Afaq Məsudun müsahibəsi
06.04.13

- Afaq xanım, sizi Azərbaycan ədəbiyyatında Kafkanın qadın variantı adlandırırlar. Bu bənzərliyə münasibətiniz necədir?

- Dünya ədəbiyyatında bir-birinə bənzəyən yazıçılar çoxdur. Məni Dostoyevskiyə, Çexova, Markesə və daha kimlərəsə bənzədənlər də var. Kafkaya gəlincə, hesab etmirəm ki, ona bənzəyirəm. Əgər bənzəyirəmsə də, bunu özümə şərəf saymıram. Bu bənzətmənin özü də yanlışlıqdır, bir növ ədəbi savadsızlıqdır. Əgər söhbət mənim “İzdiham” əsərimdə olan sür-realist elementlərin Kafkanın «Çevrilmə»sindəki mənzərələrlə oxşarlığından gedirsə, burda ilk növbədə, əsərlərin  janr fərqinə varılmalıdır. «Çevrilmə» - mistik realizmdır. Yəni, burda proseslər əsərin qəhrəmanının iç dünyasında gedirsə də, qəhrəman özü və ətrafında baş verənlər reallıqlardır. “İzdiham” isə sırf şüuralyı yaddaşıdır, janr etibarı ilə sürrealizm, realizmin fövqündə olan bir əsərdir. Burda nə qəhrəman, nə də onun ətrafında baş verənlərin reallıqla heç bir əlaqəsi yoxdur.

- Təhtəlşüurdan danışdınız. “İzdiham” əsərinizdə, sanki, hansısa şüuraltı zədələrdən qurtulmaq cəhdləri duyulur...

- “İzdiham” əsəri mənim yeganə əsərimdir ki, tam şüursuz şəkildə yazılıb. Yəni mən onu, nə yazacağımı düşünüb-daşınmadan, heç bir süjet xətti qurmadan, elə-belə yazmışam. Yazdıqca, duyduğum bir o olub ki, nə vaxtdan bərisə içimə yığılıb qalmış möhtəşəm bir qəhərdən azad oluram... Əslində, hər bir insanın şüuraltısında onun uşaqlıq, yeniyetməlik illərindəndən qalan irili-xırdalı zədələr var. Onları xatırlamaq, anmaq, üstəlik, kağıza köçırmək imkanı isə görünür, hər adama verilmir.

- Afaq xanım, sizi «soyuq buz kraliçası», «dəmir ledi» də adlandırırlar. Daxilinizdəki buz hansısa məqamlar suya çevrilə bilirmi? Yəni siz də göz yaşı axıda, ağlaya bilirsinizmi?


- Mən də Yer üzünün bütün qadınları kimi, ağlaya bilirəm. Ağlamağın məqamı yetişəndə, göz yaşlarımın kiminsə görə biləcəyindən ehtiyat eləmirəm, əksinə, ağlamaq qabiliyyətimi itirmədiyimdən hardasa, gizli bir rahatlıq duyuram.

- Bir çox tədbirlərdə sizə kənardan göz qoymuşam. Hətta gülüşünüzdə belə, zəhm, əzmkarlıq var. Bunu özünüz hiss edirsiniz?


- Bu, məndən asılı olan hal deyil. Tanrı insanların saçını, ağız- burnunu, fizioloji quruluşunu fərqli yaratdığı kimi, görünür, ruhunun da quruluşunu verir. Məni də bu cür yaradıb. O «zəhm» dediyiniz, olsun ki, ayrı zaman ölçüsündə yaşamağımın məhsuludur. Və insanları məndən çəkindirən də, elə bilirəm, elə budur. Yəni insanlar, hətta ən sadə kütlə adamları belə, mənim onlarla eyni bir ərazidə yaşamadığımı, necəsə, hiss edirlər. Bu da onlarda mənimlə bağlı müəmma, bunun da davamı olaraq, ehtiyatlanma hissi yaradır.

- Bəlkə, sizdən qorxurlar?

- Bəlkə də qorxurlar. Lakin mən kimdəsə qorxu hissini yarada biləcək bir şey eləmirəm. Bir kəsə gözümü ağartmıram, bir kəsi təhqir eləmirəm, kimdənsə nə isə tələb etmirəm, kiməsə hədə-qorxu gəlmirəm, cəzalandırmıram və sair və ilaxır.

- Kişi yazarların arasında zəhmli yazıçı - qadın olmaq necədir? Özünüzü onların arasında necə hiss edirsiniz?

- Mən özümü onların arasında hiss eləmirəm. Və ümumiyyətlə, heç vaxt özümü «ədəbi proses» deyilən nəyinsə içində hiss eləməmişəm və bu gün də eləmirəm. Ədəbi prosesin özü də (söhbət müasir mili ədəbi prosesdən gedir) məncə, məni özündə hiss etmir. Və məncə bu, heç də pis deyil.

- Axı niyə? Siz də yazıçısınız axı?!..

- Bəzən mənə elə gəlir ki, nə isə, ayrı bir işlə məşğul oluram. Bəlkə də bu, heç ədəbiyyat deyil. “Duyğular imperiyası”nda belə bir esse var:  “Proses adam”. Orda mətn təqribən belədir ki, «dörd bir yanım müxtəlif proseslərlə doludur… işıqlı, kədərli, gülməli və sair və ilaxır proseslər… ən yaxın dostlarım da zaman-zaman bu proseslərə qoşulurlar... Təkcə mən heç bir prosesə qoşulmuram. Mən özüm prosesəm».

- Məncə, özünüzü ədəbi prosesdə hiss etməməniz sizin eqo hissinizdən irəli gəlir. Axı qadınların içində eqo hissi güclü olur.

- Bəlkə də kənardan belə təsir bağışlayıram. Amma xudpəsənlik hissi məndən uzaqdır. Düzdür, özümü sevirəm, sevməsəm, ən azı, yaza bilmərəm. Amma bu, dediyiniz o eqo məsələsi deyil. Eqo – hər bir şeyin mərkəzində özünü görməkdir. Mən isə heç zaman nə məişətdə, nə ailədə, nə idarə işlərində, nə dostlarla münasibətdə öz maraqlarımı güdmüşəm. Bunu illər boyu öz yazıçı müşahidəmlə kənardan seyr də eləmişəm. Özüm üçün yaşadığım yer - yazılarımdır.

- Bu əzmkarlığınız, zəhminiz, heç olmasa, evdə, ailədə əriyirmi?

- Məncə yox. Evdə də ətrafımda gərginlik hiss edirəm. Yoldaşım da, uşaqlarım da, sanki, hamı mənimlə çox səmimidirlər, amma bütün bu səmimiyyətin içində bir gərginlik, izaholunmaz bir ehtiyatlılıq duyuram həmişə. Halbuki, ailəmlə olanda yazıçılıq aləmini söndürürəm.

- Neçə övladınız var?

- İki qızım var, bir oğlum.

- Qadın, ana, nənə və yazıçı. Bu dördündən hansı birində rahatlıq tapırsınız?

- Əlbəttə, yazıçılıqda.

- Bəs analıq, qadınlıq?

- Mən evdə daha çox funksioner oluram. Yəni, əslində, əksinə olmalıdı. İşgüzar qadınlar gərgin iş günündən sonra evdə rahatlıq tapırlar. Məndə isə həmişə tərsinə olub. Ömrüm boyu işə - evimə qayıdan tək qayıtmışam, evə isə, işə gedən tək getmişəm.

- Maraqlıdır. Həyat yoldaşı olmaq necə, o da funksionerlikdir? 

- Orda vəziyyət ayrı cürdür. Axı ev, ailə təkcə ər deyil?!.. Yoldaşım mənə dost və sirdaş olub həmişə. Məni, tez-tez azıb qaldığım yazı məkanımın darısqallıqlarından dəfələrlə qurtardığına görə içimdə ona qarşı gizli bir minnətdarlıq hissi yaşayır həmişə.  Amma o, deyir ki, Mərdəkandakı bağ evimizin girəcəyinin üstündə: «Burda Afaq Məsud yazıb-yaradıb. Bir nəfər isə (özünü nəzərdə tutur) dərin iztirablar çəkib». sözlərini yonduracaq. Əsər yazmağımla ona hansı iztirabları vermişəm, bunu anlamıram.

- «Nəvə övladdan şirindir» deyirlər. Bəs nəvələriniz necə, zəhminizi yumşalda bilirmi?

- Bilmirəm, bu həqiqətən belədir, ya yox, nəvələrim mənə bir-birindən gözəl gəlir. Onları çox sevirəm. Övladalarıma körpə vaxtlarında özüm baxmamışam. Çünki o hövsələnin yiyəsi olmamışam heç vaxt. Həmişə evdə köməkçim olub. Mənə deyirdilər ki, görərsən, nəvələrin olanda, onlara özün baxmalı olacaqsan. Amma elə olmadı. O əziyyəti mənə vermədiklərinə görə qızlarıma minnətdaram. Bu balaca adamların il-ildən böyüdükcə, üzlərində, düşüncələrində gedən dəyişiklikləri müşahidə etməkdən, həqiqi mənada yaradıcı bir zövq alıram və olsun ki, o «zəhm» dediyiniz həmin bu zövqalma prosesinin içində əriyib gedir.

- “Kişi dilində yazan» yeganə qadın yazıçısınız. Çox maraqlıdır. Qadın təfəkkürü sizdən uzaqdır, yoxsa, qadın kimi düşünə bilmirsiniz?

- «Qadın təfəkkürü» deyilənin nə olduğunu anlamıram. Bu, məlum həqiqətdir ki, kişi ağlında olan qadınlar da var, qadın ağlında olan kişilər də. Yəni təfəkkür məsələsinə gəlincə, burda cins fərqi heç bir önəm daşımır. Mənim barəmdə tez-tez deyilən bu fikir, olsun ki, yazıçılara xas olan özünüqoruma instinktindən azad olmağımdan, insan psixllojisinin bir sıra örtülü məqamlarını oxucularımla, heç nədən çəkinmədən, rahatlıqla bölüşməyimdən irəli gəlir. Ədəbiyyatın başlıca missiyası da, əslində, elə budur. "Qəza" hekayəsinin qəhrəmanı, gecədən xeyli keçsə də, evə heç cür gəlib çıxmayan ərinin qəzaya düşüb öldüyünü zənn edir. Əvvəl bundan dəhşətə gəlirsə də, iki uşaqla təkbaşına necə yaşayacağının çətinliklərini götür-eləyərkən, qəfildən, ərsiz həyatın bütün gərginliklərdən və çərçivələrdən azad, asudə rahatlığını da kəşf edir. Yəni əri olan bir kəs belə bir şeyi yazmaqdan, əlbəttə ki, çəkinərdi.
Ən azı, ərini fikirləşərdi. Mən isə yazarkən heç vaxt senzor duymamışam. Həyat yoldaşımın məni anladığını, böyük ədəbiyyat qanunlarını duyduğunu bildiyimdən, ya nədənsə, heç zaman «bu, necə başa düşüləcək?» sualına dirənib qalmamışam.

- Uzun illərdir AYB və AYO arasında soyuq müharibə gedir. Sizcə, bu çaxnaşma Azərbaycan
ədəbiyyatına nə verir?


- Mənim üçün aydın olanı odur ki, bu qarşıdurma ədəbiyyat savaşı deyil. Bu gün bir kəs deyə bilməz ki, «mən yazıram, lakin əsərlərimi çap elətdirə bilmirəm». Yaxud  «buna mane olurlar». Allaha şükür, qəzet və jurnal bolluğu, üstəlik, internet portalları bu gün ədəbiyyata qədəm qoyan istedadlı yaradıcı fərdin tanınması, əsərlərini istədiyi kəmiyyətdə və formatda sərgiləməsi üçün kifayət qədər imkanlar yaradır. Bu gün istedadın, istedadlı əsərin qarşısını ala biləcək heç bir qüvvə yoxdur. Birliyə gəlincə, istedadlı AYO-çularla Birliyin seçimi olan «Gənc ədiblər məktəbi»nin üzvləri arasında «bizimkilər» və «o birilər» fərqinin qoyulmasını düzgün hesab eləmirəm. Ədəbiyyat – münasibətlər və qarşıdurmalar müstəvisinin fövqündə olmalıdır.

- Gənc yazarlardan kimləri bəyənirsiniz?

- Aqşin Yeniseyin son dövrlər yazdığı şeirlərini çox bəyənirəm. Bəyəndiyim gənc yazarlar arasında Qan Turalı da var. Aqşin, nədənsə, mənə Yesenini xatırladır. Hərçənd, əsərlərimdən ürəyi bulanır…

- Onun yox, Günel Mövludun...

- Amma məncə, onların ürəyi mənim əsərlərimdən yox, varlığımdan bulanır.

- Müsahibələrinizdən birində “yazarkən can üstə oluram”- deyirsiniz. Bunu necə başa düşək?

- Bunu hərfi mənada anlamağa çalışmaq lazım deyil. Canüstü məqam insan həyatının ən həlledici mərhələsidir. İnsanın ömrü uzunu özündə daşıdığı sokral bir varlığın - ruhunun bədənindən ayrılması anıdır. Mənim bu adda pyesim də var - «Can üstə». Mənə, taleyin hansı möcüzəsi iləsə, can üstündə olan yaxın adamlarımın – anamın, xalalarımın halını görmək nəsib olub. Onların ruhunun zaman-zaman bədənlərindən ayrılıb, sonradan necəsə, yenidən geriyə qayıtdığının və əcəl vaxtının tamamında bədənlərini əbədilik tərk etdiyinin şahidi olmuşam. Bunu hamı bilməlidir ki, canüstü hal bəzilərində işgəncəli, əzablı bir üzüntüyə, digərlərində, seyrəlməni, buxarlanmanı andıran qəribə bir neytrallaşma prosesinə çevrilir. Yazarkən, mən də zaman-zaman bu halı keçirmişəm. Dəfələrlə ruhumun hərəkətə gəlib, bədənimin fövqünə qalxdığını hiss eləmişəm… və bu hal hər yazıda baş verməyib.

- Kamal Abdulla da Azərbaycan dilinin kişi variantinda yazan yazıçı qadın kimi, məhz sizin adınızı çəkib.

- Elə bilirəm, Kamal da bununla, yazıçılığı kişi və qadın qisminə bölməyin absurdluğunu bildirmək istəyib.

- Mətbəxlə aranız necədir?

- Çox pis. Xörək bişirməyi heç sevmirəm. Çox nadir hallarda bişirirəm və deyilənə görə, pis alınmır.

- Respublika Bədii Təicümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorusunuz. «Xəzər» jurnalı ölkənin ən oxunan jurnallarından olsa da, onu satışda tapmaq çətindir. Buna səbəb nədir?

- Çox böyük maliyyə problemlərimiz var. Bizim Mərkəz öz fəaliyyət istiqaməti üzrə dünya ədəbiyyatını Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatını dünya dillərinə tərcümə etməli, bu əsərlərin istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə nəşri və təbliği ilə məşğul olmalıdır. Lakin maliyyə durumumuz buna imkan vermir. Bu gün biz yalnız «Xəzər» jurnalını, o da xeyirxah insanların köməkliyilə ilə, ildə bir, yaxud, iki nömrəsini nəşr edə bilirik. Lakin Mərkəzin nə vaxtsa ayağa qalxacağına, öz potensial imkanlarını işə salıb tam qüvvəsi ilə fəaliyyətə başlayacağına ümidimizi itirmirik. /modern.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.