Elçin Hüseynbəylinin “Şah Abbas”ı yenidən nəşr olundu
19.03.13
Elçin Hüseynbəylinin “Şah Abbas” romanı yeni format və dizaynda nəşr olunub.
Məlumata görə, “Qələm” Nəşrlər Evinin 1000 nüsxə ilə çap etdiyi kitabı aprel ayından başlayaraq paytaxtın müxtəlif mağazalarından almaq olar.
Xronika janrında yazılmış romanda “Qızılbaş Aslanı” ləqəbi verilmiş Şah Abbasın döyüş səhnələrindən, Batı ilə diplomatik münasibətlərindən, təğyiri-libas olub el-obanı gəzməsindən, eləcə də bölgələrə səfərlərindən bəhs edilir. Böyük sufinin baş vəziri Hətəm xanın vətəni Ordubada, eləcə də Əylisə səfəri və burada erməni məliklərilə görüşünə də əsərdə yer ayrılıb.
AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev ““Şah Abbas” -ədəbiyyat tariximizdə yeni hadisə” adlı məqaləsində romanın dil tarixi baxımından zəngin materiala malik olduğunu və 16-17 əsrlərin tarixi-mədəni şəraitinə aid elmi ədəbiyyat siyahısına daxil edildiyini bildirib.
Qeyd edək ki, “Qələm” Nəşrlər Evi yazıçının dahi iki kitabını – “Ağ-qara” adlı hekayələr toplusunu və məşhur “Don Juan” romanını da nəşrə hazırlayır.
Nəşriyyat Hüseynbəylinin kitablarını nəşr etməklə yanaşı, onun piarı və yayımı ilə də məşğul olacaq. Yazıçı isə öz növbəsində keçirəcəyi bütün tədbirlərdə “Qələm”i təmsil edəcək. /publika.az/
|