İtalo Kalvinodan hekayə - Qərargaha gedən yol
25.09.13
Hekayəni Seyfəddin Hüseynli tərcümə edib.
Seyrək, yanğınlardan az qala külə dönmüş bir meşə idi. Yanmış şam ağacları bozumtul, şamların quru iynəyarpaqları isə qızartdaq rəng vermişdi ona. Meşədə, ağacların arasıyla dolaylanıb, üzüaşağı iki nəfər gedirdi – biri silahlı, o birisi əliyalın. - Qərargaha, - dedi silahlı adam. – Gedirik qərargaha. Yarımsaatlıq yoldur, uzaqbaşı. - Bəs sonra? - Nə sonra? - Deyirəm, sonra məni buraxarlar? - əliyalın adam soruşdu. O, cavabı diqqətlə, bir kəlməni də ötürmədən dinləyirdi, elə bil hansısa xaric notu tutmağa çalışırdı. - Əlbəttə, buraxarlar, - dedi silahlı. – Mən sənədləri batalyondakılara verərəm, onlar siyahı ilə tutuşdurandan sonra siz evə qayıda bilərsiniz. Əliyalın adam başını buladı. O, dilxor görünürdü. - Eh, uzun çəkər bu, bilirəm mən… – Bəlkə ona görə belə demişdi ki, bunu bir də eşitsin: “Sizi dərhal buraxacaqlar, inanın mənə”. - Mən elə hesablamışdım, - əlavə etdi, - elə hesablamışdım ki, axşama artıq evdə olum. Neynək. Gözləyərəm. - Deyildi də sizə, çatarsınız, - dedi silahlı. – Onlar orda bircə protokol tutub, buraxacaqlar sizi. Gərək sizin adınızı casuslar siyahısından çıxaralar axı. - Sizdə casusların siyahısı var? - Bəs nə. Casusların hamısı bəllidir bizə. Bircə-bircə tuturuq onları. - Mənim də adım salınıb siyahıya? - Hə. Siyahıya sizin də adınız salınıb. İndi gərək onu çıxaralar, yoxsa sizi bir də tuta bilərlər. - Onda gərək mən oraya gedib, hər şeyi onlara yerli-yataqlı başa salım. - Elə buna görə gedirik. Gərək baxsınlar, yoxlasınlar. - Ancaq siz indi, - dedi əliyalın adam, - indi bilirsiniz axı, sizdənəm mən, qətiyyən də casusluq etməmişəm. - Əlbəttə. İndi bilirik. Siz rahat ola bilərsiniz artıq. Əliyalın adam başıyla təsdiqləyib ətrafa boylandı. Onlar orda-burda ütülmüş pineya şamları, qurumuş qaraşamlar ucalan, qırılıb tökülmüş budaqlarla örtülü geniş bir talaya çıxmışdılar. Cığırı itirir, yenidən tapır, bir də itirirdilər. Seyrək pineya şamlarının arası ilə bəxtəxuda gedirdilər elə bil. Əliyalın adam buralara nabələd idi. Axşam düşür, yüngül duman dalğaları yayılırdı – aşağılarda meşəni tamam qaranlıq basmışdı. Cığırdan çıxmaları onu təşvişə salırdı. Yanındakının dəlitərsinə getdiyini görəndə o, sağ tərəfə, öz yəqinində, cığır keçən səmtə meylləndi. O biri adam da, guya təsadüfən, sağa üz tutdu. Onun izincə gedir, rahat yeriyə bilmək üçün gah sola, gah sağa keçirdi. Əliyalın adam özünü toplayıb xəbər aldı: - Bəs qərargah hardadır? - Biz elə oraya gedirik, - cavab verdi silahlı. – Gedərik, görərsiniz. - Axı haralarda, hansı rayonda, heç olmasa təxmini… - Necə deyim sizə, hardadır, hansı rayondadır, - silahlı adam cavab verdi. – Qərargah elə qərargah olan yerdədir. Başa düşürsünüz? Hə, o, başa düşürdü, o bilirdi, bu silahlı nəyə eyham vurur. Ancaq yenə də soruşdu: - Bəs oraya gedib çıxmaq üçün bir yol yoxdur? O birisi cavab verdi: - Yol? Bilirsiniz, yol həmişə harasa aparıb çıxarır. Ancaq qərargaha yolla getməzlər. Başa düşürsünüz də? Başa düşürdü əliyalın, söhbətin nədən getdiyini bilirdi: arif adam idi o. Soruşdu: - Siz qərargaha tez-tez gedirsiniz? - Tez-tez, - dedi silahlı adam. – Mən oraya tez-tez gedirəm. Onun kədərli üzü, donuq baxışları vardı. Bu yerləri yaxşı tanımırdı. Hərdən elə olurdu, baxan deyərdi, azıb, ancaq o yenə də gedirdi, sanki bu onun vecinə də deyildi. - Növbədəsiniz siz, buna görə məni ötürmək üçün sizi göndəriblər? - əliyalın adam onu diqqətlə süzə-süzə soruşdu. - Mənim işim budur, - o, cavab verdi. – Mən adamları qərargaha ötürürəm. - Siz rabitəçisiniz? - Bəli, - cavab verdi silahlı adam. – Mən rabitəçiyəm. “Qəribə rabitəçidir, - düşündü əliyalın, – hara getdiyini özü də bilməyən rabitəçi. Hər halda, - əliyalın adam belə nəticəyə gəldi, - yolla getmək istəmir ki, mən qərargahın yerini bilməyim. Etibar etmir mənə”. Nəhs əlamətdir bu – hələ də etibar etmirlər ona. Elə hey bunu düşünməkdəydi əliyalın. Amma bu nəhs əlamətin özündə də bir ümid yeri vardı ki, onu həqiqətən qərargaha aparırlar, orada buraxacaqlar. Üstəlik, get-gedə sıxlaşan, çıxış yolu görünməyən meşə, silahlı adamın sükutu, qüssəsi daha çox bədbinlik oyadırdı. - Katibi də qərargaha siz ötürmüşdünüz? Dəyirmançının qardaşlarını da? Müəlliməni də? O bunları birnəfəsə, fikirləşmədən dedi. Bu, ən qorxulu sual idi, cavabı onun aqibətini həll etməliydi: bələdiyyənin katibi, dəyirmançının qardaşları, müəllimə - bunlar hamısı aparılıb, bir daha qayıtmayanlar idi; onlar haqqında kimsə bir xəbər öyrənə bilməmişdi. - Katib faşist idi, - dedi silahlı, - dəyirmançının qardaşları milisdə qulluq etmişdilər, müəllimə də yardımçı qoşunlarda. - Xəbər bilmək üçün soruşdum: axı onlar qayıtmayıblar. - Yaxşı, - silahlı onun sözünü ağzında qoydu. – Onlar hər kim olublar, olublar. Siz isə sizsiniz. Burda müqayisəyə yer yoxdur. - Əlbəttə, - razılaşdı əliyalın, – müqayisəyə dəyməz. Mən elə-belə, maraq xatirinə soruşdum. O - əliyalın adam özünü toxtatdı. Bütün kənddə ən fəndgir adam idi, fırlatmaq olmazdı onu. Başqaları – katiblə müəllimə - qayıtmayıblar, ancaq o, əlbəttə, qayıdacaq. “Mən usta adamam, - deyəcəkdi o, serjanta. – Partizan kaput, mən yox. Mən partizanların hamısını kaput”. Bəlkə də güləcəkdi serjant. Ancaq yanmış ağaclığın sonu görünmürdü, əliyalının zehnində meşənin içindəki talalar kimi müəmmalar, anlaşılmazlıqlar baş qaldırırdı. - Mən katib barədə də, qalanları haqqında da düz-əməlli heç nə bilmirəm. Rabitəçiyəm mən. - Amma qərargahdakılar ki bilirlər, - dirəşdi əliyalın adam. - Əlbəttə. Qərargahda xəbər tutarsınız onlardan. Ordakılar bilərlər. Axşam düşdü. Sıx kolluqdakı üstüörtülü daşlıqda sürüşməmək üçün ehtiyatla yerimək, ayağını hara basacağını götür-qoy etmək lazım gəlirdi. Həm də qəfil qorxu üstələməsin deyə, səksəkə, həyəcan içində bir-birinin ardınca baş qaldıran fikirlərini diqqətlə ölçüb-biçməliydi. Əgər onu casus bilmiş olsaydılar, əlbəttə, bax beləcə, bu meşənin içində, qətiyyən ona fikir verməyən bir adamla təkbətək buraxmazdılar. Onun əlindən istədiyi vaxt qaçıb yayına bilərdi. Əgər qaçmaq istəsəydi, o, yəni yanındakı neyləyəcəkdi? Ağacların arasıyla üzüaşağı gedə-gedə əliyalın adam o birisi ilə özü arasındakı məsafəni yavaş-yavaş açmağa başladı. O biri adam sola dönəndə, bu, sağa yönəlirdi. Belə görünürdü ki, silahlı hələ də onun hayında deyil. Onlar seyrək meşə ilə beləcə, bir-birindən aralıda gedirdilər. Arada pineyaların, kolluğun, pöhrələrin arxasında bir-birini itirdilər də. Sonra birdən əliyalın adam baxdı ki, silahlı yenə onun başının üstünü alıb. Özkefinə yeriyirmiş kimi görünsə də, hər dəfə təzədən onun yanında peyda olurdu. Əliyalın adam indiyə qədər bu fikirdə idi: “Əgər onlar məni, lap bircə dəqiqəliyə də olsa, buraxsalar, daha heç cür tuta bilməzlər”. İndi isə belə düşünməyə başlamışdı: “Əgər bunun yanından əkilə bilsəm, onda...” Bu an artıq onun xəyalına almanlar - cərgəyə düzlənmiş almanlar, yük maşınlarındakı, tanklardakı almanlar gəlirdi. Başqaları üçün bu səhnə ölüm demək idisə, ondan ötrü qurtuluş mənası verirdi; ondan – bu fərasətli, fəndgir adamdan ötrü. Onlar talaları, seyrək ağaclıqları arxada qoyub, yanğınların yaxın düşmədiyi sıx, yaşıl meşəliyə girdilər. Orada torpağın üzünü pineyaların quru iynəyarpaqları örtmüşdü. Silahlı adam hardasa geridə qalmışdı, görünür, o, başqa yolla getmişdi. Bu vaxt əliyalın ehtiyatla, nəfəsini qısıb, addımlarını yeyinlətdi; pineyaların arasıyla, dərə boyunca hey üzüaşağı, cəngəlliyin içərilərinə doğru gedirdi. O qaçıb uzaqlaşırdı, özü də dərk edirdi aradan çıxdığını. Qorxu bürüdü onu. Anladı ki, iş-işdən keçib artıq, o biri adam onun qaçmaq istədiyini hiss edib, indi də, yəqin, izinə düşüb gəlir. Bircə yol qalırdı – qaçıb daha da uzaqlaşmaq. Əgər indi - qaçmağa cəhd edəndən sonra bir də onun girinə keçsə, halı heç yaxşı olmayacaqdı. Arxadakı xışıltıya qanrılıb baxdı: silahlı adam onun bir neçə metrliyində idi, öz sakit, aram yerişi ilə gəlirdi. Avtomatı əlində tutmuşdu. O dilləndi: - Bax o tərəfdən kəsə yol olmalıdır, - deyib, əliylə ona irəli getmək işarəsi verdi. Hər şey yenə əvvəlki kimiydi. Yenə də anlaşılmazlıq, müəmma: vəziyyət gah düzəlir, gah pisləşir; sonu görünmək əvəzinə, meşə daha da qalınlaşıb; bu adam, bir kəlmə dillənmədən, az qala onu əldən buraxacaqdı. O soruşdu: - Bu nədir, bu meşənin heç sonu olmayacaq? - Bax o təpəni adladıqmı, çatırıq, - dedi o birisi. – Qorxmayın, axşama evdə olarsınız. - Doğrudan məni evə boşlayarlar? Məni, tutalım, girov kimi saxlamazlar ki? - Biz alman deyilik ki, girov götürək. Uzaqbaşı, başmaqlarınızı əlborcu alarlar, biz hamımız az qala ayaqyalınıq axı. Əliyalın adam deyinməyə başladı, guya dünyada olan-qalan dərdi elə başmaqları idi. Ancaq qəlbinin dərinliyində şadlanmışdı. Aqibəti ilə bağlı, yaxşılı-pisli, hər təfərrüat onu bir azca toxtadırdı. - Qulaq asın, - dedi silahlı, - bir halda ki, belə narahatsınız, gəlin bu cür edək: qərargaha çatınca siz mənim başmaqlarımı geyinin, mənimkilər tamam dağılıblar, kimsə tamah salmaz onlara. Mən sizinkiləri geyinərəm, sizi geriyə ötürəndə isə qaytararam özünüzə. İndi uşaq da bilərdi işin nə yerdə olduğunu. Silahlı adamın onun başmaqlarında gözü vardı. Yaxşı, o - əliyalın adam verər onun istədiyini; söhbətin nədən getdiyini bilir axı, həm də belə ucuz ötüşdürəcəyinə sevinir. “Mən usta adamam, - deyəcəkdi serjanta. – Başmaqlarımı verdim, onlar da məni buraxdılar”. Bəlkə serjant ona bir cüt uzunboğaz çəkmə də bağışlayar – alman əsgərlərin geyindiyindən. - Deməli, siz heç kəsi tutub saxlamırsınız? Nə əsir götürürsünüz, nə də girov? Heç bələdiyyə katibini də, o birilərini də orda saxlamamısınız? - Katib bizim üç yoldaşımızın tutulmasına göstəriş vermişdi, dəyirmançının qardaşları milislərə qoşulub basqına getmişdilər, müəllimə də onuncu diviziyanın zabitləri ilə yatmışdı. Əliyalın adam yenə dayandı. Dedi: - Ancaq siz məni casus saymırsınız axı, eləmi? Siz məni buraya öldürməyə gətirməmisiniz ki? – O, dişlərini ağardıb gülümsəməyə çalışdı. - Əgər sizi casus saymış olsaydıq, - dedi silahlı adam, - mən eləcə bu cür edərdim, – çaxmağı açdı, - bax bu cür. – Onun kürəyini nişan alıb, atəş açırmış kimi davrandı. “Hə, bax, - düşündü əliyalın adam, - atmadı”. Ancaq o birisi avtomatı endirmədi. Əvəzində tətiyi çəkdi. “Bir qatar... bir qatar güllə buraxdı o” – əliyalın adam bu dar macalda belə düşündü. Saysız-hesabsız odlu zərbələr yumruq kimi ona çırpılanda isə hələ də ağlından bir fikir şütüyüb keçməkdəydi: “O elə bilir, öldürüb məni, amma mən sağam”. O, üzüstə yerə yıxıldı, ən axırda gördükləri isə üstündən adlayan - onun başmaqları keçirilmiş - ayaqlar oldu. Meşənin dərinliyində, yerdə bir meyit qalmışdı. Ağzı iynəyarpaqlarla dolu idi. İki saat sonra artıq ona hər tərəfdən qarışqalar daraşmışdı. /kulis.az/
|