Adil Mirseyid: "Sağlamlığımı itirmişəm"
28.02.13
Müsahibimiz iki yaradıcılıq dünyasını - poeziya və rəssamlığı təmsil edən Adil Mirseyiddir.
- Son zamanlar səhhətinizlə bağlı ciddi problemlər yaşadınız. Yavaş-yavaş kritik dövr deyəsən, arxada qalır. Hətta sizinlə son söhbətimizdə səsiniz də bunu deyirdi. Amma bir ay ərzində dəfələrlə görüşməyi razılaşdırsaq da, narahatlığınız səbəbindən müsahibənin vaxtını təyin edə bilmirdik. İndi necəsiniz?
- Son zamanlar deyəndə artıq bir il yarıma yaxındı sağlamlığımı itirmişəm. Sabir demişkən, başlayıb şişməyə indi üzü qarə ciyərim. Çox kiritik günlər yaşadım, uzun müddət ölümlə olum arasında çırpındım. Sanki bir çayın kənarında dayanmışdim, ölüm qarşı sahildən mənə əl eləyirdi. Bir neçə dəfə az qala üzüb qarşı sahilə keçəcəkdim. Allah qorudu.... İndi yenə zaman-zaman dəngəm pozulur, bir gün özümü yaxşı hiss edəndə beş gün narahat oluram. Bu səbəbdən də görüşə bilmirik, sabah səhhətimin necə olacağını öncədən müəyyənləşdirmək olmur. Çox tez yoruluram, əvvəllər bir gecədə bir roman oxuyardım, indi bir nəfəsə ancaq on-on beş, ən çoxu otuz səhifə oxuya bilirəm.
- Bəlkə yeni bir müalicəyə ehtiyac var?
- Əslində daha ciddi müalicəyə ehtiyacım var, xəstəliyim artıq xroniki hala çevrilib, yəni tam sağlamlığa qovuşmaq mümkün deyil. İrana, Türkiyəyə getməyimi məsləhət görürlər, amma mənim maddi imkanım yoxdur. Dünən yenə “Yaşam” klinikasında qan analizi vermişəm. Səhhətimdə önəmli bir irəliləyiş görünmür. Yeri gəlmişkən, qanım da azdı, düzü qaraciyərim rahatlığımı əlimdən alıb....
- Belə çıxır ki, xəstəlik sizi yaradıcı dünyanızdan, dostlardan və ədəbi mühitdən ayırıb. Zamanınızı ancaq xəstəliklə mübarizəyə sərf eləyirsiz.
- Adamın ürəyindən çox şey keçir, amma ürəyimizdən keçənlər çox zaman bizə qismət olmur. Məsələn, çoxdandır ki, şəhərin mərkəzində yaxın dostlarımla çayxanada oturub dərdləşə bilmirəm. Rəssam dostlarımın yağlı boya və şərab qoxulu emalatxanaları üçün burnumun ucu göynəyir.
Yaradıcı dünyama gələndə deyim ki... Havalar da soyuq keçir, üşüyürəm. Deyirlər xəstəliyin əlamətidir. Bədənim qızmır, özüm üşüdüyümə görə mənə elə gəlir ki, hamı üşüyür. Uzun müddət əlimə fırça almamışam, zatən dava-dərmana para çatdırmaq olmur. Kətan, yağlı boya da baha... Amma akvarellər işləmişəm, eskizlər çəkmişəm. Bir də on beş esse, bir silsilə şeir və çoxdan yarımçıq qalmış poemanı yazıb tamamlaya bilmişəm.
- Əgər zamanınız çoxu evdə keçirsə yəqin mütaliə ilə daha çox məşğul olursunuz. Sizi ara-sıra yeni layihədə də görürdük... Sonra nələr dəyişdi?
- Hazırda Varisin mənə göndərdiyi “Yetmiş yeddinci gün” romanını oxuyuram. Hə, bir də belə bir layihə vardı ki, Lent.az-da yayımlanırdı. - “Adil Mirseyidlə bir fincan qəhvə”. Bir az səhhətim ucbatından, bir az da məndən asılı olmayan səbəblərdən “Bir fincan qəhvə” yarımçıq qaldı.
- Bəs ailədən kimsə sizdən rəssamlıq və şairlik istedadından bir pay ala bilibmi? Yəni davamçınız var?
- Yox, qızım riyaziyyat-informatika fakültəsini bitirib. Bir ara məqalələr, resenziyalar yazdı, onlar da “525”-ci qəzetdə çap olundu, amma nədənsə jurnalistikanı sevmədi.
- Bəlkə sizin fəaliyyətinizin çətinliyini daha yaxından gördüyü üçün uzaqlaşıb? Adil bəy, belə bir fikir var ki, rəssamlar və yaradıcı dünyanın insanları heç vaxt xoşbəxt ola bilmir. Bu fikirlə nə dərəcədə razısınız?
- Xoşbəxtlik nisbi anlayışdır. İnsan bu dünyaya xoşbəxt olmaq üçün gəlir deyənlərin səmimiyyətinə inanmıram. Bəxti gətirmiş sənətkarlar var, bir də öz faciələri ilə hər günü son gün kimi yaşayan insanlar... Sənətkar xoşbəxtliyi ilə adi insan səadəti fərqli-fərqli şeylərdi. Mən nə metor kimi nikbin, nə də yuvası dağılmış quş kimi bədbinəm. Mən melanxolikəm, qara sevdalı adamam. Bilirsiniz, şair bəzən diri ikən gözə görünmür. İllər keçdikcə böyük sənətkarlar bizdən uzaqlaşmırlar, əksinə daha da bizə yaxınlaşırlar. Sağlığında cəmi bir əsərini sata bilən Vinsent Van Qoq bu gün bizim müasirimizdir. Van Qoqun, Mircavadın, Səttar Bəhlulzadənin tablolarını xatırlayın, məgər bu tablolara baxanda bu rəssam xoşbəxtliyi deyilmi? Sənətkar ömrünün poeziyası ilə birlikdə prozası da mövcuddur. Bu həmişə belə olub, belə də olacaq - sənətkar öz ömrünün poeziyası ilə mənsub olduğu millətə, topluma və nəhayətdə bütün insanlığa məxsusdur.
- Biz sizi həm də bir tərcüməçi kimi tanıyırıq, tərcümə fəaliyyətinizdə nələr var? Sistemli şəkildə tərcümə ilə məşğul ola bilirsiniz?
- Heç zaman özümü tərcüməçi hesab etməmişəm. Düzdü, bir zamanlar Tərcümə Mərkəzinin “Xəzər” jurnalında çalışmışam. Hələ sovetlər dönəmində Andrey Voznesenskinin, Fəryad Xamisin şeirlərini, Kortasarın və Akutaqavanın hekayələrini dilimizə çevirmişdim. İllərlə nəşriyyatlara ayaq döydüm, tərcümələrimi çap etdirə bilmədim. Təsəvvür edin ki, heç öz şeirlərimi çap eləmirdilər.... O zaman Voznesenski çox məşhur idi, bütün dünya onu çap eləyirdi, onun Azərbaycan dilində əl boyda bir kitaba ehtiyacı yox idi. Bizim oxucular hələ də A.Voznesenski kimi orijinal bir şairi yaxşı tanımırdılar. İndi baxıram iki, Kortasarın, Akutaqavanın kitabları bizim nəşriyyatlar tərəfindən çap olunur. Mənim tərcümələrimin çox hissəsi nəşriyyatlarda əldən-ələ keçdi, itib batdı. Uzun illərdi tərcümədən küsmüşəm, bir neçə il öncə nəşriyyatlardan tərcümə kitabları götürmək istəyirdim, günü-günə satdılar. Tərcümə ilə məşğul olmaq üçün heç olmasa gündəlik qayğılarımızı sahmana sala bilməliyik....
- Ümumiyyətlə, bizdə tərcümə prosesi hazırda hansı səviyyədədir?
- Son illərdə ədəbi prosesi, o cümlədən tərcümə prosesini ardıcıl olaraq izləyə bilmirəm. Bir vaxtlar vahid Tərcümə Mərkəzi vardı, indi bu məsələ ilə ayrı-ayrı nəşriyyatlar, universitetlər məşğul olurlar. Mənə elə gəlir ki, bu məsələyə daha ciddi yanaşmalıdırlar. Hər hansı bir dili bilən adam hələ yaxşı tərcüməçi demək deyil. Tərcümə sənəti göründüyündən daha mürəkkəbdir, sən tərcümə edərkən sanki başqa bir yazıçının həyatını yaşayırsan. Yuri Berzanan bir neçə maraqlı povestini oxumuşam və onlardan birini dilimizə çevirmək istərdim.
- Necə düşünürsünüz tərcümə sahəsində o qədər də təcrübəyə malik olmayan gənc yazarların iri həcmli romanları tərcümə etməsi doğrudurmu?
- Mən mühafizəkar adam deyiləm, gəncləri də qısqanmıram. Amma iyirmi yaşlı bir gəncin yaxşı roman yazacağına və ya tərcümə edəcəyinə inanmıram. Roman nədir, heç beş-altı hekayə yazmamış adamın roman tərcüməsinə cəsarət etməsi məndə təbəssüm doğurur. Təsəvvür edin ki, onluq kəsirdən xəbərsiz adam ali riyaziyyatdan məsələlər həll edir və ya not bilməyən adam simfonik poema bəstələyir. Əslində tərcümə problemlərimiz böyük bir söhbətin mövzusudur. Mən şəxsən yazıçı Den Braunun “Da Vinçi kodu”nu rusca və türk dilində oxumuşam. Deyim ki, Türkiyə variantını heç bəyənmədim. Türkiyədə Aleksandr Blokun şeirlərini biabırçı tərcümə ediblər. Bizim gənc yazarlar son zamanlar Türkiyədə nəşr olunan əsərlərdən təsirlənib tərcümə işinə girişirlər, mən gördüyümü deyirəm sizə....
- Şairlərin şeirlərində güzgü simvoluna tez-tez rast gəlirik. Amma siz həm şair, həm də rəssamsınız. Bu iki yaradıcı dünyanızda güzgünün bir rolu, özəl bir simvolik anlamı varmı?
- Biz intibah dövrü rəssamlarının əsərlərində tez-tez güzgü obrazına rast gəlirik. Güzgü və ya aynanın varlığı ədəbiyyatın, fani dünyanın və insan taleyinin rəmzi mənasında təsvir olunur. Güzgü obrazı, güzgü metaforası mənim aləmimdə çox önəmli nəsnədir. Güzgü real dünya ilə irreal dünyanın sınırıdır. Bəzən sənətkar bir güzgüdən çıxıb başqa bir güzgüyə girir, yəni zaman və məkan dışında səyahət edir. Mən röyaların gərçəkliklərə dönən yerində metafizik güzgülərin sirrinə vardım...
- Bu il sizdən yeni sərgi, ya da yeni bir kitab gözləyəkmi?
- Bir şeir kitabı, bir esselər toplusu hazırlamışam. Nazim Hikmət demişkən, üç cildimin üstündə oturmuşam. Amma bu kitabları çap etdirmək də para istəyir. Napaleon demiş: para, para, para... İnşallah, sağlıq olsun, baharda sizi fərdi sərgimə dəvət edəcəyəm.
- Ömrünüzü, sağlamlığınızı həsr etdiyiniz yaradıcılıq bu günə kimi sizə qazanc verə bilibmi?
- Şeir kitablarımdan heç nə qazanmamışam. Rəsmlərim alınıb, amma onlardan da aldığım pul ilə müalicə olunmuşam.
- Şeirlərinizdən birində yazırsınız ki, “Aya baxıb bir salavat çevirdim”. Bunun xüsusi bir səbəbi var?
- Yadımdadı, rəhmətlik nənəm həmişə güzgüyə baxanda salavat çevirərdi, güzgüyə baxanda salavat çevirmənin mənasını anlamasam da, bu, nədənsə mənə çox xoş gəlirdi. Nənəmi çox sevərdim, ona xoş gəlsin deyə güzgüyə baxanda, Aya baxanda salavat çəkərdim. Bəlkə bu qalıb bilincaltında.
Mömin adamlar canamazın üstünə güzgü qoyarlar, namaz bitəndən sonra o, salavat çəkərlər. Canamaza qoyulmuş güzgüyə salavat əslində Peyğəmbərin (ə.s) camalına çevrilmiş salavat sayılır. Hədislərdən birində Allahın rəsulu özünü güzgü adlandırır...
- Hazırda yazılarınız çap olunurmu?
-“Ekspress” qəzeti üçün yazıram. Hər şənbə orada mənim “Art-ekspress” səhifəm çap olunur. “Ulduz” jurnalında mənim guşəm vardı, “Adil Mirseyidin guşəsi” adlanırdı. Amma indi yaxşı təklif olarsa niyə də əməkdaşlıq etməyim? /teleqraf.com/
|