Nobel mükafatlı yazıçının sirli intiharı
27.03.13

Babək Yusifoğlu

BİR QƏLBİN YAŞANTILARI VƏ SİRLİ   İNTİHARI...

Bu dünyanın yazılmamış qaydalarından biri belədi: iradəndən asılı olmayaraq bu dünyaya gələcəksən, iradəndən asılı olmayaraq bu dünyadan köçəcəksən.

Bəşər övladı min, milyon illərdi ki, beləcə gəlir, beləcə gedir.

Amma bəzən elələri də olur ki, onlar həmin qaydanı dəyişməyə yönəlik addımlarda bulunurlar. Onlar arzuları olmadan həyata gəlsələr də, getmələrinə özləri qərar verirlər.

Bəlkə də belələri İlahinin insanın öz seçiminə  buraxdığı qaydaları pozduqlarına görədir ki, onlar günahkar insan olaraq Allahın dərgahına qovuşurlar.

Onsuz da Tanrıdan qeyri heç nə əbədi deyil. Və bu baxımdan, dünyanın zəka, ağıl sahiblərinə görə kimlərinsə yarımçıq kəsdiyi ömür onsuz da nə vaxtsa bitmək zorundadırsa, bir yaradılmış olaraq onu bilərəkdən sonlandırmaq qəti doğru deyildir.

Bəzən, bunun bir çıxış yolu olduğunu görənlər, hansısa məqamda müəyyən dəhşətlərdən xilas yolu kimi intiharı seçənlər yəqin ki, belə addımları ilə özlərini Böyük Yaradan dərgahında əbədi günaha ürcah etmiş olurlar. Tanrının bəxş etdiyi əmanətə sədaqət olar, xəyanət yox...

Mən inanıram ki, intihar edənlərin çox böyük əksəriyyəti özlərinə əl qaldırarkən daha çox İblisin təsirinə düşmüş olurlar.

Məncə, böyük istedad sahibi, sözün bütün çalarlarını ürəyi ilə hiss edən o məşhur yazıçı özünə əl qaldıranda  İblisə uymamışdı. Çünki o özü intiharın "Yaradanın əmanətinə xəyanət" olduğuna bütün varlığı ilə  inanmışdı... Bəs niyə Kavabata Yasunari özünə qıymışdı axı?..

Bir də ki...

Onun həyatı çoxlarınınkı kimi başlamadı. Körpəlikdən çətin və ağır imtahanlar Yasunarini yerdən-yerə vurdu.

Və maraqlıdır ki, kənar qayğıya möhtac yaşlarındaca babasının köməyini, sevgisini canında,  yanında görən bu yeniyetmə ömrünün artıq qürub yaşını yaşayan insana elə bağlandı ki, onun ölümü bütün varlığını silkələdi.

Və mənə elə gəlir ki, ürəyinin ən dərin guşəsində özünə yer eləmiş həmin sarsıntı ömrünün sonunadək onu tərk etməmişdi.

Əlbəttə, kimsəyə elə gəlməsin ki, Yasunarinin atası, anası onu tərk etdiklərinə görə babasının himayəsinə keçmişdi. Əsla. Əksinə onun anadan olduğu ailə varlı və savadlı, övladlarına çox diqqətli idilər. Əslində hər şeyi amansız həyat eləmişdi.

NİSGİLLİ  BAŞLANĞIC

1899-cı ilin yayında Osakedə anadan olan Yasunari iki yaşına çatar-çatmaz bacısı ilə bərabər həkim olan atalarını itirdilər.

Və bununla da ailənin ağır günləri başladı. Amma balacaların itkiləri heç də bununla bitmədi. Az sonra anaları da dünyasını dəyişdi.

Yetim qalan uşaqları Yasunarinin ana babası və nənəsi öz  himayəsinə götürdü. İlk vaxtlar yeni şəraitə öyrəşmək çox çətin olsa da uşaqlar həyatın bu zərbəsinə də alışmağa başlamışdılar ki, yeni faciələr bir-birinin ardınca gəldi.

Bu dəfə Yanusarinin nənəsi, bacısı öldü. Və ard-arda doğmalarını itirən uşaq qoca babası ilə tək-tənha qaldı. Bütünlüklə ona bağlandı, bütün qəlbiylə onu sevdi.

Nəvəsinin hər bir qayğısını çəkən və sənətdən, yaradıcılıqdan xəbərsiz olan babası sövq-təbii hiss edirdi ki, uşaq öz davranışları, mühakimələri ilə yaşıdlarından çox fərqlənir.

Yasunari çox vaxt bir kənara yığışıb diqqəti cəlb edən şəkillər çəkirdi.

Balaca oğlan hətta babasına rəssam olacağını da söyləmişdi.  Qoca üçünsə bunun elə də fərqi yox idi. Nəvəsi təki ömrünü sakit yaşamaq üçün normal bir həyat qura biləydi.

Amma bir qədər də keçdi, 14-15 yaşlarına çatmış Yasunari rəssam olmaq arzularını bitirdi. Gününün çox hissəsini kitablarla keçirən  yeniyetmə indi yazıçılığa meyl salmışdı.

Əlbəttə, o vaxt onun rəssamlıq arzularından belə sakitcə uzaqlaşmasına diqqət edəndə belə qənaətə gəlmək olardı ki, elə yazı-pozu adamı olmaq istəkləri də ötəri  təzahürlərdi  və tezliklə keçəcək. Amma...

Kim deyə bilərdi ki, bir zaman gələcək, onun adı Yaponiyanı dolaşacaq, o, doğrudan da məşhur bir yazıçıya çevriləcəkdi. Lakin hələ həmin günlərə bir xeyli vardı.

Hələ onu çox sınaqlar gözləyirdi qarşıda...

Yasunari Kavabata həmin ərəfədə həyatının növbəti dəfə ən böyük zərbəsini aldı: babası vəfat etdi.

Bu itkini çətinliklə adladan Yasunari nəhayət  ilk yaradıcılıq nümunələrini ortaya qoydu və yazdığı avtobioqrafik əsərində - "On altı yaşlınin gündəliyi"ndə bunlardan maraqlı bir dillə bəhs etdi. (Əsər 1925-ci ildə çap olunub).

Bununla yanaşı təhsili haqqında da ciddi düşünən gənc Tokio orta məktəbinə daxil oldu və yapon ədəbiyyatı ilə bərabər Avropa yazıçılarının da əsərlərini, eyni zamanda mədəniyyətini  də öyrənməyə başladı.

TƏLƏBƏLİK  İLLƏRİ  VƏ  İLK  ƏSƏRLƏRİ...

Əslində içində həm də bir rəssam ruhu bəslənən Yasunari dünyanın nəhəng rəssamları Leonardo da Vinçi,  Mikelancelo, Rembrandt, Pol Sezannın... yaradıcılığı ilə yaxından tanış oldu.

Məktəbi bitirəndən sonra isə  - 1920-ci ildə Tokio Universitetinin İngilis ədəbiyyatı fakültəsinə üz tutan gənc tələbəlik illərində tələbə jurnalı "Sineyte"də ("Yeni istiqamət") maraqlı yazıları ilə çoxlarının diqqətini cəlb etdi. Onu bəyənənlərin sırasında yazıçı Kan Kikuti də vardı.

Yasunaridə dərin bir istedadın olduğunu hiss edən  yazıçı ona ədəbiyyat dərgisi olan "Bunqey syuncyu" ("Ədəbiyyat epoxası")  jurnalının redaksiyasının üzvü olmağı təklif etdi.

Əslində bu, gənc bir yazar üçün çox münasib bir təklif idi və o həmin şansı qaçırmadı.  

Amma yeni nəslin gənc yazarları artıq özlərinin səsi olan bir dərginin - "Bunqey dziday"ın ("Müasir ədəbiyyat") əsasını qoymuşdular. Bu həmin jurnal idi ki, Yasunari kimi modernist  adlandırılan gənc yazıçılar özlərinin fərqli yaradıcılıq nümunələrini orada çap elətdirirdilər.

Maraqlıdır ki, bu yaradıcı gənclərin əksəriyyətində o zamanların məşhur qərb modernistləri Ceyms Coysun, Gertruda Stayn və başqalarının güclü təsiri hiss olunurdu.

Artıq ilk yazıları ilə diqqəti çəkməkdə olan Yasunari Kavabatanın 1925-ci ildə çap etdirdiyi yeni povesti  - "İdzudan olan rəqqasə"si oxucular tərəfindən rəğbətlə  qarşılandı.

Hətta demək olar ki, indi onu yazıçı olaraq qəbul etməyə başlamışdılar.

Bir tələbənin gənc rəqqasə  qıza vurulmasından, arzuların sərbəstliyindən, ölümlə intim duyğuların qarşılıqlı təsvirindən bəhs edən povest həqiqətən yeni üslubda, həm də çox maraqlı dillə  təsvir edilib.

Bioqraflar yazırlar ki, ədəbi aləmdə vaxtaşırı görünən Yasunari Kavabata 1926-cı ildə evləndi. Və belə demək mümkünsə, bədii yaradıcılıqla  yanaşı mətbuatda publisistik yazılarla da müntəzəm çıxış edən Yasunarinin həmin illərini onun nisbətən səssiz dövrü saymaq olar.

Əlbəttə, bu səssizlik iki-üç ildən çox sürmədi. Belə ki, artıq 1929-cu ildə oxucular  gənc yazıçının "Asixi simbun"  qəzetində yenicə tamamladığı "Asakusalı şən qızlar" povestini hissə-hissə oxudular. Çox keçmədi ki, o daha maraqlı bir əsərlə  -   "Büllur şarda görünənlər"lə  ədəbi aləmdə göründü.

Əslində Yasunari Kavabatanın bu əsəri işıq üzü görəndə tamamlanmasa da, kifayət qədər səs-küy yaratdı. Oxucular indi görməyə adət etdikləri çərçivələrdən kənarda bir müəlliflə qaşılaşmışdılar.

​​Amma bununla belə həmin əsəri oxuyanda Ceyms Coysun güclü təsiri hiss olunur. Ümumiyyətlə, əslində Kavabatanın həmin dövrlərdəki yaradıcılığında Qərbin görkəmli filosoflarının, eləcə də Freydizmin də, sürrealizmin də  təsirini açıq-aşkar sezmək mümkündü.

Əlbəttə, heç də belə hesab etmək olmaz ki, onun bütün yaradıcılığı kənar təsirlərlə yüklənib. Əsla belə deyil. Kavabata dünya ədəbiyyatının nəhənglərindən bəhrələnməklə yanaşı özü də, belə demək mümkünsə, bir məktəb səviyyəsinə qalxa bilmişdi. Nahaq yerə ədəbiyyatçılar onu yapon nəsrinin intellekti adlandırmırdılar. Həqiqətən də Kavabatanın bədii təxəyyülü yaxşı mənada onu digərlərindən daim fəqləndirir.

FƏRQLİ  İSTEDAD

Gözəl bir qızı sevmiş, sonra isə həyatın sərt zərbələrindən sarsılmış gəncin tənhalığa çəkilərək heyvanlarla, çiçəklərlə ünsiyyət qurmasından, aşiq olduğu qızın xatirələri ilə yaşamasından bəhs edən "Quşlar və heyvanlar" kitabında ənənəvi ədəbi eksperimentlərdən imtina edərək daha fərqli üsluba üstünlük verən yazıçı bir növ özünün nəyə qadir olduğunu sübut etmiş oldu.

1934-cü ildə məşhur "Qarlı ölkə" əsərini yazmağa  başladı. Bu həmin Kavabataydı ki, onun bu əsərində oxucular sətiraltı mənalarla, bir-biriylə birbaşa  əlaqəsi olmayan müxtəlıif epizodlar  elliptik üslubda  yazılmış bir bədii nümunə ilə qarşılaşmışdılar.

Həm də bu əsərlə bağlı onu da demək yerinə düşər ki, müəllif  "Qarlı ölkə"nin üzərində uzun müddət işləmiş, hətta bəzi yerlərini sonradan dəyişmişdi də.

Aydın təsəvvür yaransın deyə, təkcə onu bildirmək kifayətdi ki, romanın tam və son variantı yalnız on il sonra başa çatdı və çap olundu.

Öz ölkəsində  artıq kifayət qədər tanınan Kavabatanın bədii fəlsəfəsində, belə demək mümkünsə, qələmin "azadlığı"  üst səviyyədə idi.

Əsərlərindəki hadisələrin  hansı dövrə aid olmasına baxmayaraq yazıçı ona daha müasir düşüncəylə, daha fərqli münasibətlə, bədii elementlərin təsvirinə bənzərsiz səmimiyyətlə yanaşırdı.

Obrazların və hadisələrin təsvirində oxucunu düşündürə biləcək ədəbi priyomlarında da özünəməxsusluq vardı. Və Kavabata doğrudan da həmin dövrlərdə Yaponiyada təşəkkül tapmağa başlayan modernist iddialı yazıçıların hamısından fərqlənirdi.

Bəlkə də onun daha çox diqqət çəkməsində bütün bu amillər əvəzsiz rol oynamışdı.

Bunlardan başqa, Yasunari Kavabatanın əsərlərindəki fərqlilik bir az da onun insan kimi fərdi keyfiyyətlərindən irəli gəlirdi. Yaradıcılığındakı bədii həssaslıq, hadisələrə yanaşma onun həyat tərzi ilə o qədər də uyuşmurdu.

Bəzən ətrafdakı proseslərə münasibət kənardan elə təsəvvür yaradırdı ki, sanki yazıçı bütün bunları ya görmür, ya da hər şeyi mənasız hesab edir.  Əslində necə idi, bunu onun özündən başqa kimsə bilmirdi.  Elə II Dünya Müharibəsi illərində Yaponiya  kritik dövr  yaşasa da, Kavabata həmin qlobal proseslərə laqeyd münasibəti ilə təəccüb yaradırdı. Ədəbiyyatşünasların qeyd etdiyi kimi o, bəzi mərhələlərdə doğrudan da  siyasətdən qəti olaraq kənardaydı.

Məhz həmin illərdə Yasunari Kavabata dünyada və ya Yaponiyada heç nə baş vermirmiş kimi səyahətə başladı. O, Mancuriyaya uzun müddətli səfərə çıxdı. Lakin demək olmazdı ki, bu illərdə yazıçı yaradıcılıqdan da uzaq düşdü. Xeyr. Məhz  həmin dövrlər o, XI əsr yapon klassik romançılıq nümunəsi sayılan "Genci haqda saqa”ni öyrənməyə, xalq ədəbi nümunələriylə daha dərindən maraqlanmağa və  yeni bir roman - "Qo oyunlarının ustası" (1942-ci il) üzərində işləməyə başladı. Və onun Yaponiya yazıçıları cəmiyyətinə daxil olması da elə həmin illərə təsadüf edirdi.

Yeri gəlmişkən, bildirim ki, həmin illər Yasunari qardaşının qızını övladlığa götürmüşdü. Əslində Hediko adlı qızla evlənən və bir müddət Kamakurada adi kəndli həyatı yaşayan Kavabatanın özünün də bir qızı vardı.

DÜNYAYA  ÇIXIŞ...

Və məhz o zaman qələmə aldığı "Doğulduğu yer", "Qürub", "Atanın adı", "Tokaydonun yolu" əsərləri dərc olundu və  qısa zaman içərisində oxucuların diqqətini özünə yenidən cəlb etdi.

Əslində belə demək də mümkündü ki, onun müharibə və müharibədən sonrakı yaradıcılığı daha sanballı, daha məhsuldar olub. Çünki Kavabata Yaponiya hüdudlarını aşmağa başalayan ilk əsərlərini -  "Dağ fəryadı", "Min qanadlı durna"nı... məhz bu dövrlərdə  -  1949-cu illərdə ərsəyə gətirmişdi. Qərb oxucuları tərəfindən də çox böyük maraqla qarşılanan  usta yazıçı özünə Yaponiyadan kənarda pərəstişkarlar qazanmaqda da  çətinlik çəkmədi.

Maraqlıydı, həm bədii yaradıcılıqla məşğul olan, həm də müxtəlif mətbu orqanlarda çıxış edən Kavabata 1948-ci ildə dünya yazıçılarının birliyi hesab edilən PEN-klubun 4-cü prezidenti seçilmişdi. Bu  artıq o demək idi ki, Kavabatanın əsərləri beynəlxalq arenada da özünü lazımı dərəcədə doğruldub.

Əslində həqiqətən də Yasunari Kavabatanın Avropada çap olunan bir neçə romanı sürətlə müxtəlif dillərə tərcümə olunaraq dünyaya yayılmışdı.

O, BİR SÖZ NƏHƏNGİ  İDİ

Müəllifin 1954-cü ildə ərsəyə gətirdiyi "Göl" və 1961-ci ildə qələmə aldığı "Yatmış gözəllərin evində" əsərləri ilə Kavabata ədəbiyyat aləmində yenidən səs-küy yaratmağı bacardı.

Zəngin bədii təxəyyülün və real hadisələrin fonunda verilmiş psixoloji təhllilər həqiqətən də yazıçının inanılmaz istedadının bəhrəsiydi.

Müəllif əsərin kompozisiyasını elə ustalıqla təsvir edirdi ki, oxucu bütün əsər boyu duyduğu təsirdən qurtula bilmirdi.

Bəli, sözün əsl mənasında Yasunari oxucusunu qələminə bağlaya bilmək istedına malik bir sənətkar idi.

Və gün gəldi ki, dünyanın ədəbi nəhəngləri də bunu etiraf etdilər.

Artur Q. Kimballa görə, Kavabata əsərlərində həyatla ölüm duyğularının təhlili ilə zəngin olduğu bədii lövhədə müxtəlif çalarlı təbii, real həyat mozaikası yaratmışdır.

Və beləcə  digərləri də yapon yazıçıya yüksək dəyər veriblər.

Maraqlıdır ki, müharibədən sonrakı həyatında və jurnalistik fəaliyyətində Yasunari Kavabata daha çox ictimailəşib, sosiallaşıb.

Onu tez-tez müxtəlif tədbirlərdə, müxtəlif hərəkatlarda görmək mümkün idi. Hətta müəllif beynəlxalq tədbirlərə də qatılırdı. Məhz həmin illərdə o bir neçə yazıçı dostu ilə, xüsusən də Yukio Misimayla kommunist Çindəki "mədəni inqilab"a qarşı beynəlxalq petisiyaya qoşulmuşdu.

NOBEL  MÜKAFATI... ÖZÜNƏ  QƏSD...

1961-ci ildə Mədəniyyət Ordeni ilə mükafatlandırılan Kavabata "Köhnə paytaxt" povestini, bir neçə  il sonra  isə sürrealist əsər sayılan "Əl"i, ardınca "Zəncirotu" povestini (1964) yazdı. Nəhayət 1968-ci ildə dünya onun yaradıcılığına layiq olduğu qiyməti verdi. Belə ki yazıçılıq sənətkarlığına, ədəbiyyata xidmətlərinə görə Yasunari Kavabata Nobel mükafatına layiq görüldü.

Onu da qeyd edim ki, Kavabata ədəbiyyat üzrə bu ali mükafatı alan ilk yapon yazıçısı idi. Və kimsəyə bənzəməyən Yasunari mükafatlandırılma mərasimində xarakterindəki təvazökarlıqdan gələn səmimiyyətlə belə demişdi: "Anlaya bilmirəm, nəyə görə mükafatlandırmaq üçün məhz məni seçiblər... Yazıçıdan ötrü şöhrət ağır yük olur..."

Amma o, haqqı ilə, istedadı ilə qazanmışdı həmin diqqəti. Bundan ötrü onun yaşantılarına, keçdiyi ömür yoluna rəğmən yaratdığı əsərlərə nəzər yetirmək kifayət idi.

Yasunari Kavabata yaradıcılığında bənzərsiz olduğu kimi həyatdakı seçimlərində də, həyat tərzində də kimsəyə oxşamamışdı, elə ölümündə də kimsəyə bənzəmədi.

Yazıçı günlərin birində özünü öldürdü və onun intiharı hamı üçün sirr olaraq qaldı. Hər kəs səbəb axtardı, faciəni haralara qədər yozdular, lakin heç biri həqiqətə oxşamadı. Çünki səhhətindəki problemlərə görə xəstəxanada müalicə olunan Kavabata çıxdıqdan  bir neçə gün sonra özünü niyə öldürməliydi ki?..

Onun intiharını dostu Yukio Misimanın harakiri edərək özünü öldürməsi ilə əlaqələndirmək istəyənlər də oldu.

Amma bunlar həqiqət yox, yalnız müxtəlif iddialardan biriydi. Ona görə ki, əvvəldə qeyd etdiyim kimi, Kavabata özünə qəsdi qəbul etməyənlərdən biri idi. Çoxları onun Nobel mükafatının təqdim olunma mərasimdəki çıxışını yaxşı xatırlayırdı. Yasunari Kavabata o vaxt belə demişdi: "...İnsan bu dünyaya hansı dərəcədə yadlaşırsa yadlaşsın, intihar etiraz forması ola bilməz. Hətta ideal olan bir insan əgər özünü öldürürsə o, saflıqdan çox uzaqdır".

Elə isə Kavabata görəsən bəs hansı səbəbdən 1972-ci il, 16 apreldə Dzusidəki evində özünü qazla zəhərləyərək həyatına son vermişdi? Nə bir məktub, nə də bir son söz qoymadan.

Yoxsa, bu da taleyin bir istehzasıydı?..  Ya  yazıçının növbəti və son özünəməxsus addımıydı?..  Bəli, saysız-hesabsız ehtimallar, müəmmalar... Amma bunların arasında yeganə doğru olanı da vardı. O da Yasunari Kavabatanın həyatdan köçməsiydi.

Bu intihar demək olar ki, dünyanın ədəbi aləmini, bütün  Yaponiyanı silkələdi. Çünki o, bir söz nəhəngi idi. Və yazdıqları ilə dünya insanının ürəyini fəth etmişdi...

Və Kavabata "Ədəbiyyatın inkişafına görə" mükafatının, İncəsənət Akademiyasının Ədəbiyyat ödülünün, Almaniyada Höte adına Frankfurt medalının, Fransada İncəsənət və Ədəbiyyat ordeninin, fransızların "Ən yaxşı əcnəbi kitabı" mükafatının,  Yaponiyanın Mədəniyyət ordeninin...  ona nahaqdan verilmədiyini ləyaqətlə sübuta yetirmişdi... /oxuzali.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.