Nigar Köçərli: “İyirmiliyə yeni əsərlər əlavə oluna bilər”
07.03.13

Martın 1-də Milli Kitab Mükafatının (MKM) “20-liy”i (“Uzun siyahı”) təqdim olundu. Ardınca “Uzun siyahı”ya düşməyən müəlliflərdən bir neçəsinin şikayət və narazılığı eşidilməyə başladı.  Mükafata təqdim olunan əsərinin oxunmamasını iddia edən də vardı, layiq ola-ola kənarda qaldığı fikrini irəli sürən də. Artıq iddialı şikayətlərlə bağlı MKM-də Apelyasiya Şurası yaradılıb.

Vəziyyəti ətraflı öyrənmək üçün mükafatın təsisçisi Nigar Köçərliyə suallar ünvanladıq.

- Üç ildir öz fəaliyyətini ədəbiyyata, yeni əsərlərin, imzaların axtarışına sərf edən Milli Kitab Mükafatında ilk dəfədir şikayətlərin dinlənilib nəzərə alınması üçün Apelyasiya Şurası yaradılır. Qurumun işi nədən ibarət olacaq, şuraya kimlər daxil ediləcək? 
- Bu il Milli Kitab Mükafatının “Uzun siyahı”sı elan olunandan sonra bir neçə narazı insan şikayətlə bizə müraciət etdilər. Şikayətləri onunla əlaqələndirirəm ki, bu dəfə mükafata ötən illərə baxanda daha çox müəllif əsər göndərmişdi. Ümumiyyətlə, gənc yazarların sayı daha çox idi. Biz təbii ki, bu fakta sevinirik. Əsas məqsədimiz odur ki, bu layihə tam şəffaf və aydın formada keçsin. Mümkün qədər şəffaflığı təmin etməyə çalışırıq. Narazılar varsa, o insanların daha yaxınına gedib şikayətlərini dinləməyə hazırıq. 

Bu məqsədlə Apelyasiya Şurası yaratdıq. Çox güman ki, gələn həftə qurum öz yığıncağını keçirəcək. Dəqiq vaxt hələ ona görə təyin edə bilmirik ki, beş ekspert öz aralarında danışıb razılığa gəlməli, vaxtı təyin etməlidirlər. Hazırda danışıq gedir. Gələn həftə, çox güman ki, həftənin birinci günü Apelyasiya Şurası toplanacaq. Bununla bağlı öncədən mətbuata məlumat verəcəyik. Açıq keçirilən Apelyasiya Şurasında beş ekspert, təşkilat komitəsi və dəvət etdiyimiz yazıçılar olacaq. 

Apelyasiya Şurasında müəyyən bir vaxt təyin olunacaq, tutaq ki, iyirmi dəqiqə. Bu vaxt ərzində şikayətçi müəlliflərə şərait yaradılacaq ki, öz iradlarını, narazılıqlarını təqdim edə bilsinlər. Ekspertlər Şurası da onları dinlədikdən sonra öz rəyini bildirəcək. Belə bir diskussiya formasında şikayətlər dinləniləcək. Kimsə şikayətlə müraciət edibsə, onun əsəri keçəcək fikri mütləq deyil. 

- Bəs ekspertlər şurasında dəyişiklik ola bilərmi?
- Ekspertlər şurasında və münsiflərdə heç bir dəyişiklik olmayacaq. Açıq prosesin sonunda vəziyyət necə olacaq, hansı nəticəyə gəlinəcək - bunu indidən demək mümkün deyil. 

- Nigar xanım, deyirsiz ki, ola bilsin, müraciət edənlərin əsəri “20-liy”ə qəbul olmasın. Bəs əgər müəllifin əsəri layiqdirsə?..
- Həqiqətən “20-liy”ə layiq əsər varsa, ekspertlər onu seçməyibsə, o, siyahıya əlavə olunacaq. Hərçənd indidən nəyisə iddia eləmək mümkün deyil. Mənim şəxsən ekspertlərə heç bir iradım yoxdur. Bu insanlara inanıram və hesab edirəm ki, onlar Azərbaycan ədəbiyyatını dərindən bilən insanlardır. İndiyə qədər öz işlərini ədalətlə görüblər. 
Həm də apelyasiyada ekspertlər şurası təmsil olunacaq ki, seçdikləri müəlliflərlə bağlı seçim prinsiplərini əsaslandırsınlar. Yəni niyə və hansı səbəbdən bu müəllifləri seçiblər sualına cavab versinlər. Əgər deyirlərsə ki, filan əsər “20-lik”də olmamalı idi, qoy mətbuat və yazıçılar qarşısında fikirlərini əsaslandırsınlar. 

- Milli Kitab Mükafatının “Uzun siyahı”sı elan olandan bu günə kimi neçə müəllif şikayət ərizəsi ilə müraciət edib?
- Bu müəlliflərin sayı beş, ya altıdır... 

- Konkret hansı şikayətlərlə müraciət ediblər?
- Hər il şikayətlər eyni səpgidə olur. Ya deyirlər, “əsərim oxunmayıb”, ya da deyirlər, “oxuyublar, amma düzgün qiymət verməyiblər, düzgün seçim olsaydı mən qalib olardım”. Bu il də demək olar eyni məzmundur. Bunları təbii qarşılayır və dəstəkləyirik. Biz istəyirik ki, yazıçılarımız daima ambisiyalı olsunlar, öz fikirlərini, əsərlərini müdafiə edə bilsinlər. 

- Bəs apelyasiyadan sonra ola bilərmi ki, “20-liy”in tərkibi dəyişsin, ora əlavələr olunsun, yaxud “Uzun siyahı”da əsərlərin sayı çoxalsın?
- Biz “20-liy”ə düşən əsərlərin heç birini ordan çıxarmağı düşünmürük, əsərlər seçilibsə, deməli, layiqdir. Amma bəzi müəllifləri əlavə eləmək ehtimalı var.  O zaman siyahı “25-lik” və ya “30-luq” ola bilər. Təkrar deyirəm, bunu indidən demək mümkün deyil, çünki hələ Apelyasiya Şurasının iclası olmayıb. Olsun, sonra nəticələri hər birimiz bilərik. 

- Şikayətçi müəlliflər bir neçə eksperti onların əsərini oxumamaqda ittiham edirlər... 
- Söhbət bir ekspertdən gedir, həmin adam bir neçə müəllifin əsərini oxumayıb. Digərləri bu əsərləri oxuyublar və səs veriblər. Belə çıxır ki, əsərlərə görə 80 faiz səs toplanıb. Bu hallar ola bilər, mən heç kəsə zəmanət verə bilmərəm ki, həqiqətən filan əsəri oxuyub, ya yox. Bu ilk növbədə onların vicdanından asılıdır. Biz var gücümüzü sərf edirik ki, qüsurlar olmasın, varsa onları aradan qaldıraq. Əgər doğrudan səhv buraxılıbsa, onu mütləq düzəltmək lazımdır. Hər kəsin haqqı var ki, öz iradını, sözünü, rəyini desin. Mən həmişə ədalətin tərəfindəyəm. 

- Bəs qalmaqalların və şikayətlərin sayı artsa Milli Kitab Mükafatı öz fəaliyyətini dayandıra bilərmi?
- Bu, yalnız mənim qərarımdan asılıdır. Həm də mükafat mənim çox vaxtımı alır. Bu vaxtı öz şəxsi işlərimə, ilk növbədə “Əli və Nino” kitab şəbəkəsinə sərf edə bilərdim. Hər il özümə sual verirəm ki, bu prosesi davam etdirim, ya yox? 

Mükafatın dayanmasına gənclərlə ekspertlərin söz-söhbəti səbəb ola bilməz. Digər tərəfdən sevinirəm, bütün bu söz-söhbətlər göstərir ki, bizim layihəmiz açıq və şəffafdır. İndiyədək sübut etmişik ki, layihə heç nəyə baxmadan davam edib. Gələcəkdə necə olacaq, bu, çətin sualdır. 

- Qeyd edirsiniz ki, mükafatda tanışlıqla seçilən müəllif yoxdur. Amma ola bilər ki, ekspertlər öz tanışlarının əsəri keçsin deyə digər müəlliflərə haqsızlıq edib, onun əsərini oxumasınlar, kənarda saxlasınlar...
- İnanmıram elə bir hal olsun, həm də ekspertlər cəmiyyətdə müəyyən bir nüfuza, ada sahib insanlardır. İnanmaram ki, onlar cəmiyyətdə öz adlarına belə bir ləkə gətirsinlər. Cəmiyyətimiz çox kiçik, yazıçıların çevrəsi çox dardır. Əgər dediyiniz hal olsaydı, o dəqiqə hər kəs xəbər tutardı... 

- Mübahisə həll olmasa, ekspertlərin tərkibinə hansısa kənar bir yazıçı əlavə oluna bilərmi?
- Ekspertlər özləri mənə bu il müraciət etdilər ki, növbəti il ekspertlər şurası başqa bir komandadan təşkil edilsin. Bununla bağlı hələlik heç bir düşüncəm, qərarım yoxdur. Həm də bilinmir gələn il mükafat olacaq, ya yox. 
İndiyə qədər ekspertlərdən heç bir şikayət olmurdu, şikayətlər yalnız münsiflərdən gəlirdi. Necə oldu, iki il bundan öncəyə qədər ekspertlərdən narazılıq yox idi, onlar düzgün seçim edirdilər, amma indi vəziyyət tərsinədir? Hesab edirəm ki, hazırkı ekspertlər komandası çox yaxşı işləyir və mən onların işindən razıyam. 

- Bu səs-küy, narazılıq ola bilərmi ki, “Qısa siyahı”da - “10-luq”da daha güclü şəkildə təkrarlansın?
- Daha hay-küylü söhbətlər “10-luq” seçiləndə olacaq. Hesab edin ki, 241 əsərdən üç müəllif qalib olacaq. 238 əsər müəllifi qıraqda qalacaq və siz hesab edirsiniz onlar deyəcək ki, seçim düzgün idi? Təbii ki, əksini deməyə çalışacaqlar. Gün ərzində mənə 15-dən çox zəng gəlir, mən də çox yoruluram. Apelyasiyaya şikayəti vermək istəmirlər, amma vaxt tapıb mənə zəng edirlər ki, şikayətlərini desinlər. Bəzən mənə gecə zəng vurub şikayətlərini bildirir, hətta təhqir edirlər, xoş olmayan sözlər deyirlər. Bu, düzgün deyil. Xahiş edirəm, normal və mədəni formada iradlarını bildirsinlər. İrad bildirmək onların haqqıdır, daha aqressiv formada yox. 

- Ekspertlər tədbirdə qeyd etdilər ki, mükafata gənc müəlliflərin daha çox müraciət etməsi onun səviyyəsini aşağı salıb. Siz bu fikirlə razısınızmı?
- Demirəm ki, mükafat ancaq gənclər üçündür, amma gənclərin üstün təmsilçiliyi məni çox sevindirir. Bizdə heç bir ayrı-seçkilik yoxdur, mükafat hər kəsindir. Mən o fikirdəyəm ki, gənclərin çoxluğu vəziyyəti bir az gərginləşdirir. Mükafatın müsbət cəhəti odur ki, hər kəs öz iradını bildirə bilir, hər kəsin səsi eşidilir. 

- Belə çıxır ki, gənclərin rəqabəti ədəbiyyata xidmət baxımından yaxşıdır... 
- Həm də bir növ adı tanınan və tanınmayan gənclər üçün bu, yaxşı bir “piar” rolunu oynayır. Eyni zamanda MKM yaxşı meydandır ki, çıxıb özlərini təqdim edə bilir və tanınırlar. Onların irad tutması da yaxşı haldır. Çox istəyirəm ki, gəncliyimiz iradəli və mübariz olsun. 

- Ola bilərmi ki, məhz MKM-in özü daha geniş “piar” üçün qalmaqal yaratmaqda maraqlı olsun?
- Bunu bəzən bizə deyirlər, amma inanın ki, belə bir “piar”a ehtiyacımız yoxdur. Bütün bunlara baxmayaraq belə fikirlərin səslənməsini də normal qarşılayırıq. /teleqraf.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.