Məmməd İsmayıl: "Ədəbi tənhalığımdan məmnunam" - MÜSAHİBƏ
03.06.13

- Anar-Elçin-Əkrəm Əylisli, Çingiz Əlioğlu-Sabir Rüstəmxanlı-Nüsrət Kəsəmənli, Vaqif Səmədoğlu-Vaqif Bayatlı Odər-Ramiz Rövşən. Görürsünüz, adlar birgə çəkilir. Bəs çox vaxt Məmməd İsmayıl adı niyə tək çəkilir?

– Həyat hekayəmi eşidənlər mənim evin ilk və son övladı olduğumu, tək böyüdüyümü bilirlər. Görünür, həyat hekayəmdəki bu amansız şərtlər sənət yollarımçün də bəlirləyici rol oynayıb. Gözəgörünməzlərin gözəgörünənlərin qədərini bu şəkildə dəyişə biləcəyinə inananlardanam. Şairin karyerası yox, qədəri var deyənlər də bu baxımdan haqlıdırlar. İnsan yaranış etibarı ilə tənhalığın övladıdır. Qruplardan başqa bir yalquzaq ömrü də var axı. Allah bəzən insanı oxşadar, Tanrı təkliyi hər yoldan ötənə etibar etməz. Tale deyilən nəsnə özünə oxşadıb mənə də yalquzaq ömrü seçdi. Bəlkə qürbətə bir başqa şairin yox, mənim düşməyimdən bu seçimdən qaynaqlandı. Bu bir, ikincisi, anama görə qiyabi oxumaq məcburiyyətində qaldım, hardasa Bakıya 26-27 yaşlarımdan yaşamağa gəldim. O zamana qədər də aşağı-yuxarı ədəbi qrupların konturları cızılmışdı. Həm də hansısa qrupa yamaq olmaq mənə uşaqlıqdan yad olub. Təvazökarlıqdan uzaq olsa da deyim ki, hələ uşaqlıqdan "mən kimnənəm" yox, "kim mənnəndi" düşüncəsiylə yaşamış biriyəm. Adını çəkdiyin hardasa ədəbi tənqidin oluşdurduğu qruplardı.Və mən bu ədəbi tənhalığımdan məmnunam. Çünki, seçilən bəndədir, seçən Allahdır. Bu cəmlər içində sən tək, mən də tək, Minlərin içində birə bax, Allah! Riskin də, qürurun dərsi, taleyin dərsi var və bu tənhalıq dərsidir. Haqqımda yazanlara vә susanlara Belinskinin sözlәri ilә sәslәndirmәk istәrdim: tәnqidçilәrdәn әn böyüyü, dahiyanәsi vә yanlış yapmayanı әlhazarәt zamandır, öz gələcək yolçuluğunda mәni tәkmi yaşadacaq, yoxsa hansısa qrupa qoşacaq, bu yalnız onun bilidiyi bir işdir.

– Bizdə şairlərin yaratdıqları üslublara sadiq qalmasının əsas səbəbi nədir sizcə? Siz də üslubunuza sadiqsiz və improvizələrə və eksperimentlərə az rast gəlirik şeirlərinizdə.

– İnsan müdaxiləsi olmadan yatağını dəyişən çaylara təbiətdə rast gəlinməz. Çayın, çay olması uçün suyun davamlılığı lazımdır. Bəlkə yatağını dəyişsəydi heç yaranış idealına, dənizə qovuşmaq arzusuna da çatmazdı. Bir bizim ömrümüz var, bir də taleyin ömrü. Çay, sonunda adının belə yox olacağını bilmədiyi bir yolu tutub gedir, bu yol taleyin ona seçdiyi yoldu, hardansa başlayıb hardasa bitməlidir. Fərdi üslubun ədəbi okeana qovuşması, ya da qovuşdurulması da buna bənzəyir. Doğrudur, o çaya yollar boyu xırda qollar da qarışır, amma bu qarışımlar onun dənizə çatmaq amacına əngəl olmur, əksinə bu amacı bir az da sürətləndirir. Tarixin də, ədəbiyyatın da qədəri belədir. Hər üslub da davamlı bir fədakarlıq örnəyidir. Şair tənhalığı hardasa bir az da onun üslubunun tənhalığıdır. Təbiət ənənəsindən (yaz, yay, payız, qış təkrarları və s.) dərs alan topluluqlar hər zaman ayaqda qalmağı başardılar. Bu gün dünyanın ən öndəgələn ölkələri ilə yarış içində olan Çin,Yaponya örnəkləri beşminillik ənənəyə sadiqliyin örnəyi ola bilər. O fikrinlə razı deyiləm ki, yazılarımda improvizələrə və eksperimentlərə az rast gəlinir. Yazmağa başladığım ilk çağlarda şuuraltı bulduğum və bulmaqdan məndən çox, doğub böyüdüyüm mühitin təsiri olan, ya da ilahi bir sədanın pıçıldadığı üslub içərisində çalışıram ki, deyəcəyim fikirlər misra qəlibinə sığmasın, çəkirsə diqqəti pozulmuş ölçüsüylə deyil, yeni deyilişləri ilə çəksin. Puşkinin maraqlı bir fikri var; şairin şair olana qədər ki, şeirləri gözəldir, çox zaman professionallıq sənəti öldürür. Və Marina Svetayeva da deyirdi ki, Puşkini modernistlərdən ayıran cəhət onun sadə, anlaşılır yazmağında idi. Elə dahiliyi də bu yöndəydi bəlkə?!

Hər halda bilməmiş deyilsən ki, hәr nəsnə Tanrı mükəmməlliyinin təkrarsız örnəyidir. Bu mənada "yenilik" adına forma mükəmməlliyindən qaçmaq nə dərəcə də ağlabatandır? Bir də nə zamandan Qərbdən gələn yenilik, Şərqin bağrından qopanlar isə köhnəlik olub? Bir də türkün bağrından qopan heca vəzni tarxi missiyasını hələ tamamlamamış, daha doğrusu, ona bu missiyanı tamamalamağa imkan verilməyib. Əslində, ədəbiyyatda süni yaradılmış vəzinlər qovğası millətimizin tarixi sürəc içərisində siyasi arenada başına gətirilənlərlə paralelik təşkil edir. Monqolustandakı Bəngü daşlarında tarixə həkk olunmuş heca vəzni İslamın gəlişiylə yerini əruza buraxmaq zorunda qaldı. Bu sürəc hardasa XVII-XVIII yüzillərə Abbas Tufarqanlıya, Vaqifə qədər davam etdi. Tufarqanlı və Vaqiflə yenidən yarımçıq ömrünü davam etdirməyə başlayan heca vəzninin önünü bu dəfə də Rusiya üzərindən Avropadan əsən sərbəst vəzn rüzgarları kəsdi. Halbuki, bu, o dönəm idi ki, elə formasız, biçimsiz şerin təsiriylə Avropada şeir ölməyə başlamışdı. Şerin ölümü isə bir baxıma Allahın ölümü demək olardı. İnsanlığa göndərilən səmavi kitabların hamısının şeirlə endirilməsi Allahın şeirə verdiyi önəmin bir başqa göstərgəsidir. Yaralı yerimə toxunduğundan bu sualın cavabı bir az uzandı, deyəsən?! Yuxarıda adlarını çəkdiyin, yaradıcılıqlarına sayğı göstərdiyim Vaqif Səmədoğlu və Ramiz Rövşənin ilk şeir kitapları ilə sonrakı kitablarına baxsan hardasa sərbəstdən daha çox heca ağırlıqlı şeirlərdə uğur qazandıqlarını görəcəksən. Bu şairlərimiz çevrələrində oluşdurulan tənqid çəmbəri ilə ünə qovuşdurulmuşdular. Amma sevilmək bir başqa şeydir, ün qazanmaq isə bir başqa şey.Vaqif də, Ramiz də öz təbii axarlarına qayıtdıqdan sonra haqlı olaraq sevilməyə başladılar. Fikrimcə heca vəzni öz tarixi missiyasının tamamlamayıb və hələ də gəlişmə çağlarını yaşayır. Sərbəst vəznə gəldikdə isə nə qədər qəzet, jurnal və internet səhifələrini "sərbəst vəzində yazılmış" mətnlərlə doldurulsa da, bu vəzn hələ də onu milli vəznə çevirəcək dahisinin yolunu gözləyir.

– Məmməd müəllim, şair üçün getmək nə deməkdir və bu sizin reallığında hansı məna kəsb edir?

– Cəm təkə qovuşar, tək cəmdən qaçar. Hər doğuş hardasa bir ayrılış, bir qopuşdur. Anadan, doğulduğun məkandan, uşaqlıqdan qopuş! İnsan hərəkətin övladırdır, bu yönüylə suya bənzər, eyni yerdə qalışı ölümə bərabərdir. Uşaqlıq insanın başlanğıc nöqtəsi – ana vətənidir! Qoratsiy deyirdi ki, özgә günәşi altında (yәni qürbәtdә) isinәn torpaqlarda bizim nә alış-verişimiz? Vәtәni tәrk edәn özündәn haraya qaçacaq? Başqa bir Roma düşünürü qürbәt hәyatını tәkrarlamaq zorunda qaldığım Ovidiy isә: Cәsur adam üçün yerüzünün hәr yeri vәtәndir, deyirdi.

Ağacı böyüyüb kökündәn qaçar,
Ha qaçar kökündәn ayrıla bilmәz.

Yayından çıxan ox bizә hәqiqәti necә axtarmağın yollarını öyrәdir, Konfutsiyә görә. Bәladan qorxmaq yox, ona qarşı getmәk lazımdır. Çәtinliyә dözüb sәbr edәnlәr gәlәcәk zamanlara daha güclü qalanlardır. Bir baxıma güclüyә, cәsurlara tale dә kömәk elәyir. Sәnәtkarın çağdaşlığı onun zamana mәhkum olmasıdır - mәhkum olmaq vә mәhkum olduğunu yönlәndirmәk! Yaşadığı tarixdәn qaçmaq hәr sәnәtkarın işi deyil. Zaman insan üçün mövcuddur, insan zaman üçün yox. Bir düşünürә görә sәnәtkarın zamanı ilә nigahı zorla qılınmış nigahdır. Bәzәn tanınmaq baxımından öz әsrinә gecikәnlәr gәlәcәk әsirlәrin vәtәndaşı olurlar: "dünya qalacaq yer deyil, ey dil sәfәr eylә". Gəlmək hardasa getmək deyimli?

Gәldiyin kimi dә getmәk gözәldi
Bәdәndәn sıyrılıb ruh oılmaq gözәl.
Dәnizә qarışıb itmәk gözәldi,
Tanrıya qovuşub yox olmaq gözәl.

Hәqiqi sәnәtkar elә öz mәmlәkәtindә dә mühacirәtdәdir. Vә bir şeirdә deyildiyi kimi:

Pisatel, esli tolko on
Est nerv velikoqo naroda,
Ne mojet bıt ne porajen,
koqda porajena svoboda.

Marina Svetayevanın yazdığı kimi: Şairә bütün hakimiyyәtlәrin qanuni sifarişi birdir: bizim әleyihimizә yazmayın, çünki siz gücsünüz. Dünya hamımız üçün qürbətdir, mənə isə qürbətin qürbətində yaşamaq nəsib oldu: Gün bulud arxasında, qürbət araxasında mən! 1920-ci, 1927-ci ilin gedənləri ilə müqayisə də buna da şükür deyə bilərik!

O, bu zamaneden söz götürmedi, 
Başını götürüb getti deyersiz!"

– Məmməd müəllim, nəyə görə ən böyük qələbəni qadını ram etmək, ən böyük məğlubiyyəti isə qadın xəyanətinə məğlub olmaq hesab edirsiz?

– Bunun nəyə görəsi yoxdur ki?! Sualın cavabı insanın yaradılış hekayəsində gizlidir. Hər halda bu qədər yalan olmaz ki, bütün səmavi kitablar insanlığın başlanğıcı Adəmlə Həvvada görür:

İnsan ağacının kökü dərində
Yüz yol boşalsa da, dolsa da dünya.
ikicə adam var yer üzərində
İkicə adam var: Adəmlə Həvva!

Sevәn adam üçün dünyanın oxu sevdiyi adamın olduğu yerdә fırlanır, ya da sevәn adam üçün dünyanın әn cazibәli, çәkici mәrkәzi sevdiyi adamın olduğu yerdir. Rus filosofu Berdyayaev deyirdi ki, әbәbdiyyәtdәn başqa heç nәyi ürәkdәn sevmәk lazım deyil. Əgәr әbәdiyyәt yoxsa, demәli, heç nә yoxdur. Qadın isә böyük sevgisi vә doğum sancılaryla bir baxıma әbәdiyyәt daşıyıcısıdır.

Qadına fəth olunmaq yenilməkdirsə, kim belə yenilgini istəməz ki? Atılmışlıq, unudulmuşluq, enerjisiz qalmaq isə bir başqa şey!

Belə yaşamağın varmı lüzumu,
Varı yoxa çıxıb, yoxu vardadı...
Dünya içi düşən güz qarpızımı
Allahım, dünyanın ruhu hardadı?

İnsan tərif, övgü, sevgi və özünütəsdiqin övladıdır. Qadının sevgisini qazanmaq, onu ram etmək, dolayısıyla özünütəsdiqin başqa bir ifadəsi deyimi? Cənnətdən qovulduğumuzdan hər birimizin şuuraltında cənnətə dönüş canatımımı var. Amma cənnətdən qovulmağımızın, ölümlü bəndəyə çevrilişimizin də bir səbəbkarı var axı? Qızılı odla, qadını qızılla, kişini qadınla sınaqdan keçirirlәr:

Qönçəmi xoş sözə açılan çiçək,
Eh, kimin xoşuna gəlməz ki tərif?!
Aldadan Havvadır hər qadın mələk,
Aldanan Adəmdi hər kişi hərif.

Qadından və qadın sevgisindən söhbət düşmüşkən Marina Svetayevanını xatırlamamq hardasa insafsızlıq olardı.Yaxşı mənada bir şair və qadın olaraq bu işin uzmanı idi o: Qadının kişi üzərindəki ilk qələbəsi kişinin bu sevgi haqqında başqasına danışmağından başlayır. Və qadının tam qələbəsi isə qadının o başqasına kişinin onu sevməsi onun da o kişini sevməsindən danışması ilə tamamlanır. Bütün gizlinlər aşikar olur: sənin sevgin mənəm. Nə qədər ki, bu deyilənlər baş tutmayıb rahat yatmaq olmaz. Qadın nəfəs çəkmənin arxasınca gedir. Qadın – dərindən bir nəfəsdir! Kişi bir işarət, bir jestdir. Nəfəs dərimi hər şeydən öncədir, atlayış zamanı nəfəs alınmaz. Kişi heç zaman birinci olmaz, kişi diləyirsə, qadın çoxdan istəyir. “Şairlər, şairlər, qadınların yeganə həqiqi sevgiləridi!”. Bu sözləri də M.Svetayeva deyirdi. Qısacası ip ən nazik yerindən qırılır. Məhəbbətlə nifrətin arası çox olsa bir qarışdır. “Xәyanәt” dә “ayrılıq” kimi mükәmmәl bir sözdür. Əslindә, xәyanәt dövlәtә, ucalığa olar insana yox, belә baxanda içindә olana necә xәyanәt etmәk olar? Hәyatın özü hardasa ruha xәyanәtdir. Böyük sirr, hәm dә böyük şantajdır bir baxımdan. Qadının dilindәn bizdәn çox qadınlar anladığından yenә dә sözü M. Svetayevayanı xatırlayaq:

...S bessmertya zmeinım uksusom
Konçaetsya jenskaya strast!

M.Svetayeva Pasternaka göndәrdiyi mәktubda yazırdı:” Mәnә ev yox, küçәlәr lazımdır. Kişilәrin yox, qadınların küçәsi var. Sәn yalnız bir qadını – Həvvanı sevәn Adәmi anlamazsan, mәn hәr şeyi sevәn Havanı başa düşә bilmәrәm”. Başqa bir fikir adamı isə baltanı kökündən vurur: Allah iki şeyi yanlışlıqla yaratdı, qızılı və qadını!

– Qəribədir, adətən qürbətə gedənlər narazı görünür, amma siz qürbətdə daha dönməz oldunuz.

– "Dönməzi" hansı anlamda – geri dönməzlik, ya dönməz anlamındamı işlətdiyin bir az qaranlıq qalsa da deyim ki, öz iradələri xaricində qürbətə salınanların narazı görünməsindən təbii nə ola bilər ki? Qürbətdə dost yoxdur, şeir sevilməz! Ağac ağacdır ki, başqa bir yerə yox, bağın bir tərəfindən çıxarıb o biri tərəfinə əksən yerini alması ən azı iki-üç il çəkər. Ağzında qürbət deyirsən, gör o zaman qürbətə düşənlərin durumu necə olar? Bütün olub qopanlarını vətəndə qoyub getmək zorunda qalanları qürbətdə gözləyən nədir? Vətəndə beş kişidən biri olanı qürbət milyonlardan birinə çevirir. Brodski demişkən, milyonlardan biri olmaq gerçəkliyi? Halbuki sənin vətəndə bəlli-başlı bir mövqeyin, sevdiklərin, sevənlərin vardı. Qürbətdə varın yoxluğu başlayır və yoxun varlığına sığınmaq zorunda qalırsan. Bax belə yerdə dadına yenə də söz yetişir.

Gedərsə, vətənin qalar vətəndə
İçinin içində köz vətən olar.
Dərdinə, sərinə vətənsən sən də
Qürbətdə sənə də söz vətən olar.

Dünya sürgün yeridir. Bu sürgünü bu dünyanın hansı köşəsində sürməyin bir baxıma elə də çox fərqi yoxdur. 

Çəkib elin gözündən
Bizi yasaqlayarlar.
Bizi qovub bu gündən
Tarixə saxlayarlar.

Brodski deyirdi ki, əgər qürbətə düşən sənətkarın həyatının janrını bəlirləyəcək olsaq, bu tragikomediyadır.Tragi-komediyanın müsbət qəhramanınına çevrilmək üçün sənin inadlı axtarışların azdır, həm də gərək tale də yanında yer alsın. Endirildiyin, ya da enmək zorunda qaldığın zirvə dumanlar arxasından da olsa sənə gəl-gəl deyir. Milyonlardan on kişidən birinə çevrilmək, yenidən qürbət dərələrindən fəthinini gözləyən zivəyə doğru inadlı yürüşlər başlayır. Qürbətdəki hər cür əngəllərə baxmayaraq o zirvəyə ulaşa bildinsə, beş kişidən biri oldunsa, qürbət qürbətlikdən çıxıb hardasa dünyəvi vətən olur:

Vәtәnә cavab verәcәk,
Qürbәtә salanlar mәni.
Kim anlamır anlamasın
Ovidiyi anlar mәni.

"Ruhun qəhrəmanığı – yaşamaq, bədənin qəhrəmanlığı – ölməkdir..."

– Stalin ölən gün ağlamağınızın səbəbi nə olub? Belə bir məqam şeirinizdə də var.

– Buna ictimai psixoz da demək olar. Bir yeniyetmə düşünün ki, hansı fənn olmasından asılı olmayaraq aşdığın hər kitabın ilk səhifəsindən, uçuq-sökük məktəb koridorlarının, sinif otaqlarının baş köşəsindən, kolxoz idarələrinin, kənd klublarının, seçki məntəqələrinin al-əlvan plakatlarından yağlı boya ilə çəkilmiş, lopa bığlı eyni kişinin vahiməli baxışları hər yandan onu izləyir, hər işinə göz qoyur. Çox sevdiyin, inandığın el aşıqları məclisə başlayar-başlamaz onun adını dua kimi zikr edir: “Yaşa, yaşa can Stalin, Dillərdə dastan Stalin!” Və bu adamın ölümünü hər vasitə ilə topluma elə təlqin edirlər ki, sanki dünyanın axırı gəlib, Stalin öldüsə dünya da dağılacaq! Mən 1953-cü ildə baş verən hadisələri xatırlamışam sözü gedən şeirdə. Amma o zamandan bu zaman çox elə də bir şey dəyişməyib, dünya elə həmin dünyadı. Bir müddət əvvəl Şimalı Koreyanın prezidenti Kim Jong Ilin ölümü zamanı keçirilən mərasimləri yəqin ki, televizorlardan izləmiş olarsan. Koreya toplumu bu yasdan dəli olmaq dərəcəsinə gəlmişidi. Deməyim odur ki, qloballaşan ictimai psixoz hələ də davam etdirilir. Və beləcə mənim o zamankı göz yaşlarım nəyə ağladığını bilməyə-bilməyə axıtdığım göz yaşlarıydı. Zaman, öz doğmaca atasını ələ verən Pavlik Morozovların qəhramanlaşdırılan zamanı idi. Adı keçən şeirdən də görüldüyü kimi yaxşı ki, əmim zamanınında məni şübhələndirmiş və vaxtında gözümün açılmasına səbəb olmuşdu. Və təazökarlıqdan uzaq olsa da deyim ki, mən bəlkə də yaşlı ədəbi nəsillər arasında, Leninə, movzoleyə, partiyaya, nə bilim daha nəyə...şeir yazmamış tək adamam:

Gör kimə ağlayır axmağın biri,
Bir dur, səninləyəm, ayə karmısan?
Onun var-yoxunu... Ağlama, kiri,
Ağlama, mən ölsəm, ağlayarmısan? 

– Şair üçün və əlbəttə sizinçün barışmaq nədir?

– Bir-biri ilә rәqabәt aparan aşağılardır, zirvәlәr hәr zaman ortaq dil tapa bilirlәr. Özü öz içiylә barışıq içindә olmayan insan dünyayala necә barış içindә ola bilәr? Doğum dünyayala, ölüm tale vә Tanrı ilә barışmaqdır. Və sən barışmasan da zaman səni hər şeylə barışdırır. Qoru görüm gəncliyini qocalan çağlarına qədər qoruya bilirsənmi? İnsanların yaşadığı qanunlara deyil, Tanrı ehkamlarına boyun əymək dünyəvi barışın ilk şərtlərindəndir! /kaspi.az, Fərid Hüseyn/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.