İradə Aytel – Yetim laylalar
04.06.13

Qulağına səslər gəlirdi. Külək səsi, adam səsi, yarpaq xışıltısı, otun, torpağın, daşın, qayanın, göyün, yerin, quşların, heyvanların… səsi. Bu səslərin hamısı bir-birinə qarışmışdı. Qulaqları uğuldayır, bu qat-qarışıq - həm doğma, həm yad, həm munis, həm də vahiməli səslərdən qaçmaq, qurtulmaq istəyirdi. Qorxurdu bu səslərdən. Həm də qorxmurdu. Əfsanələrdə söylənilən - Al qadınları kimi şirin, ovsunlu dilini işə salıb tanımadığı yerlərə çağırırdı həmin səslər onu. 

Tərpənmirdi. Bir ovuc torpağa dönüb, yerdən bapbalaca boyu ilə seçilən torpaq yığnağına qarışmışdı sanki. Bu torpaq yığnağı ilə birgə heç yerdə, heç vaxt eşitmədiyi səsləri dinləyirdi. Həmin torpaq yığnağının özü də, o yığnağın baş ucuna sancılan neçə belə yığnaqlara yol yoldaşı olmaqdan qocalmış, üzü qırış-qırış olmuş daş parçası da, həmin daş parçasının xəcalət tökülən qırışlarını öz gözəl ləçəkləri ilə gizlətmək istəyən bir cüt qızılgül də onunla birgə o səslərə qulaq asırdı. Bəlkə elə bu torpaq yığnağı, üzü qırış-qırış olmuş bu daş da, hələ dünyanın zövqünü tumurcuqlarında yaşayan qızılgüllər özü də danışır, səsini səslərə qatırdı. 

Bircə onu bilirdi, duyurdu ki, bura başqa bir dünya, başqa bir məkandır. Buranın daşları, ağacları, adamları tamam başqa cürdürlər. Həm də bu daşlar, ağaclar, adamlar bir-birlərinin oxşarıdırlar. Boy sırası ilə düzülmüş daşların hamısı bir rəngdə, bir səmtdə, ağacların hamısı bir qaydada, bir düzümdə, adamların isə hamısı bir gözdə, bir baxışdadırlar. Keşikçi ağacların altından zirehli daşlar, zirehli daşların üzərindən isə bir-birinə bənzəyən baxışlar... O baxışların hamısında eyni kədər, eyni hüzn, eyni dalğınlıq gizlənmişdi. O baxışların hamısı bir səmtə, bir tərəfə dikilmişdi. O baxışların hamısı ağrılı, acılı olsalar da heç birindən «imdad edin», «kömək edin» pıçıltıları eşidilmirdi. Heç kəsi gözləmirdilər o baxışlar. Sonsuzluğa dikilir, elə sonsuzluqda da qeyb olurdular. 

Düşünürdü… Bəlkə elə bu qara daşlardan boylanan «qara» adamlardı bu səsləri çıxaran. Yox! Axı bu səslər adam səslərinə bənzəmirdilər. Həm də bənzəyirdilər… 

Ha çalışdı ki, bu qat-qarışıq səslərin içindən bircəsini seçsin, anlasın. Amma mümkün olmadı. Yenə qulaqları uğuldadı, səslərin içində özünün iniltisi də əridi, yox oldu. 

Ona elə gəldi ki, sinəsi böyüdü, döşləri südlə doldu və həmin torpaq yığnağının üzərindəki bir cüt qızılgülə, sonra üzü qırışmış daş parçasına, oradan da bapbalaca torpaq yığnağına düşdü. İçində nəfəsini kəsən bir sancı baş qaldırdı. Sancı getdikcə şiddətlənir, bütün varlığını bürüyürdü. Kürəyindən sinəsinə doğru yönələn küt ağrı isə daha dözülməz idi…
… Həkimlər həmişəki kimi adi iş günlərini yaşayır, ana olmağa hazırlaşan qadınlar həmin müqəddəs duyğuları gerçəkləşdirəcək bir dünyanın astanasında gah qışqırır, gah ağlayır, analarını səsləyib, haray çəkir, həkimlərdən imdad diləyir, o müqəddəs dünyanın qapısına tez çatmaq, içəri girmək üçün qaçır, tövşüyürdülər.

Hələ ömründə belə ağrı, belə sancı görməmişdi. Əvvəl bir saatdan, sonra yarım saatdan, iyirmi dəqiqədən bir tutan sancı bir iki dəqiqə davam edir və sakitləşirdi. Ona elə gəlirdi ki, həmin bir-iki dəqiqə bir az da uzansa dözməz... 

Qışqırmaq, gücü çatanadək qaçmaq, ağrıların əlindən qurtarmaq istəyirdi. Həkimlərsə ona təzyiqinin çox yüksək olması ilə əlaqədar olaraq, qışqırmağın, hərəkət etməyin dünyaya gələcək körpəsi və özü üçün çox zərərli olduğunu söyləyirdilər. Hətta işığın da ona mənfi təsir edəcəyini deyib, qaranlıq bir otaqda olmasını məsləhət bilirdilər. Həsəd aparırdı dəhliz boyu qaçan, qışqıran, doğmağa tələsən qadınlara. Qaranlıq otaqda, arxası üstə uzanıqlı halda bu ölümdən betər sancının sakitləşməsini gözləyirdi. Dodaqları, bənizi dümağ olsa da, əllərinin içi qıpqırmızı köpmüşdü. Sancısı tutanda dəmir çarpayıdan yapışır, var gücü ilə sıxırdı. Artıq çarpayı da dilə gəlmişdi. Ondan qurtulacağı anı gözləyirdi. Sancısı dayanan kimi isə göz qapaqları yumulur, illərin yuxusuzu təkin, yuxuya dalırdı. Ağrı və yuxu onun iradəsinə, gücünə hakim kəsilmişdi. 

Elə həmin dözülməz sancıların içində kürəyindəki küt ağrı da onun olan hənirini kəsir, qüvvəsini tükəndirirdi. Ona elə gəlirdi ki, kimsə kürəyindən sinəsinə böyük bir bıçaq saplayıb və o bıçağı kürəyindəcə qəddarcasına burur, yenə bururdu. 

Onun təzyiqini tez-tez ölçən tibb bacısı əvvəllər ürəyi ilə bağlı bir şikayətinin olub-olmamasını da soruşmuşdu. Yox, - demişdi. Yalan söyləmişdi. Gələcək körpəsinin xatirinə «yox» demişdi. 
Dözürdü bütün bunlara. Bəlkə də uzun zamandır bu ana həsrət qaldığı üçün dözürdü. 

Ürəyinin altında başqa bir ürəyin döyündüyünü hiss etdiyi gündən onda həyata bağlılıq, inam, yaşamaq eşqi baş qaldırmışdı. Yaşamaq və körpəsini yaşatmaq eşqi. Əslində həmin yaşamaq eşqinin özü də yaşatmaqdan irəli gəlirdi. O, artıq bilirdi ki, bir canlını, həm də onun özünün canında olan canlını yaşatmalıdır. Elə həmin sancıların, ağrıların içində olanda da ürəyinin altındakı ürəyin döyüntülərini eşidir və o döyüntüləri yaşatmaq üçün dözürdü, yaşayırdı…

Bircə anlıq gördü körpəsini. Ağ xalatlı həkim çox həyəcanlı idi. Onun üzündəki həyəcandan hiss olunurdu ki, bu günkü iş günü heç də həmişəki kimi adi iş günlərindən deyil. Bəlkə elə bu gün də adi idi. Bəlkə də həmin ağ xalatlı həkim belə günləri yaşamış, belə anlara da öyrəşmişdi. Amma yox, həkim tələsir, təlaş keçirirdi. O, isə bütün bunları kənardan çox adi, çox sakit seyr edirdi. İçində bir rahatlıq yaranmışdı. Bayaqkı ağrılardan əsər-əlamət qalmamışdı. Qarnındakı sancılar, kürəyindəki «bıçaq yerinin» küt ağrısı hamısı yoxa çıxmışdı. Bir anlıq bu əzab dolu dünyadan uzaq düşdüyünü hiss etdi. Çarpayıdan aşağıya doğru ümidsiz bir görkəmdə sallanan qollarını yuxarı qaldırdı. Sağ əlini ürəyinin üstünə qoydu. Yox, ürəyi də döyünmürdü. Onun ağrıları ilə birgə ürəyini də ağ xalatlı həkim çəkib bədənindən çıxarmışdı. Bir anlıq həkimin əllərinə baxdı. Gördü ürəyini o əllərdə. Ürəyi bapbalaca idi. Ürəyinin əlləri, ayaqları, saçları, bapbalaca ağzı, burnu var idi. Ürəyinin gözlərinə baxmaq istədi. Amma deyəsən ürəyi onu görmək istəmirdi. O bapbalaca gözlərini bərk-bərk yummuşdu. Ürəyinin avazımış sifətinə, balaca əllərinə, ayaqlarına, sarımtıl saçlarına bir də baxdı. Yavaşca ürəyinə yalvardı, yalvardı ki, gözlərini açsın, bircə dəfə açsın. Ürəyi onun bu yalvarışlarına da cavab vermədi. Susdu… susdu… 

Bir azdan ağxalatlılar çoxaldı. Onlar tələsir, vurnuxur, onun ürəyini ona qaytarmaq üçün çalışırdılar. Onun ürəyinə iynə vurdular, döyündürmək üçün süni nəfəs verdilər açmadı gözlərini ürəyi. Onun bədənindən qopduğu, çıxarıldığı üçün ağlamadı, hayqırmadı ürəyi. Susdu… susdu!
Sonra isə onun bapbalaca ürəyini başqa yerə apardılar. O, da yumdu gözlərini ürəyi kimi, o da susdu, ağlamadı, hayqırmadı susdu… içində ürəyinin gözlərinə baxmaq, səsini eşitmək, nəfəsini duymaq, onu bağrına basmaq, ürəyini öz yerinə - köksünə qoymaq arzusu olsa da susdu. Ürəyinin yerindən bir sızıltı çıxdı. Ürəyinin yeri göynədi. İki damla solğun rəngli yaş dənəcikləri çıxdı ürəyinin yerindən, ağladı ürəyinin yeri…
Yenə susdu… Söyləmədi, heç kəsə demədi ağ xalatlıların onun ürəyini çıxarıb apardıqlarını. Yoxdu daha onun ürəyi. Ağrıların əlində qovrulan zaman göz yaşları altında, inildəyə-inildəyə çağırdığı, səslədiyi, amma səsinə səs verməyən anasına, onunla birgə o məşum gecəni yaşayan ömür-gün yoldaşına da demədi daha ürəyi olmadığını. Heç kəsə demədi, susdu…
Onun ürəyinin yeri göynədikcə ağlamaqdan gözləri şişmiş döşləri, bir də qan ağladı, bir də sızladı, bir də göynədi. O yer qan ağladıqca ürəyini gəzdi, ürəyini axtardı. Amma bilirdi… bilirdi ki, artıq ürəyi ondan çox uzaqlardadı. Bir də geri dönməyəcək. Onun bapbalaca ürəyi qocalmış, üzünə qırış düşmüş bapbalaca bir daş parçasının altında bapbalaca bir torpaq yığnağına dönüb. O bapbalaca torpaq yığnağından isə ürəyini alıb heç vaxt öz yerinə qoya bilməyəcək. 

Ürəyini oxşamaq, illərdir sinəsində qoruyub saxladığı büküm-büküm, qönçə-qönçə laylaları söyləmək, ürəyinin bircə təbəssümünü görmək, nəfəsini duymaq istədi. Boynunu bükdü laylaları, yetim qaldı laylaları… 
…Anladı, bildi ki, daha onun ürəyi başqa bir dünyanın yetim sakinidir, o isə bu dünyanın… Heç vaxt, heç kimə söyləyə bilmədiyi iniltilər dilə gəldi, danışdı…

Bu dünyada mən yetiməm,
O dünyada balam yetim!

Həmin iniltilər yenə də həmişəki kimi tanımadığı, bilmədiyi qatmaqarışıq səslərə qarışdı. Elə bu qatmaqarışıq səslər içindən qulağına çox aydın eşidilən, həm də başa düşülən bir səs gəldi: 

- Gəl, ay bala, gəl, burada ha dursan, ha gözləsən də bir xeyri yoxdur. Mən on beş ildir ki, bu yerə-gəlib gedirəm. Amma bu on beş ildə bircə nəfərin geri döndüyünü görməmişəm. Gəl, gəl gedək…

Bir əlində yaylıq, o biri əlində gülabdan tutmuş qara örpəkli qadının səsi onun bütün ağrı-acılarını əlindən aldı. O dəhşətli hənirini kəsən sancı, kürəyindəki ağrılar da birdən-birə yoxa çıxmışdı. Bayaqdan bəri qulaqlarında uğuldayan qatmaqarışıq səslər də susmuş, kirimişdi. Qeyri-ixtiyari əllərini sinəsinə apardı. Döşlərinin şişi də çəkilmişdi…

Başını qaldırdı. Sanki bu yerləri ilk dəfə idi görürdü. Fikirləşdi, fikirləşdi ki, aman Allah burada nə qədər bapbalaca torpaq yığnaqları var imiş. Həmin torpaq yığnaqları, üzləri qırışmış daşlar getdikcə böyüyür, böyüdükcə, sanki üzlərinə sığal çəkilir, «qoca», dümmağ, simsiyah, par-par yanan mərmərlərə dönür, həmin mərmərlər isə ölümü cavanlaşdırır, sonra isə kiçildirdi…

Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.