Elnurə Cavadzadə - Havasızlıq
12.06.13

Hekayə

Çox  soyuq idi. Çox soyuq. Belə soyuq hardasa 20 il bundan qabaq olmuşdu. Onda da kənddə hər tərəf qara bürünmüşdü. Ağacların beli qarın ağırlığına tab gətirməyib əyilmişdi. İndiki kimi elə bil həyat  da donmuşdu. Küləyin qorxunc vıyıltısının  qulaq batırdığı həyət-baca elə kədərli görünürdü ki...  İri gövdəli armud, qoz ağacları qarın altında elə yazıq görkəm almışdılar ki... İşə bax! İllərin istisinə, sazağına, şaxtasına tab gətirən ağaclar indi pambıq kimi yumşaq və çəkisiz görünən qarın altında əyilmişdilər, deyəsən, lap əzilmişdilər. Yəqin acağlar da adamlar kimidir.    

Bəzən illərin vurduğu yaralar, ürəyə ən iti ülgüclə salınan izlər cavan adamın da belini bükür. Zərrin də bu axşam kiçilmişdi.Yumrulaşıb, lap elə zərrə boyda olmuşdu. Otağın küncündəki balaca ,qədim, örtüyü cırılmış  kresloda bardaşqurma oturub, başını aynabəndi ikiyə bölmək üçün asdıqları divar əvəzi qalın pərdəyə söykəmişdi. Əlləri ilə  qulağını bərk-bərk tutmuşdu. Tutmuşdu ki, qonaq otağından gələn səsləri eşitməsin. Başını da  pərdəyə söykəmişdi ki,  o səsləri tıxanmış qulaqları ilə daha aydın eşitsin. Eşitməyə bilməzdi. O səs onun qanına, canına hopmuşdu. Ürək pərdəsinin  bütün simlərində  dillənən, vücuduna sirayət edən ,o səs onun  üçün dünyada hər şeydən doğma, əziz ,müqəddəs idi!

Bu səs həzin, mehriban olsa ,onu ölüm yatağından belə qaldıra bilər.  Bəs əksinə  olanda?  Yenə tükü ürpəşdi. Bədəninin şəklini almış kresloda ilan kimi qıvrıldı. Yumağa döndü. Bunu fikirləşəndə belə əcaib, bədheybət varlıq görürmüş kimi gözləri bərəlir,rəngi saralır,əlləri əsirdi  Zərrinin. Hiss elədi ki, boğazı quruyur.Ayaqlarını ehmalca yerə qoydu ki, gedib mətbəxdən su gətirsin.Bayaqki səsi xatırladı.

–Ortalıqda görməsinlər ,səni.

–Mən sənə görə...Sənin üçün...

–Mənə görə heç nə lazım deyil.

Zərrinin səsi də özü kimi titrəyə-titrəyə, mən hər şeyin yaxşı olmasını istəyirəm, dedi.

–Yaxşı olmasını istəyirsənsə, görünmə! Onda hər şey daha gözəl olar!

– Ah,olsun.Təki sənə yaxşı olsun. Əlini mətbəx bıçağının üstünə qoyduğunu, bu dəmir parçasının sümüyünə dirəndiyini hiss etmədi. O, otaqdan çıxandan sonra başı gicəlləndi. Sözlərin ağırlığı gözünə doldu elə bil.Göz qapaqlarını qaldıra bilmədi. Əli ilə gözünü açmaq istədi ki, otağa keçsin!  Bıçağın zəli kimi  sümürdüyü qan üzünə yayıldı. Uf,bu nədi ?!  Zəhrimar əlimi kəsib. Sonra istehza ilə bıçağa güldü. Bu ağrı nədir ki, 20  il bundan əvvəlki o dəhşətin qabağında? O ağrının öz tarixçəsi var! Onu anlamaq üçün oxumaq yox,yaşamaq lazımdır.

Su dalınca getmədi, pəncərəni açdı. Kaş ürəyin də pəncərəsi olaydı. Hərdən açıb havasını dəyişəydik ki, ruhumuz içində boğulmasın.Pəncərədən həyətin özü kimi yazıq simasına baxdıqca ,haradansa yadına düşən misraları xatırladı.

Çərxi- fələk nə sayıb,

Nə sayıbsa tərs sayıb.

Yazda insanın üzünə gülən,qəlbini riqqətə gətirən, ,ətri ilə insanı xumarlandıran rəngbərəng güllü, yamyaşıl xırda otlarını əzməyə sarsıldığın bu həyəti soyuq fevralın ayazı  dondurmuşdu. Amma onun könlünü, vücudunu donduran nə idi? Yataq otağına keçib,ehmalca taxta çarpayıya uzandı.Yanındakı dolabın üstündəki abacuru yandırdı. Otağa mavi-çəhrayı-ağ qarışıq südlü bir işıq doldu. Əvvəllər   bu otaq həmişə belə nurlu olardı...

Həmin gün yun şalını çiyninə salmaq üçün otağa girəndə, buranı bir anlıq həsrət dolu baxışla süzdüyü yadına düşdü.Niyə elə baxmışdı otağa? Bəlkə gələcək fəlakəti hiss eləmişdi?!... Onda tək bu otaq yox, bütün ev ona məhəbbətlə baxırdı. Pəncərələr,şkaflar,hətta əlinə götürdüyü çəngəl, bıçaq da. Pərdələr də nazlı-nazlı  süzürdülər onu. Bəs nə oldu bu evə?  Zərrin sağ tərəfə çevrilib dirsəkləndi. Kim gətirdi bu bozluğu, 20 ilin o tayından boylanan xatirələri təzələnməyə qoymayan bu dumanı?

Dərdi fələk gətirdi,

Qucaq-qucaq gətirdi.

Elə bil bu misraları çarpayı ilə üzbəüz divar boyunca qoyulan,nisgil dolu tanış baxışlarla boylanan, böyük,aynalı şkaf da dedi. Hə ,hə. Şkafın da  ona yazığı gəlirdi. Zərrinə elə gəlirdi ki, bu evdə adamlardan başqa hər şeyin ona yazığı gəlir.

Təkcə çəngəl, qaşıq , bayaq sırtıq-sırtıq əlini kəsən bıçaqdan savayı. Hə,çəngəl və qaşıqlar da onu sevmirdi. Güclə,zorla ağzına girib,dişinə sürtünüb ət tökən səs çıxarır, dilini,damağını deşib yara edirdi. Nə bilmək olar? Bəlkə də əsl dostu  onlar idilər. Onu boğa-boğa,hülqumunu yırta-yırta mədəsinə düşən tikələr onu ölməyə qoymurlar. İllah da iştahsız-iştahsız ,xörəyin içində iyrənə-iyrənə qurd-quş axtarırmış kimi eşələnməyinə hirslənən Onun tənəsindən qoruyurdular.

Sənə baxanda iştahım küsür, ətrinin  iyi məni qıcıqlandırır, üzbəüz oturanda ürəyim bulanır kimi Zərrini diri-diri yandırıb, ürəyini kabab edən manqal sözlər. İstədi  ki, O ,iyrənməsin deyə dırnaq boyası ilə işarələdiyi çəngəl və qaşıqları təmiz süfrə salfetinə büküb yastığının altına qoysun.Lənət şeytana, deyəsən,dəli oluram axı. Bircə bu qalmışdı.Durub şkafın önündəki güzgünün qabağına gəldi. Hər dəfə özünə baxanda gözündə Onun gözünü görürdü Zərrin.Çünki bənzərlikləri çox idi.Yadına bazar günü atasının Onu danlamağı düşdü. Onun qızaran üzü,dolan gözü,hirslə dodağını çeynəyən dişinə baxıb dözə bilməmişdi Zərrin! Mətbəxə keçib ağlamışdı .O  da sakitləşsin deyə soyuducudan sərin su götürmək üçün mətbəxə girmişdi. Zərrinin saçını yola –yola ,yanan ürəyinə qurban olum deyib, ağlamağına etinasızlıqla baxaraq,var gücü ilə  ,deyəsən, dəli olmusan. Həyatımın  kabusuna çevrilmisən,çıx get də, bağırmışdı. Axı niyə ölmürsən deyib, onu  köhnə futbol topu kimi  itələyə-itələyə mətbəxdən çıxardığı gün Zərrinə elə gəlmişdi ki, deyəsən, O, özü dəli olub.Elə həmin gün  Onun gözündə özünə qarşı dərinləşən nifrət ,beyninin hüceyrələrində cücərib,ürəyində böyüyən,ora da sığmayıb, köpüklənə-köpüklənə dodağına süzülən nifrəti duymuşdu Zərrin. Bu nifrəti əridə  biləcək qüvvənin varlığına inamını itirmiş,öz-özlüyündə taleyinə üsyan edə bilməyəcək acizliyinə söymüşdü. Tanrının bu hökmünə də başını əyib,anlamışdı ki,onu itirib. Vəssalam!

Elə həmin gün onun dümsüklədiyi qolundakı ağrı əvvəlcə bədənini sarıdı,sonra yumrulaşıb ürəyinin bir güncündə ocaqdan ayrılan köz kimi işıldadı,sonra necəsə ürəyindən qopub boğazına yapışdı.Elə hey göynədə-göynədə onu incitməyə başladı.Nə qədər su içir,onu udmağa çalışırdı,alınmırdı. Yumru ağrı dolaşıq düşüb,ucu tapılmayan ip kimi nə qırılır,nə haçalanır,nə də açılırdı. Eybəcər şəkildə  qalın kürk düymələrinin arxasına yapışan sap  kimi  boğazına dürtülmüşdü.  Pərdənin o  tayında dalğa-dalğa yayılan musiqinin batırmaq istədiyi səslər arabir ucalır,Zərrini fikir məngəsindən xilas edir,sonra yenə    hansısa gözəgörünməz əl onu  cəhənnəm qazanı kimi şaqqaşaq qaynayan dərd gölünə batırırdı.

Kimsə diqqəti özünə cəlb etmək üçün var gücü ilə qışqırıb,qulaq asın,tost deyirəm söylədi. Musiqinin səsi azaldı. Araya sakitlik çökdü. Zərrin fikirləşdi ki, yəqin indi hamı- O da qeyri –adi, heç kimin,heç yerdə eşitmədiyi sağlıq gözləyir.Bayaq qışqıran səs indi aramla danışmağa başladı.

–Sənə  səadət dolu günlər arzulayıram.Gül ol,bülbül ol ,qəfəsdə olma.

Ardını Zərrin eşitmədi. Elə bil qurbağa gölünə daş atdılar.

– Yekə kişisən, bundan ötrü saxlamışdın bizi? Gül kimi oynayırdıq da.

–Kişi qızıl xırdaladı.Ha-ha-ha.

–Səadəti arzulamaqdansa onu götürüb, gələydin də.

Boğazındakı ağrı bərkidi. Şiş elə bil lap böyüdü.Uf! Zərrinin əlləri əsdi,başı gicəlləndi.Ömrü boyu Onu yaxşı, alicənab,mükəmməl adamların sırasında görmək istəmişdi.Onu qoruya-qoruya,roman qəhrəmanlarına bənzətmişdi xəyallarında.Yazda   yamyaşıl,təzə tumurcuqlayan alça ağacının altında ona öyüd-nəsihət verəndə qonşular çəpərdən baxıb,gülüşürdülər .Qız-zaddı bəyəm, deyib, onu məzəmmət edirdilər.İndi əhatəsində məzmunsuz formaları görəndə bağrı az qalırdı partlaya.

Ayaqları ağrıdı.İndi hiss elədi ki, bayaqdan durub güzgünün qabağında. Güzgüdən özünə baxan özünü gördü. Nəyə oxşayırdı, ilahi! Gözlərinin parıltısı sönüb, içki düşkünü olan adamlar kimi içi qıpqırmızı olub,arıqlıqdan ordları batıb,üzü o qədər uzanıb ki,elə bil kimsə çənəsini tutub var-gücü ilə aşağı dartıb.Saçları yapırğıyıb,başına yapışıb.Boynunun sümükləri elə qabarıq görünür ki, sanki fil dişindən muncuq asmısan. Yaman   kövrəldi.Zərrinin gözü bu evdə  yaşadığı dəhşətləri görə-görə bərəlmişdi. Bu dəhşətin vəhşətindən bəbəklərinin parıltısı sönmüşdü.Sıxıntı əzrayıl kimi canını alıb,son nəfəslə çıxarmaq üçün burnunda saxlamışdı.Ona görə arıqlayıb üzülən üzündə fındıq boyda burnu şişib tuluğa dönmüş ,artıq ət kimi sallanmışdı. Rəngi də qaralmışdı. Nənəsinin ağ gün adamı ağardar,qara gün qaraldar sözləri yadına düşdü. Dərindən ah çəkdi.

Yenə boğazı ağrıdı. Hər dəfə Onunla danışmaq istəyəndə də  boğazına tıxanan o zəhlətökən qubar şişir,akulaya dönür,sözlərini diri-diri udurdu. Zərrin nə qədər çalışırdısa ,danışa bilmirdi.Ağzı saatlarla açıq qalırdı.Ancaq Onun,ağzını yum,qarnının içindəkiləri görməkdən yorulduq dediyi vaxt bunu hiss edirdi. Gözünün suyu axa-axa öz yuvasına, bədəninin formasına alan kresloya güclə oturdu. Hə ,nəyə oxşayırdı ?  İtə ! İtə oxşatdı özünü. Əvvələr bütün kəndin sonaya bənzətdiyi Zərrin indi itə oxşayırdı.Onun yumru üzü,parıltılı gözləri ,gur saçları,kəndin oğlanlarının  toylarda oğrun-oğrun baxıb köks ötürdüyü dolu bədəni, mərmər sinəsi, bədəninə mütənasib gözəl ayaqlarından  zərrə də qalmamışdı.

Qonşu otaqdan yenə kimsə Ona səadət arzulayırdı.Lap əsəbiləşdi. Nədi axı, bu zəhrimar,mücərrəd  səadət? Düz 20 il bundan əvvəl qaynanası ,elə otaqda,Onun dostlarının qənşərində oturduğu o pianonun qabağında Zərrinə  həmin  səadəti,hamının axtarıb tapmadığı o xəsis,xudpəsənd,paxıllıqdan adamlardan gizlənən səadəti arzulamışdı. Analıq səadətini.Zərrin düz 20 ildən sonra anlamışdı ki,o zaman səslənməsindən belə ürəyi qürrələnən Analıq səadəti doğuşdan sonra məsum,dünyanın ağını –qarasından seçə bilməyən körpənin üzünə baxdığın bir neçə saniyədən ibarət imiş. Bir dəqiqədən sonra körpəni kimsəsiz, köməyə ehtiyacı olan pişiyə bənzətmiş,illər keçdikcə pişik şirə dönmüşdü.  Eh ,bəsdir də .  Bu nə xasiyyətdi onda . İnsanları heyvana bənzətməkdən bezmişdi.Bunu nə qədər tərgitmək istəyirdi ,bacarmırdı .Tanımadığı adam görən kimi fikirləşirdi ki,bu, hansı heyvana oxşayır görəsən.

Ürəyi sıxıldı. Bu dəfə özünü səssiz-səmirsiz çöllükdə ulayan bayquşa  bənzətdi. Çiynindəki şalı açıb, yorğan kimi  başına çəkdi. Havasızlıqda üşüdü. Bədəninə gizilti gəldi.Ay allah,bu ev niyə isinmir? Şalı  aralayıb, boylandı ki, bəlkə ,sobada odun qurtarıb.Yox. Odunlar sevinə-sevinə yanırdılar ki,külə dönüb qurtarsınlar bu əzabdan.Ağlına gəldi ki,ocaq da torpaq kimidir.Haram götürmür.Onu da Zərrindən oğurlamışdılar.Oğurluq isə həm haram,həm də  ocağı natəmizliyə aparan yoldur.Haramdan qidalanmış ocağın istisinə kim qızına bilər ki? Bu ocağın ətrafı çirkləndirən tüstüsündən başqa nəyi  olur ki? Qızınmaq üçün şalı indi də ayaqlarına bükdü. Ona görə bu həyət-bacada hər şey dumanlıdır.  Gözlərinin rəngini də,elə ürəyini də bulandıran bu tüstü imiş,bəlkə. Divardaki saat 12-ni vurdu. Otaqdakı səs-küy daha da çoxaldı. Kimi əl çalıb, camaatı sakitləşdirməyə çalışır,kimisi əlindəki çəngəllə boşqabı döyəcləyir, bəzisi də barmaqlarını sobanın külünü qarışdıran maşa kimi stolun qırağına vururdu.  Bu hay-haray isə səs, ton və küyün qarışığından ibarət   balta şəklində Zərrinin başına çırpılırdı. Tık-tık,danq –daranq. Əvvəlcə aramla,sonra daha tez-tez. Şalı  bərk-bərk başına çəkdi. Zərbədən qorunmaq üçün əli ilə  üzünü örtdü. Zərbələri indi daha yaxından hiss etdi. Soyuq su ilə həyət-baca, ev-eşiyi təmizləyən əlləri köhnəlmiş bezin kələ-kötür sapları tək üzünü daladı. Nəbzini tutdu.Vuran ürəyi idi. Az qala ağzından çıxacaqdı. Köksündə nəsə alovlandı. Odun atəşini ağzında da hiss etdi.Dili ilə dodaqlarını yaladı. Ürək Allah ocağıdır-düşündü. O  isə  Tanrının qəlbini isitmək üçün köksünə yerləşdirdiyi bu ocağın kösövü idi. Zərrini isitmək əvəzinə yandırırdı. Hiss elədi ki,bayaqdan su istəyir. Ortalıqda görünməsin deyə durub pəncərəni açdı. Əli ilə məhəccərdə buza dönmüş qardan bir parça qoparıb ağzına  apardı.Bu yanğını isə nə buz,nə qar, nə də bir okean su söndürə bilməzdi.  Bu bala yanğısı idi. Yadına keçən il qonşudakı yas mərasimində ağı  deyən qadının ,can ay bacı, nə yaman bala, bala, deyib ağlayırsan.Sən də mənim kimi nakam  basdırmısan ,soruşması düşdü.Ürəyi bulandı. Onu yandıran doqquz  ay bətnində gəzdirdiyi,  həm də zorla gəzdirdiyi,  ölüm-zülüm dünyaya gətirdiyi , dəli eşq,ilahi sevgiylə sevdiyi balası idi. Sənə  dünyanı göstərəni necə görməmək olar, sənə həyat verənin həyatını necə zəhərləmək olar ,ay bala? Ümidlərimi qıran Ümidim. İstədi qışqırsın, amma boğazındakı o ləçər  düyün şişib, həyasızcasına ,maqnit kimi sözləri geri çəkə-çəkə, dilini də uddu deyəsən. 

Otaqdan səs gəldi.

–Ay uşaqlar, bir dayanın da, olmadı ki. Ağız deyəni qulaq eşitmr. A Ümid ,bura gəl.  Saata bax, doğulmusan ,a qardaş.Bu əclaf, nankor, bivəfa dünyaya xoş gəlmisən.

Bu səsi tanımadı,doğulmusan sözü üzünə sillə kimi çırpıldı. Ayağa durub  qonaqların oturduğu otağa sarı addımladı.Belində dəhşətli ağrı hiss etdi.Eh,uzanıb qəfil durmaqdan belim səpdi, deyəsən. Yox, ağrı böyrəklərinə də yayıldı.Divardan tutdu. İndi də qarın boşluğuna yayılan ağrını hiss etməməkçün ,nəfəsini dərib saxladı. Ağrı isə şapıltı ilə əlindən çıxıb , yerə düşən bazar səbəti kimi dizlərinə çırpıldı.Bu nədi ,yoxsa yıxılıram. Ay Allah ,özün kömək ol. Onun üzünü görməliyəm. Bu an,bu saniyə,dünyaya gəldiyi saatın tamamında. Güclə özünü yetirib kresloya oturdu. Bayaq  qulağını dayadığı  divara bənzər  qalın pərdəyə  indi üzünü söykəyib, gözünün ucuyla otağa baxmağa başladı. Toz qarışıq şüanın yayıldığı o məsum üzə  baxdıqca düşüncəyə daldı.Bu məsum üzü  düz 20 il bundan qabaq ,bax bu günün,bu saatı,bu saniyəsində ,elə şimşək kimi qəfil çaxan bu ağrının altında görmüşdü axı.

O zaman Zərrin Ana olmuşdu.Aman-zaman,yeddi qurbanlar üstə,dizin-dizin pirləri gəzib duaların fəryadında Ümidini tapmışdı. 20 il bundan əvvəl kənd xəstəxanasının  birinci mərtəbəsinin yarıqaranlıq otağında canından ayrılan can nura boyamışdı. Zərrin elə bilmişdi ki, Günəşi o doğub.Bəs indi ? Niyə o günəşin hərarətində qızına bilmir, niyə tənhalıq ocağında qovrulur? Bu zəhrimar ağrı da ,vaxt tapdı elə bil.Özünü ələ almağa çalışdı.

Bu doğuşa bənzər ağrı idi. Hə,hə. Bu dəfə onun içini zülmətə boyayan,hər şeyi,hər kəsi donduran,mayası təhqir,acı,nifrətdən yoğrulan, onu daşlaşdıran,çiyinlərini əyən dağ doğurdu Zərrin. Bala dağı ! Otaqdakı qədəhlərin cingiltisini zəif-zəif duymağa başladı. Kiminsə  uzaqdan Onu çağırdığını eşitdi.Gəl bura,Ümid, axı sən baş roldasan.  Gəl hədiyyələrini qəbul et. Zərrin də var-gücü ilə bağırmaq istədi ki, mən də hədiyyə istəyirəm. Öz hədiyyəmi! Taleyimin,gəncliyimin,gəlinlik,analıq hədiyyəsini ! Onu istəyirəm! Balamı! Ümidləri puç edən Ümidimi.Bu kəndin,bu evin mənim üçün qəfəs rolunun bitməsini istəyirəm ,bala. Sənin baş rolda olacağın bu günü gözləyə-gözləyə ,axı mən  20 il özüm oynamışam ümid rolunda. Zərrini soyuq tər basdı, bütün bədəni boşaldı,  qaçmaq istəyirmiş kimi dizləri atıla-atıla titrədi.Amma içindəki səs daha da ucalırdı.Elə bil vücudunda səsdən başqa heç nəyi qalmamışdı.Tapda,sındır,əz ,öldür məni .Analıq təşnəmi,ruhumu söndür,məni yaşamaqdan iyrəndirib,həyatdan küsdürən, balam. Onsuz da meyit rolunda yaşamaqdan bezmişəm.  Ad günün mübarək ,oğul. Mənim səsimi duymayan balam,qanımı içməkdən doymayan balam. Səni təmənnasız sevib,nazını çəkən, canını uf demədən yolunda fəda etməyə hazır,beşiyinin qulu, dillərdə yalandan  müqəddəs ananı it yerinə qoymayan ,balam. Zərrin udqundu. Bu dəfə çox rahat. Keyləşən vücudunda təkcə o düyünün olmadığını hiss etdi.

Üzünə qəfil səpilən soyuq sudan diksinib gözünü açanda bir cüt yaş süzülən parlaq bəbəyin gözünə dikildiyini gördü. Bu Onun gözü idi. Zərrinin ayıldığını görüb duruxdu.Bu zaman gözündəki yumrulaşan yaş diyirlənib düşdü və Zərrinin kipriyinə toxundu.Zərrin bu yaşın zər parıltısını söndürməməkçün gözünü yumdu. Gözlərini sol ucundan diyirlənən yaş Onun zər dənəcəyinə qarışıb yanağına, oradan boynuna iz sala –sala köksünə çatdı.Sərinliyi köksünə yayılan o damlanın fərəh hissinin gücündən idimi,və ya başqa bir şey Zərrini tərpənməyə qoymadı. Elə bil bütün kəndin camaatı abqora hazırlamaq üçün bir teştin içinə üzüm əvəzinə Zərrini qoyub təpikləmişdi. Tərpənmək istədi alınmadı. Havasız boşluqda ,ətrafına toplaşan dumanlı üzlər içində təkcə Onun məsum üzü,sevgi dolu baxışlarını aydınlıqla sezdi.Bu an, bu dəqiqə onun canından keçən qığılcıma bənzər istilik təntənə hissi idi-əzabın təntənəsi! Hansı səbəbdən yarandığını,nəyin nəticəsi olduğunu Zərrin ayırd edə bilməsə də...Dünyanın əzab və iztirablardan ibarət vakuum olduğunu duya bilənlər xoşbəxt olurlar.Bəlkə,buna görə Zərrin xoşbəxt ola bilməmişdi.Doğuş əzab,ölüm əzab,xəstəlik əzab,sevmədiyin insanla təmas əzab,sevdiyindən ayrılmaq əzab.Bütün bunlar fəlsəfənin yoza biləcəyi şeylərdir ki,Zərrinin həyat fəlsəfəsinin həndəvərindən keçə bilməzdi. Ümidin daxilindəki əzab labirintini isə bu gecə hansısa gözəgörünməz mistik varlıq işıqlandırdı .O,evdəki səs-küyü eşitmir, Zərrinin başına qarışqa kimi toplaşan az qala bütün kəndin adamlarını görmürdü.Bu günün hədiyyəsini tanrı son anda vermişdi ona.Yaxşı və pis,dəyərli,yaxud qiymətsiz olduğunu təkcə Ümid bilirdi. İçində kimsə oxuyurdu elə bil. Qırıq-qırıq gələn səs məlahətli,həzin,ən başlıcası doğma idi.

Əlində güldəstə gəl,

Dərdi qoy,dərd üstə gəl.

Can verirdim gəlmədin,

İndi qəbrim üstə gəl.

Bu səs həzin,mehriban olsa,onu ölüm yatağından belə qaldıra bilər.Bəs əksinə olanda?!...

Təcili yardım maşını həyətdən çıxanda dostları da tələm-tələsik qonşunun taksisinə oturub,onun dalınca getdilər. Kimsə soruşdu ki,bəs Ümid necə oldu?

–Ay Ümid,bəs sən gəlmirsən?

–Sonra gələr,tez olun...

Həyətdəki uçuq təndirxananın divarına söykənən Ümid də dodaqaltı cavab verdi.

–Hə,hə tez olun.

Və boylana –boylana o səsin arxasınca getdi.Addımladıqca səs uzaqlaşırdı.Kəndin ətəyində, qalın ağacların bərk-bərk qucaqlaşıb, tələyə oxşar görüntüsünə yaxınlaşanda qaş qaralmışdı. Səs hələ uzaqda idi... /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.