“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında söhbət edəcəyik. Bu dəfəki həmsöhbətimiz tanınmış kinoşünas, professor Aydın Dadaşovdur. Qeyd edək ki, A.Dadaşovun ən sevdiyi əsər Uilyam Şekspirin “Hamlet” faciəsidir.
- Aydın müəllim, bu yaşa qədər xeyli sayda kitab oxumusuz, oxuduğunuz kitablar içində Şekspirin “Hamlet” əsərini nəyə görə daha yüksək dəyərləndirirsiniz və niyə ən sevdiyiniz kitabdır?
- Haqq-ədalətin bərpasının mükəmməl dramaturji həllinə görə. Türk dövlətçilik tarixində müstəsna yeri olan sultan Əlaəddin Keyqubad deyir: “Əgər iki nəfər belə sənə tabedirsə, haqq-ədalətlə çalışmağa borclusan”. Sonra haqq-ədalətin nə demək olduğunu açır: “Haqq-ədalət odur ki, papaq başda olsun, çəkmə ayaqda!” Yəni, haqqı olmayanın mühitdə mövqe tutması təhlükəlidi.
Haqlıların sayı maksimum azalsa belə, haqq-ədalət prinsipi qoruna bilir. Aristotelə görə: “Min nəfərdən birində ideya varsa, cəmiyyət sağlamdır”. Yəni, bir nəfərin belə ideya daşıyıcısına çevrilməsi mənəvi dəyərləri qismən də olsa qoruya bilir. Müasir postmodern dünyanın bazar iqtisadiyyatı isə kommersiya ideyası məfhumu ilə sanki mənəviyyatla bağlı qlobal ideyanı məhv edir.
Odur ki, əsl insanın bütün həyatı boyu həqiqət, ədalət axtarışına çıxması təbiidir. Henrix Mann yazır ki: “Həqiqətin için
də yaşamaq yox, ona doğru getmək labüddür”, yəni həqiqət elə məfhumdur ki, onun dinamikasını əldə etmək gərəkdi. Proqress - tərəqqi ölüm və məhrumiyyətlə mübarizənin dinamikasıdı. Reqress – tənəzzül isə geriyə doğru hərəkətdi.
Əsrlərlə işğal altında yaşadığımızdan başımız bəlalıdı. İşğal altında olan, ölkələrdə müti, qul psixologiyası yarandığından ictimai-siyasi motiv ədəbiyyata, sənətə gələ bilmir. Diqtə olunur ki, dağdan-dərədən, güldən-bülbüldən, nədən istəyirsən yaz, yarat, amma əhalinin dərd-bəlasından söz açma, yəni, çıxış yolunu göstərmə ki, sakin vətəndaşa çevrilməsin.
Şekspirin intibah realizmi dövründə klassisizm cərəyanında yazıb-yaratdığı, dramaturqun yaradıcılığının zirvəsi sayılan, əsas ideyası ölkəpərəstlik, dövlətçilik üzərində qurulan “Hamlet” pyesi mükəmməl nümunədi. Ekspozisiyada keşikçi Frantsiskonun: “Dayanın kimdir?” tələbinə Horatsionun “Vətənpərvərlər, ölkənin dostları!” cavabı, Martselin: “Bax elə o mətin addımlarıyla, keçdi yanımızdan dünən iki yol” xəbərinə həyəcanlanan Horatsionun: “Anlaya bilmirəm nə sirridir bu? Bəlkə də dövlətin təhlükələrə, yaxınlaşdığına bir işarədi? sualları isə ictimai motivi önə çəkən klassisizmi dramaturji düyünə gətirir. Atasının ruhunun Hamletə vəsiyyətinin məğzi nədir?
- Danimarkanı çirkabdan xilas etmək.
- Bəli. Hamlet o oğuldur ki, həyatının gənclik dövrünü yaşayır, sevir, sevilir və ictimai funksiyanı üzərinə götürməklə şəxsi motivin üzərindən xətt çəkir. Həyatı qədər sevdiyi gül kimi açılmadan solacaq Ofeliyanı monastra göndərir ki, məhvərindən çıxmış dünyanı yerində oturda bilsin.
- Bu əsərdə personajlar sistemi doğru qurulub, Hamletdən bir damcı hamletliyi azaltsan o öz funksiyasını itirir. Bunu dekonstruksiya vasitəsiylə bu və ya digər dərəcədə etmək olar, amma əsər o andaca intibaha xas əlamətlərini itirir, sanki bir obraz bütün əsəri dağıtmaq gücündədi.
- Ümumiyyətlə, personajlar sistemi, tipaj, obraz, xarakterdən ibarətdi. Tipaj sosial zümrənin göstəricisidi, obraz faktın, hadisənin mahiyyət daşıyıcısıdı, xarakter isə ideyası uğrunda ölümə gedən kəsdi. Hamlet mənə görə dünya ədəbiyyatının ən mükəmməl xarakteridi. Əhməd bəy Ağayev deyirdi: “İnsanı qum dənəsinə çevrən Şərqdə xarakter tapmaq çətindir”.
M.F.Axundov, Ceyhun bəy Hacıbəyli haqq-ədalət uğrunda təkcə özünün deyil, doğmalarının belə canından keçən İmam Hüseyni məktub və məqalələrində dəyərləndirsələr də onun həyatını yaşaya, yarada bilmədilər.
İşğal altındakı Azərbaycan ədəbiyyatında belə ideya daşıyıcıları, fikir adamları olmadı. Reallıqda cəngavər, müasir dildə adrenalini yüksək olanlar qeyrət, türklər demiş erkəklik göstərib ictimai mənafeyi qoruyan qaçağa çevrildilər.
Şekspirin Hamleti fikir adamıdır, erkək deyil. Hamletin əsərdə ilk öldürdüyü adam, həyatı qədər sevdiyi Ofeliyanın, özündən yuxarılara yaltaqlanıb, aşağıdakıları əzən atası Paloniy idi. Ən vacibi budur ki, finalda Hamlet həyatı bahasına haqq-ədaləti bərqərar edir, amma qoşun yığaraq Polşaya hücumda hakimiyyət taxtına qeyri-qanuni yiyələnmiş əli qanlı qatil Klavdiyin icazəsi ilə Danimarka ərazisindən keçən Norveç kralının varisi Fortinbinansın gəlişi elə məqam yaradır ki, sanki müstəqil dövləti işğalçıya ələ verilir. Belə fikir yaranır ki, ədalətsiz yerli hakimiyyətdənsə, ədalətli gəlmə hakimiyyət yaxşıdı.
- Digər tərəfdən əsər ədalətli monarxiyanın tərənnümünə çevrilir. Bu baxımdan “Hamlet”liyi necə dəstəkləmək və sevmək olar ki? Məncə, demokratik dəyərlərə ziddi bu baxımdan.
- İnsan amilinin hər hansı hakimiyyətdən öndə dayanması tarixin Şekspirdən sonrakı mərhələsində üzə çıxdı. Və hətta, humanizm az qala cərəyana çevrildi. Razıyam, bu kontekstdə “Hamlet” əsərinin ideyası köhnə görünür və düz deyirsən ki, demokratiyaya xidmət edən əsər deyil. Əlbəttə, “Hamlet” ədalətli monarxiyaya xidmət edən əsərdi, amma nə edəsən ki, Şekspir dövründə ədalətli monarxiya ideal cəmiyyətin modeli idi. Əbəs deyil ki, Hötenin “zəif iradəli”, İ.S.Turgenevin “iradəsiz intellektual” adlandırdıqları, dram nəzəriyyəçisi V.M.Volkenşteynin “zəifliyini anlayan, özündən narazı güclü” kimi dəyərləndirdiyi Hamlet təkbaşına mübarizəyə özündə güc tapır. Şekspirşünas alim Annikst Şekspirin əsərlərində Hamleti yeganə xarakter sayır.
- Mən bir şair kimi əsərdəki poetik romantizmi də duyuram. Məsələn, Hamlet anasının atasının ölümündən sonra tezcə evlənməsi barədə Horatsioya deyir ki qabaqlarda qalmış ehsan yeməyi, birbaşa verildi toy süfrəsinə.
- Bəli, yüz pyesindən yarısı faciə, yarısı komediya olan Şekspir əsərini nəzmlə yazmaqla romantik ruhu qorudu. Şəxsi faciəsi ilə susmuş vicdanları oyadan Hamlet anası Gertrudaya deyir ki, atamın tabutunun arxasınca gedəndə ayağına geydiyin ayaqqabılar dağılmamış, sən yenidən ərə getdin. Gör necə poetik obrazdır. Hamlet sonda ölümü ilə həqiqəti bərpa edir. Dövlətçiliyə şəxsi motivin üzərindən xətt çəkə bilən hamletlər gərəkdi. Dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün bu vacibdir. Dövlətin daimiliyi vacibdi. Yoxsa ki, istənilən hakimiyyət tarixin fonunda müvəqqətidir. Bax, bu mənada deyirəm ki, bizə hamletlər lazımdı.
- Əsərdə heç kəs bağışlanmır. Hamletin anası, əmisi, Ofeliyanın atası və hətta özü – o mənadakı zəif iradəli idi Ofeliya - hər kəs öz elədiklərinin qurbanına çevrilir. Məncə, bu o dövrün dininin ədəbiyyatda əksi və bir qədər sərt desək diqtəsi idi.
- Hə, əlbəttə ki, dinin rolu vardı. Bu da həmin ərəfədə rüşeymləri cücərən protestantlıqla bağlı idi, yəni günahlar bağışlanmamalıdı. Xristianlıq intibaha qədər rəhmdillik üzərində qurulurdusa, intibah dövründən başlayaraq yeni düşüncələr meydana gəldi, bu məqam da daha çox onunla əlaqədardı.
Bizim dinimizdə də var ki, “Zülmə göz yuman kafirdi”. Yəni, haqq-ədalətə münasibətdə loyallıq özünü doğrultmur, əksinə mübarizəni sıradan çıxarır. Ümumiyyətlə, böyük şər bağışlanmazdı - ədalət budu.
- Əsərdə ən sevdiyim məqam, kralın tövbə edə bilməməsidi. Hər şeyi var, amma Allah dərgahına üz tutacaq siması yoxdur deyə tövbə edə bilmir və çarəsiz qalır:
Tövbə etməlimi? Bir xeyri varmı?
Əgər biri tövbə edə bilmirsə,
Onda neyləməli? Ah müdhiş əzab!
- Ürək açılanda beyin susur məsələsi üzə çıxır da. Şekspirin əsərlərində hər personajın öz rolu, missiyası var. Missiya isə insanı dəyişir. “Hamlet”də ideya uğrunda mübarizənin açılışına, mexanizminə qoşulmayan personaj yoxdu. Əgər əmisi Klavdiy tövbə edə biləsydi, onda Hamlet elementlərinin işartıları görünə bilərdi. Bu isə dramaturji strukturda yol verilməzdi.
- Şekspir mənafeləri toqquşdurur. Ən barışmaz ziddiyyət mənafelərin toqquşmasıdı. “Romeya və Cülyetta”da təklif olunan vəziyyət belədir: sanki bu dünya iki düşmən cəbhəyə parçalanıb. Bu da qədim yunan dramaturgiyasından gəlmə elementdir. Qədim yunan dramaturgiyasında, səhnədə gözönü hadisələri gedişatında vacib rol oynayan xor xalqın təcəssümü idi. Əsl faciədə isə xalq məhv olurdu. “Hamlet”də də məhvə məhkum xalqın xilasından doğan toqquşma əsəri bəşəriləşdirir.
- Hamletin əmisini atasının qatili olub-olmaması ilə bağlı qurduğu tamaşa çox uğurludur. Bununla həmin tamaşaya baxan əmisinin reaksiyasını öyrənir. Eyni zamanda, tez ərə gedən anasına öz iradını bildirir ki, yalnız birinci ərini öldürənlər ikinci dəfə ərə gedər. Çünki o dövrün İngiltərəsində ikinci dəfə ərə getmək heç də normal hal hesab olunmurdu.
- Bu da bir metod idi. Pyesin dramaturji zirvəsində tamaşaya reaksiya hesabına qatili müəyyənləşdirəcək sərgərdan teatr truppasına Hamletin dilindən söylənən Şekspir mətni, müasir aktyorlara, rejissorlara belə bu sənətin peşəkar üslubunu, təbii, tərəddüdsüz oyun tərzini aşılamaqla, qışqırmamağı, ehtirası cilovlamağı, enerjini qorumağı, nadan yox ağıllı tamaşaçıya yönələn ifanı, mizanı tövsiyə etməklə öyrədir
- Bəs, Hamletin atasının kölgə kimi gəlməsi məsələsinə necə baxırsız. Elə bil, Şekspir göstərir ki, əsl həqiqət öz donunda deyil, itkin bir simadadı.
- Əslində, o kölgə həqiqət carçısının simvoludu. Yəni insan öləridir, ruh əbədi. Ona görə də həqiqətin bərpasının yolunu ruh – kölgə yəni əbədi olan göstərir. Faciədə yalan və gerçək kimi iki həqiqət üz-üzə qoyulur, amma sonra biz anlayırıq ki, onlardan biri həqiqət deyilmiş.
- Bununla əslində, Hamletdə bir ruha inam da yaranır. Çünki Horatsio ona ölüm təhlükəsindən danışanda Hamlet ona deyir ki:
Nədən qorxuram?
Bir zaman çöpünə dəyməz həyatım.
Ruhumsa ölməzdir, onun özü tək
O mənim ruhuma neyləyə bilər.
Aydın müəllim, məncə, kifayətdi, bildiklərimizdən danışdıq da.
- Bəli, danışdıq, nə yaxşı ki, elə bildiklərimizdən danışdıq.
Fərid Hüseyn, /kulis.az/