Şair Səlim Babullaoğlunun müsahibəsi
13.03.13
- Səlim bəy, ədəbiyyat bir xalqın formalaşmasında nə kimi rol oynayır və onun ümumiyyətlə cəmiyyət və insanlara təsir imkanları nədən ibarətdir? - Sualınızda bir balaca dəyişiklik etmək istərdim: dil bir xalqın formalaşmasında nə kimi rol oynayır? Belə olanda, hər şey öz-özünə aydınlaşır. Məlumdur ki, hər şey ən əvvəl dildi və sözdü. Məsələn, biz bir işi görməmışdən əvvəl onun sözlü variantını təsəvvür edir, onu fikrən icra edirik, yaşayırıq. Yalnız sonra onun əməli variantını icra etmış oluruq. Başqa bir nümunə. Yeni bir uşaq doğulmaq üzrədi. Bu uşaq özüylə, adıyla, taleyi ilə, əməlləri ilə nə qədər yeni imkanlar və sözlər deməkdir. Kim bilir, bəlkə də həmin uşaq böyük bir alim olacaq, kəşflər edəcək, bununla da təkcə öz xalqı üçün deyil, bütün dillər və insanlar üçün o vaxta qədər eşidilməmiş sözlər tapacaq. Başqa variantda həmin uşaq bizə adi, sıravi görünən ömür də yaşaya bilər. Adi, gündəlik sözlərin istehlakçısına və təkrar istehsalçısına çevrilə bilər. Bu halda başqa məqam maraqlı olmalıdır: o adam mövcud sözlərdən necə yararlanacaq? Yəni, hər ömür bu mənada dil üçün, lüğət ehtiyatı üçün yeni sınaq və imtahan olur. Biz məhz bu məqama diqqət yetirməliyik. Çünki dilin gələcəyi olan hər iki adamın hansı taleyi yaşamasından asılı olmayaraq yolu ilk növbədə şifahi nitqdən, sonra təhsildən və təhsil vasitəsilə ədəbiyyatdan keçəcək. Onda baxaq şifahi nitqə. Onun vəziyyəti həmişə yaxşı olub, çünki adamlar həmişə danışır. O həmişə tələb olunandı, işləkdi, elmi tərəqqinin bir elə də fərqində deyil. Şifahi ədəbiyyat da elədir. O da dəyişmir, həmişə daha saf və səmimi təsir bağışlayır. Bilirsiz niyə? Adamlar sevib, iztirab çəkib, dərd güc gəlib oxuyublar, deyiblər. Daha yazılı ədəbiyyatdan fərqli olaraq o sözlər ürəkdən qələmin ucuna qədər uzanan mürəkkəb yolu keçməyib, onu yaradanlar təmənnalı olmayıblar, estetik həll, yadda qalmaq kimi, həm də təkəbbürlü arzulardan kənarda qalıblar. Amma bu çox-çox əvvəllər olub. O vaxtlar təhsil ədəbiyyata indiki qədər təsir etmirdi. Amma indi...
- Sizcə təhsilin vəziyyəti necədi? - Məncə yaxşı deyil. Bu isə bilirsiz nə deməkdi? Gələcəyin bütün çalarlarıyla şikəst olması deməkdi. Ədəbiyyatın da. İndi baxaq müasir poeziyanın vəziyyətinə. Qənaətim belədir ki, bu gün yazılan və yazılmaqda olan poeziya yaxşı halda şifahi ədəbiyyat nümunələrinin imitasiyasıdır. Özü də təkcə metrik yox, həm də lüğəti tərkibi ilə. Mən bəzən çağdaş bir şairin şeirini oxuyub orda üç-dörd əsr əvvələ aid sözlərə rast gələndə diksinirəm. Dəhşətə gəlirəm. Mən bu ədəbiyyatı yazanların insani haqlarına hörmətlə yanaşsam da, bu ədəbiyyatın təbliğini müasirlik və çağdaş bazar uğrunda amansız mübarizə aparan KİV və medianı anlaya bilmirəm. Biz Qərbi adi məişətimizdə yalnız qılaf, görüntü, tətbiqi olaraq çox uğurla yamsılasaq da, sənətin və ədəbiyyatın tətbiqi, estetik yönlərində bu yamsılamanı da bacarmırıq. İndi qayıdıram sualınıza və cavab verirəm: ədəbiyyatın xalqın, daha az pafosla desəm, insanın formalaşmasında rolu əvəzolunmazdır. Bu iki üz-üzə oturan adamın bir-birinə təsiri qədərdir, bəlkə də güzgü qarşısında oturan adamın özünə reaksiyası kimidir.
- Qərbdə hansısa maraqlı əsər yazılanda cəmiyyət tərəfindən böyük rezonansla qarşılanır. Yaxşı mənada əsər səs sala bilir. Ədəbiyyatımızda nə vaxtsa belə əsərlər yazılacaqmı? - Fikrimcə, bizdə ciddi əsərlər yazılır. Ola bilsin ki, estetik planda onların əskiyi çoxdur. Amma onların təbliği metodları, infrastrukturu yoxdur. Təhsil və media barədə isə danışdıq. Hesab edirəm ki, bizim ən ciddi düşmənimiz fərqində olmadığımız etik bazisdən məhrum vərdişlərimizdir.
- Bəzən eşidirik ki, bizdə ədəbiyyat ictimai-siyasi və sosial-mədəni proseslərə təsir imkanlarını itirib. Bu fikirlə razılaşırsınızmı? - Əgər ədəbiyyat insana təsir imkanını itiribsə, yaxud müxtəlif səbəblərdən ona gedib çatmırsa, demək ki, insanla bağlı bütün proseslərə təsir imkanını itirib, yaxud azaldıb. Bunun belə olub-olmadığını hər kəs özü üçün müəyyənləşdirsin. Şəxsən bu problem mənim maraq dairəmdə deyil.
- Akademik Ramiz Mehdiyevin bir neçə il öncə çap edilən ədəbiyyatla bağlı məqaləsində toxunduğu amillərdən biri də bu idi ki, yazarlarımız müstəqillikdən sonra cərəyan edən əhəmiyyətli siyasi-iqtisadi və mədəni hadisələri (beynəlxalq sazişlər, regional iri iqtisadi layihələr, dövlət çevrilişləri və s.) əsərlərinə gətirmirlər... - Nəsr, özü də spesifik nəsr, bunu edə də bilər, etməyə də. Məsələ necə etməkdədir ki, bu da bütövlükdə ədəbiyyatın ən vacıb sualıdır. Amma mən şairəm, ədəbiyyat-cəmiyyət münasibətlərini bir başqa cür görürəm.
- Cəmiyyətimizdə ən çox narahatedici faktorlardan biri də kitab oxuyanların sayının azalmasıdır. Məsələn, ən çox çıxan kitabın tirajı 500-ü keçmir. Hansı addımları atmaq lazımdır ki, insanlarda kitab oxumağa maraq yaransın?.. - Təhsil... təhsil... təhsil... sonra nəşriyyat-poliqrafik institutlar, münbit təşkilati və yayım münasibətləri formalaşdıqca məsələ yerini tutacaq...
- Səlim bəy, bir yazar olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Münaqişə bu il həll oluna bilərmi? - Amerikalı şairlərdən biri deyirdi ki, əgər bu gün yazdığım şeirdə “yağacaq yağış” yazıramsa və sabah doğrudan da yağış yağırsa, heç kim mənim bunu niyə yazdığımın fərqində olmur, halbuki mən qarğış sözünə qafiyə tutmuşdum. Üstəgəl mən beynəlxalq ictimaiyyət anlayışına inanmıram... Və bilirəm ki, donuza dayı deməklə darıdan cıxmaz. Bu isə yəqin bilirsiz, əsrlərin sınağından çıxmış şifahi xalq ədəbiyyatıdır. /veteninfo.az/
|