Alice Munro: "Hamilə olanda da dayanmadan yazırdım" - MÜSAHİBƏ
11.10.13
Bu il oktyabrın 10-da Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Kanada yazıçısı Alice Munro böyük şəhərlərin səs-küyündən, ədəbi mərkəzlərdən uzaq olmağa çalışır.
1994-cü ildə Amerikanın “Paris review” jurnalının müxbirləri ondan müsahibə götürmək üçün Kanadanın cəmi üç min nəfər əhalisi olan kiçik bir qəsəbəsinə getməli olurlar.
Onda Munronun əri (ikinci əri) Gerry Fremlin hələ sağ idi. Evin böyük həyəti və güllü-çiçəkli bağçası vardı.
Amma yazıçı jurnalistlər Jeanne McCulloch və Mona Simpson ilə evində söhbətləşməyə razı olmur, deyir ki, “iş ayrı, ailə ayrı”. Onlar 3 gün yaxınlıqdakı oteldə görüşüb söhbət edirlər.
Munronun əsərləri uzun illər “The New Yorker” dərgisində çap olunub. Amma yazıçı "Paris review"ya müsahibəsində deyir ki, redaktorların üzünü cəmi bir neçə dəfə görüb. Onlarla telefonla danışır və hekayələrini poçtla redaksiyaya göndərir.
Munro deyir ki, bütün həyatı boyu onun yaradıcılığına ailə-məişət qayğıları mane olub. Əvvəl ata ocağında, daha sonra öz ailəsində.
Yalnız universitetdə oxuduğu 2 il ərzində ev işi tutmayıb.
Amma məişət qayğıları həm də yazmaq üçün güclü motivasiya verib ona.
“Hamilə olanda dayanmadan, bacardıqca çox yazırdım, qorxurdum ki, sonra yazmaq imkanım ümumiyyətlə olmayacaq” - deyə yazıçı jurnalın müxbirlərinə etiraf edir.
Munro deyir ki, hər bir hamiləlik onu körpəni dünyaya gətirməmişdən əvvəl ortaya nəsə ciddi bir yazı qoymağa da sövq edib. Ortaya ciddi nəsə qoya bilməsə də, beləcə, yazmağa davam edib.
Övladları körpə olanda onların günortalar yatdığı vaxtdan istifadə edərək yazı masasının arxasına keçib. O vaxt həftədə 2 gün də, əriylə birlikdə açdığı kitab dükanında işləyirmiş. İşə günorta gedirmiş. “Günortaya qədər ev işlərini tutmalıydım, amma mən həm də yazırdım”.
İşə getməyəndə isə ailəvi naharı yola verər, evi axşamacan yığışdırıb qurtarmağa çalışar, gecə saat 1-cən yazar, sonra bir neçə saatlığına yatmağa çalışar, səhərsə saat 6-dan gec oyanmazdı:
“Yadımdadir, fikirləşirdim ki, bəlkə də bu, mənim axırıma çıxacaq, dəhşətdir, bəlkə də bu gedişlə infarkt olacam”.
Munro deyir ki, 40 yaşınacan olan o enerji indi onda yoxdur.
O hesab edir ki, bu baxımdan yazıçılıq qadın üçün çətin peşədir. Özünü heç zaman tam olaraq övladlarına həsr edə bilməyib:
"Deməzdim ki, uşaqlarıma pis baxmışam, sadəcə, özümü o işə tam həsr etməmişəm.
Böyük qızımın 2 yaşı olanda makinada işlədiyim masaya yaxınlaşar, mənsə bir əlimlə onu geri çevirib o biri əlimlə makinada yazmağa davam edərdim”.
Munro deyir ki, beləcə, qızının onun üçün ən mühüm olan işə nifrəti yaranıb:
“O zaman – uşaqların balaca olduğu və mənə ən çox ehtiyacları olan vaxtı mən özünü yazı-pozu işinə həsr edən birisi idim. İndi isə - mənə heç ehtiyacları olmadığı bir vaxtda mən onları elə sevirəm ki. Evdə vurnuxub düşünürəm ki, vaxt vardı, ailəvi naharlarımız daha çox olardı…”
Onun iş qrafiki həmişə uşaqların qrafikinə uyğunlaşdırılıb. Onlar məktəbə gedən kimi Munro da hekayələrini yazmağa davam edərdi.
Munro deyir ki, ərgən yaşa çatanda evdə daim valideynlərinin “ərə getmək lazımdır” deyə təzyiqini hiss edərmiş. Nəhayət 20 yaşında universiteti ataraq ərə gedib:
“Düşünürəm ki, yaza bilməyim, həyatımı qurmaq, diqqətimi mənim üçün mühüm olan işlərə yönəltməyim üçün ərə getdim. İndi fikrən o illərə qayıdanda düşünürəm ki, daş ürəkli bir qadın olmuşan. Amma indi o vaxta nisbətən xeyli fərqli, adi bir qadınam”. /oxuzali.az/
|