Salam: “Yazıçıların ifrat qayğı dilənçiliyindən zəhləm gedir...”
14.05.13
Salam, təkliyi, tənhalığı necə simvolizə edərdiz? - Nə bilim... Gərək bir az düşünəm bu barədə... - Söhbət zamanı düşünə biləcəksiz? - Əlbəttə, söhbət edəndə də düşünə bilirəm. - O zaman bu suala sonda cavab verərsiz. - Olar. - Azərbaycan ədəbiyyatından nəyi silib atardız? - Bilirsiz ki, bizim ədəbiyyatımız dildən-dilə tərcümə olunub dünyaya çıxmaqdansa, yalnız öz dilimizin içində əlifbadan-əlifbaya keçirilməklə məşğuldu. Elə axır vaxtlar Azərbaycan ədəbi irsinin kirildən latına keçirilməsi üçün xeyli pul xərcləndi. Məsələn, on doqquzuncu əsrin mənasız şairləri var e, tükdən yazanlar, siyah tellərin belə gəldi, pərişan zülfün elə getdi, onların kitablarını təkrar-təkrar çap eləmək kimə lazımdı? - Tükdən yazanları silib atardız? - Əlbəttə. Az qala iki əsr poeziya eyni predmetlə məşğul olar? Təkcə əlli il cananın telindən aşağı düşməyib bu poeziya. - Hara düşməliydi? - Hər halda, şeirimiz saçdan qaşa, qaşdan kipriyə, kiprikdən gözə düşməkçün bu qədər vaxt sərf eləməməliydi. Bir az cəsarətə gəlib yarın yanağına çıxanda da iyirmi il o yanaqdakı xallarla girinc olub. Sonra düşüb dodağa, buxağa... - Buxaqda saxlayaq...))) - Yaxşı ))) - Bəs Salam Sarvan nəylə məşğuldu? - Məncə, yazdığım şeirlərdə insanın ruhani qatları, psixoloji sarsıntıları daha qabarıqdı. Və təbii ki, ironiya! Məncə ha... Adam özünün yaradıcı məziyyətlərini dəqiqləşdirməkdə çətinlik çəkir. - Sizin poeziya hansı fəlsəfəyə söykənir? - Bilmirəm, düzü, heç düşünməmişəm. - Mesaj var? - Bilirəm ki, şairin konkret missiyası yoxdu. Ona görə də məqsədi də yoxdu. Və beləliklə, məqsədyönlü mesajı da ola bilməz. Şair filosof deyil axı, o heç bir mətləbə sistemli yanaşmır. Yazdıqlarımız müxtəlif dağınıq düşüncə qatlarının ifadəsidi. Yazıçıların əslində əksəri təriqət adamları, solçular, sağçılar, konkret ideoloji-siyasi qəlibdə olan adamlardı. Ancaq onların bütün yaradıcılıqları həmin qəlibin içində olmur. Mən də zamanında partiya üzvü olmuşam, oxuduğum kitabların təsirinə düşmüşəm, müəyyən bir fəlsəfi xətti özümə yaxın bilmişəm. Ancaq düşünürəm ki, şair bütün qəliblərdən tamam azad olmalıdı, hətta ədəbi cərəyanlar deyilən qəliblərdən də. - Bu mümkündü? - Əlbəttə, mümkündü. - Salam, qadınlarla bağlı nə düşünürsüz? - Bir az məsum, bir az şıltaq, bir az zərif, bir az zəif, bir az tədbirli, bir az qayğıkeş, bir az romantik... - Qadınlar qəhrəmanları yox, qalibləri sevir deyirsiz? - Bunu mən demişəm? Yadımda deyil. Əslində təkcə qadınlar yox, elə hamı. İnsan, zaman, cəmiyyət qalibləri sevir. - Demək, fərqi yoxdu bu qalib haqlı qalibdi, ya yox, belə çıxır? - Bəli. Qəhrəman məğlub ola bilir, qəhrəman olmayan da qalib ola bilir. Haqlı-haqsız. Cəmiyyət məğlubları sevmir. Araşdırmırlar niyə yıxılmısan. Yıxılmısan, vəssalam. Uduzana nifrət var. Haqlı olub uduzana da, haqsız olub uduzana da. - Sizin üçün qəhrəman kimdi? - Bir çox anlayışlar əməlli-başlı təhrif olunub. Sovet dövründə 10 uşaq doğana da qəhrəman adı verirdilər, gündə 100 kilo pambıq yığana da, faşist tankı partladana da... Məncə, qəhrəman daha çox haqlı və dönməz adamdı. Cəsarətli adam hələ qəhrəman deyil. - Haqlı adam öz haqqı uğrunda döyüşmürsə, o necə qəhrəmandı? - Ümumən qəhrəmanlıq anlayışının miqyası çox genişdi. Həyatın bütün sahələrində qəhrəmanlıq situasiyaları var. Yaradıcılığın özündə də var. Hətta insanlararası ünsiyyətin konkret kəsiklərində də var. Qəhrəmanlıq haqda analiz aparmağa başlasan, fədakarlığa qədər gedib çıxacaqsan. Yəni, əlinə silah almadan, kimisə, nəyisə zədələmədən, vuruşmadan da qəhrəman olmaq mümkündü. Fədakarlıq konkret əmələ söykənməyə də bilər. Hərəkətsizliklə də fədakar olmaq mümkündü. - Məsələn... - Məsələn, mən kiminsə uğrunda düşünərək fədakarlıq edə bilərəm. Gecə-gündüz onu düşünürəmsə, fədakarlıq edirəm onun üçün. - Azərbaycan ədəbiyyatında kimi qəhrəman hesab edirsiz? - Düşünməmişəm bu barədə. - Düşünün. - Sizin üçün məsələn, kimdi Azərbaycan ədəbiyyatında qəhrəman? - Mənim üçün Azərbaycan ədəbiyyatında qəhrəman Nəsimidi. - İdeyasına görə? - Düşünürəm ki, onun elədiyini çox-çox sonra Avropada Nitşe edib. Və Nitşe Avropada qəhrəman sayılır. “Ən-əl-həqq” özünə qədərki düşüncəyə və ideyaya qarşı yeni düşüncə, yeni ideya qoydu. Nəsimi təkcə ideya vermədi axı, həm də ideyası uğrunda öldü. Mənə görə o yeganə qəhrəmandı? Siz nə düşünürsüz bu barədə? - Ədəbi qəhrəmanlıq, məncə, daha çox öz dövrünün ədəbi mühitində sarsıntılar yaratmaqdı. Nəsimi öz dövrünün şeir şablonlarından kəskin, inqilabi şəkildə kənara çıxmayıb. Bilirsiz, Azərbaycanda şairə münasibətdə bədii-estetik meyarlar heç vaxt əsas götürülməyib. Birincisi, belə hesab edilib ki, şair üsyankar olmalıdı, xalqının dərdini ifadə eləməlidi, dövrünün haqsızlığına susmamalıdı, dərisi soyulmalıdı. İkincisi, şairi incidilmiş, cəfakeş obrazına görə dəyərləndiriblər. Məsələn, Mikayıl Müşfiq, Əhməd Cavad kimi repressiya qurbanları olan xeyli zəif şairlər var ki, onlara bədii-estetik meyarlarla yox, ictimai-insani meyarlarla yanaşılıb. Üçüncüsü, camaata elə gəlib ki, şair səmədvurğunsayağı həmişə xalqın içində olmalıdı. Və sair... Bu azar indiki yazarlarımıza da gəlib çatıb. Bəziləri necə yazdıqlarını yox, yazdıqları üçün necə təqib olunduqlarını, necə incidildiklərini qabartmaqla məşğuldular. - Mədəniyyət naziri işləyə bilərsiz? - Nazir işləyə bilmərəm. Məmurluğun bu səviyyəsi alınmaz məndə. - Özünüzü harda görürsüz? - Mən zəhmətkeş adamam. İki şair tipi var da: “şairi xalq dolandırar” düşünənlər və öz zəhməti ilə yaşayanlar. Mən ikincilərdənəm. Həmişə öz zəhmətimlə qazanmışam. Haradasa işləmişəm, harasa qonorara yazı yazmışam, kitab redaktə eləmişəm, lap çətin vaxtlarda “polka” arxasında dayanıb siqaret də satmışam. Yazıyla bağlı bütün yaradıcı mühitlərdə işləyə bilərəm: qəzetdə, nəşriyyatda, televiziyada... - Yazıçılar birliyinin sədri və ya mədəniyyət naziri olsaydız ... - Ola bilmərəm. - ...olsaydız... yazı adamları üçün nə edərdiz? - Heç nə edə bilməzdim. Həm də yazıçıların ifrat qayğı dilənçiliyindən zəhləm gedir. Gənclər hərdən deyirlər e bizə şərait yaratmırlar, dəstək vermirlər, qayğı göstərmirlər... Ədəbiyyatda nə qayğı?! O başqa məsələdi ki, dövlətin bir ədəbiyyat siyasəti olmalıdı bu məsələləri sistemli tənzimləmək üçün. - Sizə kömək edən olub? - Heç kim. Yəni bir şair kimi təsdiq olunmaqda kömək görməmişəm. Amma həyatda yaxşı adamların yaxşı jestləri olub. - Ustadınız kimdi?
- Ustadım yoxdu. - Sevgi elə sədaqətdi, sizcə? - Yox. Sədaqət – dönməzlik, dəyişməzlik, ömürlük anlamı daşıyır. Sevgi isə bəzən an məsələsidi. Yılmaz Ərdoğanın bir şeiri var: Bir ömürlük eşq ya eşq deyil, ya da bir ömürlük deyil. Bir gecəlik eşq ya eşq deyil, ya da bir gecəlik deyil. Bu nə müsibətdi, ya Rəbbim, İnsanlar bunu bilə-bilə ya bir ömürlük eşq, ya da bir gecəlik eşq dalınca qaçırlar. Dünyada “mən sənsiz yaşaya bilmərəm” qədər məntiqsiz hökm yoxdu. Adamlar bir-biriylə 5-10 günlük, 5-10 aylıq, 5-10 illik sevgi yaşaya bilirlərsə, bu da qənimətdi. - “Sabahı düşünmə” demək istəyirsiz? - Sevginin sabahını düşünmə. “Unudulmaq”, “ayrılıq” məsələsini faciəyə çevirmək intellektsizlik göstəricisidi. Qoy bu nisgilli çalarlar təkcə şeirlərdə olsun. - Unudulmaz sevginiz var? - İndiki təfəkkürlə yanaşanda, demək olar ki, mənim sevgim olmayıb. Cavanlıqda olanlarınsa adı yenə də deyirəm, indiki düşüncəmlə baxanda “qız istəmək” idi. Və mən bunu ərköyünlük edib ümumiləşdirə də bilərəm: heç kəs sevməyib, hami istəyib. - Zaman sevgini anlamsız edir? - Yox, amma sənin sevgi haqda anlamını dəyişir. Sən sevginin əslində nə olduğunu aydın təsəvvür etməyə başlayırsan və başa düşürsən ki, bu sevgiylə heç kimi sevməmisən, sevməyəcəksən də. Sevgi haqda ciddi şeirlər şüuraltı olaraq bu acı həqiqətdən doğur əslində. - Tənhalıq məsələsinə qayıdaq? - Qayıdaq. Bəziləri tənhalığı romantik-sentimental hal kimi başa düşür. Özü də tənhalığı bir qayda olaraq sevgi müstəvisində təqdim eləyirlər: məşuq aşiqi tərk edib gedib, aşiq tənhalıq girdabında çapalayır. Bu, bəsit yanaşmadı. Əslində, tənhalıq ictimai məsələdi. Onun da müxtəlif tipləri olur. Məsələn, kosmik tənhalıq var – insan özünü unikal olduğuna inandırıb və ona elə gəlir ki, dünyaya xüsusi missiya üçün gəlib. Məsələn, sosial tənhalıq var – insan cəmiyyət tərəfindən qəbul edilmir, ona öz potensialını, istedadını gerçəkləşdirməyə imkan verilmir. Məsələn, mədəni tənhalıq var – insan yaşadığı mühitin dəyərlərini daşımır, sanki başqa mentalitetin, başqa mədəniyyətin içindəymiş kimi özünü qərib hiss edir. Yəni dünyada bu tiplərin, heç olmasa, birindən olmayan adam tapa bilməzsən. Deməli, dünyada tənha olmayan adam yoxdu. - Rəssam olsaydız təkliyi, tənhalığı necə simvolizə edərdiz, nə çəkərdiz? - Nədənsə, işıqla bağlı olan şeylərin şəklini: günəş, pərdə, şam və sair... - Nədən zövq almaq mümkündü? - Adicə qapı cırıltısından da. Amma niyə biz məsələn, qapı cırıltısından ləzzət ala bilmirik, amma musiqidən ala bilirik? Ona görə ki, musiqi əlçatandı. Hazır şəkildə bizə ötürülür. Amma qapı cırıltısından zövq almaq və ya ondan ötürülən enerjini almaq, hiss eləmək üçün sən təfəkkürünü işə salmalı olursan. Məsələn, kişilərin əksəri tutaq ki, yeyib-içməkdən zövq alır. Bunun üçün heç kim özünü zora salmalı olmur, bu cür zövqə əlin asanlıqla çatır. Gedib uzaqbaşı dükandan bir araq alırsan, oturub içirsən. Amma daha böyük “əyləncələrə”, zövqlərə intellekt xərcləməlisən, düşüncə sərf eləməlisən. Müəyyən təriqətlərdən müəyyən mərtəbəyə çatan adamlar var. Biz onlara gülürük ki, bu nə kişidi, içmir, çəkmir, tutalım deyirəm, amma onların həmin mərtəbədən bizə necə baxdığını bilmirik axı. Onlar da belə düşünə bilər: sizin zövq mənbələriniz sizinki deyil, biz isə bu mənbələri özümüz yaradırıq özümüzçün. - Allaha inanırsız, Salam? - İnanıram. - Necə inanırsız? - Əvvəla, onun var olduğuna inanıram. Sonra onun ədalətinə inanıram, yəni etibar edirəm. İstedadın Allahdan gəldiyini qəti qəbul eləyirəm, şeiri ilahi fakt sayıram. Məncə, məndə Allah qorxusu olmadığı kimi Allah sevgisi də yoxdu. Ona münasibətim soyuqqanlıdı. Qəti inanıram ki, onun cəzası var və Allahın “cəzalandıran” obrazını anlamaq istəməyən dostlardan fərqli olaraq bunu normal hesab edirəm. Ədaləti olanın cəza mexanizminin də olması təbiidi. Qəti inanıram ki, hərəkətlərimiz onun hüzurunda saf-çürük olunacaq. Təbiətdə bu dəqiqlikdə nizam yaradan qüvvənin bu boyda sapıntılara laqeyd qalacağı mümkün və məntiqi deyil. - Övladınızın olmasını çox istəmisiz... - Əvvəllər... - Allah verməyib? - Hər şeyi düsturlaşdırıram, qoy bunu da düsturlaşdırım: nə olmalıydısa, olub, nə olmalı deyildisə, olmayıb. - Niyə övladlığa uşaq götürməmisiz? - Əvvəla siz məni inandırın ki, bu söhbətin sayt üçün bir önəmi var. - Hər halda düşünürəm ki, oxucuya maraqlı ola bilər. Başqa tərəfdən, bəlkə bir sözlə kiminsə əlindən tuta bilərsiz, çıxılmaz durumdan çıxararsız. Söhbət həyat hadisəsindən gedir və demək ki, bunu yaşayan tək siz deyilsiz. Ancaq siz seçilmiş adamsız. Seçilmişlərin bu cür həyat hadisələri ilə necə uğraşdığı, nə etdiyi, nə düşündüyü, vəziyyətdən necə çıxdığı kiməsə stimul verə bilər, kömək edər, təsəlli olar... Bəlkə xəyal qırıqlığından, ruh düşkünlüyündən qurtarar. - ...Bu barədə düşünməyə başlamışıq. Yəqin ki, olacaq, uşaq götürəcəyik. İndiyə qədər ümid var idi. Bizim həkimlər konkret “yox” demirlər axı, müalicələr, reseptlər yazırlar, inandırırlar insanları. Hər müalicənin də müddəti var. Belə-belə zaman keçir. Bu yaxınlarda İrana getdik, orda həkimlər cəsarətlidi. Konkret danışırlar, yalandan ümid vermirlər. Dedilər ki, artıq gecdi... - Salam bəy, övlad böyütmək, onu şəxsiyyət eləmək, onu ayaq üstə qoymaq hər insanın üzərinə düşən öhdəlikdi, yoxsa bunsuz da olar? - Bunsuz yaşayanlar da olur. Adam konkret halda uşaqsız həyat tərzinə öyrəşə bilir və nəinki uşaqsız yaşayır, hətta uşaqla bağlı qayğılar ona yad görünür, ağır görünür. Ancaq yeri gəlibsə, qoy bunu deyim. Uşaq problemi olan ailələr faciəyə çevirməsinlər bunu. Həyat heç bir halda yarımçıq deyil, olmayanın yerində həmişə nəsə başqa bir şey olur. - Haçan bildiz ki, məşhursuz? - Bir də gördüm hamı şeirlərdən danışır. “Hamı”nı yuvarlaqlıq üçün deyirəm. Konkret zaman yadımda deyil. Ancaq bunu məşhurluq saymazdım. Məni tanıyanlar ədəbiyyat çevrəsində olanlardı. - Hansı şeirdən danışırdılar? - Daha çox bu şeirdən: “Bağışla, otağım tör-töküntüdü...” - Səliqəsizsiz, Salam? - Həə... demək olar... Daha çox siqaretlə bağlıdı səliqəsizliyim. Bu da yazı prosesində olur. Bir də baxıram ki, aləmi kül eləmişəm. - Nə sizi ağrıda bilər? - Böhtan. Böhtandan bərk sarsılıram. Bütün naturam dəyişir. Böhtan qarşısında özümü adekvat hala çətinliklə gətirə bilirəm. Həmin an məni görsəz, düşünərsiz ki, bu deyilən heç böhtan deyil, elə həqiqətdi. - Həyat prinsipiniz varmı? - Bir dəfə Facebookda 3 qayda paylaşmışdım. Birinci: ətrafı ciddiyə alma, ikinci: həyatı ciddiyə alma, üçüncü: özünü ciddiyə alma. Sonra gördüm ki, heç özüm də yüzdə-yüz riayət edə bilmirəm buna. - Sonra sildiz o statusu? - Hə, sildim...
/lent.az/
|