Tarixi roman bumu: yeni dəb, yoxsa nə? - MÜZAKİRƏ
10.10.13

Azərbaycan tarixi romanlarının ən uğurlu nümunələri kimi həmişə “Qılınc və qələm” (M.S.Ordubadi), “Qan içində” «Y.V.Çəmənzəminli), «Məşhər» (İ.Hüseynov), “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu” (F.Kərimzadə), “Bakı-1501”, “Yad et məni” (Əzizə Cəfərzadə) və s. romanların adı çəkilir. Ədəbiyyatın yaxın və uzaq tarixlə ünsiyyətini davam etdirməyə çalışan yazıçılar arasında son zamanlar bir növ tarixi romançılıq bumu yaşanır. Həm də təkcə bədii nəsrdə deyil, kinematoqrafiyada və teatrda da eyni maraq yaşanır. Yazılan bir çox əsərlər oxucusunu tapmamış, kinoya və ya teatr səhnəsinə ünvanlanır. Bədii təxəyyül süzgəçindən bu və ya digər formada keçən tarixi hadisələr və şəxsiyyətlərin həyatı ayrı-ayrı yazıçıların əsərlərində üzə çıxır. Yazıçıların özləri janra müraciətlərini “bütün dövrlərin tələbi” kimi dəyərləndirsələr də tənqidçilər yazılanları o qədər uğurlu hesab etmirlər.

İstər-istəməz cavabı birmənalı olmayan suallar yaranır: “Hər bir yazıçı tarixi roman yaza bilərmi?”, “Tarixi janra müraciətdə məqsəd nədir – tendensiyadır, yoxsa dəb?”, “Tarixi romanlarda hadisələri və şəxsiyyətləri müasirləşdirməyə, təhrif etməyə ehtiyac varmı?”
“Kaspi” bu suallara cavab axtararkən maraqlı fikirlərlə qarşılaşdı.

Dəb halını alanda

Tənqidçi Tehran Əlişanoğlunun fikrincə, yazıçı tarixi romançılığa müraciət etməklə öz kökünü, soyunu daha çox öyrənməyə, tarixində olan kəm-kəsirləri düzəltməyə çalışır. Məsələn, sovet dövründə ideoloji çərçivələr özümüzü olduğumuz kimi göstərməyə mane olub. “Ona görə də tariximizin ayrı-ayrı dövrlərinə olan yanlış baxışları aradan qaldırmaq üçün tarixi əsərlər, romanlar, hətta dəb şəklini alır. Nadir şahlar, şah ismayıllar və s. romanlar yaranır. Digər tərəfdən biz dünyaya inteqrasiya olunuruq. Postmodernist epoxa dünəni və bugünü yanaşı qoyur. Təxminən dünən bugünə qarışır. Biz hamımız sovet dövründə Anarın «Kitabi-Dədə Qorqud» kino dastanı ilə tərbiyələnmişik. Sonra həmin dövrə Kamal Abdullanın «Yarımçıq əlyazma» əsəri ilə başqa bir baxış da meydana çıxır. Dünyada yaranan təzə yanaşmaların içərisində tarixlə bağlı yanaşma meydana gəlir».

T.Əlişanoğlunun fikrincə, son dövrlərdə tarixi janra müraciət edən yazıçılar daha çox tarixi faktlara yaxın olmağa çalışırlar: «Əslində, tarixi faktlarla bağlı işlər bir qədər əvvəl görülməli idi və müəyyən qədər də görülüb. Amma sözsüz ki, bədii təxəyyül də rol oynayır. Bədii əsər təxəyyülsüz olmur». Tənqidçi hesab edir ki, istənilən yazıçı özünü tarixi janrda sınaya bilər. Yəni heç kəs yazıçının mətbəxinə müdaxilə edə bilməz. Belə ki, əgər bu, yazıçını maraqlandıran mövzudursa, ona heç kəs janr məhdudiyyəti qoya bilməz: «Tutaq ki, yazıçı tarixi roman yazır və sonra onu səhnəyə çıxarmaq istəyir. Sadəcə, onda istedad olmalıdır. Elə yazıçılar var ki, onda həm müasirlik, həm də dramaturq istedadı var – o halda uğurlu alınır. Ancaq yazıçı yalnız müasirdirsə, onda əsər bir qədər zəif alınır».

T.Əlişanoğlu son dövrlər yazılan tarixi romanlara da münasibətini bildirib: «Pozitiv cəhətdən bu əsərlər maarifləndirici xarakter daşıyır. Bugünün nöqteyi-nəzərindən də tarixə baxmaq lazımdır və buna görə yazırlar. Qaldı ki, yazıçı təxəyyülü buna nə qədər nail ola bilir, o baxımdan, yazılanları o qədər də uğurlu saymıram. Xüsusən, dəb halını almasını uğurlu hesab etmirəm. Biri bir şahdan yazırsa, digəri istəyir ki, bir başqa şah tapıb yazsın. Bu cür dəb halını alanda, sözsüz ki, məni qane etmir».

Təxəyyül olmayanda...

Yazıçı Aqil Abbas hesab edir ki, yazıçıların tarixi janra müraciət etməsinin əsas səbəbi millətinin tarixini onlara çatdırmaq məqsədidir: «Bir var tarix kitabı, bir də var tarixi əsərlər. Tarix kitabı insanın yaddaşında qalmaz, amma tarixi əsərlər yaddaşda qalır. «Qan içində», «Qılınc və Qələm» və s. əsərlər insanların yaddaşı üçündür. Yazıçılar da xalqın qan yaddaşını oyatmaq üçün tarixi əsərlərə müraciət etməyə çalışırlar”.

Tarixi romanları tam tarix hesab etməyən A.Abbasın fikrincə, bu tip əsərlərin yaranmasında yazıçının təxəyyülü böyük rol oynayır: «Mən «Batman qılınc» adlı tarixi roman yazmışam. Bu romanın qəhrəmanı Ağa Məhəmməd şah Qacarı müsbət türk oğlu kimi təqdim etmişəm. Bu, təxəyyül deyil. Mən tarixi roman yazmağı Əlisa Nicatdan öyrənmişəm. O, Şah İsmayıl Xətaidən roman yazanda həmin dövrün eskizlərini çəkmişdi. Sonradan mən də Qarabağ xanlığı haqqında roman yazanda Əlyazmalar İnstitutunda mənə çox kömək etdilər. Şah İsmayılın, Pənah xanın fərmanları da daxil olmaqla çox sənədləri tərcümə edib mənə verdilər. Ona görə də roman alındı. Həmin romanda çoxlu məktublar var. O məktublarda cəmi 3-4 söz dəyişilib, qalanlarını isə olduğu kimi çap etdirmişəm”.

Son illər Yunus Oğuz və Elçin Hüseynbəylinin tarixi roman janrına müraciət etdiyini bildirən yazıçı tarixə hər kəsin fərqli baxışı olduğunu qeyd edib: “Şah İsmayıl tarixi şəxsiyyətdir. Ona hər kəsin bir baxışı var. Mənim əlimdə imkan olsaydı, Şah İsmayılı da, Sultan Səlimi də güllələyərdim. Çünki onların müharibəsi türk dünyasını məhv etdi. Əgər mən yazsam, bu məsələni qabardaram. Yəni iki türk bir-birini qanına qəltan etdi. Amma Kamal Abdulla ona başqa gözlə baxır. Şah İsmayıldan yüzlərlə roman yazmaq olar. Ümumiyyətlə, tarixi şəxsiyyətlərdən həmişə yazılıb və həmişə də yazılacaq».

A.Abbasın fikrincə, tarixi əsərlər həmişə dövrün tələbi olub: «İnsanlar o əsərləri göydə qapırlar. Onlar öz tarixlərini öyrənmək istəyirlər. Bir var, tarix kitabından oxuyasan, bir də var, o dövrün ab-havasının içinə girəsən. Hazırda ağıllı adamlar tarixi romanların azarkeşidir, bekar adamlar da dedektiv romanların». Yazıçı qeyd edib ki, tarixi romançılıqda yazıçı faktları öz təxəyyülündən keçirir. “Təxəyyülü olmayan adam yazı yaza bilməz. Məsələn, Səməd Vurğun İbrahim xanı da, Qacarı da təqdim edib. Mən tarixi oxuyanda Qacarı söyürdüm. Çünki Səməd Vurğun mənə bunu aşılamışdı. Ancaq mən bu tarixi araşdıranda gördüm ki, Qacar çox böyük türk oğludur, sərkərdədir, alimdir. O, şahlıq dövründə elə qüdrətli dövlət yaradıb ki, bugünkü İran həmin dövlətin üzərində bərqərardır. Mən də onu elə təqdim etməyə çalışdım. Sonra gördüm ki, Qacar haqqında hamı müsbət yazılar yazmağa başladı. Səməd Vurğun deyirdi ki, mən xana nifrət, şairə hörmət aşılamaq istəmişəm. Buna görə də «Vaqif»i yazıb. O, Vaqifi şahlardan yuxarıda görüb. O, Şah İsmayılı, Nadir şahı, Təhmasib şahı yazmayıb».

Tarixçilərin boş qoyduğu meydan

“Tarixi romanlara təkcə son illərdə müraciət olunmur. Dünya ədəbiyyatı yaranandan tarixə müraciət ədəbiyyatın vacib missiyalarından biri olub” deyən Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, ədəbiyyat elə ilk addımlarından üzünü keçmişə, tarixə çevirib, o hadisələrin fonunda dünyanı və cəmiyyəti dərk etməyə çalışıb: “Yunan ədəbiyyatında Homerin «İliada» və «Odisey» əsərləri əslində tarixi əsərlərdir. İnsanlığın keçib gəldiyi yola baxanda, o yolların təxminən hara aparıb çıxara biləcəyini düşünüblər. Bu, tarixin bir az da romantikasıdır. Bədii düşüncə yazıçılar üçün çox böyük meydan açır. Bu gün də tarix ədəbiyyatda cəlbedici mövzulardan biri olub. Çünki tarixin güzgüsündə hər bir millət özünü yaxşı görür. Biz tariximizi az yazan millətlərdən biriyik. Tarixçilərin də boş qoyduğu meydanı bəzən ədəbiyyatçılar doldurmağa çalışırlar. Məsələn, İranda «Şahnamə» az qala farsların milli tarixi kimi götürülə bilər. Firdovsi öz milləti üçün mifik bir tarix yaradıb və bununla da fars şovinizminin və millətçiliyinin əsasını qoyub. Bu, ədəbiyyat əsəri olsa da tarixi əsər səviyyəsinə yüksəlib. Yaxud Nizaminin «Xəmsə»sində bir çox məqamlar var ki, tarixçilər onu bilmir. Amma əslində elə tarixi həqiqətlərdir. Yəni bu əsərlər həm də tarix kimi qəbul oluna bilər. Azərbaycanda tarixin bir çox səhifələrinin kifayət qədər öyrənilməməsi ədəbiyyatçılara imkan verir ki, o boşluğu öz əsərləri ilə doldursunlar. Bir də ki, tarix bitməyib, davam edir».

«Ölüm zirvəsi» romanından misal gətirən yazıçı qeyd edib ki, 1804-cü ildə Gəncənin çar Rusiyası tərəfindən işğalına həsr olunan əsər bu gün də aktualdır. Belə ki, o vaxt Azərbaycan Quzey və Güneyə parçalanıb. İndiyə qədər də o parçalanma davam edir. “Bu mövzu yazılmalıdır və bundan sonra da dəfələrlə yazılacaq. Eyni zamanda, «Difai fədailəri» əsəri Difai hərəkatına həsr olunub – müsəlman-erməni qarşıdurması haqqındadır. Bu qarşıdurma da bu gün davam edir. Bu cür əsərlər təkcə keçmişlə bağlı deyil, həmçinin bugünə işıq salan əsərlərdir. Dünya ədəbiyyatında yazılmış tarixi romanların bir çoxu məhz bu cürdür. Ona görə də son vaxtlar bu mövzuya maraq artıb”.

S.Rüstəmxanlının sözlərinə görə, tarixi janra maraq tendensiyası təkcə ədəbiyyat sahəsində deyil, kinematoqrafiya və teatr yaradıcılığında da genişlənib. “Bəşəriyyət, insanlıq öz keçmişini daha yaxşı dərk etmək istəyir. Bəzi xalqlar var ki, özlərinə uydurma tarix yazırlar. Məsələn, erməni alimlərinin, ədəbiyyatçılarının yazdıqları bir sıra tarix kitabları tamamilə yanlış miflərə əsaslanır. Ancaq zaman keçdikcə oxucu onu az qala tarix kimi qəbul edir. Deyək ki, bir xalqın gəncliyinin yetişməsində tarixi kitablar bəzən yaxşı, bəzən pis rol oynayır». Tarixi romanlarda faktların təhrif olunmasına gəlincə, yazıçı bildirib ki, bədii kitab tarix deyil, amma tarix haqqında yazılan bədii əsərlərdə mümkün qədər faktların dəyişdirilməməsinin tərəfdarı olduğunu bildirib: “Şəxsiyyətləri, tarixdə olan gerçəkliklərin yer aldığı hadisələri hər yazıçı öz bildiyi kimi yaza bilməz. İnsanların o dövrdə yaşantıları, durumlarına, xarakterlərə hər kəs bir cür yanaşa bilər, ancaq ona yeni bir tərcümeyi-hal düzəldə bilməzlər. Çünki bu, tarixdir. Bədii əsər hadisələrə yanaşmada sərbəstlik edə bilər, ancaq hadisələri dəyişdirə bilməz». Son dövrlər yazılan tarixi romanlara münasibət bildirən yazıçının fikrincə, nəşrlərdə həddən artıq uydurmalar və bəsit yanaşmalar yer alıb: «Təbii ki, hər bir yazıçı keçmişə öz gözü ilə və yaşadığı əsrdən baxır. Tarix, xüsusən bizim tariximiz çox mürəkkəbdir. Orta əsr təfəkkürü bir çox məsələlərdə o qədər də dəyişilmir. Ancaq o dövrün düşüncələri bugünkü baxışla təhlil oluna bilməz. Çünki o dövr kifayət qədər araşdırılmalıdır. Nəsimi və ya Nəimi, sufilik və ya əxilik hərəkatı çox böyük ənənələrə dayanan, hətta, dini inanclara bağlanan cərəyanlar idi. Və yaxud Yunis İmrədən gələn xəttlər var ki, onların tarixi kökləri bilinmədən, yalnız üzdə olan faktlara söykənərək təhlil oluna bilməz. O məktəblər öyrənilməlidir. O dövrün düşüncəsinin, ədəbi-bədii təfəkkürlərinin açarları var ki, onları bilmədən yazmaq özünü qabaqcadan məhkum etməkdir».

«Yaxşı, pis – indi olanlarımız budu»

Tənqidçi Əsəd Cahangirin fikrincə, tarixə müraciət xalqın özünü milli dərk prosesi ilə bağlıdır. Belə ki, xalqın qarşısına müəyyən problemlər çıxanda, bir mərhələ digəri ilə əvəz olunanda həmin problemlərin cavabını tarixi qatda axtarırlar. Bu da özünü milli dərkə aparıb çıxarır: “Sovet dövründə də Azərbaycanda tarixi romançılıq olub. Belə ki, Azərbaycan nəsrinin ilk nümunəsi, 1857-ci ildə yazılan «Aldanmış kəvakib» tarixi əsərdir. Sonralar da bu ənənə davam edərək Məmməd Səid Ordubadinin yaradıcılığında üzə çıxıb. 60-cı illərdə isə tarixə müraciət intensiv xarakter alıb. O illərdə Stalin epoxası başa çatdı. O dövrdə xalqın milli özünüdərkinə icazə verilmirdi. «Dədə Qorqud» kitabı belə, qadağan edilmişdi. Nisbətən mülayimləşmə dövrü yaranandan sonra artıq xalqın özünə qayıdışına imkan yarandı. 60-cı illər romançılığı milli oyanışla bağlı idi”.

1990-cı illərdə - SSRİ dağılandan sonra milli özünüdərkin daha ciddi mərhələsinin başlandığını bildirən Ə.Cahangirin sözlərinə görə, müstəqilliyin əldə edilməsi, xalqın qarşısına çıxan çoxsaylı problemlərin həlli üçün tarixi müstəvidə axtarış başlanıb. Belə ki, bədii düşüncəmizin ən dərin qatlarında «Biz harada səhvə yol vermişik və nə etməliyik?» sualına cavab axtarılıb. Bu mənada yenidən tarixi janra müraciət güclənib: “90-cı illərdə Əzizə Cəfərzadənin «Bəla» povesti çapdan çıxdı və əsərdə 17-ci əsrdə xalqlar arasında baş verən parçalanma və müasir dövrdə olan siyasi parçalanma ümummilli düşüncənin olmamasının tarixi kökü kimi göstərildi. Yazıçı bu gün müxtəlif siyasi qruplaşmalar arasında olan parçalanmanın tarixi kökünü göstərməyə çalışdı”.
Son 10 ildə tarixi mövzuya marağın genişlənməsini qeyd edən tənqidçinin sözlərinə görə, tarixə müraciətin daha bir versiyası da meydana çıxıb. Belə ki, ənənəvi tarixi roman janrında fərqli bir forma yaranıb. «Ənənəvi tarixi roman janrlarında tarix bir örnək kimi göstərilir və tarixin əzəmətini bərpa etmək ideyası başlıca ideya kimi ortaya qoyulur. Amma tarixə postmodernist yanaşmada tarixi miflərin dağıdılması, onların dekonstruksiya edilməsi ön plana çəkilir. Məsələn, Kamal Abdullanın «Yarımçıq əlyazma»sında olduğu kimi».

Tənqidçi son zamanlar ölkəmizdə yazılan tarixi romanlara «yaxşı, pis – indi olanlarımız budur» deyə münasibətini bildirərək onların içərisində zəif, ortabab əsərlərin olduğunu bildirib. «Amma demək olmaz ki, Azərbaycan tarixi romançılığı, istər postmodernist variant, istərsə də ənənəvi və ya modernist versiyada olsun, heç bir halda Qərb tarixi romançılığı səviyyəsinə qalxa bilmir. Məsələn, Qərb tarixi romançılığı Volter Skottdan başlayır. O, 15 ildə 30 roman yazıb və onun əsərləri dünya tarixi romançılığında ən kamil tarixi roman nümunələridir. Sonra da bu ənənə davam etdirilib”. Tənqidçinin fikrincə, bizim romançılarımızın əsas problemi tarixi koloriti canlandıra bilməmələri ilə bağlıdır: “Mən bunu romantik ideoloji baxımdan yox, estetik ədəbi baxımdan deyirəm. Məsələn, Volter Skott öz romanlarında 12-ci əsr ingilis və şotland həyatını canlandıra bilir. Bu əsərləri oxuyanda özünü həmin atmosferdə hiss edirsən. Sanki o əşyalara əlinlə toxunur, onları gözünlə görürsən. Burnuna onların ətri gəlir. O insanların geyimi, davranış tərzi, psixologiyası bütün komponentləri ilə gözün qarşısında canlanır – bu, tam tarixi koloritdir. Amma bizim tarixi romançılığımızın ən yaxşı nümunələrindən olan İsa Hüseynovun «Məşhər» romanında belə o dövrün tarixi koloriti özünün bütün spesifikası ilə görünmür. Azərbaycan tarixi romançılığının ən böyük problemi də koloriti canlandıra bilməmələri ilə bağlıdır. Bu da ondan irəli gəlir ki, tarixi roman yazan müəllifin ruhunda həmin tarixin ruhu olmalı, özünü o koloritdə hiss etməlidir. Onun havasını, psixologiyasını özününküləşdirməli, daha sonra əsərdə canlandıra bilməlidir ki, heç olmasa, onun 50 faizi oxucuya çatsın”. Ə.Cahangir hesab edir ki, tarixi romançılıqla müqayisədə tarixi koloriti canlandırmağa şeirdə daha çox nail olmuşuq: “Görünür, bu da ondan irəli gəlir ki, bizdə şeir ənənəsi, nəsr ənənəsindən daha qədimidir». /kaspi.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.