Aydın Dadaşov - Kinosərgüzəştin nəhəngi
21.05.13
Ernest Xeykoksun eyniadlı hekayəsi, Dadli Nikolsla birgə yazdığı ssenari
əsasında irland mühacir ailəsinin on üçüncü uşağı olub, rejissorluğa
reklamçılıqdan gəlmiş Con Fordun (Şon Aloizius O`Fini), (1895-1973) çəkdiyi
«Dilijans» (1939) filmi kinonun özü ilə yaşıd olan epik vestern
(«vest»-»qərb» sözündən meydana gəlmiş) janrındakı ən yaxşı ekran əsəri
kimi klassikaya çevrilməklə tarixə düşdü. Dilijansda uzun, təhlükəli
yola çıxan səkkiz nəfərin personaj fərqliliyinə baxmayaraq sonda onlardan
hər birinin taleyinin dəyişməsi dramaturji modelin mükəmməlliyini
təsdiqləyir. İlk epizodda
döyüşlərdən keçmiş Ceronimonun teleqraf xəttinin apaçilər tərəfindən
kəsilməsi ziddiyyətin tərəflərini bəyan edir. Və Tonto Nyu-Mexikodan
çıxan dlijansdakı, həkimlikdən qovulub əyyaşlığa qurşansa da,
mərdlik, insanlıq göstərən Dok Bun
(Tomas Mitçell), seksual macəralarına
görə yerli qadınların qəzəbinə gələrək yüksək zümrə mühitini
tərk etməyə məcbur edilsə də keçmiş həyatının həsrətini çəkən, atı
axsadığından yolçulara qoşulan, cinayət törətmiş kavboy Rinqo Kidə
(Con Ugyna) vurulan lirik təxəyüllü fahişə Dalles (Kler Trevor), özünü
zadəgan kimi göstərərək süvari ərinə çatmaq istəyən hamilə xanım
Lyuzin (Luiz Plett) qayğısını alicənablıqla son nəfəsə qədər çəksə
də, qumarbaz kimi ifşa olunan Xetfild (Con Kirrgdin), pul dolu çantasını
əlindən qoymayan qorxaq, demaqoq bankir Henri Qeytvud (Berton Çerçill),
mülayim tərzdə nəsihətçilik etsə də, yeni bazara bir yeşik viski nümunəsi
aparan hiyləgər tacir Pikokdan (Donald
Mik) ibarət altı sərnişindən hər biri, dilijansı irəliyə qovan atları
idarə edən Bak (Endi Divayn), onun yanındakı, qırmızıdərililərə
nifrət edən Binkroft və nəhayət atı axsadığından yolçulara qoşulan,
qanun keşikçisi olub tüfəng gəzdirən Rinqo Kid (Con Ugyna) vestern janrının
imkanlarının nümayişində müstəsna rol oynayırlar. Və Arizona ilə
Yuta ştatlarının arasındakı, sonralar Fordun adı ilə tanınan
Manumentlər vadisinin hadisəliliyi qabardan çılpaq peyzajı fonunda
film boyu atlı qırmızıdərililərin təqib etdikləri dilijansdakı sərnişinlərin
ümumi təhlükəyə duruş gətirərkən fasiləsiz olaraq haldan-hala düşmələri
ilə filmin arxitektonikası qurulur. Son məqamda yetişən köməklə
şəhərə çatmaqla tipik vestern finalı qazanan filmdə haqq naminə cinayət
törətmiş kavboy Rinqo Kidin düşmənlərinin hər üçünü məhv edərək,
sevdiyi Dallesə qovuşmaq imkanı qazanması xeyirin təntənəsinə çevrilir.
Və, bütöv bir tarixi mərhələ ərzində okeanlararası məsafənin qət
olunmasında əsas nəqliyyat vasitəsinə çevrilmiş «Dilijans», ilkin fermer kavboy (naxırçı), igid apaçi
tayfası, qanun keşikçisi şerif və ekran hadisəsinin digər canlı,
cansız dastan elementləri amerikalı həyatının audiovizual həllinə
çevrildi. E.N.Kartsevanın “Vestern, Janrın təkamülü” kitabında yazdığı:
«Zəhlətökən müsahiblərin filmində
qırmızıdərililərin atları nə üçün öldürmədiklərini Forddan daim
soruşurdular: axı bu daha məntiqi olardı. Həyatda ehtimal ki, belə
olurdu, dastanda da, o cür olsaydı onda dastan mövcud olmazdı» faktı ekran əsərinin
Amerika tarixinin, mənəvi yaddaşının sənət ekvivalenti olduğunu
təsdiqləyir. 1940-cı ildə «Dilijans» filminin «Oskar» qazanması
və kömür hövzəsinin viran qalmasına, şaxtaçı ailələrinin dağılmasına
üsyan edən, sahmanlı keçmişə həsrətlə dolu «Mənim vadim necə də yaşıl
idi» və yenə də, sosial məzmunlu «Qəzəb salxımı» filmlərinin də rejissor
həllinə görə həmin mükafata layiq görülməsi Con Fordu klassikə çevirdi.
1942-ci ildə hərbi xidmətə çağrılaraq kino çəkilişləri aparmaq
üçün hərbi-dəniz qüvvələrinə cəlb olunaraq «Midueü uğrunda döyüş»,
«Bu bizim ümumi müharibəmiz idi», «7 dekabr» «Onları qaytarmaq mümkün
olmadı» sənədli filmlərinə görə də, «Oskar» alan Con Fordun ağır xəsarət
alaraq gözünü itirməsi belə sənətkarı
fəaliyyətdən qoymadı. «Sakit
adam» filminin rejissor həllinə görə «Oskar»a layiq görülən Con
Ford ömrünün son, 1973-cü ilində də, həmin mükafatın fəxri sahibinə
çevrildi. Fransua Tryuffonun
1974-cü ildə yazdığı «İlahi özün Con Forda xeyir-dua ver!» məqaləsində
«görünməz rejissor» adlandırdığı böyük təhkiyyəçinin filmlərində
«tamaşaçının, dəqiq hesablanmış məsafədə qoyulub, yalnız personajla hərəkət edən kinokameranı
hiss etmədiyini» vurğulayaraq «təhkiyyənin çevik və rəvan tərzini təmin edən bu üsulun
yalnız Mopassan və Turgenevlə müqayisə oluna bilər» fikri ilə sənətkarın peşəkar üslubunu dəyərləndirir.
«Dilijans» filmindəki fahişə Dallesin
davamı olduğu, Mopassanın «Totuq» novellasının əsas personajından
fərqli olaraq iflasdan xilasını təqdir edən Andre Bazenin: «Düzdür
şöhrətli kavboy az-çox dərəcədə qanun qarşısında günahkar olsa da,
nəticədə bu qəhrəmanlar arasındakı mənəvi izdivac mümkünlüyü yerinə
düşür. Beləliklə vestern dünyasında bütün qadınlar yaxşıdırlar;
pislər yalnız kişilərdir. O qədər pisdirlər ki, onların ən yaxşıları
çətin sınaqlar hesabına belə, müəyyən dərəcədə öz həmcinslərinin ilkin
günahlarını yumağa məcburdurlar» cümlələri
Con Ford tərəfindən cilalanan janrın əsas göstəricilərindən birini
səciyyələndirir.
|