Borxes: "Onlar olmasaydı, biz də olmazdıq"
14.06.13

Suzan Zontaqın Xorxe Luis Borxeslə müsahibəsi 

Suzan Zontaq. İstərdim ki, Borxes bu qədər yazıçıya təsir etməyin onun üçün necə bir hiss olduğundan danışsın, amma heç bilmirəm o, özü belə təsirinin boynuna alırmı. Axı Borxes həmişə əsərlərindən danışarkən böyük təvazökarlıq göstərir.

Xorxe Luis Borxes. Bu təvazökarlıq deyil, sadəcə mən sağlam düşünürəm. Belə tanınmağım məni təəccübləndirir. Heç vaxt belə bir şeyi ağlıma gətirməmişdim. Məşhurluq mənə təqribən əlli yaşlarımda qismət oldu. Birdən-birə insanlar məni gördülər və mən artıq buna qədərki nəzərəçarpmayan adam deyildim. İndi daha məşhurluğa öyrəşirəm və bu məndən olduqca böyük səylər tələb edir. Kütləvi ehtiram məni təəccübləndirir; bəzən elə bilirəm nə isə xüsusi bir növə mənsubam, bu indilərdə məşhur adamlar haqqında olduqca çox yayılmış bir xurafatdır. Bir yandan da hər an fırıldaqçı olmağım ortaya çıxa bilər. Amma neynəyim ki, öz əlimdən olmayan səbəblərdən fırıldaqçılıq edirəm. 

- Siz həmişə başqa yazıçılardan, xüsusilə də köhnə dövrün yazıçılarından heyranlıqla danışırsınız...

- Və bir də qarşısında özümü çox borclu hiss etdiyim amerikan yazıçıları haqqında. Mən Yeni İngiltərə haqqında və Yeni İngiltərənin dünyaya verdiyi saysız-hesabsız heyrətamiz insanlar haqqında düşünərkən Emersonu, Melvilli, Toronu, Henri Ceymisi, Emil Dikkensonu və çoxlu başqalarını yada salıram... Onlar olmasaydı, biz də olmazdıq. Axı biz müəyyən qədər bu Yeni İngiltərə ulduzlarının əksiyik.

- Deməli, siz əvvəlcə daha çox ingilis ədəbiyyatı ilə maraqlanıbsınız?

- Hə, həyatımda oxuduğum ilk roman Mark Tvenin “Heklberri Finn” (Huckuleberry Finn) romanıdır. Ondan sonra Preskottun (William Prescott – amerikan yazıçısıdır) “Meksika və Perunun istilası” romanını oxumuşam. İndiyə qədər də onlara borcluyam... Məncə, insanlığın keçmişi bütünlükdə yazıçıya təsir göstərir. Təkcə bir ölkənin mədəniyyəti yox, təkcə hansısa dil yox, elə oxumadığı müəlliflər və ona başqa dildən gələnlər də bura aiddir. Belə ki, dil estetik bir faktdır və o, minlərlə adamın əsəridir.
 
- Sizi ingilis və amerikan ədəbiyyatından başqa hansı ədəbiyyatları maraqlandırır?


- Hamısından əvvəl Skandinaviya ədəbiyyatı, saqalar, island satirası... Bilirsiniz, bütün ədəbiyyatlar gözəldir. Məsələn, Verlensiz, Hüqosuz bir dünyanın nə qədər darıxdırıcı olacağını təsəvvürünüzə gətirin. Bir sözlə, özümüzü nə üçün, nədənsə məhrum edək? İnsanlar niyə kitabxana zahidlərinə çevrilirlər? Ədəbiyyat ki bizə daimi xoşbəxtlik verir, özü də bu əlçatan xoşbəxtlikdir. Bax əgər mən Robinzon Kruzo olsaydım, özümlə birlikdə tənha adaya Bertran Rasselin “Qərb fəlsəfəsinin tarixi”ni götürərdim və yəqin ki, bu mənə bəs edərdi. Bir yandan da mənə hansısa ensiklopediyanı götürməyə icazə versəydilər, daha yaxşı olardı. Axı mənim kimi boş-bekar və maraq dolu adam üçün ən yaxşısı ensiklopediya oxumaqdır. Onlar hamısı ölçüyəgəlməz dəyərə sahibdirlər, istər ən qədimi, Pliniyinki (Gaius Plinius Caecilius Secundus – qədim roma siyasətçisi və yazıçısı “Təbiət Tarixi” adlı ən qədim ensiklopediyalardan birinin müəllifidir – tərc) olsun, istəsə də Britaniyanın və ya Avropanın yeni ensiklopediyalarından biri olsun. 

- İndi hansı ədəbiyyat janrıyla məşğul olmaq istərdiniz?

- Elə üzərində işlədiyimlə. Mən qısa şeirlər və hekayələr yazıram. Bundan elə də xoşum gəlmir, amma özümü onlara həsr etməklə bağlı daxili tələb hiss edirəm, əks halda onlar məni daim hər yerdə təqib etməyə başlayacaqlar. Ancaq bu işi bitirdikdən sonra, nə isə yeni birinə keçə bilərəm. Tezliklə “Zəmanət” adlı yeni kitab yayımlayacam, ora otuz qısa yazı daxildir. Bilmirəm onlar yaxşı görünəcəkmi, iddialı çıxacaqmı...

- Sizin həmişə qısa formalı yazılardan xoşunuz gəlib...


- Edqar Po hardasa deyib ki, təbiətdə ümumiyyətlə uzun şeir mövcud deyil.

- Amma axı bir növ uzun əhvalat da mövcuddur. Biz onu roman adlandırırıq.

- Bir qayda olaraq bu janrda özümü tapa bilməmişəm. Mənim üçün bircə “Don Kixot”, Konrad (Teodor Jozef Konrad Korzeniowski – polyak əsilli ingilis yazarı) və Dikkens istisnadır. Belə is ən məşhur romanları da, Tekkerey (William Thackeray – ingilis yazıçısı) və Floberi belə qəbul edə bilməmişəm. Çox təəssüf...

- Bizim dövrümüz ən heyrətamiz fenomeni, yapon ədəbiyyatında kütləvi maraqdır. 

- Bəli, mən indi yapon dilini öyrənməyə çalışıram, amma bu dil xeyli çətindir... Bizim qərb dillərimiz ondan ispan dilinin quaran (Quaran – Cənubi Amerikada yaşayan yerli xalqlardan biri) dilindən uzaqlığı qədər uzaqda dayanır. Yapon dili çalarlarla zəngindir, buna görə də eyni hokkunun bir neçə tərcüməsini oxumaq olar və onlar eyni zamanda tamam fərqli həm də doğru ola bilər. Elə buna görə də, mətnin orijinalı müdrikcəsinə çoxlu mənalar verir (Henri Ceymisin nəsri kimi). 

- Mənə elə gəlir, yapon ədəbiyyatının ən maraqlı cəhəti miniatürləşməyə (qısa mətnlər yaratmaq) meyldir.

- Bir də anın dəyərini bilmək bu hokkuları oxuyan kimi nəzərə çarpır. Sanki məqsədləri anı dayandırmaq imiş. Həm də mən orda metaforaların olmamasına diqqət verdim. Belə təəssürat yaranır ki, yaponlar üçün əşyanın hər cür təzahürü təkrarolunmaz və heç nəylə müqayisəyəgəlməzdir. Ziddiyyət də nə qədər ürəyin istəyir var.

- Demək istəyirsiniz ki, metaforanın funksiyası anı uzatmaqdır?

- Əlbəttə. Bir yandan da bu yapon ədəbiyyatının anı dayandırmaq cəhdi ilə daban-dabana ziddir.

- Yazıçıların çoxu daim yazmağın çətinliyindən şikayətlənir.
  
- Yox elə deyil. Əksinə yazmamaq dəhşətli olardı. Mənim üçün bu tamamilə mümkünsüzdür. 
  
- Şübhəsiz, Borxes istisnadır. Mən tez-tez yazıçılığın çox nadir rütbə olmasını və xeyli qəribəliyi haqqında düşünürəm. Özüm də daxil olmaqla, tanıdığım bütün yazıçılar hələ uşaqlıqdan yazıçı olacaqlarını biliblər.


- Ən azından Konrad və De Kuinsi (Thomas De Quincey – ingilis yazıçısı) bunu biliblər, elə mən də (müqaisə mənasında demirəm) həmişə taleyimin ədəbiyyatla bağlı olduğunu bilmişəm. Mən ədəbiyyata ya yazıçı kimi, ya oxucu kimi bağlanacağımı bilirdim. 

- Bəs nə vaxtsa çap etdirdiyiniz kitablar haqqında düşünübsünüzmü?

- Xeyr, heç vaxt bu haqda düşünməmişəm. Mən oxumağın və yazmağın zövqünü düşünmüşəm, amma çap etdirməyimi heç vaxt ağlımdan keçirməmişəm.

- Siz Emilya Dikenson (Emily Elizabeth Dickinson – amerikan şairəsidir) kimi sağlığında heç bir kitab çap etdirməyən birisi ola bilərdinizmi?

- Hə, amma neynəyəsən ki, düşüncəsiz addım artıq atılıb. Bir dəfə Alfonso Reyesdən (Alfonso Reyes – Meksika yazıçısı, tərcüməçisi və siyasətçisi) soruşdum ki, biz niyə çap olunuruq, Reyes dedi ki, biz həyatımızı əsərlərimizin qaralamaları üzərində əbədi işləməyə sərf etməmək üçün onları dərc etdiririk. Məncə, o, haqlıydı. Hər dəfə kitabı işıq üzü görəndə, onun başına nə gəldiyini öyrənməyə heç can atmıram da, onun haqqında yazılanlarla qətiyyən maraqlanmıram, uğur qazanıb qazanmadığından heç xəbərim də olmur. Mən sadəcə yeni xəyallar qurmaq və tamam fərqli, yeni bir kitab yazmaq istəyirəm. Ancaq adətən hər növbəti kitab, ondan əvvəlkinə çox bənzəyir.

- Bir dəfə Valeridən (Paul Valery – fransız şairi və esseçisi) şeirinin tam bitdiyini necə anladığını soruşublar. O da belə cavab verib: “Naşir gəlib onu aparanda bitir”.

- Həmişə yekun redaktədə böyük təəccüb keçirirəm. Məgər müəllif əsərdə hansısa nöqtənin ya da epitetin yersizliyini hesaba almayıbmı? Bu, absurddur.

- Mən də nə vaxtsa az qala bütün yazılanları yenidən yazmaq istəyini hiss etmişəm.


- Mənsə bütün yazdıqlarımı məhv etmək istəmişəm. Amma bircə kitab var ki, onu saxlayardım. Bu, “Qum kitabı”dır və bir də ola bilsin “Gizli yazılar”ı saxlayardım. Yerdə qalanları isə hamısını unudula bilər və unudulmalıdır da.

- Borxes nəsrlə nəzmin fərqi ilə bağlı nə düşünür?

- Məncə, bu fərqlilikdə mətndən deyil, oxuculardan gəlir. Oxucu nəsr səhifələrində xəbər, informasiya, mühakimələr gözləyir; şeir oxucusu isə öz növbəsində oxuduqlarının hisslərinə təsir edəcəyini bilir. Mətnlərin özlərində heç bir fərq yoxdur, fərq oxucudadır, oxucuların müxtəlif məqsədlərindədir. Mən heç klassikanı da xüsusi yazılmış kitab hesab etmirəm, bu sadəcə oxucu tərəfindən başqa cür qarşılanan və oxunulan kitabdır.

- Deməli, siz, həqiqətən də, cürbəcür oxucuların olduğuna inanırsınız?

- Dünyada nə qədər oxuma tipi varsa, bir o qədər də oxucu var. Sırf buna əsaslanaraq poeziyanın yaxud nəsrin təkrarsız olduğuna inanıram.

- Elə isə gəlin oxucu qruplarının sayını artırmaq üçün birgə çalışaq. 

- Bəli, çünki belə insan qrupları yoxa çıxmaq təhlükəsi ilə üz-üzədirlər. Bax indi yazıçıların növləri çoxdur, oxucular isə az qala hamısı bir-birinə oxşayır. Gəlin “Oxucu Təriqətləri” yaxud “Gizli Oxucu Cəmiyyətləri” yaradaq...

Çevirdi: Namiq Hüseynli
Qaynar.info 

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.