İradə Aytel - Aktivistlər, uyanın!
19.07.13

Göcək-Gürsu-Pırnaz Yayla yürüşü xatirəsi

Göcək-Gürsu-Pırnaz Yayla yürüşünə dəvət alanda doğrusu, sevindim. Bilirdim ki, bu festival 11 ildir türkdilli xalqların bir arada olmasında, onların milli mədəniyyətini, incəsənətini, adət-ənənəsini bir-birinə tanıtmaqda, eyni zamanda, yürüş zamanı ayrı-ayrı türk elatlarında olaraq, türk kökənlərinin köçəri həyat tərzini bir daha yaşatmaqda böyük rol oynayır.

    Bizi festivala Uluslararası Aktivist Sanatçılar Birliyinin (UASB) Azərbaycan Rəsm Komitəsi başkanı, tanınmış rəssam Nəvai Metin dəvət etmişdi. 

Birlik barədə Nevai bəyin dedikləri: Uluslararası Aktivist Sanatçılar Birliyinin mərkəzi ofisi Türkiyənin İzmir şəhərindədir. Birliyin dünyanın 25 ölkəsində şöbələri var - o cümlədən Azərbaycanda. Birliyin məramı, məqsədi dünyada dinindən, dilindən, irqindən, milliyətindən asılı olmayaraq, sülhü, barışı sevən bütün sənət adamlarını bir araya gətirməkdir. Birlik heç bir siyasi məqsəd güdmür. Yəni, məqsədi sülhü, barışı yaşatmaq, insanlığı, həyatı sevməkdir. Birliyin başkanı Dr.şair Ümit Yaşar Işıkhandır. Birlik hər il 10-15 tədbirə imza atır, festivallar, yürüşlər, sərgilər təşkil edir. 2012 ci ildə Bakı şəhərində qonaq olan Ümit Yaşar Işıkhan və Birliyin İzmir Rəsm Komitəsi başkanı Hülya xanım Sezginin iştirakı ilə Atatürk Mərkəzində düzənlənən toplantıda məni Birliyin Azərbaycan üzrə təmsilçisi və Rəsm Komitəsi başkanı kimi təqdim etdilər. Ondan sonra Birliklə Azərbaycan arasındakı əlaqələr genişləndi, ölkəmiz daha sıx təkliflər aldı, daha çox tədbirlərə qatıldı. 

...Göcək-Gürsu-Pırnaz Yayla yürüşündə rəssam Nəvai Metinin başçılığı ilə Azərbaycanı Elməddin Nicat (şair), Könül Kəngərli (gənc rəssam), Rüstəm Fərman (foto-müxbir) və mən təmsil edirdik. 

    21 iyun 2013 tarixində Bakı-Ankara avtobusu ilə Türkiyəyə yola düşdük. Qara dəniz sahillərinin gözəlliklərini seyr edə-edə Gürcüstan-Türkiyə ərazisində Kamal Paşa qəsəbəsi - Rizə-Trabzon-Samsun-Çorumu (qoz-fındıq məskəni) geridə qoyaraq, 22 iyunda Ankaraya yetişdik (onu da qeyd edim ki, yol boyunca Nəvai Metin gördüyü təbiət gözəlliklərini özüylə götürdüyü planşetdə çizir, eyni zamanda Türkiyədəki rəssam dostlarından ağız dolusu danışırdı. Cuma Ocaklı, Süleyman Şahin, Memik Kibarkaya, Savaş Simitli, Asiye Aytan, Hülya Sezgin, Aişe Mesude Kumbasar, Olqa Er və adını unutduğum başkaları haqqında. Bu bizi sevindirirdi ki, həmyerlimizin geniş çevrəsi var).

Nəhayət, Ankarada bizi başkanımız Nəvai bəyin yaxın dostu, rəssam, “Rəssamlar sokağı”nın yaradıcısı Süleyman Şahin (Türkiyədə onu “Çoban rəssam” kimi tanıyırlar) qarşıladı. Biz oradan birbaşa “Anse Dekorasyon Senter”ə yollandıq. Nahardan sonra Süleyman Şahinin əsərlərindən ibarət sərgi ilə tanış  olduq. Sərgidə Nəvai Metinin də əl işlərinin olması bizi çox sevindirdi .

Biz Türkiyədə olduğumuz ərəfədə Süleyman Şahinin rəhbərliyi ilə Elazığda növbəti rəsm sərgisi keçirildi. Onu da qeyd edim ki, Nəvai bəyin həmin sərgidə də iki əsəri nümayiş olunurdu. Sərgidə satılacaq əsərlərdən gələn gəlirlər uşaqların təhsil problemlərinə sərf olunacaqdı.

Elə həmin gecə Nəvai bəyin dostları bizi avtobusla Ankaradan Muğlaya yola saldılar. Avtobusdakı təmizlik, səliqə-səhman, yüksək servis iki günün yol yorğunluğunu çıxardı. Muğladan sonra dünyaca məhşur istirahət mərkəzi olan Göcəkdə azərbaycanlı qonaqların yolunu gözləyirdilər. 

Haşiyə: Türkiyənin cənub hissəsində yer alan Göcek Muğla ilə Fəthiyyə ilçəsinə bağlı kiçik bir sahil qəsəbəsidir. 1980-ci illərin əvvəllərinə qədər kiçik və səssiz bir kənd olan Göcək Türkiyədəki turizmi genişləndirmiş və dünya əhalisinin bu bölgəyə marağını artırmışdır. Dənizə açılan cənub yönündən başqa ətrafı dik Toros dağları ilə əhatələnən Göcək açıq dəniz və mavi yolçuluq sevənlərin gəmiləri üçün də dəyərlidir. Aprel ayından noyabr ayına qədər bura turizm axını davam edir. Yerli əhalinin sayı isə 4000 nəfərdən yuxarıdır. 

Gözəl arxitektur tikiliyə, zəngin avadanlıqlara, yüksək xidmətlərə malik Göcək otelləri də dünya otelləri arasında öncüllərdən sayılır. 

Bura Türkiyənin hər bir bölgəsindən həm quru, həm də dəniz yolu ilə nəqliyyat vasitələri işləyir. Uluslararası Dalaman hava limanı ilə Göcəyin arasında cəmi 22 km məsafə var. Qəsəbənin mərkəzində helikopter meydanı da var. 

Göcəyə səfər edən hər bir turist dünyaca məhşur olan Kapıdağ yarımadası üzərindəki Krya, Lisai və Liydai qədim kəndlərinə səfər edir, oradakı antik dövrdən zamanımıza qədər yol gəlmiş tarixi qalıntıları ziayarət edir. 

Göcək adının yorumu isə müxtəlifdir. Bu adın gah köçekliklə (köçerilik), gah qədimlərdə toy mərasimlərinə dəvət olunan rəqqasların adı – köçeklərlə bağlı olduğunu, gah “köç” (köçmək) anlayışından yarandığını söyləyirlər. Bir versiyada isə göçek adını göyçək sözü ilə əlaqələndirirdilər.
Göcek koyları (vadi də demək olar) və adaları ilə də məhşurdur. “Yassıca adalar”, “Göcək adası”, “Zeytinli ada”, “Poruklu ada”, “Göbün köyü”, “Tersanə adası”, “Hamam köyü”, “Taşyaka köyü”, “Domuz adası”, Sarsala köyü”, “Yavansu və Göbün köyləri”, “At bükü” və “Günlüklü köy” turistlərin axın etdiyi Göcək əraziləridir.

Göcəyin özünəməxsus gözəlliyi ilə yanaşı, özəl qonaqlama mərasimi də var. Bu mərasimlər əsasən Göcəyin sahilyanı hissələrindəki müxtəlif cür ləziz türk mətbəxi ilə zəngin olan kafe və restoranlarda həyata keçirilir. Burada maraqlı br məqam da var; qəsəbə başdan-başa dəniz sahilində yerləşsə də, çimərlik ərazisi yoxdur. Dənizə baş vurmaq istəyənlər təknə ilə koylara tərəf üzməlidir. 

Qəsəbədə əntiq mallarla zəngin dükanlar, müxtəlif satış mərkəzləri də fəaliyyət göstərir.
Göcəkdə bizi qarşılayaraq qəsəbənin ən ünlü oteli olan “Yağmur otel”də yerləşdirdilər. Başdan-başa çiçəklərə qərq olmuş həyətdəki böyük hovuz sanki otelin dumduru gözləri idi. Gecə isə bizi “Limon” restoranında qonaqlama gözləyirdi.

Qonaqlamada bizim dəstədən başqa, Millət vəkili, Prof.Dr.Nurettin Demir və ömür yoldaşı Esen Demir, UASB-nin başkanı Umit Yaşar Işıkhan və ömür yoldaşı Selmina xanım, UASB-nin üzvü, izmirli musiqiçilərimizdən Cengiz Onur və ömür yoldaşı Özden Eren xanım, musiqiçi Serkan Ali, yürüşün təşkilatçılarından olan İsmət bəy iştirak edirdi. Ləziz süfrə, tanışlıq və maraqlı söhbətlərdən sonra otelə yollandıq. Səhərisi - 24-30 iyunda Göcək-Gürsu-Pırnaz Yayla yürüşünün açılışında olmalı idik...

    Davul, zurna sədaları altında atlar, dəvələr və folklor ekipləri ilə  yürüşü xalq oyunları, Muğla Yörük Obaları Dərnəyinin nümayiş etdirdiyi müxtəlif oyunlar, rəqslər yürüş iştirakçılarından başqa, ayrı-ayrı ölkələrdən gələn turistlərin də böyük marağına səbəb olmuşdu. UASB-nin üzvləri isə hamıdan seçilirdi. Boynumuzda Birliyin rəmzi olan şarflar, əlimizdə isə ayrı-ayrı xalqların əlifbasi və dili ilə sülhə çağırış bayraqları var idi. Açılış boyunca əhali arasında olan Prof.Dr. Nurettin Demir və xanımı, Göcək Bələdiyyə başkanı Rəcəp Şatır və bu yürüşdə əməyi olan rəsmilər iştirak edirdi. Yürüş sonrası düzənlənən xalq oyunları və dəyərli sənətçilərin – Kültür və Turizm Bakanlığı THM sanatçısı Tansın Duru və Türk Xalq Musiqi sanatçısı Vidan Turanın ifası gecəyə xüsusi rəng qatdı. Azərbaycanlı qonaqların şərəfinə səsləndirilən Azərbaycan musiqisinin sədaları isə tədbir iştirakçılarının birlikdə rəqsinə səbəb oldu. 

    Açılışın səhəri bizi daha maraqlı və bir az da çətin gün gözləyirdi. Səhər obaşdan oyanan yürüş iştirakçılarına ilk olaraq sağlıq kontrolu edildi, adlar qeydiyyata alındı və hər bir iştirakçıya yürüşün rəmzi olan uniformalar, şallar, bilgiləndirmə listələri paylandı. Proqram üzrə hərəkət edən yürüş iştirakçıları səhər saat 06:00-dan 06:30-a qədər D Apart və Opera Market önündə üzərlərindəki çantalardan başqa əşyaları avtobuslara yerləşdirməli və “Çevrə” andını oxuduqdan sonra yola düşməli idilər. 

Yürüşün əsas məqsədi köçəri həyat tərzini bu gün də yaşatmaq olduğu üçün hər bir iştirakçı piyada 110 km (beş gün ərzində) qət etməli idi. Beləliklə, biz Taşbaşı məhəlləsindən keçərək Demirtaş Mevkində olmalı, oradan da Gökçeovacık kəndindəki “Güroluk” bulağı üstündə səhər yeməyi yeməli idik. 

Yürüşçülərdən əvvəl nişan verilən qərargahda aşpazlar yurd salır, öz işlərinə başlayırdılar. Onu da deyim ki, yürüş boyunca mətbəxdə çalışanlar bizdən əvvəl mənzilə yetişərək, dadlı-duzlu təamları ilə bizi yaxşı mənada heyrətə gətirirdilər. 

    “Güroluk” çeşməsi başında iştirakçılara Muğla Sıtkı Koçman Universitetinin rektor yardımçısı Prof.Dr. Ali Osman Gündoğan yörüklərin (çobanların, köçərilərin) fəlsəfəsi ilə bağlı nitq söylədi. 

    Növbəti gedəcəyimiz ünvan Sabunlu köyü Bağırsakbaşındakı moladan keçərək Karacaörən Köyü Muhtarlığı idi. Burada da nahar yeməyindən sonra Muğla Sıtkı Kocaçan Universitetinin öyrətim üyəsi Dr.Bayram Akçanın maraqlı nitqi oldu. Kızıldərə adlanan, mənzərəsi ilə gözəlliklərə meydan oxuyan bu ərazidə yerləşmə - çadır qurma daha maraqlı idi. Hərə öz çadırını çayın sahilində bəyəndiyi yerdə qurandan sonra, çayda çimə, istirahət edə bilərdi. Orada keçirdiyim o ilk gecə  heç vaxt yadımdan çıxmayacaq. Çünki ilk dəfə çadırda yatırdım.

    Şam yeməyi daha maraqlı oldu. Bir araya toplanan min nəfərə yaxın iştirakçı yemək zamanı müxtəlif oyunların əhatəsində rəqs edir, deyir-gülür, əylənirdi. Çengiz Onurun və Sarkan Alinin rəngbərəng musiqi nömrələri isə daha çox alqışlarla qarşılanırdı. Bu nömrələrdə isə mütləq Azərbaycan şarkıları altında azərbaycanlı qonaqlar səhnəyə dəvət olunur, ağırlanır və rəqs edirdilər. Çengiz bəyin ifasında ən çox yaddaşıma həkk olunan musiqi parçası isə dəyərli sənətkar Ahmet Kayanın repertuarından olan “Saçlarına yıldız düşmüş, koparma anne” şarkısı oldu. Çengiz bəy o şarkını elə ilhamla, sevgiylə səsləndirirdi, əmin olurdun ki, Ahmet Kayanın ruhu da o səsi dinləyir və “afferin, oğlum” deyə, pıçıldayırdı...

    İlk gün nə qədər deyib-gülüb əylənsəm də, fikrim yatacağım çadırda idi. Köç saldığımız ərazi müxtəlif həşaratlar və heyvanlara qarşı dərmanlansa da, çadırıma həşarat girəcəyindən yaman qorxurdum. Lakin gecə boyunca durmadan rəqslər, oyunlar, gecə sonrası çay kənarındakı həzin musiqi, tərtəmiz hava mənə nəinki həşaratları, yol kənarlarında rastlaşdığımız ilanları  belə unutdurdu və bir də səhər obaşdan zabur sədaları altında Ümid bəyin “Aktivistlər, uyanın!” əmrinin (amma həm də sanki xahiş edirdi, çünki Ümid bəy bilirdi ki, hamı yorğundu) səsinə oyandım. Və həmin gündən hər səhər “Aktivistlər, uyanın” sözü səhər azanı kimi könlümüzə yayılır, bizi yeni günə ən yaxşı ovqatla kökləyirdi (aradan günlər keçməsinə baxmayaraq, Ümid bəyin şairanə, bulaq kimi axımlı səsi yenə də qulaqlarımdadır).

    26 iyun səhəri də yeməkdən sonra hərəkətlə başladı. Çadırlarımızı yığıb, əşyaları toplayandan sonra müxtəlif kəndləri, obaları keçərək Kavacık Köyü Muhtarlığını ziyarət etdikdən sonra Zakkum Yoxuşu ilə Çöğmen kəndinə vardıq. Burada da ilk olaraq ÇYDD başkanı Toğrul Yılmazın nitqində bu kəndin tarixi ilə tanış olduq. Sərbəst saatdan sonra at yarışması keçirildi. Yörüklərin müxtəlif oyunları - “taş devirmə”, “güvercin taklası”, “halat çəkmə” və s. yarışmalarda ən yaddaqalanı isə sonuncu oldu. Belə ki, “halat çəkmə”də azərbaycanlı qonaqlar qalib oldular. Sevincimiz birə-beş artdı. Axı, həmin gün həm də Azərbaycan Silahlı Qüvvələr Günü idi. Çıxıçımız zamanı bayramı ikiqat yaşadığımızı söylədik və qan qardaşlarımızın təbriklərinə sevindik.

Çöğmen kəndində gecə ziyafəti zamanı biz də səhnəyə dəvət edildik. Onu da məxsusi qeyd edim ki, bizim rəssamlar (yürüşdə cəmi iki rəssam iştirak edirdi - Nəvai bəy və Könül xanım) yürüş boyunca sevdikləri və seçdikləri mənzərələri kətan üzərinə köçürürdülər. Bu isə sənətə - incəsənətə dəyər verən türklərin yaxşı mənada təəccübünə səbəb olurdu. Onlar rəsm əsərlərinin hər bir nöqtəsinə, cizgisinə elə maraqla baxır, sevgi və sayğılarını elə anladırdılar ki, insanda sənətə daha da vurğunluq yaranırdı. Və bu rəsm əsərlərinin , ümumiyyətlə, səfərimizin an-an, dəqiqə-dəqiqə lentə alınaraq, bizimlə yanaşı yolçuluq edən TRT kanalının əməkdaşları tərəfindən hər gün yayınlanması bizi daha çox sevindirirdi. 

27 iyun da çadırların toplanması və növbəti yolçuluqla başladı. Efekli yoxuşunu qalxmaq çətin olsa da, maraqlı idi. Çal dağı ətəyinin seyrindən sonra Kızlanoluk çeşməsində kahvaltı etdik. Həmin gecə də sərbəst saatdan sonra möhtəşəm bir əyləncəli-bədii gecə bizi gözləyirdi. Burada da Türkiyə rəsmiləri ilə yanaşı, kənd əhalisi də iştirak edirdi. 

Onu da deyim ki, hər bir kəndi ziyarət etdikcə kəndlilərin geyim və qonaqlama mədəniyyəti məni heyran edirdi. Onlar öz qədimliliyini elə gözəlliklə saxlayırdılar ki, bir anlıq sənə elə gəlirdi ki, əski zamanlardasan. 

    Denizgörən Örenində dilək daşı atma, Kırkmaar Deliktaşından keçmə, Karafilli Yaylalarına yürüş etdikdən sonra Nazim Hikmət Çinarı altında toplaşdıq. Burada öyrətmən Sema Kaynarın nitqində “Karadüt əfsanəsi”ni dinlədik və ən yaddaqalan bir gecəyə başladıq. Keçmiş millət vəkili Sami Gökmen Nazim Hikmətin şeirlərini elə gözəl, peşəkarcasına, sevgiylə səsləndirdi ki, alqışlamaqdan doymurduq. Yörüklərin köçü ilə ilgili türkülərin, şeirlərin, xaql oyunlarının içində Azərbaycan ədəbiyyatına və mədəniyyətinə də xüsusi yer ayrılmışdı. Və onların “Siz öz ləhcənizdə söyləyin, bizim məntiqimiz sizi olduğu kimi qavramasa da, ürəyimiz anlayır, duyur” deməsi bizə qol-qanad verirdi. Türkiyənin, türklərin qardaşlarımız olmasının sübutunu bir daha görür, sevinirdik.

Böyük şair Nazim Hikmət Çinarının altında onu anan çıxışçılar sevimli şairin məzarının Türkiyə torpağında olmamasından hüznlə söz açırdılar. Mənsə öz çıxışımda bizim də böyük liderimiz, qürurumuz, türk millətləri arasında ilk cumhuriyyət quran Məmməd Əmin Rəsulzadənin məzarının Azərbaycanda yox, Türkiyədə olduğuna qəmlənmədiyimizi söyləyərək, o böyük insanın məzarına burada səcdəgah kimi yanaşıldığını, bunun isə bizə qürur verdiyini qeyd etdim. Çıxışımın sonunu liderimiz Ə.Elçibəyə həsr etdiyim “Bakı küləyi”adlı şeirimlə başa vurdum. Bu zaman iştirakçılar arasından “Yaşasın Elçibəy!” nidası eşidildi və hər tərəfdən səslənən “Yaşasın Elçibəy!” sevgisi, alqış sədaları qürur dolu göz yaşlarıma tumar oldu...

    Başkanımız Nəvai Metinin dəyərli nitqi, Elməddin Nicatın şeirləri, Könül xanımın özünəməxsus zərif ürək sözləri, fotoları ilə kitab-kitab danışan, lakin sözə gələndə simiclik edən Rüstəm Fərmanın hər bir kəlməsi alqış və sevgilərlə qarşılandı. Sanki Nazim Hikmət sevdiyi, hürlük arzuladığı Azərbaycanın timsalında bizə “Xoş gəlmisiniz, qandaşlarım” deyirdi...

Səhərisi gün də Nazim Hikmət gecəsinin təsiri və “Aktivistlər, uyanın!” əmri ilə oyanaraq, çadırlarımızı topladıq və yola düzəldik. 

Artıq hər bir yürüşçü bizim üçün doğmalaşmışdı. Göcək-Gürsu-Pırnaz Yayla yürüşündə ən çox əməyi olan Şərif bəyin “Ən güzəl yerdəsiniz” (o, “mənzilə çatmadıqmı” deyə soruşan yorğun yürüşçünün hər birinə “ən güzəl yerdəsiniz” deyə, təbəssüm edirdi) kəlməsi, türk xalq rəqslərini çox dəqiqlik və incəliklə canlandıran Kadriyyə xanımın bir-birindən gözəl rəqsləri, Mədəniyyət İdarəsinin işçisi, gözəl xanım Özgenin şirin qəmzəsi, Büşra və mavi gözlü Merve Çıkan bacılarının ismətli davranışı səfər boyunca bizi diqqətində saxlayan, əziyyətimizi çəkən, hər bir istəyimizə sözsüz əməl edən İsmət bəyin nurani təbəssümü yaddaşımıza xoş xatirə kimi həkk olundu.

Haşiyə: Yürüşçülərə simvolik olaraq sarı rəngli kətan şallar paylanırdı. Bu şallar  həm də qızmar gün işığından qorunmaq üçün idi.  Mənə düşən şalı isə İsmət bəy çiynimə saldı. Bu zaman bizimkilər alqış sədaları ilə “təbrik edirik” söylədilər. Heç nə anlamayan İsmət bəy sual dolu nəzərlərlə Nəvai bəyə baxdı. Nəvai bəy isə: “Qız atasına sormadan qıza nişan koyulurmu?” deyə, İsmət bəyi şirincə məzəmmət elədi. Və oradakılara izah etdi ki, Azərbaycanda qədimdən qalma bir adət var; qızı nişanlayanda onun çiyninə şal salarlar. Bundan sonra hamı bir nəfər kimi bizi alqışladı. Elə həmin şalsalma mərasimindən sonra zarafatla mənə “nişanlı qız” deməyə başladılar. İsmət bəyi doğrudan da sevdim, həm də atam kimi...

28 iyunda Dana Durduran Yoxuşu ziyarətindən sonra Göçerlər korosunun musiqi çalışması, Ağla Mezrası sakinləri ilə söhbət və s. Gürsu köyündə başa çatdı. Burada da gecə ziyafəti zamanı kənd haqda məlumatlar verildi, sakinlərin həyat tərzi ilə tanışlıq oldu, müxtəlif elm adamlarının -  Millət vəkili, Prof. Dr. Nureddin Demir, Pamukkale Universitesi dekanı, arxeoloq, Prof. Dr.Celal Şimşek, öyretim üyesi Mehmet Okunak, Muğla Sıtkı Kocaman Universitesi Prof.Dr. Ahmet Yiğit, Uluslararası Aktivist Sanatçılar Birliyinin başkanı, şair Umid Yaşar Işıkhan, UASB-nin Azərbaycandakı Rəsm Komitəsi başkanı Nəvai Metinin çıxışları, əski türk adət-ənənəsinə sadiq elçilik və düyün mərasimləri, Çingiz bəyin musiqi nömrələri, türkülər, rəqslər gecə yarıyacan davam etdi.

Yürüşün sonuncu günü də maraqlı görüşlər və əhvalatlarla yadda qaldı. Pırnaz Köy Muhtarlığını ziyarətdən sonra Altın sipsi yarışması, Yörük bəyinin seçilməsi, Gölhisar Xalq Eyitim folklor  ekipinin çıxışları, Katılım belgilərinin verilməsi, sürprizlər, əyləncələrlə başa çatdı. 

30 iyun festivalın final nöqtəsi idi. Göcəkdə çox məhşur olan “Dedemin” otel və restoranının qarşısında azərbaycanlı rəssamların yürüş boyunca çəkdiyi rəsmlərin sərgisi olacaqdı. Səhər obaşdan dünyaca məhşur Dalyan Nehri və Köyceğiz gölü üzərinə səyahətə getdik. Dalyan Muğlanın Ortaça ilçəsinə bağlı çox qədim və möhtəşəm bir turizm bölgəsidir. Dalyan günlük yeməkli gəmi gəzintisinə çıxmadan oraları “seyr etdim” demək səhv olardı. Əsas seyrəngah Dalyandan dəniz vasitəsi ilə Göcəyə yan almaqdır. Hər tərəfdə möhtəşəm qayalıqlar, qayalar üzərindəki “Kaunos” kəndində daş tikmələri insanı valeh edir. Əfsanəyə görə, Kral Melitosun əkiz balaları Kaunos və Bublis bir-birinə aşiq olur. Bu yasaq sevgini eşidən kral oğlu Kaunosu ölkəsindən qovdurur. Əlacsız qalan Kaunos Dalyan bölgəsinə gəlir və burada sığınacaq tapır. Kəndin adını da öz şərəfinə Kaunos adlandırır.  

Min illərdən bəri özlüyünü qoruyub saxlayan Dalyan  1966-cı ildən bu yana turizm mərkəzi kimi fəaliyyət göstərərək, gün ərzində minlərlə qonağa ev sahibliyi edir. Məhşur müalicəvi “Çamur banyosu”, “Əski teatr”, “Ekincik Caves” (Ekincik mağarası), “Tlos Antik Kenti”  Dalyanda yerləşir.
“Ölü dəniz”in qoynunda Dalyan ətrafını gəzmək çox maraqlı olsa da, səyahətçilərin çoxunu dəniz havası tutdu. Doğrusu, dənizin insan orqanizminə bu qədər təsir edəcəyinə inanmazdım. Heç bir şey olmamış kimi istirahət edən “dəniz adamları” - sakinlər bizim başgicəllənmələrimizə təbəssümlə baxırdı. 

Sərgi rəsmilərin və festival iştirakçılarının iştirakı ilə mohtəşəm ağırlamalarla açıq elan edildi. Rəssamlarımızın rəsm əsərlərini heyranlıqla seyr edən mərasim iştirakçıları bəyəndikləri əsərləri elə yerindəcə almağa çalışırdılar. 

Nəvai Metinin “Uykulu dəniz”, “Nurəddin Hoca” (Millət vəkili, Prof. Dr. Nurəddin Dəmirin portreti), “Mağrur tənhalıq”, “Yağmur Otel”, “Türker” (tanınmış fotoqraf İskhan Kazakın 7 yaşlı oğlu Tayqanın portreti), “Dede Palıd”, “Sevgiyə baxan eyvan”, “Aşk Kardeşleri” (Azərbaycan və Türkiyənin qoşa bayrağı mənzərə içərisində. Bu adı Umid Yaşar vermişdi), Könül Kəngərlinin “Güllər” , “Köyümüz” əsərləri çox maraqla qarşılandı. 

Sərgi zamanı ölkəmizin təmsilçiləri Pr.Dr Nureddin Demir, Göcek Bələdiyyə başkanı Recep Şatır və 2010-2011-ci il Göcek Göçerleri Yörük Beyi Yalçın Dimin imzası ilə təsis edilmiş “Teşekkür Belgeleri” ilə təltif edildilər. 

Yürüşün keçirildiyi ərəfədə nənəsi azərbaycanlı olan Nərgiz xanımın rəsm əsərlərindən ibarət sərgi keçirilirdi. Nərgiz xanımın da əsərləri özlüyü ilə maraqlı və  baxımlı idi.

    Sərgi səhərisi günü möhtəşəm, maraqlı, yaddaqalan yürüş günlərini başa vursaq da, səyahətimiz davamını bitirmədi. Bu dəfə bizi Nevai Metinin dostu, təkcə Türkiyədə yox, bütün dünyada fotoları ilə məhşurlaşan İskhan Kazak öz diyarına -  Datçaya dəvət etdi. Yolüstü gözəl dəniz şəhəri Marmarisin də gözəlliyini seyr etdik. İskhan bəyin xanımı və oğlu Tayqa (portreti ilə artıq məhşurlaşan yeddi yaşlı Tayqa) ilə tanışlıqdan sonra ən təmiz çimərlik sahəsi, dünyaca məhşur olan Datçanı seyrə çıxdıq. Şəhərin gözəlliyi ilə yanaşı, oradakı qonaqpərvərliyə, azərbaycanlı qonaqlara olan sevgiyə sevinməyə bilməzdik.

İskhan bəyin təşəbbüsü ilə “Datça” qəzetinin nümayəndəsi “Azərbaycanlı qonaqlar Datçada” başlığı altında məqalə ilə bizi ağırladı.

    Səfərimiz 3 iyulda - Ankara şəhərində müqəddəs məzarda uyuyan müqəddəs insan - Məmməd Əmin Rəsulzadənin ziyarəti ilə başa çatdi. Və həmin gün səfər boyunca bizə əsl ata qayğısı göstərən, çəkilişlərdə, çıxışlarda bizi irəli çəkən, gözəl insan, başkanımız Nəvai bəyin ad günü idi. Kutsallıklar qoynunda keçən gün Ankara-Bakı yolçuluğunda sona yetdi.





Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.