Cavanşir Yusifli: “Ədəbi prosesdə tıxac problemi var” - MÜSAHİBƏ
02.10.13

– Cavanşir müəllim, ad gününüz münasibəti ilə sizi təbrik edirəm. Sartrın dili ilə desək, obyektiv zamanla 55 yaşınız tamam olur. Bəs, subyektiv zamanla özünüzə neçə yaş verərdiniz?

– Hər ikisində, deyəsən, 55 yaşım var. Əvvəllər qocaldığımı hiss etmirdim. İndi vəziyyət dəyişib, dövran elə döndü ki, əvvəlki şərtlər dəyişdi, özü də pisə doğru. Belə deyək, elə hamı özünü güzgü qabağındaymış kimi hiss eləyir. Məşədi İbad demişkən, belə qoysam, deyərlər, vay-vay... Mən hərdən kənara çəkildikdə güzgünün o tərəfini görmüş kimi oluram. Qəribə bir ovqat yaranır, elə bil hamı irəliyə cumur, ancaq əslində hər şey yerində saymaqdan başqa bir şey deyil...

Durur bila-hərəkət,
Rəvamı bir diriyə?
Nə getmədə iləri,
Nə dönmədə geriyə.
Ədu qırır qapıyı,
Biz evdə bixəbəriz.
Nə başqa başqalarız,
Nə ittihad edəriz.


Demək belə, ən ciddisi bu olar ki, bu yaş sərhəddində adam bir az məyus olur: güclü, temperamentli vaxtında, dağları yerindən oynadaram inadı, heçə-puça dönür, yanıb kül olmuş günlərinə baxıb təəssüf edirsən, ötən günə gün çatmaz, calasan günü günə.

– Bu yaşınıza qədər ədəbiyyat sizə nələri qazandırıb və nələri itirməyinizə səbəb olub?

– Bu suala heç kəs doğru-dürüst cavab verə bilməz, versə də birtəhər çıxar. Mən həm də başqalarını müşahidə edirəm və gülürəm, bəzən sevincdən, bəzən kədərdən. Tam sürətlə irəliləyən bu yekəxana avtobus nə vaxt dayanacaq, bir daşa dəysin də dayansın...

– Çox vaxt bədii mətnin dəyərləndirilməsində zövq amilini əsas ölçü kimi götürürlər. Sizcə, əsərə bu cür yanaşma doğrudur?

– Bədii mətnin dəyərləndirilməsinin məlum-məşhur kriteriləri var və bu çox ciddi elmdir. Zövq də elə-belə yetişmir. Zövq o zaman gözə dəymir ki, qollu-budaqlı izah tələb eləmir. Ancaq zövq də küçələrə tökülməyib ki... Ancaq düz deyirsən, çox savadlı adamlar görmüşəm, yazdıqları içindən gəlmir, yaxşı ilə pisi ayırd edə bilmir.

– Bugünkü tənqidimizin durumunu necə dəyərləndirirsiniz?

– Çox yaxşı. Mühit içindəyik. Bir də: tənqidin özünü tənqid lazımdır. Tənqidçilər çoxsözlü olublar.

– Tənqidçi kimi özünüzə ustad bildiyiniz şəxs varmı?

– Məndən sonra gələnlər. Qorxmaz müəllim, müəllimim, ustadım. Əslində, Qorxmaz müəllim nəzəriyyəçi və ədəbiyyatşünasdır. Hər bir yazısında nə qədər maraqlı ideya var, hamı ondan öyrənə bilər və məncə, yaxşı olardı. Onun bir məcmuədə çap edilən “Kod və kontekst” yazısı var, o yazını çıxartsan məcmuənin dəyəri qalmır. Bu yazıda Səməd Vurğun, Rəsul Rza, Aşıq Ələsgərlə bağlı təhlillərə baxın, tədqiqatçının içindəki talantla zövqü, biliyi elə uğurlu formada birləşir ki, bir anlığa tanıdığın şeylər gözündə başqalaşır. Mənə çox ciddi fransız tədqiqatçısı Pol Zümtor necə təsir edirsə, Qorxmaz müəllimin yazıları da o şəkildə təsir göstərir. İndiki prosesdə yalan ayaq tutub yeriyir, ixtiyar ədəbiyyatçılar elə adamların adlarını çəkir, elə sözlər deyirlər ki, adam quruyub qalır: ya bu söz sahibləri ədəbiyyatı bilmirlər, ya da burda nəsə başqa şeylər var.

– Tənqidlə yanaşı tərcümə ilə də məşğul olursunuz. Alber Kamü, Patrik Züskind və digər müəlliflərdən tərcümələr etmisiniz. Tərcümə etdiyiniz əsərləri nəyə əsasən müəyyənləşdirirsiniz?

– Zövqümə, mütaliməmə, bir də tərcümə sahəsindəki boşluqlara. Naşirlərin tərcümə bazarını formalaşdırması müvəqqəti prosesdir, bir azdan bu mühiti oxucu özü diktə edəcək.

– Dilimizə çevrilən hansı əsərləri uğurlu tərcümələr hesab edirsiniz?

– Birinin adını çəkim, Vilayət Hacıyev. Onun tərcüməsində Kafkanın “Məhkəmə”, Hessenin “Yalquzaq ” romanları. Məsihağa Məhəmmədinin Sipehridən “Suyun ayaq səsi” poetik tərcümə toplusu diqqətdən kənarda qalsa da, öyrənmək mənasında dəyərli və sənət baxımından uğurludur. Ancaq bəzən belə də olur. Tərcümədən başı çıxmayan, dilləri yaxşı bilməyən adamlar gəlib dərs keçirlər. Sonra onun özünün çevirmələrinə baxırsan ki, əsərin adını düzgün çevirməyib. Bu sahədə ciddi işlər olduğu kimi, çoxlu gopçular da var. Allah onların da köməyi olsun.

Tərcümə ilə bağlı bir məsələni də qeyd etmək istərdim. İndi bizdə ixtisaslaşma prosesi gedir. Yəni, məktəb o zaman formalaşmağa başlayır ki, sən konkret bir sahəni uzun müddət öyrənir və o şairin, yaxud nasirin, həm də mühitini “tərcümə” etmək işinə girişirsən. Sipehrinin “Suyun ayaq səsi” toplusu bu baxımdan önəmlidir. Yaxud Səlim Babullaoğlunun bu sahədə ağıllı proyektlərini nümunə göstərə bilərik. İndi Səlim təkcə tərcüməçi yox, həm də Brodskinin çox misilsiz bilicisidir. Əgər tərcüməçi tərcümə etdiyi fiqurun bilicisi deyilsə, onun haqqında epizodik biliklərə malikdirsə, deməli, təqdim etdiyi tərcümələrin də bir önəmi yoxdur. Kimi gəldi tərcümə eləmək fakt baxımından pis deyil, ancaq bu sənətə fayda baxımından boş şeydir. Alber Kamünü tərcümə edən, yaxud Prustu dilimizdə səsləndirən şəxs onların mühitini, yaradıcılıq sirlərini ən yüksək mütəxəssis səviyyəsində bilməlidir. Yesenindən elə danışa bilməlidir ki, ona Yeseninin yüzillik mütəxəssisləri də diqqət kəsilə bilsinlər. Başqa alternativ yoxdur. Şmborskaya misilsiz bir şairdir, ancaq sən onun yuxarıda sadalanan məziyyətlərini bilmədikcə, dilimizdə səslənməyəcək. Yəni, “səsi qazanmaq üçün” bir az səsini içində dustaq edə bilməlisən. Dolayısı ilə: hər şey mənəviyyatdan keçir. İndi sufizmdən yazanların qurultayını keçirsən və onu əvvəldən sona kimi lentə alsan, insanlar gülməkdən bəlkə də qırılarlar. Mən bir şeyi də bilirəm, bu halların sayı çoxalıb, onlar böyük bir məkanı zəbt ediblər və məhz bu sözlərimin heç bir əhəmiyyəti yoxdur. Problem budur!

– Tərcümə etdiyiniz əsərlər arasında eləsi olubmu ki, həmin əsərin təsirinə düşəsiniz?


– Yox, təsirə düşməyə vaxtmı var?

– Tərcümə etmək asandı, yoxsa tənqid etmək?

– Adam var onun üçün bunların hər ikisi asandı, adam var hər ikisi çətin, adamına baxır. Tərcümə sahəsində Bakı Slavyan Universiteti çox önəmli işlər görür. Etimad Başkeçidin tərcüməçi kimi zövqü, bacarığı əvəzsizdir. Ancaq... bəlkə belə deməliydim: özün kimi olmaq çətindir. Tənqidlə əlaqədar bir önəmli məsələni deyim: sən ömrün boyu əsərdən, mətndən danışmalısan. Yazıçının şəxsiyyəti ilə xəstəlik dərəcəsində məşğul olmamalısan. Bizdə nə pis ki, bu təcrübə var. Mərifətini doğru-düzgün göstərsən, bir kimsə sənə güldən artıq söz deyə bilməz. Və nəticədə bizdə mətndən yazmaq ənənəsi zənginləşər, dünya filologiyasının qarşısına öz sözümüzlə çıxa bilərik. Tənqidçi özünə yer axtaranda inkarı silah kimi seçməməlidir. Əks təqdirdə, onun üslubu hərbi terminologiyaların yığınından başqa bir şey olmayacaq.

Bizdə tərcümə sahəsində az da olsa yaxşı mütəxəssislər var. Nəzərə alsaq ki, bu sahədə dissertasiya yazıb müdafiə edən insanların təcrübəsindən lazımınca istifadə edilmir. O mənada ki, həmin nəzəri biliyin daşıyıcıları tərcümənin praktikasından bir az uzaq olurlar. Məsələnin hansı nöqtədə düyün düşdüyü aydın olar. Mən az nümunələr içində birini göstərə bilərəm. Tərcümə nəzəriyyəsi və praktikasını bir əldə mükəmməl şəkildə bilən Əsgər Rəsulov.

– Bu gün ədəbiyyatımızın ən ciddi problemi nədir?

– Ədəbiyyat. İnsanlar onun ətrafında çox fırlanırlar, ikisindən birinin başı gicəllənir. Elə bil böyük, ucsuz-bucaqsız bir şəhərdəsən, hamı bir istiqamətə axışır, böyük bir ərazidə tıxac yaranır. Belə demək olarsa, ədəbi prosesdə tıxac problemi var, özü də bu, maşınların bir-birinə qəsdən yol verməməsindən yaranıb.

– Sizcə, ədəbiyyatı idarə etmək olar?

– Ədəbiyyat idarə edəndir. İdarə edib neyləyəcəksən ki. Mediatorlar var, normal cəmiyyətlərdə bu normaldır. Bizdəki mediatorlar mənə Çalpapaq Kərəmi xatırladırlar: sinən olan yerdə, kürəyini gülləyə vermə oğul.

– Bəs, hansısa idarəçilik formasının yaradıcılığa təsiri varmı?

– Yoxdur.

– Ədəbi müsabiqələrə münasibətiniz necədi?

– Yaxşıdı. Ancaq onun ətrafında o qədər hasar çəkilir, o qədər bu hesabla özlərini təbliğ edirlər ki... Hələlik müsabiqələrdə hər şey görünür, istedaddan başqa.

– Ədəbiyyatın üzərinə hansısa bir missiyanı qoymaq nə dərəcədə doğrudur?

– Missiyasız gözəldir.

– “XIX əsr ədəbiyyatı” polemikasına qoşulanlardan birincisi də sizsiniz. Bu dövr ədəbi baxımdan nə qədər önəmlidir?

– Bu yerdə, yəni Axundovu anlamayanlara onun öz fikrini sitat vermək yerinə düşərdi: “Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim? Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək o dövrün nazirləri və dövlət başçılarının puç beyinlərini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfeh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər”. Bu cür əsərlərə roman deyirlər ki, dram sənətinin ayrıca bir növüdür. Bizdə səfeh münəccimlər çoxdu. Bizdə Mirzə Cəlilin tipi olan Mirzə cəlilşünaslar da var. Bəlkə hardasa fizika institutunda Enşteynin səhvlərini tutmağa çalışanlar var, ancaq səhv tutmaq bir az aşağı səviyyəli işdir.

– Bu dövrə münasibət birmənalı deyil. Bəzi tənqidçilər bu dövrün şairlərinin ədəbiyyat tarixində qalmağa layiq olmadığını deyir. Belə fikirlərin yaranması nə ilə bağlıdır?

– Bəzi tənqidçilər, yaxşı ki, zamanı əvəz edə bilmirlər. Normal ədəbiyyat tarixi yoxdur. Dissertasiya və ədəbiyyat tarixi çox fərqli şeylərdir. Bizim ədəbiyyat tariximiz zəif dissertasiyaların montajıdır. Burda başqa qəliz problemlər də var, indi desəm, qan düşər.

– Həm orta məktəb, həm də ali məktəb ədəbiyyat dərslikləri sizi qane edir?


– Xeyli cahilliklər var. Təkcə “ədəbiyyat nəzəriyyəsi” başlıqlı dərsliklər deyil, xeyli ədəbiyyatşünaslıq əsərləri də var ki, aşıq demişkən, neçə ayə dəyər. Dəhşətli nədir – insanlar heç bir mənası olmayan cümlələrdən neçə kitab bağlayırlar. Bizdə ədəbiyyatşünaslıq əsərlərinin xeyli hissəsi klip materialıdır, multikdir. İndi tez-tez Molla Pənah Vaqifin “Görmədim” müxəmməsini oxuyuram.

– Sonda demək istədiyiniz bir şey varmı?

 – Bu yaxınlarda həmkarım Elnarə Tofiqqızı vəfat etdi. Üzüldüm. Yaxınlarına başsağlığı verirəm. Bakı Slavyan Universitetində Yaradıcılıq fakültəsinin uşaqları onu çox sevirdi. Öz yerində olan adam idi. Çox işlər görəcəkdi... /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.