Rüstəm Kamal: “XIX əsr Azərbaycan şairləri mənasızdır”
26.04.13

 Ədəbəyyatşunas Rüstəm Kamalın müsahibəsi

-XIX əsr Azərbaycan ədəbiyyatını çox mənasız bir dövr, ədəbiyyatın aqoniyası adlandırdınız.
 
- XIX əsr haqqında bəlağətli fikirləri bir qədər şişirdilmiş hesab edirəm. O dövrün Azərbaycan ədəbiyyatı tarixində mükəmməl, fərqli bir dövr olduğunu qəbul etmirəm. Əvvəla XIX əsr Azərbaycan ədəbiyyatında təmsil olunan şairlərinin əksəriyyəti əski, İran ədəbiyyatının ənənələrini davam etdirirdilər, buna görə mənasız idilər. Kim idi Mirzə Şəfi Vazeh? Mirzə Şəfi dərvişanə bir həyat keçirən sufi şair idi. Xəttatlıqla məşğul idi. Təsəvvür edin, millət dəmir yolu çəkir, Qafqaza poçt, mətbuat gəlir, universitetlər açılır, teatr gəlir, bu kişi də oturub öz guşəsində divan şeiri yazır.
 
- Vazeh Avropada qəbul olunub axı...
 
- Birincisi Avropada qəbul olunan şeirlər Vazeh şeirləri deyil, Bodenştedin o şeirlər əsasında yazdığı ekzotik şeirlərdir. XIX əsrdə ümumiyyətlə Avropa ədəbiyyatında, xüsusən də alman ədəbi-fəlsəfi məkanında Şərqə, oriyentalizmə maraq çox böyük idi. Bu maraq dalğasında həmin şeirlər də Almaniyada məşhurlaşdı, dəbə mindi. Bu da daha çox Bodenştedin əməyidir. Başqa dildən, başqa poetik strukturdan Avropanın mental, estetik təfəkkürünə tərcümə olunan şeirlərin aşağı keyfiyyətini hamımız bilirik.

Bodenşted ola bilsin ki, orda motivləri, mövzuları götürüb, amma onu Nitşeyə qədər alman təfəkkürü necə qəbul olunurdusa, o ruhda da təqdim etmişdi. Yəni, Avropada çap olunan Vazeh deyildi, onun surroqatı idi. Bunu vazehşünaslar da, alman ədəbiyyatı ilə məşğul olan mütəxəssislər də yaxşı bilirlər. Ona görə də Vazehi, Abbasqulu Ağa Bakıxanovu maarifçiliyin daşıyıcısı saymaq metodoloji baxımdan səhvdir.
 
- Sizin dediklərinizin heç biri Axundova uyğun gəlmir. Onu ayırırsınız, eləmi?. Bir də o var ki, Axundovu, Axundov edən elə Vazeh olub.
 
- Müəllim olmaq o demək deyil ki, onu ədəbiyyat tarixində saxlamaq lazımdır. Ağ Şəmsəddin də Fateh Sultan Məhmətin müəllimi olub, amma ona fatehlik statusu verilməyib. Aristotel də İsgəndərin müəllimi olub. Filosof qaniçən bir fateh yetişdirib. Yəni birinin o birinə dəxli yoxdur. Əvvəla Axundovun yetişməsinin müəyyən səbəbləri var idi. Tiflis ədəbi mühiti, rus dili, Qafqaz canişinliyi, Tiflisdəki rus teatrı, milli özünüdərk hissləri çox güclənmiş başqa etnosların - gürcü və ermənilərin - arasında oturub-durması ona çox təsir göstərdi. Onun oturub-durduğu adamların əksəriyyəti ermənilər, gürcülər idi. Qasım bəy Zakiri, Həsən bəy Zərdabini çıxmaq şərti ilə onun bütün dostları ermənilər, gürcülər olub.
 
- Bəs Bakıxanov?
 
- Axundovun Bakıxanovla əlaqələri hələ sual altındadır. Çünki arxivlər tam açılmayıb. Bakıxanovun məktubları çap olunmayıb. Biz bilmirik, onların arasında nə kimi münasibət olub. Hətta XIX əsr Azərbaycan ədəbiyyatı ilə məşğul olan xarici mütəxəssislər də deyirlər ki, bu dövr təzədən yazılmalıdır.
 
- Tutaq ki, XIX əsri şişirdirik. Amma XIX əsrlə XVIII əsri müqayisədə eyni mənzərənin XVIII əsrdə də baş verdiyini görmürükmü?
 
- Ümumiyyətlə ədəbiyyatda tərəqqi məsələsi yoxdu. Nədənsə biz bu fikirdəyik ki, XVIII əsrdən sonra mütləq yüksəliş gəlməlidir. Ona qalsa biz Nizamidən, yaxud Füzulidən çoxmu qabağa getmişik? XVIII əsr Azərbaycan ədəbiyyatında baş verən etnik, estetik təbəddülatların XIX əsrdə arxası gəlmədi. Çünki İran ədəbi kanonlarının daşıyıcıları həmin etnik-estetik kanonların, şifahi xalq ədəbiyyatından, elat ədəbiyyatdan, Vaqifin qoşmalarından gəlmə təfəkkür sistemini yaxına buraxmadı. Bax ona görə Qasım Bəy Zakir böyük şair ola bilmədi. Çünki o bilmirdi Füzuli ənənələrini davam etdirsin, yoxsa Vaqif ənənələri ilə getsin. Misal var, iki tərəfə baxan çaş olar. O bilmirdi Vaqifanə şeirlər yazsın, yoxsa Füzulanə şeirlər yazsın. Ona görə də ortada qalmışdı.
 
- Vaqifi çox yaxşı qeyd etdiniz. Vaqif həm həyatı, həm də yaradıcılığı ilə bütövlükdə XVIII əsr hadisəsidir. Burda sizə haqq verirəm. Çünki XIX əsrdə Vaqif kimi parlaq şair yoxdur. Hətta Axundov da Füzuli haqqında məqaləsində deyir ki, Füzuli şair deyil, amma Vaqif şairdir.
 
- Axundov Zakiri Vaqifdən də üstün tutur.
 
- XIX əsrdə Vaqif ənənəsi niyə davam etmədi?
 
- Birincisi İran diskursu çox güclü idi, ikincisi həmin diskursun daşıyıcıları Tiflisdə, Gəncədə önəmli rola malik idilər. İran diskursunun daşıyıcıları olan Bakıxanov, Seyid Əzim Şirvani var idi. Ümumiyyətlə, Şirvan zonası ədəbiyyatda ayrıca bir ədəbi vadidir. Onun barədə ayrıca mövzu kimi danışmaq lazımdır. “Əkinçi” qəzeti çap olunanda Seyid Əzim bir il bilmədi nə yazsın. Çünki “Əkinçi” qəzetinin zühur etməsi bu klassik ənənənin daşıyıcılarını bir qədər çaşbaş saldı.
 
Vaqifin şeir ənənəsi daha çox xalq təfəkkürünə, elat yaddaşına köklənmişdi. Təsadüfi deyil ki, Vaqif öləndən sonra evi yandırılanda əlyazmaları məhv olsa da onun şeirlərini araşdırmaçılar xalqın dilindən topladılar. Vaqif yeganə etnik, estetik janr dahisidir ki, onun şeirlərini başqa xalqlar da öz əlifbası ilə yaddaşa köçürüblər. Vaqifin şeirlərini erməni əlifbası ilə yazıya köçürüblər. Sonrakı araşdırmaçılar məhz bu mənbələrdən istifadə edib onun şeirlərini yazıya alıblar, çünki Vaqifin ortada heç bir əlyazması yox idi.
 
- Bəs Vaqifdən gələn ənənə folklor vasitəsilə niyə güclənmədi?
 
- Folklor təfəkkürü etnik özünüdərklə bağlıdır. Bakıxanov, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani etnik özünüdərkə bağlı şairlər deyillər.
 
- XVIII əsrdə İran mədəniyyətinin daha güclü olduğu bir dövrdə Vaqif yarana bilir, amma XIX əsrdə belə bir şair yarana bilmir. Bu, necə ola bilər axı?
 
- Mistik, ilahi səbəbləri bir tərəfə qoyaraq deyirəm ki, Vaqifin yaranması iki səbəblə bağlıdır. Birinci səbəb XVIII əsrdə erkəklik kultunun güclənməsidir. XVIII əsrdə Azərbaycan ədəbiyyatında kişilik kultu çox önəmli olmağa başlayır. Hər bir xan özünü kişi sayır, yəni erkək mənasında deyirəm. Xanların bir-biri ilə münasibətləri, qadınlara ünasibətləri, Şuşanın salınması, bunlar hamısı kişilik kultu ilə əlaqədardır.
 
Baxmayaraq ki, Qacar axtalanıb, o da özünü erkək kultunun daşıyıcı hesab edir. Onun Tiflisi alması da sanki qadınını fəthidir. Qacar Tiflisə girəndə əsgərlərinə icazə verdi ki, onlar qadınları zorlasınlar. Qadınların ayaqlarına dağ basırdılar ki, bu qadınları Qacar əsgərlərinin zorladığı bilinsin. Uzun müddət Tiflisin küçələrində axsayan qadınlar görünürdü. Bu da ancaq erkəklik başlanğıcı güclənmiş mədəniyyətdə ola bilər. Vaqifin şerləri də kişinin qadına olan münasibətidir.

İkinci şərt xanlıqların mövcudluğu idi. Hər bir dövlət özünün janr, pafos, ideya sistemini gətirir. Xanlıqların təşəkkülü Vaqif pafosunun gəlməsini şərtləndirdi. Əgər biz dövlətin özünə janr kimi baxsaq görərik ki, mövcud janr Vaqif qoşmalarının yaranması üçün münbit dövr idi.
 
- Gəlin mövzunu şəxsləndirək. Qasım bəy Zakirdən başlayaq. Onu niyə şair hesab etmirsiz? Dərsliklərdə də var.
 
- Düzü, Zakiri böyük şair hesab etmirəm. Bakıxanovu da şair kimi tanıyırıq, amma mənə bir mənbə göstərin ki, o müasirləri tərəfindən qiymətləndirilsin. Axundov da onu tanıyırdı. Seyid Əzim Şirvani də onu tanıyırdı, Zakir də. Onlar heç biri Bakıxanov haqqında şair kimi danışmayıb. “Əkinçi” qəzetində Bakıxanovun şairliyindən bir cümlə də yazılmayıb. Abbasqulu ağa Bakıxanov Qubada bağ evində özü üçün qəzəl yazıbsa, bu, o demək deyil ki, onun ictimai əhəmiyyəti var. Bakıxanov Azərbaycan tarixinin maraqlı bir personajıdır, amma şair deyil. Bəli o farsca mənzumələr yazıb, şeirlər yazıb. Amma di gəl, kiməsə təsiri yoxdur, məktəb yaratmayıb, dövründə bədii yaradıcılığı ilə bağlı bir dənə məqalə yoxdur.
 
- Əgər sizə ensiklopediya üçün məqalə yazmaq tapşırılsaydı, Abbasqulu ağa Bakıxanovun adının qabağında nə yazardınız? O kimdir?
 
- Onun adının qabağına belə yazardım: Orta əsr ensiklopedik alimlərinin sonuncu nümayəndəsi. O, tarixlə, astronomiya ilə maraqlanırdı. Çox geniş biliyi vardı. Bizdə ədəbi vadilər var. Bu ədəbi vadidə olanlar tutalım ancaq qəzəl yazırlar, ya meyxana deyirlər və ümumi proseslərlə heç  maraqlanmırlar. Bu, Bakıda indi də qalır. Bakıxanov da sanki bir vadidir. Bakıda, ya Qubada oturub yazırmış. Onun yazdıqlarının ədəbiyyata necə dəxli ola bilər axı. Ona qalsa bizdə indi də sufi şairlər var ki, traktat yazırlar. Məgər onların yazdıqlarını ədəbi tarixə soxmaq lazımdır?
 
- Bəs onda onu ədəbiyyat dərsliklərinə niyə salırlar?
 
- Leonardo Da Vinçinin də şeirləri var. Amma onu italyan ədəbiyyat tarixinə salmırlar. Hansısa şairin ədəbiyyat tarixinə düşməsinin bir neçə səbəbi var; ya bəxti gətirir, ya o şairi araşdıran olur, ya da səhv edirlər.
 
- Bakıxanovda bu sadaladıqlarınızın hansı olub?
 
- Bakıxanovda sadaladıqlarımın üçü də olub. Onu həm araşdıranlar var, həm bəxti gətirib, həm də səhv olub.
 
- Bəs Seyid Əzim Şirvani necə? Onun haqqı çatırmı ədəbiyyat tarixinə düşməyə?
 
- Seyid Əzim Şirvani ədəbi davranışı və şairliyi ilə ədəbiyyat tarixində olmalı böyük şairdir. Bizdə ədəbiyyat ənənəsi qırıq-qırıq gəlir, yəni əsrdən əsrə adlamalar olmur. Sanki bizdə ədəbiyyatın yaranıb, çiçəklənib və ölmə dövrü bir əsrdir. Məsələn, Fizuli ilə Saib Təbrizi arasında ruh baxımından əlaqə yoxdur. Eləcə də Saib Təbrizi ilə Vaqifi, Seyid Əzimi heç nə bağlamır.
 
Baxın, XX əsrdə də sovet ədəbiyyatı yarandı, çiçəkləndi, tənəzzül elədi və dövr qapandı. İndiki nəsil nə Səməd Vurğundan, nə Rəsul Rzadan, nə Ənvər Məmədxanlıdan gəlir. Osmanlı ədəbiyyatından fərqli olaraq Azərbaycan ədəbiyyatında dialektik keçid yoxdur. Bu millətin ədəbi natamamlığından irəli gəlir. Bu millət bu günə qədər ədəbi coğrafi sınırlarını müəyyənləşdirə bilmir. Xorasan türkmənı Həsənoğlunu da ədəbiyyat tarixinə salır, Kayseridə ölmüş Qazi Bürhanəddini də, Kərbəlada yaşamış Fizulini də. Amma keçən əsrin 30-cu illərində burdan köçüb getmiş, Özbəkistanda yaşamış, özbək şeirinin ən böyük ustadlarından biri Maqsud Şeyxzadəni ədəbiyyat tarixinə salmır.
 
Görürsüzmü, necə böyük ziddiyyətlər var? Təbii ki, burda səbəblər çoxdu. Azərbaycan ədəbiyyatında yaddaş problemi var. Ədəbiyyat həm də yaddaş məsələsidir; yəni ədəbi dil yaddaşıdır, janr sistemi yaddaşıdır. Ədəbiyyatda yaddaş güclü olanda o Vaqifin dilini XX əsrə də gətirib çıxara bilir. Rusiyada Puşkinin dilini bu gün də oxuyurlar. Brodskidə XVIII əsr rus şairi Derjavindən nə qədər sitatlar, onunla səsləşmələr var. Millətdə yaddaş güclü olmayanda  həmin yaddaş boşluğunu miflərlə doldurur. Azərbaycan ədəbiyyatı miflərlə doludur; Nizami mifi, Fizuli mifi.
 
Biz yeganə xalqıq ki, klassikləri cəm şəklində işlədirik - Nizamilər, Füzulilər. Baxın heç görmüsüzmü bir rus Puşkinlər, Dostoyevskilər desin, ya bir ingilis Bayronlar desin. Çünki hər bir şair, yazıçı çox unikaldır. Bizdə isə kütlə təfəkkürü şairlərimizin də sayını çoxaltmaqdadır. Biz miflərlə milli onomastik sistemimizi yaradırıq. Nizami, Nəsimi , Sabir adında nə qədər uşaqlar var. Millətin etnik özünüdərki olmayanda o mifik adlarla öz onomastik boşluğunu doldurur.
 
- Onda belə çıxr ki, Seyid Əzim də bu aqoniyaya aiddir?
 
- Şimali Azərbaycanda olan şairlər bu aqoniyanı daha çox hiss edirdilər. Çünki onlar Rusiyanın, Avropanın nəfəsini daha yaxından duya bilirdilər. Onlar başa düşürdülər ki, artıq klassik sistemdə baş girələmək mümkün deyil. Ona görə də vurnuxurdular.
 
19-cu əsrdə ən dəbdə olan janr həcv idi. Əslinə qalsa Zakir satiralarının çoxu həcvdən törəmişdi. Cəfərqulu xan Nəvayiyə və başqalarına həcvləri var idi. Çünki o dövrdə rəqibi sıradan çıxartmağın başqa yolları qalmamışdı, kimisə öldürəni Sibir gözləyirdi. Əlac kimdənsə acığı həcvlə çıxmağa qalırdı, ona görə də Zakir və başqa şairlərə həcvlər sifariş verirdilər. XII əsrin ən dəbdə olan janrı mədhiyyə və fəxriyyə idisə, XIX əsrdə isə bu, həcv idi. Təsadüfi deyil ki, Seyid Əzimin oğlu onun həcvlərini Təbrizdə çap edir ki, bəlkə bu yolla atasına şöhrət qazandırsın. Amma bu əks effekt verdi, atasını hörmətdən saldı.
 
 - Zakiri necə qiymətləndirirsiz?
 
- Qasım bəy Zakirin bəxti onda gətirdi ki, o, Axundovla dost idi. Axundov isə o dövrdə istər Azərbaycanda, istər İranda çox böyük nüfuz sahibi idi. Tək-tük adamlardan biri idi ki, vəzifə sahibi idi. Axundovun Zakirin tanınması üçün müəyyən işlər gördü. Zakir nəsil-nəcabətinə görə də böyük hörmətə malik idi. İnsafən onun mükəmməl şeirləri də az deyil.
 
Zakirin şeirləri həm emosional aurası, həm də milli elementləri ilə çox güclüdür. Bizim milli şairlərimizdəndi. Azərbaycan ədəbiyyatında XIX əsrdə kommunikativ sistem yaranmışdı, bu əvvəlki əsrlərdə mümkün deyildi. Şirvanda olan Seyid Əzim Şuşada olan Natəvan ilə yazışırdı və ya Axundovla Zakirin kommunikasiyası vardı. Ədəbiyyat artıq kommunikasiya sisteminə dönürdü. Düşürəm ki, bu mənada Zakir yaradıcılığı önəmli rol oynayır. /kulis.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.