Qan Turalı - Darıxanlar
08.07.13

“Çay dəstgahı” silsiləsi

- Burda nə var, nə yox?
 
- Nə olacaq. Günortaya kimi dərsimi dəyib gəlirəm evə. Sonra bekarçılıqdı.
 
- Neynirsən axşama kimi?
 
- Heç nə. Neyləyəcəm? Gəlib yeməyimi yeyib televizora baxıram. Bir-iki saat yatandan sonra həyətə düşürəm. Çayxanaya dəyirəm. Axşam da gəlib evdə kanalları fırladıb kino axtarıram. Bir şey tapsam oturub baxıram, tapmasam da yatıram.
 
- Dolanışıq-zad necədir?
 
 - 300 manata qədər pul alıram da. Maaşım budur. Məktəbdəki bütün iqtisadiyyat dərsləri mənimdir. 12 saat dərsim var. Yoldaşım da o qədər alır, beş-altı uşaq hazırlaşdırır, birtəhər dolanırıq.
 
- Şagirdlərin necə oxuyur?
 
- Oxumurlar. Avaradılar.
 
- Dərslə maraqlanmırlar?
 
- Yox e, kimə deyirsən. Heç biri oxumur. Deyirəm niyə oxumursunuz, qayıdıb deyirlər ki, testə düşməyəcək ki, niyə oxuyaq? Elələri də var, II qrupa hazırlaşırlar, amma yenə oxumurlar. Onlara da deyəndə ki, siz niyə oxumursunuz, iqtisadçı olmaq istəmirsiz? Deyirlər ki, universitetdə oxuyanda oxuyacağıq da.
 
- Heç yadıma gəlmir e. Bizim iqtisadiyyat müəllimimiz kim idi məktəbdə?
 
- Yox idi...
 
- Necə yox idi?
 
- Coğrafiya müəllimimiz var idi e, Yaqub müəllim. O deyirdi də. Yadına gəlmir? O da heç vaxt iqtisadiyyat dərsi demirdi, elə coğrafiyadan danışırdı.
 
- Deyirəm axı, yadıma gəlmir. Amma kitab yaxşı yadımdadı. Universitetə girəndə də özümlə aparmışdım.
 
- Hə, elə indi də o kitabdan dərs deyirəm. Bir kitabdı, üç sinif də ordan dərs keçirəm. 3 sinif üçün bir kitab buraxıb nazirlik.
 
- Tələbə vaxtı məqalə yazırdın çoxlu. İndi yazmırsan?
 
- Həvəs qalmayıb. Yazıb neyləyim? Divar qəzetinə yapışdırım? Dərs oxumayanlar divar qəzetini oxuyacaq?
 
- Guya tələbə olanda “Ekonomist”də çıxırdı məqalələrin? Vaxtın da var, yaz başını qat da. Mən elə istəyirəm yazmaq, amma vaxt eləyə bilmirəm.
 
- O vaxt başqa idi. Ümidlərimiz çox idi. Özümüzü böyük iqtisadçı kimi görürdük. Heç olmasa Ziyad Səmədzadə kimi. Parlamentin iqtisadiyyat komitəsinin sədri kimi. Yadında deyil büdcə layihələri üstündə səhərə qədər mübahisə etməyimiz? Düşünürdük ki, Azərbaycan iqtisadiyyatını ancaq biz xilas edə bilərik.
 
- Çay istəyirsən?
 
- Hə, yaxşı olar.
 
- Sənin işlərin necədir Bakıda?
 
- Belə də. Yaxşı demək olar.
 
- Heyf deyil Bakı. Orda qalmaq istəyirdim. Alınmadı. Anam qoydu ki? Magistraturanı oxumağa onları güclə razı saldım. Aspiranturaya getmək istəyirdim, əsgərliyə apardılar. Əsgərliyə qayıdandan sonra tez evləndirdilər. Dissertasiya da hazır idi beynimdə. Sənin elmi işin nə yerdədir?
 
- Yaxşı yadıma saldın. Heç bilirəm ki, nə yerdədi? Yazıb qurtarmamışam.
 
- İnstituta gedib gəlirsən?
 
- Arada iş olmayanda altıncı günlər gedirəm.
 
- Niyə yazıb qurtarmırsan?
 
- Vaxt olur ki? Bankda iş doqquzda iş başlayır, altıda qurtarır. Zabratda qalıram. Axşam saat 9-a evə çatsam Allaha şükür eləyirəm. Elə vaxt olur ki, işdən saat yeddidə çıxıram. Səhər də saat 7-də evdən çıxıram ki, doqquzda işdə olum. On dəqiqə geciksəm 50 manat kəsirlər maaşdan.
 
- Altı, bazar evdə olmursan ki?
 
- Bir ay altı, bazar evdə oluram. Bir ay da ancaq bazar günləri. Altıncı günlərdə növbəli işləyirik. Adam çox yorulur e. Dissertasiyam üçün 3-4 kitab almışam. Amma oxumağa vaxtım olmur.
 
- Nə kitabını almısan?
 
- Keynsin “Məşğulluq, mənfəət və pulun nəzəriyyəsi”.  Axşam gəlirəm evə, yüngülvari bir şey yeyib divana uzanıram ki dincəlim. Özümə gələndə də saat 12 olur.
 
- Tələbə vaxtı o kitabları necə arzulayırdıq. Rus dilində olan köhnə nəşrini tapmışdıq. Höccələyə-höccələyə, lüğətə baxa-baxa oxuyurduq. Amma nə qədər kitab vardı oxumaq istədiyimiz.
 
- Yadına gəlir, bir dəfə “İqtisadi nəzəriyyə” kitabında Keynsdən sitat vardı, "snoska"da o kitabın adını yazmışdılar Azərbaycan dilində. Mən də sevinə-sevinə gəlib dedim ki, bu kitab Azərbaycan dilində varmış. Amma heç hardan tapa bilmədik. Sonra Sabir müəllim dedi ki, bizdə yoxdur o kitab.
 
- Yadımdadı, niyə yadımda deyil ki. İki gün şəhəri ələk-vələk elədik, Axundovun kartotekalarını bir-bir yoxladıq, tapmadıq.
 
- Bax, indi o kitab mənim stolumun üstündədi. 15 səhifə oxuya bilmişəm ancaq. Gətirim sənə?
- Bilmirəm.
 
- Mamagil necədir?
 
- Yaxşıdılar. Səninkiləri soruşmuram. Hər gün görürəm mamanı məktəbdə. Səni soruşuram. Deyir, bizə zəng də eləmir.
 
- Hə, vaxt olur ki. Bir də görürsən bir milyon manat pul saydığım yerdə zəng vurdu. Götürmürəm, beş  dəqiqə sonra zəng vuracam deyirəm, amma işin axırına kimi beş dəqiqəni tapa bilmirəm. İşdən evə qayıdanda istəyirəm yolda zəng vurum, taqətim qalmır. Özümə saat 11-12-də gəlirəm, onda da zəng vursam qorxar, elə bilər nəsə pis şey olub.
 
- Nə bilim vallah.
 
- Bilirsən nə düşünürəm? Biz nəyə lazımıq e. Mən olmasam da kimsə bankda pul saya bilməz? Birinci sinifdə oxuyan uşaqlar da pul saya bilir. Niyə oxuduq universiteti? Nə qazandıq?
 
- Qəribə danışırsan e. Oxumayaydıq? Camaat deyir e, oxuyub nə olmusan, sən də lap onlar kimi danışırsan.  Oxuyub heç olmasa adam olmuşuq?
 
- Nə adam e? Bilirsənmi, pulsayan maşınlar da var. Məndən də yaxşı sayır. Sayanda heç nə düşünmür, tamamilə səhvsiz işləyir.
 
- Mən demirəm ki, kassir olmuşuq. Deyirəm ki, adam olmuşuq.
 
- Adam nəyə deyirsən e. Bizim adam olmağımızdan kimə fayda dəyib. Bəşəriyyəti demirəm, özümüzə nə fayda dəyib?
 
- Deyirsən, dəyməyib?
 
- Əlbəttə ki, dəyməyib. Nə boyda arzularımız vardı. İndi pul sayıram. Başqalarının pulunu.
 
- Mən öz həyatımdan razıyam. Düzdür, darıxdırıcıdı burda həyat, amma heç olmasa ətrafımdakı qoyunlar kimi deyiləm. Heç olmasa bilirəm ki, Yunanıstan niyə batır, Almaniya niyə ayaq üstdədi.
 
- Danışırsan da. Bax, bunun sənə nə xeyri? Tutaq ki, bildin bunları. Nə xeyri olacaq? Sən dərsdə Yunanıstanın niyə batmasını danışanda kim sənə qulaq asır?
 
- Heç kim qulaq asmasa da bilirəm də. Gərək qulaq assınlar.
 
- Özünü aldadırsan. Antik filosoflar kimisən. Oturub dünyanın necə yaranması haqda fikir yürüdürdülər, amma dəyirmanı eşşəklər fırladırdı, ağıllarına da gəlmirdi ki, dəyirman üçün nəsə bir kəşf eləsinlər.
 
- Amma onlar dünyanı dəyişdilər. Karl Marks, sənin o tələbə vaxtı sevmədiyin Marks özü də Platondan çox şey götürmüşdü.
 
- Yeri gəlmişkən, indi Marksı sevirəm. Özü də çox sevirəm. Sabir müəllimə bir ay qabaq bir məktub yazdım. İşin yanında poçt vardı, aparıb saldım poçta.
 
- Nə yazmışdın?
 
- Yazmışdım ki, mən sizdən üzr istəyirəm. Sizi də, Marksı düz başa düşməmişəm. Mən elə bilirdim ki, o çox ideoloji yanaşıb məsələlərə. Həqiqəti görməyib. Amma indi sizi anlayıram. Telefon nömrəmi də yazıb xahiş eləmişdim ki, mənimlə əlaqə saxlasın.
 
- Zəng vurdu?
 
- Yox. On-on beş gün keçdi, zəng vurmadı. Axırda internetdən kafedranın nömrəsini tapıb özüm zəng vurdum. Dedilər ki, ölüb. Çox pis oldum.
 
- Hə, son marksist də öldü.
 
- Bəs mən nəyəm? Mən də marksistəm də. Mən o vaxtı cığallıq eləmirdim. Sadəcə başqa iqtisadçıları, liberalları da öyrənmək istəyirdim. Heç harda kitabları yox idi. Kitablarda azca yazılırdı onlar haqda. O da tənqid etmək üçün. Amma internetlə oxudum onları. Gördüm hamısı haqq-hesaba basıb. Boş söhbətlər eləyiblər. Təkcə bir fikrinə görə Marksı dahi elan etmək olar.
 
- O hansı cümlədir elə?
- “Əmək insanı özgələşdirir” cümləsinə görə.  Bax, elə mənim günümə bax. 500 manat maaşa görə eşşək kimi işləyirəm. Arzuladığım bir filmə də baxa bilmirəm. Kitab oxuya bilmirəm. İşə gedib gəlməklə bir yerdə 14 saat itirirəm gündə. Yuxusuz qalıram. Hiss edirəm ki, içim əriyib gedir. Özgələşmək bəs nədir? Bazar günü də yuxudan doymuram. Günorta yuxudan dururam, onda da başım ağrıyır. Heyf deyil sənin günün? Bütün günü bekarsan.
 
- Yox e, soyub-soyub axırda murdarladın. Nə günüdü bu?
 
- Guya mənim günüm gündür? Mənim günüm itin günü, mən bankdayam bütün günü.
 
- Ağlıma axmaq bir sual gəlib. Olar, verim?
 
- Ver...
 
- Sənin arzun nədir?
 
- Hə, axmaq sual niyə olur? Maraqlı sualdır. İstəyirəm, bax elə bizim şəhərdə yaşayım. Balaca bir evim, azca qazancı olan bir işim olsun. Özümə bir kabinet düzəldim. Bir bloq açım. İqtisadiyyat haqda məqalələr yazım. Roman oxuyum. Hər gün orda işləyim. Həyətdə dovşan saxlayım. Sədan da toyuq-cücə saxlasın. Uşaqlarımız  olsun. Məktəbdən gəlsinlər. Sədan onlara nağıl oxusun, mən misal-məsələlərinə kömək edim. Şənbə günləri bir yerdə filmə baxaq. Bax, belə...
 
- Gözəl arzudur.
 
- Hə, deyəsən sənin də xoşuna gəldi.
 
- Belə də...
 
- Ofisiantı çağır, duraq, mama dolma bişirib, bizi gözləyir.
 
- Hə, gecdir, gedək. /kulis.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.