərə qaynar su kimi çırpılmışdı sifətinə; həmişə ədəbaz, təşər, daşbədənli, dəlisov görüb-tanıdığı Qurbanın... büstü dayanmışdı sanki ortada. Əlil arabasında... İçirdi Qurban. Şüşə kimi soyuq, işıltılı gözlərində, tapmaq olmurdu, sevinir onun gəlişinə, yoxsa narazıdı. Məngənə kimi möhkəm qollarıyla gah çəkib sinəsinə sıxırdı onu, gah da itələyib hirslə arabanı döyəcləyirdi: “ ... xarabadı bura. Bataqlıqdı. Çıxmaq olmur burdan. Nə may? Mən də mayacan gəlmişdim o vədə. Görürsən?- əlil arabasını yumruqlayırdı.- S...sən bura daş qoyanın var-datını. Qəhbəynən, anasının əmcəyini kəsənnən doludu bura. Sənə yazığım gəlir. Gül kimi oğlansan! Boylu-buxunnu! Bir yönnü şəhər tapaydın...- qalın stəkanda araq süzmüşdü ona, yarıyacan, çörəyin arasına kolbasa, bekon yığıb vermişdi, bankadan turşu çıxarmışdı.- Elə bilirsən daralıram gəlməyinə? Toba! Üç göz otağım var sağlığına. Kimim var guya mənim,- stəkanı alıb özünə də süzmüşdü.- Elə bilirlər, yel əsib qoz tökülüb. Qoz-zad bitmir burda. Hara baxsan qotur şamdı. O da qoza gətirir. Qoza! – gülmüşdü havalı kimi.– Mənə baxma, hökümət ev verib mənə, pensiya ayırıb. Dava-dərman, müalicə...- hamısı pulsuz. Bilirsən, nə qədər pensiya alıram? Sənin məlliminnən, həkiminnən on qat çox. Gedib nağayracam Bakıda?..”- isti budkanın bayırdan xırda sırsıra bağlamış nəfəsliyinə baxırdı... Kəndi xəbər aldı,- öləni, qalanı... Dədəsini soruşdu onun. Öldüyünü eşidib uşaq kimi hönkürdü təzədən, ağız-burnunun heliyi bir-birinə qarışdı... - Elə bilirsən Rusdamı ağlıyıram? Özümü ağlıyıram! Xoş halına Rusdamın. Xoş halına orda yatanın. Ərikli bağın üstündə, yovşannı, göytikannı yalın döşündə... Cənnət qoxusu gəlir ordan. Mənim axırım noolacaq? Kim aparacaq məni ora? Ərikli bağın üstünə? Sən aparassan? Axırıncı alkaş kimi meyidimi tullayacaqlar Aqanın qırağına... “... gördün, nənə, demişdim mayda qayıdacam, qayıtdım.”- Qurbanı aparmışdılar. Gözəl bir may günündə basdırdılar onu. Ərikli bağın üstündə, yovşanlı, göytikanlı yalın döşündə... Qıraqdan, ağ daşın üstündəki dördkünc mərmər parçasından Gülən arvad baxırdı Eldara,- minnətdar! Qurbanın “qayıtdığına” sevinirdi. Az qalırdı sevincdən dodağı qaça... Gülən arvadın alqışı idi, nəydi,- yəqin ölünün də alqışı olur.- onun bu şəhərdəki hər xırda işi asanlıqla düzəldi, hər niyyəti tezcə hasil oldu. Əvvəlcə, Qurbanın uzun müddət ağzı qıfıllı qalmış pinəçi budkasını ərzaq köşkü etmək qərarına gəldi. Sovetin dağılan vaxtı, dövlət mağazalarında kilkədən, tozağacı şirəsindən başqa heç nə yox... Nə satırsan gedir, neçəyə qoyursan uçur... Özü də hazır deyildi bu gəlhagələ. Çaşıb qalmışdı lap; o pulun dalınca qaçmırdı, yox, sanki hansısa güclü axın onu qabağına qatıb özüylə ayaqlaşmağa vadar edirdi, hansısa qüdrətli əl onu dartıb pillədən-pilləyə qaldırırdı. Lap nağıllardakı kimi, bir göz qırpımında şəhərin düz mərkəzində, köhnə pinəçi budkasının yerində, ağ-qırmızı kərpicdən əzəmətli, yaraşıqlı Ticarət Evi ucalmışdı, - içində marketlər, atelye, kafe, salon... Rüstəm kişinin oğlu Eldar dönüb “İldar Rustamıç” olmuşdu,- özünün kabineti, peçatı... “ "Burda pul qar kimidi, nənə,- hara baxırsan puldu...” Bəlkə, Südabənin ah-naləsi idi hər şeyi alt-üst edən! Bəlkə Lyuda ilə evlənməyi onun öz taleyinə müdaxiləsi idi? Hər halda, nişanlısı vardı onun, daima oturub yolunu gözləyəcək Südabəsi vardı! Digər tərəfdən, başqa yolu da yoxdu; Lyuda boylu idi, uşağa qalmışdı ondan və Südabədən fərqli uşaq gözləmirdi... O pulla davrana bilmədi, pulu dərk etmədi. Pulun çoxluğu qorxutdu onu. Hərdən ona elə gəlirdi ki, pul onu təqib edir. Pul onu qabağına qatıb Aqan çayının qırağında böyük bir restoran yeri götürtdürdü, layihəsini çəkdirtdi, ağır texnikalar gətirtdirib yerə iri payalar- svayalar vurdurtdu, daşını-qumunu Böyük Torpaqdan gətirtdirdi,- Ob çayından üzü şimala ümumiyyətlə torpaq yoxdu; bataqlıqdı.- dizayneri Peterburqdan, mərməri Jitomirdən, çilçirağı İtaliyadan, nə bilim, hovuzu İspaniyadan... qab-qacaq- “çexski”, bilyard- “korolevski”, özü də ən əlası... Bir də vaxtı dərk etmədi o. Elə bildi həmişə belə olacaq,- var da, pul da, cavanlıq da... yaşadığı şəhər də. Ona elə gəlirdi ki, istədiyi vaxt öz “obyekt”lərini dalına şəlləyib öz doğma kəndlərinə apara bilər, Fyodor kişinin qapısındakı “ikimərtəbə”sini də istədiyi vaxt öz köhnə sot yerlərinə qondurar, istədiyi vaxt bu “müvəqqəti”, yalançı həyatından asanca qopub öz “həqiqi”, “əsl” həyatına dönər. Ruslanı nənəsinə göstərib- anasına uşaqlıqdan “nənə” deyib.- “bax, deyər, atamın adını qoymuşam ona. Rüstəm...”, “ bax,- deyər Südabəyə,- oğlumuz nə böyük olub...”- kəndə hər dönüşündə o, Lyudanı “itirir” yarı yolda; təbii, ağrısız bir şəraitdə, işıqlı bir dumanda harasa yox olur Lyuda... “Halal olsun, oğul, Rusdamın çörəyi sənə.”- kənd kişiləri yaxınlaşıb əlini sıxar bir-bir, arvadlar gəlib boynundan-boğazından öpər. “Zalım qızları öz kişiləriynən öpüşmürlər, nədi - iki daşın arasında gülür arsız-arsız.- ətli, yaş dodaqları adamın boyun-boğazını islatmamış əl çəkməzlər...” Kürəyinin ortasını dələn küt ağrı gerçəkləyib əməlli, bədənini hiss etmir heç. “Xarabadı bura, deyirdi yazıq Qurban, bataqlıqdı... çıxmaq olmur ...” İndi tək bir istəyi var dünyada- qalxmaq! Qalxıb Aqanın qırağınadək birtəhər getmək, qapıları taybatay açılı möhtəşəm, dəbdəbəli restoranına girib... onun düz ortasına işəmək! Şoruldatmaq nəyi var! Göllətmək,- ağ-çiçək köpükcükləri dırmanıb onun bahalı məxmər divarlarını isladana qədər, qatı təzə açılmış süfrəsində düzülü-hazır “çexski” büllur badələri bum-buz çex pivəsitək doldurub aşıb-daşırana qədər... Başqa heç nə gözündə deyil,- nə nənəsi, nə Ruslan... Ərikli bağın üstünü istəyir bir də! Cənnət qoxulu, yovşanlı, göytikanlı yalın döşünü... “Kim aparacaq məni ora,- Qurban yazıq deyirdi hey.- ərikli bağın üstünə? Axırıncı alkaş kimi meyidimi tullayacaqlar Aqanın qırağına...”. ... şimalın süd kimi ağ, bəyaz gecəsində sərgərdan, tək-kimsəsiz günəşə ürəyi acıdı. Hönkürüb ağlamaq istədi möhkəm. Bir də baxdı, heç günəş deyilmiş bu, atasının ağ-nurlu sifətidi,- sakit, arxayın baxır ona... Sonra gördü yox, nəsə təlaşdadı atası; var gücüylə ona sarı qaçır,- uzun ayaqlarını buluddan-buluda ata-ata... Ona sarı uzalı əlləri onu bu darlıqdan qurtarmağa tələsir, şüa kimi uzun bərk, əzələli qolları - niyəsə qollar Qurbanınkıdı, - onu, necə qalıbsa eləcə, hop götürüb aparmaq istəyir,- cənnət qoxsu verən yovşanlı, göytikanlı yalın döşünə . Öz böyrünə... Amma ha qaçır, yaxınlaşmır heç... /oxuzali.az/
|