Fərid Hüseyn: “Artıq qadınlardan informasiya ala bilmirəm” - MÜSAHİBƏ
27.05.13

Gənc yazar Fərid Hüseynin müsahibəsi

- Eşitdiyimə görə İranda həbsxanada olarkən keçirdiyin mənəvi-psixoloji sarsıntıdan sonra səhhətində problemlər var. 

- Heç bir psixoloji gərginliyim yoxdur. Çox rahatam, ağlından keçəndən də rahat və sakit. Məsələ budur ki, qanımın qatılığı çoxdur. Hətta ölüm dərəcəsinə çox yaxındır. Bunun müalicəsi üçünsə çox geniş imkanlar olmalıdır. Dərmanlarsa imkan daxilində atıram, hər gün həkimimlə telefonla danışırıq, sağ olsun, həblərin atılma vaxtlarını o xatırladır. Şair çox yaşayanda faciəvi nəticələri olur, 40 il yaşasam bəsdir. Bütün hallardasa Allah bilən məsləhətdir.

- İndi istərdim yaradıcılıqla bağlı həssas bir məqama toxunum: həbsxanadan azad olub Bakıya gələn kimi tez-tələsik zindan xatirələrini yazdın. Sənə elə gəlmirmi ki, ədəbiyyatı köşəçiliyə qurban verirsən?

 - Kitabımı oxuyan həmkar kimi istəməzdim ki, sən “Qandalı görməsin” adlı kitaba, həbsxana xatirələrinə köşə yazıları deyəsən. Çünki hesab edirəm, o xatirələr son dərəcədə ciddi ədəbiyyat və həyat hadisələrini özündə birləşdirir. Bunu deməyə mənə icazə verən isə o kitabdakı həqiqətlərdir. Kitab haqda xeyli ziyalılar - Orxan Fikrətoğlu, Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Qan Turalı və başqa həmkarlar xoş sözlər deyiblər, bəziləri məqalə yazıblar. Ciddi oxucuların reaksiyaları da çox oldu…

Bundan başqa İranda olanda “Getdin, mən qaldım” adlı povest yazdım. Onu gələcəkdə planlaşdırdığım nəsr kitabıma daxil edəcəm. Bir də onu deyim ki, mən çox az halda köşə yazıram, daha çox esse və araşdırma yazıları yazıram. Sonralar həmin yazılar esse kitablarımda çap olunur. Esse ən çox sevdiyim bədii janrdır. Dünya ənənəsindən Monten, Eko, Pamuk, Herman Hesse və Kunderanın esselərini çox sevirəm. Kəsəsi, bu gün ağıllı-başlı, essenin janr tələblərini bilən, esseylə məqaləni səhv salmayan üç ciddi gənc esseist varsa ölkəmizdə, onlardan biri kimi görürəm özümü. Esse bənzərsiz açıq imkanları olan janrdır. Ədəbiyyatda ən səmimi janrdır, orda  şeir kimi hissiyat, nəsr kimi uzunçuluq, məqalə kimi şərtilik yoxdur. Həbsxanada olanda “Cavid” adlı hekayə də yazmışam. Bundan başqa, “Qandalı görməsin”  kitabının davamı yazılır. Yəqin sentyabra yeni kitab olacaq.

 - İranda həbs olunana qədər sən hələ oxucusunu tapmamış gənc yazar idin. Həbsdən sonra az vaxt içində şöhrət qazandın…

 - Şöhrət qazanmaq, bəli, bir gündə olur, amma o şöhrəti qorumaq və təsdiq etmək lazımdır. Həbs olunandan sonra məni bütün ölkə tanıdı, sevənlərin də sayı çoxaldı, qısqananların da. Allahın imtahanlarından biri də şöhrətdir, gərək qudurmayasan, havalanmayasan. Bu gün doğrudan da, oxucularım var, kitablarım alınır, oxunur, reaksiyalar olur. Düşünürdüm ki, tutulandan sonra insanların marağı az olar mənə, amma əksinə oldu. Xanımlar daha çox maraqlanır yazdıqlarımla.  Amma sən də gördüyün kimi, papağını günə yandıran adamlardan deyiləm, daim çalışan, zəhmət çəkən biriyəm. Çalışıram ki, ortalığa iş qoyum. İrandan gələndən sonra, iki öz kitabım, bir tərcümə, iki tərtib, iki redaktə elədiyim kitab çıxıb. Bütün bunlarla bərabər Jose Saramaqo barədə “Küskün illərin müqəddəsi”, eyni zamanda, dünya ədəbiyyatında yüz əsas romandakı əclaf obrazlar haqda “Əclaflar” adlı kitablar yazıram. Magistr dissertasiyamı yazıb bitirmişəm. Yəni, uğurlu yaşamağa çalışıram. Şöhrətə qaçan olsaydım, tez-tez dolaşıq, cığalçı müsahibələr verərdim, televiziyaya can atardım, eləmirəm. Mövlud, sonda görünənlər yox, olanlar qalacaq. Olanları anlayanlar və görənlər isə əsl mahiyyəti də, məni də tanıyacaqlar, əsl şöhrət də, tanınmaq və mükafat da bu olacaq!     

- Yaxşı, gəl söhbətin məcrasını bir az dəyişək. Bizim ədəbi nəslin içində ən çox gəzən sənsən, səsin gah Təbrizdən gəlir, gah Tiflisdən, gah İstanbuldan. Müxtəlif mədəniyyətləri təbliğ edən şəhərlərin içində sənin ruhun hansına daha yaxındır?

 - Şəksiz ki, İstanbula çox bağlandım. İstanbul tamam başqa şəhərdir. Xüsusən eşq və macəra yaşayacaqsansa, tamam unudulmazdır. Mən orda düşündüm ki, burda şair olmağa nə var? Gəmilər, körpülər, insanlar, dürlü mədəniyyətlər, qədimlik, çox imkanlılıq və çarəsizlik bir yerdədir. Elə bil hər şey qohum olub biri-birinə. 12 gün ərzində 6 şeir yazdım. İldə ən çox halda 10 ciddi şeir yazan adamçün – mənimçün bu olduqca məhsuldar yaradıcılıq günləri idi. İstanbulu çox yaxşı gəzdim, unudulmayası və bəziləri də qəlbimdə əbədi sirr qalacaq hadisələr yaşadım. İstanbulu ancaq gülümsəyərək xatırlayıram.

Tiflis isə bir ayrı gözəldir, orda içməyin, gürcü xanımlarıyla rəqs etməyin yeri başqadır və bir də əlbəttə ki, əgər imkanın varsa o işıqlı, hər addımda sənə rahatlıq verən küçələrdə arabir ayaq saxlayıb sükutu dinləməyin ayrı ləzzəti var. Gürcü xanımlarında soyuq bir gözəllik var, insanı sakitləşdirir. Tiflisə gələn ay yenə gedəcəm, gürcülər əli açıq və qonaqpərvərdirlər. Orda xanım naşir Ketevan Kiguradze, tərçüməçi Oktay Kazımov  kimi dostlar var. Təbrizi isə sevə bilmədim, ona görə yox ki, orda həbs olunmuşam, ona görə ki, İranda elə bilirsən, hər addımda səni izləyirlər, rahat ola bilmirsən. Qorxu insanı zövq almağa qoymur. İranda da Binalp və Marağa  şəhərində olduq. Marağa Rəsədxanasında  şeirlər oxumuşam, orda boşluğun içində səs elə gözəl əks-səda verir ki, şeirin səslənişi yüz qat gözəlləşir. Bir də Marağa şəhərində bir Ələviyan gölü var, gölün kənarında elə qəribə evlər var ki, düzü mən hələ o cür gözəl və müdrik tikililər görməmişəm. 

- Bir ara haqqını almamış yazarların kitablarını çap edirdin. Nəsə dayandın…

 - Bəli, bu işlə məşğul oldum. Sağ olsunlar Şəhriyar Quliyevin və Seyran İsmayılovun maddi dəstəyi ilə Eldar Baxışın və Məmməd Orucun kitablarını nəşr etdirdik. Eldar Baxışın bacısı Ceyran xanım böyük təşəkkür etdi. Məmməd Oruc uşaq kimi sevindi. Hər iki yazarın 20 il idi ki, kitabları çıxmırdı. Gələcəkdə də bu cür işlər görməliyik. Şahmar Hüseynovun kitabını çap etdirəcəyəm. Kəsəsi, vicdanımı heç nəyə qurban verən deyiləm. Adamlar özünü görməkdən bezmirlər, bu çox pisdir. Arabir köhnə və qiymətli mətnləri yenidən dövriyyəyə buraxıb, ədəbi havanı dəyişməyə ehtiyac var.

- Deyirəm, bəlkə, yenidən şəxsi məsələlərə qayıdaq? De görüm qadınlarla aran necədir?

 - Bilirsən, Mövlud, mən bir həqiqəti əl-əlbət yaşımın indisində yaxşı dərk edirəm: o təməl həqiqət odur ki, daha bugünkü həyat beş il öncəki həyat deyil.  O qədər sürətlə dəyişir ki, öz həyatını izləmək mümkünsüzdür. Ona görə də bizə çox çətindi yaşamaq. Artıq heç bir kişi deyə bilməz, qadının bütün maddi tələbatları ödənilib, mümküncə qayğı da göstərirəm, bəsidir. Artıq bizim qadınların bir çoxu “bəsdir” duyğusunu itirib.

 - Onda gəl sualı belə qoyum: Azərbaycan qadını Azərbaycan kişisindən nə istəyir?

- Elə onu deyirəm: Dostoyevski qadınlar barədə deyirdi: “Qadınlar çox təhlükəli mövcudatdır, onlar lazım olsa Allahı da aldada bilər”. Şübhəsiz, Dostoyevski Tanrının aldadılmasının mümkünsüz olduğunu bilirdi. Amma bu “aldatma”nı qadın niyyəti kimi verirdi. Bir də “halal süd əmmiş” məsələsi var ha, o çox ciddi məsələdir. İnan bu cavan oğlana, Mövlud. “Mayasındandır” ifadəsi çox dəqiq işlənib, əksər problemlər ordan yaranır. Xüsusən də, əxlaqsızlıq və xəyanət! Genetika bu cür əclaflıqları hansı məqamdasa bir də reallaşdırır. Bütün bunlarla yanaşı yazıçı xanımı olmaq asan məsələ deyil. Yazıçılıq da görünən sənətdir. Səni başqaları sevir, yazılarını oxuyur, diqqət göstərir, gərək qadın bunu anlaya. Sənin yaxşı yazmaq xoşbəxtliyini bölüşə. Bir dəfə Rəhim Əliyev maraqlı bir söz dedi: “Yazıçının qadını gərək ona heyran ola. Düşünə ki, gör mənim ərim nələri yazmış adamdır”. Doğrudan da, belə olmayanda çox çətin olur. Mən bu gün “səni sevirəm” sözünün həqiqət, yoxsa yalan olduğuna inamımı itirmişəm. Hər hansı bir qız əlini lap “Quran”a basıb “səni sevirəm” desə, inanmaram. İnam ipim kəsilib. Düşünürəm ki, əgər illərlə “səni sevirəm” deyən insan bu cür şeylər edə bilirsə, bəs onda mənə internetdə, görüşlərdə eşq elan edənlər nə dərəcədə səmimidir?! Mənə elə bilirəm ta sevmək yox, qarşı tərəfin sevgisinə inamı bərpa etmək lazımdır. Yəni hər hansı bir gələcək həyatımdakı qadını həyatımda üzüqara qalmış “səni sevirəm, Fərid” sözünə məni inandırmalı və o sözün taleyimdəki günahkarlığına bəraət qazandırmalıdır. Bilirsən, artıq qadınlardan informasiya ala bilmirəm: baxıram, amma anlamıram ki, qarşımda dayanmış qadın gözəldi, yoxsa çirkin? Bu çox çətin və ağrıdıcı məsələdir. Bütün hallarda isə yaxşı, vəfalı, savadlı və namuslu qadınlar var, onlardan biri ilə ailə həyatı qurub yaşamaq lazımdır. Çünki belələri nə istədiyini bilir.       

- Aha, deməli üfüqdə evlilik görünür!

- (Gülür) Yox, hələ. Yaxın günlərdə bir işə başlayacam, onu bitirib inşallah, gedəcəm bir az xaricə, dincəlməyə. Həm də, düzünü bilmək istəyirsənsə, könlümdən heç kəs keçmir. Gələcəkdə kimisə sevə bilsəm, evlənərəm. Sevə bilməsəm də, subay qalmaq mənimçün çətin deyil. Belə də ömür sürə bilərəm.

- Namaz qılmaq və vətəndaş nikahında yaşamaq bir yerə necə sığır?

 - Beş aydır namaz qılıram və içki içmirəm, çox rahatam. Qaldı ki qadın məsələsinə, bu cür şeylər üçün siğəyə qaçmaq lazım deyil. Reallıq başqadır. Çalışıram o cür şeylərdən də mümkün qədər uzaq qaçım. Bir də bundan sonra sevgi və münasibəti maksimum gizli saxlamağın tərəfindəyəm. İnsan gərək özünə aid mübhəm məsələlərdə bir az diqqətli ola. Xoşbəxt olacağam, inşaallah.

Allah mənə çoxlu sınaqlar, dərslər verdi, buna görə ona minnətdaram. Sadəcə duam ondan ibarətdir ki, “Ay Allah, kömək et verdiyin dərslərdən dərs alım”. Həyatım qaydasındadır, işlərim də düzəlir. Qalan boşluqları da zaman dolduracaq. Amma fərqindəyəm ki, bütün olanlar mənim tərcümeyi-halımdı, heç nəyi silib ata bilmərəm. O baxımdan da, çalışıram suyu da üfürə-üfürə içəm. Çünki dodağım yanar deyə ehtiyatlandığın sudan zəhərlənə də bilərsən, heç kəsin ağlına başqa bir şey gəlməz. Bu qədər sadə və bu qədər mürəkkəb.

- Gələcək həyatında sənə uğurlar arzu edirəm.

 - Çox sağ ol.

 Söhbətləşdi: Mövlud Mövlud, /qaynar.info/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.