Oşo: “Elm hardasa zorlamaya bənzəyir”
06.03.13

Filosof Oşonun elm, din və poeziya haqqında düşüncələri gənc yazar Feyziyyənin tərcüməsində.

Həqiqətə varmağın üç yolu var: həqiqəti müşahidə etmək, onu hiss etmək və həqiqətin özü olmaq. Birinci yol - elm, ikinci yol - incəsənət, üçüncü yol isə dindir. Elm kainata obyektiv yanaşır və sanki bütün kainatı, hardasa, lap uzaqdan müşahidə edir. Elmin gəldiyi nəticəyə görə, materiyadan savayı heç nə mövcud deyil. Elmin imkanlarını öz metodları məhdudlaşdırır. Bu metod onun üçün keçilməz səddir. Əgər sənin yanaşman obyektivdirsə, onda yalnız reallığın obyektivliyini anlayacaqsan. Bu materiyadır. Materiya - reallığa obyektiv yanaşmadır.

«Obyekt» sözü dərin mənası və birbaşa ifadəsi ilə sənə hansısa maneəni, əngəli işarə verəcək. Sənin bəsirət gözünün açılmasına mane olan, məhz elə obyektdir. Buna görə də elm dünyaya münasibətində antoqonistdir, o, dünyanı özünə tabe etməyə cəhd göstərəcək, çünki obyekt - düşməndir, düşmən isə tabe olmalıdır. Məhz elmi yanaşmanın sayəsində insan təbiətə yadlaşıb. Bununla da insan özünü elə təcridolunmuş, elə tənha hiss edir ki, intiharı bu təklənmənin, təcridolunmanın törətdiyi əzablardan yeganə xilas yolu bilir.

İkinci yanaşmanı incəsənət, estetika, poeziya təşkil edir. Bu, həqiqətə subyektiv yanaşmadır. İncəsənəti görünənlər deyil, sənin batinindəkilər maraqlandırır. Onun üçün qızılgüllərin özü deyil, onların səndə yaratdığı təəssürat önəmlidir. Bir çiçəyi görəndə içində nələr baş verir? Gözlərin önündə doğan gün sənin varlığında necə əks olunur? Hardansa uzaqlardan səsi gələn Qu quşunun nəğməsi içində necə əks-səda verir? İncəsənətə sənin münasibətin maraqlıdır – gördüyünün nədən ibarət olması deyil, içindən nələr keçirməyin əsasdır. İncəsənət mənzilbaşına elmdən daha yaxındır, baxmayaraq ki, bu, hələ “mənzilə” çatmaq deyil, amma bu artıq ona doğru gedən yola çıxmaq deməkdi. İncəsənət - elmlə dinin arasındakı sərhəddədir. O, sənə elmdən daha artıq azadlıq verir. Şair riyaziyyatçıdan, musiqiçi fizikdən daha azaddır. Alim öz hədəfinə ümid bağlayıb. O materiyanın yaranmasından kənara çıxa bilmir, materiya da onun aləmini, mühitini müəyyən edir. Şair isə ruhən pərvazlana, yaradılışdan kənara çıxa və hətta öz dünyasını yarada bilir.

Elm kəşf edir, incəsənət isə yaradır. Elm yalnız mövcud olanları kəşf edə bilir. İncəsənət isə yenisini yaradır, beləliklə, incəsənət səni yaradılışa daha yaxın edir.

Mən poeziyadan danışanda incəsənətin əsl mahiyyətini nəzərdə tuturam. Poeziya- incəsənətin canıdır. Heykəltəraş daşlarda, musiqiçi səsdə, rəssam kətan üzərindəki rənglərdə şeir yazır. Onların hamısı şairdir. Onların nə üsülları eynidir, nə də ifadə tərzləri, onların əsas yanaşmaları riyaziyyat yox, poeziyadır.
Elmin hakimiyyəti ələ keçirməsi səbəbindən incəsənət, demək olar ki, yox oldu. O, artıq çiçəklənmir və daha əvvəlki kimi canlı deyil. Elm artıq hər şeyi özünə tabe edib. Buna görə də bütün dünyada sonu görünməyən iztirab tüğyan edir və əgər sən yaradıcı deyilsənsə, əzab çəkməyə bilməzsən. Yalnız yaradıcı insan zülmə necə üstün gəlməyi bilir. Yaradıcı insan qətiyyən əzab nə olduğunu anlamaz. Yaradıcı insan narahatdır, heyrandır, yorulmadan macəralar yaşayır. İstənilən adi bir şey ona ilham verə bilər. Bir həşarat sürfəsi bəsdir ki, onun aləmində canlanma baş qaldırsın. Bir balaca çiçək görmək kifayətdir ki, onun içində gülüstan yaransın
Bütün dünyanı bürüyən iztirabın kökündə elm dayanır. O, ilk növbədə təcrid edir: insan daha təbiətin bir hissəsi deyil, o, sadəcə müşahidəçiyə, tamaşaçıya çevrilib, artıq, iştirakçı deyil. Əgər sən belə bir təntənəyə qoşulmayıb rəqs etmirsənsə, deməli, kədərdən qaça bilməzsən. Həyatdan təcrid olunmaq, ona antoqonist yanaşmaq, həyatı özünə tabe etməyə çalışmaq, sadəcə özünü məhv etmək deməkdir. Beləliklə də, sonda sən təngə gəlirsən və səni əzab üstələyir. Həyat bütün mənasını itirir, mövcud olan hər şey mənasız görünür; bütün mənəvi dəyərlərdən məhrum olunmuş həyat yalnız təsadüflər yığınından başqa bir şey deyil. Bəli, elm bəyan edir: hər şeyin öz dəyəri var, amma heç nə dəyərli deyil.

Poeziyaya görə, hər şey qiymətlidir, amma onun qiymətini müəyyənləşdirmək mümkün deyil. Məgər qızılgülün gözəlliyinin qiyməti varmı? Əlbəttə, yoxdur.

Qızılgülün gözəlliyi qiymətsizdir. Bəli, o çox dəyərlidir, amma unutmayın ki, həmin dəyər hələ onun layiq olduğu dəyər deyil, sənin verdiyin qiymətdir. Qızılgül də, ulduz da, ay da, günəş də – satlıq mal deyil. Onlar nə alınar, nə satılar. Onları əzizləyə bilərsən, amma onlara yiyələnə bilməzsən.

Nəyəsə qiymət qoymaq o deməkdir ki, sən ona sahib çıxa, istəsən sata, istəsən ala biləsən. Dəyər isə bunun satlıq əşya olmadığı anlamındadır. O, duyğudur, sevgidir.

Elm məntiqlə, poeziya sevgiylə yaşayır. Poeziya - bütün yaradılışa sevgi ilə yanaşmaqdır. Elm isə, hardasa zorlamaya bənzəyir. Poeziya - sevgi hadisəsidir. Bəli, sən zorlama zamanı sevişən insanların yaşadıqlarını yaşayırsan, amma bunların arasında yerlə göy qədər fərq var. Sən qadını zorlaya bilərsən, o hətta hamilə də qala bilər, amma bu o demək deyil ki, sən qadın gözəlliyini dadmısan, axı sən sevginin sevincini hiss etməmisən. Əgər zorakılıq sənin həyat tərzinə çevrilsə, onda sən son dərəcə qiymətli bir şeyi itirəcəksən. Və sənin bütün həyatın puç olacaq.

Poeziya - həyata sevgiylə baxmaqdır. Həyatı tabe etmək yox, onu sevmək, heyran etmək və məftun etmək lazımdır. Sevgi heç vaxt məcbur eləmir, əksinə, sevgi - təslim edir. Şair məqsədi yolunda mənzilbaşına daha yaxındır, çünki o, təslim etməyə, sevməyə başlayır, hisslərə üstünlük verir. Elə bil ki, şair mərkəzə yaxın yaşayır, alim isə daha kənarda, əyalətdə məskunlaşıb.
Poetik baxışları, poetik yanaşmaları olan hər kəsə böyük rəğbətim var. Poetik baxışların bütün növlərinə - musiqiçilərə, heykəltəraşlara, rəssamlara, müğənnilərə, rəqqaslara, aktyorlara rəğbət bəsləyirəm. Çünki poetik baxışları olan insanlar elə şairdirlər. Poeziya - bütün incəsənət növlərinin ürəyidir. Və bununla belə, onların daha bir addım atmaları şərtdir.

Din - təcridolunmadır. O nə obyektivdir, nə də subyektiv, hardasa, həm də hər ikisi deməkdir - bir bütövün iki tən yarısı.

Elm bir hissəni mənimsəyib - görünüşü, obyektivliyi. Poeziya ikinci hissəyə sahib çıxıb - subyektivliyə, batindəkinə. Amma bunların hər ikisi bir bütövün yarısıdır. Yarımıçıq olan isə heç vaxt bitmiş, yetkin ola bilməz. Bütöv, tam olmaq üçün hissənin birinə digər hissəni də əlavə etmək lazmdır. Din - bütövdür. O nə obyektivdir, nə də subyektiv. O transsendentdir. Onların hər ikisini özündə birləşdirərək, obyektivliyin və subyektivliyin sərhədlərini aşır. Din onların hər ikisini əhatə edir, biri ilə kifayətlənmir. Bu ən yüksək, ən sürətli uçuşdur və buna yalnız insan şüuru qadir ola bilər.
Din ikiliyi aradan qaldırır, obyektiv və subyektiv ikiliyin əsasında isə batin və zahir ikiliyi dayanır. Din onların hər ikisini yox edir və bu zaman dərk etmənin yeganə bir yolu qalır. İndi zahir-batindir, batin-zahirdir. İndi onların arasında heç bir fərq, boşluq yoxdur. Az öncə hava bayırdaydı, indi isə o artıq ciyərdədir… sonra yenə də bayırdadır. Biz nəfəs alırıq, alırıq və alırıq… Beləcə, bütün həyat fasiləsiz qovuşma halındadır. O, bir üzvi vahiddir və ikitərəfli deyil.
Alimin yaradılışa münasibəti kişilərin düşüncə tərzinə bənzəyir. Məhz burada kişi yanaşması özünü göstərir – təbiəti özünə tabe etmək. Şair isə həqiqətə qadın təfəkkürü ilə yanaşır- güzəştlə, duyğuyla, zövqlə. Din - nə qadındır, nə də kişi. Din sadəcə onların hər ikisini müşahidə edir. Amma alim dindən çox uzaqdadır, şair isə ona bir qədər yaxındır.

Transsendant olmamışdan öncə sən poetik olmağı öyrənməlisən, buna görə də hərdən şairlərdən və poeziyadan danışıram. Elmə bizi cəmiyyət öyrədir - məktəblər, kolleclər, universitetlər. Poeziyanı isə bizə heç kim öyrətmir. Poeziya satlıq deyil, onunla heç kimin işi yoxdur. Siz poetik yanaşmaya qadir olsanız, bu, cəmiyyətə özünüzdən savayı qeyrisi üçün maraq və əhəmiyyət kəsb etməyəcək. Nə qədər ki, öz baxış bucağını təqdim etməyi ləngidəcəksən, bir o qədər də cəmiyyət üçün təhlükəli görünəcəksən, bu yanaşma isə narahatlıq doğura bilər.
Cəmiyyət kollektiv haldadı, obyekt kollektivləşib. Qızılgül obyekt kimi kollektiv fenomendir, amma sən ona öz gözünlə baxanda, bu ayrı gözəllik olur. Başqa birisi də onu öz baxış bucağına uyğun görəcək.

Poeziya- individualdır, kollektiv deyil. Buna görə də cəmiyyət həmişə ayıq, daima hazır olmaldır, hər zaman gözləməlidir ki, individual baxış bucağı genişlənməsin, çünki o məhvedici ola bilər. İndividual baxış xaos gətirir - insanlar bir-birinə kollektiv yanaşmalarla bağlanmalıdırlar. Xristianlıq - kollektiv yanaşmadır, induizm - kollektiv baxışdır, kommunizm - kollektiv baxışın nəticəsidir. Bütün insanları kollektiv şablonlarla birləşdirin, onları dünyanı eyni cür dərk etsinlər deyə və eyni tərzdə yaşasınlar deyə bir araya gətirin, onda hamısı mövqesiz və prinsipsiz adamlara çevriləcək.
Şair öz aləmində üsyankardır. Əsl şair inqilabçı olmaya bilməz.
Vinsent Van Qoq öz əsərlərində ağacları o qədər hündür əks etdirmişdi ki, onlar ulduzlardan daha yüksəkdə görünürdülər. Birisi ondan soruşmuşdu: «Bu cəfəngiyyatdır. Onlar nə ağaclarıdır ki, ulduzlardan da yuxarıya boy atıblar?

Deyilənə görə, Van Qoq belə cavab vermişdi: «Belə ağacların mövcud olub-olmamasının əslində heç bir əhəmiyyəti yoxdur. Sən rəsmdə mənim çəkdiyim ağacın arzusunu görürsən, bu ağacın istəyi onun ruhi üsyanının başlanğıcı, ehtiraslı arzusudur. Bütün ağacların ən böyük arzusu ulduzlara qədər yüksəlməkdir. Mən bunu kəndlərdə çox müşahidə eləmişəm, onları duymuşam, hiss etmişəm. Mən ağacların dilini yaxşı bilirəm - kiçikdən nəhəngə qədər, bütün ağaclar bir ağızdan etiraf edirlər ki, ulduzlardan yuxarı yüksəlmək istəyirlər. Mənim üçün isə həyatda belə ağacın mövcud olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Bu məni maraqlandırmır, məni maraqlandıran ağacların qəlbi, onların ruhudur”.

Van Qoqun fikirləri poetik baxımından haqlı görünür, amma elmi nöqteyi-nəzərdən yanaşsaq, bu fikirlər cəfəngiyyatdan başqa bir şey olmayacaq. Elmi nöqteyi-nəzərdən bu, absurd görünür, eyni zamanda, poetik baxımdan haqlıdır. Van Qoq deyir: «Ağaclar - yerin ulduzlarla görüşmək arzusundan, özü ilə digər ulduzların arasında olan boşluğu, məsafəni aradan qaldırmaq eşqindən yaranıb”. Belə ağaclar mövcud ola da bilər, olmaya da - bu vacib deyil. Bunun Van Qoq üçün əhəmiyyəti yoxdu.

Şairin həyata öz baxışı var. Bu, individual yanaşmadır - kollektiv deyil. Deməli, kollektivliyə meylli olanların hamısı poetik ruhlu olmayanlardır.

Platon insanlığın tarixində ilk məlum kollektivçidir, onun xəyalında canlandırdığı “Respublika” adlı xülya gələcəyin real cəmiyyəti olmalı idi. Baxın, onun respublikasına şairlərin girişi qadağandır, bəli, hər kəsdən öncə, məhz şairlərin girişi qadağan edilib. Respublikanın qapıları hər kəsin üzünə açıqdır, amma məhz şairlər üçün o qapı bağlıdır. Platonun respublikasında şairlərə yer yoxdur. Niyə? O, şairlərdən niyə belə qorxurdu? Səbəb sadədir: şairlər individual, şəxsi yanaşma daşıyıcılarıdır, buna görə də respublikada xaos yarana bilərdi. Platon hər kəs üçün örnək ola biləcək vahid həyat tərzi qurmaq istəyirdi. O, zor gücünə birləşmədən yaranan vahid yaşayış forması yaratmaq niyyətindəydi, şairlər isə burada yalnız əl-ayağa dolaşa bilərdi.

Təəccüblü deyil ki, Sovet Rusiyasında inqilabdan sonra poeziya öldü. İnqilaba qədər Rusiya dünyaya sözün əsl mənasında təkrarolunmaz şairlər, yazıçılar, görkəmli simalar bəxş etdi. Heç bir başqa ölkə bu sahədə Rusiya ilə rəqabət apara bilməzdi. Lev Tolstoy, Maksim Qorki, Fyodor Dostoyevski, Anton Çexov, İvan Turgenev kimi dahilərə kim rəqib ola bilərdi? Kimin gücü çatardı onlarla yarışmağa? Heç bir ölkə dünyaya bu qədər yazıçı bəxş etməyib. Əgər kimsə dünyanın 10 ən dahi yazıçısının siyahısını tutmaq istəsə, mütləq onlardan 5-i rus olacaq - amma inqilabaqədərkilərdən.

İnqilabdan sonra Rusiyada poetik aktivlik qəfil azaldı. Dostoyevskinin, Qorkinin, Turgenevin, Tolstoyun vətəni bu baxımdan sanki Yer üzündən silindi. O torpaq bu biçimdə, bu donda daha bir də dahilər doğub-törədə bilmədi; o, uçmağı yadırğadı. Hamını kommunizmə bağladılar, hər kəs kollektiv baxışa kökləndi. Bundan sonra bütün şairlər kommunizmin tərənnümçüsü olmalı, bütün rəssamlar kommunizmi vəsf etməli, bütün müğənnilər kommunizm üçün oxumalıydılar. Əsl ədəbiyyatin mahiyyətini, həqiqətin nə olmasını və həqiqi şair kimliyini indi yalnız hakimiyyət müəyyən edir. Poeziya haqqında ən müfəssəl qərarları artıq bu barədə zərrə qədər də təsəvürü olmayan insanlar çıxarırlar. Əgər onların ədəbiyyat haqqında təsəvvürləri olsaydı, hər şeydən öncə, qətiyyən dövlət məmuru olmazdılar.

Səncə, hər hansı dövlət qulluqçusunun, vəkilin, yaxud da komendantın ədəbiyyat haqqında nə təsəvvürü ola bilər? Ən qəribəsi isə odur ki, onlar poeziyaya bağlı olan hər şeydən uzaqdırlar. Marksın, Engelsin, Leninin kitablarını oxuyub poeziya barədə hansısa təsəvvürə malik olmaq mümkündürmü? Marks o qədər qeyri-poetikdir ki, onu oxumaq yorucudur. Mən buna cəhd etmişəm və bu qənaətə öz təcrübəmə əsaslanaraq gəlmişəm. «Kapital»ı kim oxuyub? O nə biabırçı yazıdır? Onu sona qədər oxumaq üçün böyük qəhrəmanlıq gərəkdi, yoxsa iki-üç səhifədən sonra boğazın quruyacaq və təngə gələcəksən. Hətta kommunistlərin özləri belə, bu kitabı oxumurlar. Mən dəqiq bilirəm - mənim kommunist dostlarım çoxdur, onlar «Kapital»ı oxumayıblar. Poetik gözəlliyi olmayan bu kitabı oxumaq həyatını göy əskiyə bükmək kimi bir şeydi.

İsanın poeziyası var - onun sözləri poetikdir. Buddanın poeziyası var - onun həyatı poetikdir. Marks isə poeziyadan uzaqdır – onun yazıları quru, bəsit məntiqdən savayı bir şey deyil. Hətta onun məntiqi belə o qədər də güclü sayılmır. Belə çıxır ki, indi Dostoyevskinin, Tolstoyun, Turgenevin taleyi dünyada zir-zibildən başqa heç nə görməyən adamlardan asılıdır? Axı onlar bu yazıçıların kim olduqlarının fərqinə varmağı belə bacarmırlar, onlar bu dahiləri anlamamağa məhkumdurlar.

Rusiyada poeziya öldü və bu, bütün bəşəriyyətin ən böyük itkilərindən biri oldu. Çində də poeziya ölüb, çünki Çin yazarları hakimiyyətə xidmət etməyə başlayıblar. Onlara xüsusi hörmətlə yanaşırlar, mükafatlar təqdim edirlər, universitetlərdə müxtəlif vəzifələr verirlər, bu şərtlə ki, azadlığın şairi olmasınlar. Buna görə də onlar köləliyin şairli olmalıdırlar, onlar hakimiyyətə xidmət etməlidirlər.

Əsl şair kiminsə xidmətində dayanmağı bacarmaz. O, yalnız poeziyanın xidmətindədir. O, yazır, oxuyur, yalnız incəsənətin çiçəklənməsi naminə edir bunları - onu başqa heç nə maraqlandırmır. Onun nəğməsi dan yeri ağaranda çiçəklərin oyanmasını və arıların yuvadan çıxmasını müşahidə edən sübh quşlarının cəh-cəhinə bənzəyir. Bəli, şairin nəğməsi belədir: azad, təbii və ilhamlı.

Şair bircə həqiqətin qığılcımlarını görür, yalnız qığılcımları, üfüqdən boylanan işartıları. Küləyin şiddətindən taybatay açılan və sonra yenidən çırpılaraq örtülən pəncərə kimi, elə bil sən zülmət gecələrin birində meşədə azmısan, bütün göy üzü qara-boz buludlarla örtülüb və birdən göy guruldayır, şimşək çaxır. Şimşəyin işartısı altında bir anlıq hər yer aydınlanır, hər şeyi görmək olur - ağacları, cığırları, uçurumu - yalnız bircə anlıq, sonra şimşək yox olur və zülmət əvvəlkindən daha da qatılaşır, daha da dərinləşir. Sən kor olursan, indi sən artıq bu qatılaşmış zülmətdə yol gedirsən. Sən daşa çırpıla bilərsən, baxmayaraq ki, bayaq şimşək çaxana qədər çox ehtiyatlı davranırdın. İndi, bir anlıq işıqlanmadan sonra sən doğru yolla irəlilədiyini yəqin etmisən, deməli, daha cəsarətli, daha ağıllı davrana bilərsən. Sən daşa çarpıla, yarğana yıxıla bilərsən, yolunu aza bilərsən... Bu işartı sənin istiqamətini azdıra bilər. Bu işartı elə gözlənilməzdir ki, səni kor edə bilər. /qafqazinfo.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.