Dünyada 30 dilə tərcümə olunmuş kitab Azərbaycan dilində
05.03.13
Bricit Oberin “La Mort des Bois“ detektiv mükafatını almış romanı çap edildi
Hədəf Nəşrlərinin "XAN” ("Xalqımız, Azərbaycanımız Naminə”) tərcümə ədəbiyyatı layihəsi çərçivəsində tanınmış Fransız detektiv yazıçısı Bricit Oberin (Brigitte Aubert) dünyanın 30 dilinə tərcümə olunmuş “Doktor Marçın dörd oğlu” çap olunub.
Məlumata görə, kitabın tərcüməçisi Cəlil Cavanşir, redaktoru Şəmil Sadiq, naşiri isə Müşfiq XANdır.
...Gündəlik tutan bir qatil…Bu gündəliyi təsadüfən ələ keçirən xidmətçi…Gündəliyin müəllifi hörmətli bir ailənin 18 yaşlı dördüzlərindən biridir. Xidmətçi isə oğurluq etdiyi üçün axtarışda olan və saxta adla hörmətli ailədə xidmətçilik edən 31 yaşlı qadındır. Xidmətçi nə edəcəyini bilmir. Bir tərəfdən qatili tapmağa çalışsa da, digər tərəfdən də qaçıb uzaqlaşmağa, gördüklərini gizlətməyə çalışır. Hadisələr Qatilin və Cenninin gündəlikləri əsasında inkişaf edir. Qətllər bir-birini əvəz etdikcə, Cenni qatilini gündəliyini oxumağa davam edir. Günlərin bir günü qatil Cenninin əməlindən xəbər tutur və qatillə Cenni arasında gizli və gərgin mübarizə başlayır. Ardıcıl cinayətlərin törədildiyi ABŞ-da baş verən hadisə oxucunu dəhşətli dərəcədə psixoloji gərginlikdə saxlayır.
Detektivsevərlərin stolüstü kitablarından birinə çevriləcək bu kitabı nəfəs dərmədən oxumağa çalışacaqsınız. Bəs əsil qatil kimdir? Bunu isə ən sonda biləcəksiniz… Roman detektiv həvəskarları üçün maraqlı olacaq. /publika.az/
|