Əsəd Qaraqaplan: “Kişilərin özləri gözəl qadınların tələsinə düşməyə can atırlar”
19.06.13
Müsahibimiz yazıçı Əsəd Qaraqaplandır.
- Kiçik yaşlarında insanlar həmişə xəyalpərəst olurlar. Özlərini adi bir film, ya da ki, nə bilim roman, hekayə qəhrəmanlarına oxşamağa çalışırlar. Siz uşaq ikən nəyi xəyal edərdiniz, kimə oxşamağa çalışırdınız? - Yadımda uşaqlığımdan xatırladığım çox şeylər qalmayıb. Amma təbii ki, insanlar həmişə kiçik yaşlarında özlərini hansısa qəhrəmanlara bənzətməyə çalışırlar. Hələ kiçik yaşlarımda idmanla məşğul olmuşam. Ona görə də uşaq yaşlarımda idmançılara bənzəmək istəyirdim. Ədəbiyyata elə də marağım olmayıb. Çünki, Azərbaycanın sovet şəhərlərini televizorda görəndə həmişə ədəbiyyatdan, xüsusən də şeir və şairlikdən zəhləm gedirdi. Böyüdükdən sonra bir də baxdım ki, ədəbiyyatın içərisindəyəm. - Əsəd bəy, arzularınızın axarınca gedirsinizmi? - Həyata qarşı arzularım deməzdim, prinsipiallığım var. Təbii ki, o prinsipiallığın içərisində arzularım da gizlənib. Amma insan üçün prinsipiallıq çox önəmlidir. Bir vaxtlar sənə inanmayan insanları elə zaman gəlir ki, sən öz prinsipiallığınla tamamilə əks fikrə yönəldə bilirsən. Onlar başa düşürlər ki, sənin haqqında səhv ediblər. İnsan ümumiyyətlə öz istəklərinə çatanda başqaları üçün daha çox maraqlı olur, başqaları üçün daha çox qısqanclıq yaradır, başqaları üçün daha çox təhlükəli olur və başqaları üçün daha sevgi dolu xarakter təsiri bağışlayır. İnsanın sevilməsi və nifrət edilməsi də onun öz prinsipiallığında gizlənir. - Yazdığınız əsərlərdə bir süjeti uydurmağa sizi nə vadar edir? - Adətən yazdığım əsərlərdə süjeti uydurmuram. Sadəcə həyatın kadr arxasını, gerçəkliyini, psixoloji vəziyyətini, insanın psixoloji halını yazıram. Demək olar ki, obrazlarımın hamısı həyatdan götürülmüş daxili süjetlərə sahib olurlar. Hər bir insan həyatının, hər bir hissin, hər bir istəyin özünün süjet xətti var. Bu süjetlər bizim uydurduğumuz süjetlərdən daha canlı, daha real və daha təsirlidir. Çünki, biz onu uydurmamışıq, onun özü elədir. Təbiət kimidir - yağış yağır və biz onu qeyri-adi qarşılamırıq, gözəllik kimi qəbul edirik. Bütün fəsillər təbii gözəl çalarları ilə insanlar üçün daha maraqlıdır. Mənim ədəbiyyatdakı məqsədim o təbiiliyi insanlara başa salmaqdır. Uydurulmuş süjetlər hamısı yalan və saxtadır. - Obrazlarınız nəyə itaət edir? - Yazıçılar var ki, yaratdıqlarına inanır, yazıçı da var ki, inandıqlarını yaradır. Özümü ikinciyə aid edirəm. Mənim yazıçılığım insanlığımdan sonra gəlir. - Nə vaxt bildiniz ki, siz artıq yazıçısınız? - Təqribən on üç yaşımdan şeirlər yazıram. Sadəcə bir gecə qələmi əlimə götürüb yazmağa başladım. Yadımdadır, həmin gecə on altı bəndlik şeir yazmışdım. Ondan sonra ara-sıra bir, iki bəndlik şeirlər də yazdım. Amma peşəkar yazıçılığa 2008-ci ildən başladım, həmin vaxt universiteti bitirmişdim, hərbi xidmətdən qayıtmışdım. Yaradıcılığa böyük bir hekayə yazmaqla başladım. Yazdığım əsər hekayə şəklində çap olundu. Sonra dostlarım da dedi, mən özüm də hiss elədim ki, bu hekayə deyil, bir romanın başlanğıcıdır. Mən onu davam etdirib ilk “HalRoman”ı, daha sonra “Xilasroman” və “Savaş roman”ı yazdım. Əslində həmin romanın süjet xəttini uydurmuşdum. Amma onun xətti psixoloji bir vəziyyəti əks etdirirdi. Həmin hekayəni davam edəndə əsərdəki hadisələri beynimdən uydurduğumu etiraf elədim. Ondan sonra başa düşdüm ki, yaradıcılıq üçün mən heç nəyi uydura bilməyəcəyəm. Yaradıcılıqla ilk ünsiyyətim heç nəyi uydura bilməyəcəyim, hər şeyi olduğu kimi yaza biləcəyim oldu. Bunu hiss elədim. Ondan sonra ancaq, yaradıcılığın arxasınca getdim. Bu bir növ özü-özünü inkar etmək, özü-özünü inkar etdikcə qabağa getmək prinsipi idi. İnsanı ən çox yazmağa vadar edən məsələlərdən biri də tənhalıqdır. İnsan özünü tək hiss edəndə bir neçə sual yaranır. Niyə ətrafın insanla doludur, amma sən təksən? Niyə özünü bu qədər tək hiss edirsən? Sonra suallar o qədər çoxalır ki, onlar səni özü ilə yazmağa aparırlar. Artıq özün də bilmədən yazının içərisində olursan. - “Zorlanmışlar”da belə bir cümlə var: “Bakı bakirə fahişələrin şəhəridir” - Bu cümlə əsərdə bayağı fikir, özünü gözə soxmaq, nəsə yenilik etməyə cəhd kimi görünə bilər. Gəlin etiraf edək. Bizim ətrafımızda tanıdığımız insanlar çoxdur, Bakıda isə azad seks yoxdur. İnsanlar normal intim əlaqələr yaşaya bilmirlər. Onlar da məcburdurlar ki, bunu başqa yollarla (anal seks) etsinlər. İstər İslam, istərsə də Azərbaycan dəyərləri insanların bu istiqamətdəki istəklərini buxova salır. Siz bunu biləndən sonra mənə haqq verirsiniz, yoxsa vermirsiniz? Əgər haqq qazandırmırsınızsa, bunu açıq şəkildə deyə bilərəm. - Sizin nə demək istədiyinizi çox gözəl başa düşürəm, mən bilirəm ki, siz nə demək istəyirsiniz... - Problemin ən pis tərəfi hər şeyi bildiyimiz, hər şeyi içimizdə etiraf etdiyimiz halda, başqalarının bunu ifadə etdiyini görəndə bizdə o insana qarşı aqressiya yaradır. Bir də ancaq həqiqət insanın içində bu qədər aqressiya yarada bilər. Yalan, uydurulmuş hadisə, olmayan bir şeyi desən, insanlar ona gülüb keçər, laqeyd qalarlar. Amma elə ki, insanların içi ilə səsləşən bir həqiqəti deyirsən, onda insanların düşməni olursan. Yaxşı adamın dostu yox, düşməni çox olur. Cəmil Meric demiş, hər bir insan doğulduğu cəmiyyətin ögey övladıdır. Çünki, yaxşı adam hər kəsin bildiyi, bəzən də bilmədiyi gerçəklikləri deyir. Bu cümlə romanın fonunda, əsərin qəhrəmanlarının timsalında üzə çıxır. Çünki, orada real faktlar, həqiqi yaşantılar var. Əsərdə heç bir ifrat, qıcıq yaradacaq, murdar görünəcək uydurulmuş ekran yaradılmayıb. Biz əsərə yox, cümləyə, sözə fikir verən adamlarıq. Bu da bizi bəzi insanların nəzərlərində yalnış yerlərə aparır. - Yazarların çoxu həmişə gözəl bir qadınla olmaq istəyirlər. Hətta bəziləri belə qadınları yaradıcılıqlarının əsas obyektivi kimi gördüklərini deyirlər. Gözəl qadın kimdir? - Kişilərin qadın seçimində zövqləri müxtəlifdir. Mənim üçün onun zahiri görkəmindən asılı olmayaraq hiss edə biləcəyim, sevə biləcəyim qadın gözəldir. Bir az ərköyün, inadcıl, həddən ziyadə duyğusal, hissiyatlı, heç gözləmədiyin məqamda səni duya biləcək qadınların hamısı gözəldir. Heç kəs gözəl ola bilməyən qadını sevə bilməz. Tanrı sanki gözəl qadınları qəribə özəlliklərilə yaradır. Şıltaqlıq, ərköyünlük kimi xüsusiyyətlərin hamısı sırf gözəl qadınlara özəldir. Qadınların bu xüsusiyyəti kişiləri nə qədər tələyə salsa da, təhlükələrə sürükləsə də kişilərin özləri bu şeylərə can atırlar. Bu şüuraltı baş verən bir şeydir. - İndi nə edirsiniz? - Bildiyiniz kimi bir neçə gün bundan qabaq “Zorlanmışlar” romanını oxucu kütləsinə təqdim elədim. Hələlik isə bundan başqa yaradıcılığımda əlamətdar olacaq yenilik yoxdur. Çoxdan başladığım və hissə-hissə yazdığım bir romanım var. Uşaqlığımla bağlıdır. Yəqin ki, hələ onun üzərində çox işləməli olacağam. Ara-sıra şeirlər yazıram. İndiyədək yazdıqlarıma bir də baxıram, üzərində təzədən işləyirəm, yeni fikirlər, cümlələr əlavə edirəm. Oxuyuram, öyrənirəm. Yeni nəşr olunmuş kitabımın yayımlanması ilə məşğulam. Çünki, onu insanlara tanıtdırmaq və çatdırmaq üçün başqa variantım yoxdur. Kitabı özümüz çap etməklə yanaşı, onu dükanlara paylamağa məcbur oluruq. Bir az da istirahət etməyə ehtiyac hiss edirəm. Bəlkə də istirahət üçün səyahət də etdim. Düşünürəm ki, səyahət mənə müsbət enerji verə bilər. Amma mən heç vaxt tez-tez özümdə yorğunluq hiss edən adam deyiləm. Bu yaşda özünü yorğun hiss edən adam zəif xarakter olmalıdır. Çünki, nəsə yaratdıqca mən ondan güc alıram. - Bəy, ürəyinizdən keçənləri deyə bilərsiniz... - Bəzi ədəbiyyatla bağlı danışan insanların, fikir bildirənlərin hamısını vicdanlı olmağa çağırıram. Şərəflə hər şeyə qiymət vermələrini istəyirəm. İnsanları bir cümləsinə, fikirinə görə qiymətləndirməsinlər. Axıradək oxusunlar, başdan bir-iki cümlə oxuyub qiymət verməyə çalışmasınlar. Bu düzgün deyil. Kütlədən bunu gözləmirəm. Mənim sonuncu əsərim “Zorlanmışlar” və ondan qabaqkı “Savaş” romanına qarşı düzgün olmayan fikirlər səsləndiriblər. Həmişə həqiqi gözəl məfhumları məhv etmək fikrində olan insanlar həqiqəti əzib yox etməyə çalışırlar. Bəlkə də hər kəsin yaşayacaq bir taleyi var. Amma mən bir şeyə həqiqətən inanıram ki, onunla bir yerdə doğulmuşam, o mənim taleyimdir. Nəinki onlar, heç məni özüm də dəyişə bilməz. Mən o taleyi yaşayıram və mən onu qorxmadan edirəm. Seçdiyim yolda ən ağır məğlubiyyətim də mənim qazandığım ən yaxşı qələbəmdir. /olaylar.az/
|