İntiqam Qasımzadə: “Anar heç vaxt qadağa qoymayıb... - MÜSAHİBƏ

24.06.13


“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin müsahibəsi.

 

- İntiqam müəllim, “Azərbaycan” jurnalının 90 yaşı tamam oldu. Nədənsə yubiley mərasimindən səs-soraq yoxdur...

 

- Vallah, mən qapıları döyən adam deyiləm. Bu işi bacarsaydım, daha doğrusu, nə isə tələb etsəydim, yəqin nəzərə alardılar. Əlbəttə, istəyərdim dövlət təltifi olsun, jurnalın kollektivinə hansısa şəkildə adlar, yaxud pul mükafatları verilsin. “Azərbaycan” jurnalının ədəbiyyat tariximizdə çox böyük xidmətləri var. Kimsə elə başa düşər ki, təltifi, qiymətləndirməni özüm üçün istəyirəm. Qətiyyən belə deyil.  Bu, jurnalın əməkdaşlarının halal haqqıdır. Açığı, Anar müəllim Mədəniyyət və Turizm Nazirliyinə təqdimat yazıb. Mənə dedilər ki, Əbülfəs Qarayev məktubla tanış olub və Prezident Administrasiyasına göndərib. Hələ ki bir xəbər yoxdur, amma tələsməyək, il qabaqdadır, düşünürəm jurnal üçün nə isə edəcəklər.

 

- Yazıçılar Birliyinin ədəbi orqanları, o cümlədən “Azərbaycan” jurnalı tez-tez tənqid olunur. Məsələn, bu jurnallar kimə lazımdır, niyə çıxır...

 

- “Bu jurnallar kimə lazımdır?” deyənlər çox böyük səhv edirlər. Azərbaycan yazıçısı, şairi və ümumən ədəbiyyatçısı nə yazırsa, biz onu əhatə etməyə çalışırıq. Bizim jurnalın ildə on iki sayı çıxır və kimsə deyə bilməz ki, yaxşı əsər yazdım, İntiqam Qasımzadə onu çap etmədi. Rəhmətlik Yusif Səmədoğlu deyərdi ki, yaxşı yazı gətirən varsa, onu növbə siyahısına salmaq lazım deyil. Təqdim olunan materiallarla şəxsən özüm tanış oluram və istedadla yazılmış mətn varsa, kənarda qala bilməz.

 

- Jurnalın 20-dək əməkdaşı var. Bütün yük sizin üstünüzə düşürsə, digər şöbələr nə işlə məşğul olur?

 

- Jurnalın əsas yükü beş-altı nəfərin üstünə düşüb. Hamı bilir ki, maaşımız nə qədərdir. Məsələn, baş redaktor kimi mən 482 manat maaş alıram. Şöbə müdirlərinin maaşı  250 manatdan çox deyil. Digər texniki işlərə baxanlar isə 120-150 manat əmək haqqı alırlar. Onlardan ciddi şəkildə nə isə tələb edə bilmirəm. Hətta təzə gələndə özüm təklif etmişdim ki, başqa işlərlə məşğul olun, dolanışığınız çıxsın. Mənim özümün də dolanışığım burdan çıxmır. Ssenarilər yazıram, yazı redaktə edirəm və s. Təsəvvür edin ki, mən 40 ildir “Azərbaycan” jurnalında müxtəlif vəzifələrdə çalışmışam, indi baş redaktoram, kiçik qızımın aldığı maaş mənim maaşımdan üç dəfə çoxdur. Bax, belə...

 

- Bəzən gileylənirsiniz ki, enerjimi jurnala sərf etdim, yazı-pozuya vaxt qalmadı. Bir işə ki ömrün 40 ilini sərf edəsən və o işdən normal dolanışıq çıxmaya, üstəlik, yazı-pozu ilə məşğul olmağa vaxt qalmaya, buna dəyərdimi?

 

- Vallah, yaman çətin sual oldu. Gəlin, açıq danışaq. İndi bizə ağız büzənlər var: “İntiqam Qasımzadə oturub orda, gərək o vəzifədə bizim böyük yazıçılardan biri olardı” və s. Belə söhbətlər gəlib mənim qulağıma çatanda, ürəyim bulanır. Mən öz işimi həmişə böyük sevgiylə görmüşəm. Vaxtilə tərcüməçi, tənqidçi kimi həmişə üzdə olmuşam. Bu işlər son illər bir az azalıb. İntəhası, indi dövr başqadır, kimsə bir yazı yazan kimi çil toyuq olub aləmə səs salır. Mən belə işlərlə məşğul olmuram, daha doğrusu, bacarmıram. Əlbəttə, özüm üçün daha çox işlər görə bilərdim.

 

Qarşıdan Yazıçılar Birliyinin qurultayı gəlir. Postu təhvil verib getmək niyyətiniz var?

 

- Günü bu gün könüllü şəkildə bir hücrəyə çəkilib yazı-pozu ilə məşğul olmaq istərdim. Gedərdim rəhbərliyimizin yanına, deyərdim bu qədər çalışdım, indi bir nəfər də gəlsin, bu jurnalı davam etdirsin. Mən çox maraqlı insanlarla görüşmüşəm, bir yerdə işləmişəm. Nə qədər ki ağlım, yaddaşım, sağlamlığım yerindədir, oturub onlar haqqında xatirələrimi yazmaq istərdim.

 

- Belə başa düşdüm ki, Anar  müəllim razılıq vermir...

 

- Bəli, Anar mənim getməyimi istəmir. Bir dəfə yorulanda dedim getmək istəyirəm, razı olmadı ki, nə yorulmaq? Yorulubsan, get məzuniyyətə. Bir ay olmasın, iki ay olsun, üç ay olsun. Mən, demək olar, məzuniyyətə çıxmıram. Formal olaraq ərizə yazıb işimi davam etdirirəm. Yay aylarında ən çox işə gəlmədiyim bir həftə, uzağı on gün olur.

 

- Özünüzdən sonra baş redaktor kimi görmək istərdiniz? Hərçənd bu sizin səlahiyyətiniz deyil, amma hər halda, təsəvvür edin ki, seçimi sizə həvalə etdilər...

 

- Yazıçılar Birliyi özü tapar. Və arzu edənlər o qədərdir ki... Görürəm, vurnuxanlar çoxdur. Mən bu jurnalda həm də atamın xatirəsini yaşadıram. Mənim atam “Azərbaycan” jurnalının poeziya bölməsinin rəhbəri olub və mən onun görə bilmədiyi işləri burda görməyə çalışıram. Yazıçılar Birliyi mənim üçün müqəddəs yerdir və işə gələndə həmişə sevinmişəm. Amma son vaxtlar bu hissləri yaşaya bilmirəm. Kim nə düşünür, düşünsün. Çalışıram, foyedə, koridorlarda heç kimlə rastlaşmayım, kənar söhbətlər eşitməyim. Ürəyim ağrıyır, belə söhbətlərə qulaq yoldaşı olmaq istəmirəm. Mən burda bilirsən necə gözəl kişilərlə bir yerdə işləmişəm?

 

- İndi o gözəl kişilər yoxdur?

 

- Gözəl atları gözəl kişilər minib getdilər. Dığ-dığ ev yıxar. Yazıçılar Birliyini dığ-dığa rəvac verən, söz-söhbət yaradan adamlardan mütləq təmizləmək lazımdır.

 

- Üstüörtülü danışırsınız...

 

- Üstüörtülü niyə danışıram? Mən eşidəndə ki, burda ev üstündə söz-söhbət gedir, inanın, iyrənirəm. Elə bilirsiniz, mənim evə ehtiyacım yoxdur? Mənim də övladlarım böyüyür, qızım nəvəmlə mənim evimdə yaşayırlar. Bu söhbətlərin iştirakçısı olmayım deyə, nə ərizə verirəm, nə də ev istəyirəm. Yazıçılar Birliyindən mənə heç nə lazım deyil.

 

Bir müddət əvvəl mətbuatda baş redaktorluq üçün daha çox üç nəfərin adı hallandı: Qulu Ağsəs, Səlim Babullaoğlu, Əsəd Cahangir...

 

- Yeri gəlmişkən, maraqlı adamlardır. Siz deyirsiniz, mənim ağlıma batır. İşləyə bilərlər. Sadəcə, mən onlara dözüm və səbir arzulaya bilərəm. Heç olmasa, beş il jurnalın başında dayana bilsinlər. Özü də vurnuxanlar deyəndə bu adamları nəzərdə tutmuram. Baş redaktor olmaq üçün həm də insan içindəki paxıllıq və qısqanclıq hisslərini boğmalıdır. Yəni redaktor başqasının yaxşı yazısına sevinməyi bacarmalıdır. Açıq danışsaq, “Azərbaycan” jurnalı İntiqama nə verib axı? Jurnalın ilik büdcəsi 160 min manatdır. Əmək haqlarından tutmuş, digər bütün xərclər bu məbləğin içindədir. İstərdim büdcəni artırsınlar, biz də qənaətlə işləməyək, yaxşı qonorar verək. Bu məbləğ jurnal üçün çox az məbləğdir. Mən heç olmasa, balaca qızım qədər maaş alsam, işçilərimə 500-600 manat maaş verə bilsəm, onlardan çox şey tələb edərəm. Çox vaxt vicdanım yol vermir ki, adamları incidim, nə isə tələb edim.

 

- Nə vaxta qədər belə davam edəcək? Bu haqda fikirləşmisiniz?

 

- Bu haqda mən yox, jurnalın təsisçiləri fikirləşməlidirlər. Siz cavanlar belə işləri məndən də yaxşı bilirsiniz. Təsisçi əlavə vəsaitlər tapır, yaxud jurnalın qayğısına qalır ki, vəsait artırılsın. Açığı, mən burda kimisə qınamıram. Bu işləri dövlət görməlidir. Bəzən deyirlər, dövlət jurnala niyə pul verməlidir. Hətta bu məsələ Milli Məclisdə qalxmışdı. Bu söhbəti eşidəndə heyrətləndim. Millət vəkilləri oturublar orda, “Azərbaycan”, “Ulduz” “Qobustan” jurnalına ayrılan qəpik-quruş pulun davasını edirlər ki, niyə siz pul alırsınız...

 

- Bu məsələni Siyavuş Novruzov qaldırmışdı?

 

- Siyavuş Novruzov da demişdi, başqaları da. Guya biz özümüz-özümüzü dolandırmalıyıq, xaricdə belə şey yoxdur, filan. Xaricdə belə şey var, özü də lap yaxşısından. İngiltərədə yazıçılara dövlət tərəfindən müavinətlər verilir. Bu, bütün dünyada var. Belə çıxır ki, dövlətdən pul alanlar parazitlərdir, havayıyeyənlərdir, dövlətin pulunu yeyirlər? Dövlətin puluna ildə 12 nömrə, 196 səhifəlik jurnal çıxır. Jurnalları üst-üstə yığaq, aparıb onu deyən adamların qabağına qoyaq ki, biz iş görürük. Mən demirəm, çap olunan əsərlərin hamısı şedevrdir. Bu yaradıcı prosesdir. Zayı da olur, yaxşısı da olur, əlası da olur. Bu, qazlı su deyil e, kranı açıb butulkalara doldurub satırlar.

 

- Zay materiallar jurnala necə yol tapır?

 

- Zay materiallar yol tapır. Bilirsiniz, bütün sənət növlərində belədir. Zövqlər müxtəlifdir. Obyektiv, zəif yazılar olur. Zay sözü bəlkə də yerinə düşmədi, belə deyək, zəif materiallar yol tapır. Məsələn, bir yazıçı gəlir ki, 50 yaşım olur, heç olmasa “Azərbaycan” jurnalında mənim üç-beş şeirimi verin. Yaxud kimsə məndən xahiş edir və s. Düzdür, mən çox vaxt onlara kobud cavab verirəm, çap etmirəm. Məsələn, bu yaxınlarda bir xanım gəldi ki, qardaşım cavan ölüb, onun dəftərini tapdıq, şeirlərini gətirim çap edin. Mən də onu başa saldım ki, mənim də qardaşım ölüb, üstəlik, o da şeir yazırdı. Nə vaxt mən onun şeirlərini çap etsəm, sənin qardaşının da şeirlərini növbəti nömrədə verərəm. İnsan kimi o adamı başa düşürəm, amma ağlıma sığışdıra bilmirəm ki, çap olunanda nə olacaq? Adam diriləcək?

 

- “Ədəbiyyat qəzeti” necə çıxır? Yazıçılar Birliyinin orqanları işçində ən çox büdcəsi olan və daha çox tənqid olunan qəzetdir...

 

- “Ədəbiyyat qəzeti”ni mən elə görmürəm. Siz bizi tənqid edə bilərsiniz ki, zəif yazılar çap edirsiniz. Bu ola bilər. Amma biz öz işimizlə məşğuluq. Mən istərdim “Ədəbiyyat qəzeti” də ədəbiyyat çap etməklə məşğul olsun. Onlar daha çox gündəlik xəbərləri çap edirlər, özü də bir həftə keçəndən sonra. Buna nə ehtiyac var?

 

- Və “Ədəbiyyat qəzeti”nə illik 200 min manat pul ayrılır?

 

- Bəli. Sizi inandırıram, onlardan heç kim tələb etmir ki, rəsmi materiallar çap edin. Xahiş edirəm, bunu mütləq yazın: nə Heydər Əliyevin, nə də İlham Əliyevin dövründə Prezident Administrasiyası tərəfindən bizə heç vaxt göstəriş olmayıb ki, rəsmi materiallar çap edin, yaxud filan yazını niyə jurnalda çap etmisiniz? Ol-ma-yıb, vəssalam!!! Pulu dövlətimiz verir və deyir: gedin, ədəbiyyat nümunələri çap edin!

 

- Siz bunları Ayaz Vəfalının özünə şəxsən demisiniz?

 

- Yox, deməmişəm. Ona görə ki, o, mövqeyi dəyişməz adamdır. Bir dəfə Anar müəllim də ona dedi ki, Ayaz, bu rəsmi sənədləri qəzetlər çap edirlər də, sən kiçik xülasəsini çap elə, bəs edər. Ayaz etiraz elədi: “Yox, Anar müəllim, siz nə danışırsınız, biz mütləq onları çap etməliyik, biz də qəzetik”. Mən Ayazı çoxdan tanıyıram. O da belə düşünür, belə işləyir. Biz dövlət tərəfindən “Azərbaycan” jurnalının yubileyinin keçirilməsini gözləyə bilərik, amma “Ədəbiyyat qəzeti”ndə bizim həmkarlar jurnal haqqında bir yazı çap etmədilər. Onlar gərək iki-üç saylarını “Azərbaycan” jurnalına həsr edərdilər. Mənə dağ kəndindən şair Ağasəfa yazır ki, İntiqam müəllim, jurnalın 90 illiyi ilə bağlı yaz göndərdim, bilmirəm Ayaz Vəfalıya çatmadı, yoxsa çap etmədi.

 

- Tez-tez fikirlər səslənir ki, Yazıçılar Birliyi işlək qurum deyil, birliyi ləğv etmək lazımdır...

 

- Bekara söhbətdir. Yazıçılar Birliyi kimə mane olur? Yaxud dövlətin hansı vəsaitini talayır ki, camaatı narahat eləsin? Dəvəni dəngə ilə udurlar, heç onu açıb-ağardan yoxdur. İndi burda iş görülür, jurnal buraxılır, yazı-pozu adamları az-çox qonorar alır, sonra da ləğv olunmaqdan dəm vururlar.

 

- Yazıçılar Birliyindən işlək qurum olmağı gözləyirlər...

 

- İşlək qurum nazirlik olur, dövlət aparatı olur...

 

- Bura dövlət aparatı deyilmi? Büdcədən maliyyələşir...

 

- Yox, bura yaradıcılıq təşkilatıdır. Mən bunu həmişə deyirəm: bura büdcədən maliyyələşmir, büdcədən yardım alır. Sabah o yardımı kəsə bilərlər.

 

- Nizami Cəfərov Milli Məclisdə məsələ qaldırdı ki, ədəbi orqanların qonorar fondu artırılsın. Yazıçılar Birliyi rəsmi olaraq bu məsələyə reaksiya vermədi...

 

- Müraciətdən xəbərim yoxdur. Əgər siz deyən kimidirsə, gərək o müraciətdən yapışıb, məsələ qaldıraydılar. Vaxtilə Anar, Yusif Səmədoğlu, Fikrət Qoca orqanlar üçün Heydər Əliyevə müraciət etdilər və nəticəsi oldu. İnanıram ki, bu cür müraciətlər İlham Əliyevə olsa, mütləq nəticəsi olacaq, orqanlara ayrılan vəsait artırılacaq.

 

- Yəni Anar müəllim dövlət başçısına müraciət etməlidir...

 

- Qonorar məsələsi Milli Məclisdə qalxanda, Anar müəllim sədr kimi yazıçılar adından, katiblik adından müraciət edə bilərdi. Bunun xeyri olardı.

 

- Bizdə ədəbiyyat nə vaxt prioritet sahə olacaq?

 

- Ədəbiyyat xalq arasında həmişə prioritetdir. Yəni insanlar ədəbiyyatı sevirlər, ürəklə, könüllə ədəbiyyata bağlıdırlar. Amma məmurlar, oliqarxlar arasında heç şübhəsiz ki, prioritet deyil. Bu hörməti yazıçılar qazanmalıdırlar.

 

- Siz “Axırıncı aşırım”, “Şərikli çörək”, “Yeddi oğul istərəm” kimi filmlərin redaktorusunuz. Niyə bizdə indi belə filmlər çəkilmir?

 

- Bu, maliyyə məsələsi ilə bağlıdır. Siz yəqin dünyada kinoya ayrılan pulun məbləğini bilirsiniz. Bir aktyorun qonorarına ayrılan pulu bizdə bir filmə ayırmırlar. Hər halda, bu işin əsası qoyulub, indi kinostudiya təmir edilir, texniki təchizat yaxşılaşdırılacaq. Ümid edək, bizdə də yaxşı filmlər çəkiləcək.

 

- Son illərdə çəkilən “Hökmdarın taleyi” filminin redaktoru oldunuz. Bu film tamaşaçı sevgisi qazana bildimi?

 

- Bu filmin normal nümayişi olmadı. Film nümayiş olunmursa, necə tamaşaçı sevgisi qazana bilər?

 

- “Hökmdarın taleyi”ndə doğrudanmı Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan məqamlar var?

 

- Başa düşə bilmirəm, ziyan gətirən nədir? Kiminsə nə isə xoşuna gəlmirsə, xətrinə dəyirsə, mən nə etməliyəm? Rusiya dövlətinin siyasətinə qarışmırıq ki... Guya Türkiyə ilə Azərbaycan arasında münasibətlər həmişə hamar olub? Azərbaycanı vaxtilə Rusiyaya güzəştə gediblər. Vaxtilə Rusiya acından ölə-ölə Türkiyəyə vaqonlarla silah-sursat, qızıl göndərib ki, Azərbaycandan əlini çək! Lenin Azərbaycanın neftini istəyirdi.

 

- Azərbaycan Yazıçılar Birliyini tənqid edən yazarların əsərlərini doğrudanmı çap etmirsiniz?

 

- Onu deyənlərə çox ayıb olsun! Bəlkə Anar olmasaydı, komandası bu məsələyə qarışardı, amma Anar müəllim heç vaxt  qadağa qoymayıb ki, bizi tənqid edən adamların əsərləri çap olunmasın. /APA/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.