Sahilə İbrahimova: “Yazıçılığın şöhrəti sanballı, urvatlı şöhrətdi”
26.02.13

Müsahibimiz gənc yazıçı Sahilə İbrahimovadır.

İxtisasca tarixçi olan yazıçının indiyədək “Varlı kişinin portmanatı”, “Yuxarı və aşağı ətraflar” kitabları işıq üzü görüb. Müəllif 2009-cu ildə “Mən deyildim” və “Avqustun iyirmi üçünə üç gün qalmış” hekayələri ilə “Azadlıq” radiosunun – “Oxu Zalı”nın təşkil etdiyi “Ədəbi Azadlıq” qısa hekayə müsabiqəsində ilk onluğa düşüb. 2012-ci ildə Gənclər və İdman Nazirliyinin ədəbiyyat sahəsi üzrə “İlin Gənci” adına layiq görülüb.

– Müsahibələrinin birində “Mən oxunmaq istəyirəm” demisən. Yazıçı olmaq istəyin də bu arzudan qaynaqlanıb yəqin?

– Hə, bəlkə də o müsahibə məktəb dövründəkiləri çıxsaq, yazıçı kimi mənim ilk müsahibəmdi. Çünki daha öncələr məndən 1-2 tamaşada uşaq rollarını oynayan kiçik aktrisa kimi də müsahibələr almışdılar. “Ədəbi azadlıq” müsabiqəsinə qatılanda ilk dəfə İlqar Rəsul müsahibə almışdı, sual vermişdi ki, niyə yazırsan? Onda həmin cavabı vermişdim: Mən oxunmaq istəyirəm. Əvvəllər mən uzun müddət yazıçı olmaq istəmirdim. Heç ağlıma da gətirmirdim ki məktəbi qurtarandan sonra yazı-pozu ilə məşğul olacam. Hələ məktəbdə oxuduğum zamandan ədəbiyyatı çox sevdiyimə, digər fənlərə nisbətən daha yaxşı bildiyimə baxmayaraq filologiyanı seçmədim. Amma hamı məndən bunu gözləyirdi. Mən isə tarix ixtisasını seçdim.

– Daxilindən belə qaçış istəyi nəyə görə idi ki?

– Çünki mən hələ kiçik yaşlarımdan ədəbi aləmin içərisində idim, uşaq yaşımdan yorulmuşdum, yüklənmişdim. Anamla ədəbi tədbirlərə gedirdim, orada bəzən şeirlər oxuyurdum. Ona görə də mən uşaqlıqdan artıq ədəbiyyatdan doymuşdum, bu sahəni sevmirdim.

– Deməli, yazmaq istedadı sənə anandan keçib?

– Baxmayaraq ki, indi üzdə deyil, anam Almaz xanım kifayət qədər yaxşı yazıçıdır. Düşünürəm ki, anamın özünü yaxşı təqdim etmə qabilliyyəti olmayıb. Belə deyək, özünü övladlarına həsr edib. Amma bu, çox yanlışdır və mən həmişə buna görə onu qınamışam. Baxmayaraq ki, deyirlər, anamın ən yaxşı əsəri mənəm.

Amma mən elə bilirəm ki, bu, mənim üçün çox böyük məsuliyyətdir. İstəməzdim ki, anam yaradıcılığa sərf edəcəyi bütün enerjini bizə qurban versin. Kaş ki, bizə daha az enerji sərf edəydi, amma özü yaradıcılığı üzərində daha çox çalışaydı. Anam məni ədəbi tədbirlərə, şairlərin görüşlərinə aparırdı. Mənə şeir dedizdirirdilər, ilk dəfə altı yaşımda Xəlil Rza Ulutürklə bağlı tədbirdə şeir demişdim. Mənim üçün bu sadəcə anamın tapşırığı idi, vəssalam. Deyə bilməzdim ki, mən bunu sevə-sevə edirdim. Mənim üçün qətiyyən maraqlı deyildi. Baxmayaraq iki, bilirdim ki, bədii qiraət üzrə istedadım var. O da mənə anamdan keçmişdi. Onda çox sözəbaxan uşaq idim. Anam nə desə, eləyirdim.

Anam indi də o illərin xiffətini çəkir ki, hanı mənim o sözəbaxan qızım?

(gülür)

– Deməli, indi sözünə baxmırsan?

 – Deməzdim, elə köklü dəyişişklik olub. Amma o vaxt lap sözəbaxan idim. Anam qətiyyən mühafizəkar deyil, həmişə mənim seçimlərimlə razılaşır, hətta özü artıq indi məndən tez-tez məsləhətlər alır.  Amma yenə olur da...(gülür)

– Ailədə neçə uşaqsınız?

–Üç bacıyıq. Amma evin ilk uşağı idim, beş il də tək olmuşam. Mən evin ilki idim, beş il rəqabət olmayıb, bütün diqqət mənim üzərimdə idi. Ona görə mən həm çox yükləndim, həm də onlardan daha çox enerjini aldım.

Evin ilk uşaqları kimi onda sən də diqqət mərkəzində olmağı xoşlayırsan...

– Məncə, bunu hamı xoşlayır. Ancaq mən bəzən özümlə mübarizə aparıram ki, çox diqqət mərkəzində olmayım. Amma bunu bacarırammı? Yox.

– Bəzən deyirlər ki, yazıçıların yazmaq istəyinin əsasını diqqət mərkəzində olmaq, şöhrətlənmək arzusu təşkil edir?

 – Tamamilə razıyam. Axı yazıçılığın şöhrəti sanballı, urvatlı şöhrətdi. O digər şöhrətlərdən fərqlənir. O sənə daha ağıllı görkəm verir, sayılan edir. Bəlkə bir az təəccüblü səslənəcək, amma mən yazıçıları bir o qədər sevmirəm. Çünki mən onları kifayət qədər EQOlu insanlar sayıram.

– Söhbət hansı yaşda olan yazıçılardan gedir?

– Bütün yazıçıları nəzərdə tuturam. Mən yazıçıların bioqrafiyalarına nəzər salanda onların hansı əsəri hansı şəraitdə, hansı situasiyada yazmasını öyrənməyi xoşlayıram. Tədbirlərdə tez-tez verilən ənənəvi bir sual var: Siz niyə yazırsınız? Əvvəllər bu sualdan xoşum gəlmirdi. Çünki əksər yazıçılar buna cavab verə bilmirdilər, eləcə də mən özüm. İndiyə qədər də dolğun cavab verə bilmirəm. Amma indi düşünürəm ki, bu, yerində verilən sualdı. Corc Oruelin “Mən niyə yazıram” adlı essesi ilə tanış olanda artıq son dövrlərdə onun qənaətlərinə gəlmişdim. Çox təəccübləndim və təvazökarlıqdan uzaq olsa da çox sevindim ki, onu oxumamışdan əvvəl o qənaətlərə gəlmişəm. Onun kimi düşünmək belə hər halda uğurdur. Yazıçı yazmaq səbəblərini 4 punktda qruplaşdırmışdı. Siyasi ideallar və sair səbəbləri sadalamışdı. Amma xüsusilə vurğulamışdı ki, yazıçılar pula görə yox, sırf şöhrətə görə yazırlar. Mən də onu oxumamışdan belə fikirləşirdim ki, yazıçılar cəmiyyət onlarla hesablaşsın deyə yazırlar. Onlar istəyirlər ki, cəmiyyət onları eşitsin, onlarla hesablaşsın.

– Deməli, yazıçı eqosu daha böyükdü?

–Bəli, həm də daha qorxuludu. Yəni yazıçının istəyi, qalibiyyət arzusu reallaşmayanda yazıçı təhlükəli ola bilir. Bu mənim şəxsi qənaətimdi, ola bilsin, yanılıram. Baxın, insan bir dəfə qalib olub, sonra olmursa, o zaman o çox təhlükəli olur. Özləri üçün belə onlar təhlükəli olurlar. Belələri həyatlarını intiharla bitirirlər. Düşünürəm ki, yazıçılarla ehtiyatlı olmaq lazımdır.(gülür) Hələ uşaqlıqdan ədəbiyyatla o qədər yükləndiyimə baxmayaraq yəqin ki, həmin o EQO məni yenidən çəkib ədəbiyyata gətirdi. Çünki mən hələ uşaqlıqdan müsabiqələrdə qalib olurdum. O qalibiyyət sakit həyat tərzi sürməyimə imkan vermədi. Düşündüm ki, deməli mənim hələ deyiləcək sözüm var, o qalıb. Onu deməsəm, mənə rahatlıq verməyəcək. Birmənalı şəkildə özüm üçün aşkarladım ki, yazdıqlarımın oxunmasını istəyirəm. “Məni oxumasınlar, özüm üçün yazıram” deyənlərin səmimiliyinə inanmıram. O söz oxunmayan yazıçıların etirazıdır, incikliyinin ifadəsidir. O söz belə oxunmamağın acısıdır. Yazan oxunmaq istəyir.

– Oxumaqdan söz düşmüşkən, kimləri mütaliə edirsən?


– Bizim ədəbiyyatdan, demək olar ki, hamını oxumağa çalışıram. Xarici ədəbiyyatdan da əlimə nə keçirsə, oxuyuram. Mütaliəm son 2-3 ildə kifayət qədər davamlıdır.

– Xüsusilə sevdiyin yazıçılar varmı?

– Yox, mən artıq bədii ədəbiyyatdan xüsusi zövq almaq üçün, əylənmək, vaxtımı öldürmək məqsədilə istifadə etmirəm. Mənim üçün oxumaq artıq peşəkarlıq üçün bir addımdır. Bunu sistemə salmışam. Tutaq ki, gündə 15-20  səhifə oxumalıyam. Bu mənə lazımdı. Sözsüz ki, mən orada elə bir abzasa rast gəlirəm ki, düşünürəm, bu, əsl tapıntıdır, bu zaman ondan zövq alıram. Amma oxumağa sırf zövq almaq xatirinə başlamıram. Əvvəllər daha çox əsər mənə əhval-ruhiyyəmi diqtə edirdi, indi isə mən əsərə əhval-ruhiyyəmi diqtə edə bilirəm. Yəni imkan vermirəm ki, hansısa film, yaxud əsər mənim gündəlik həyat tərzimi dəyişsin, oradakı aura məni çox uzun müddət öz sehrində saxlasın.

– Belə çıxır ki, onda həyatının kitabı da yoxdu?

– Yox, belə bir konkret kitab yoxdu. Amma Cek Londonun “Martin İden” əsəri uzun müddət sevimli
kitabım olub. İndinin özündə də sevimli kitabımdı. Onu oxuyanda gözüm açıldı, bildim ki,  şöhrət və insanın dəyəri nə deməkdi. Bildim ki, əslində insana verilən dəyər İNSANa verilən dəyər deyil, onun ətrafında olan şöhrətə, parıltıya verilən dəyərdi.  Bunun önəmini anladım. Bunu sadəcə misal kimi çəkdim. Hər bir əsərdən bir qənaətə gəlirəm. Çünki biz həyatımızı bir qənaət üzərində qurub yaşamırıq. Ən azından mən belə yaşaya bilmərəm. Mənim bir həqiqətim yoxdur ki, onun qulpundan tutub deyim ki, bununla gedirəm.

– Nədir sənin əsas həqiqətin?

– Daim həqiqət axtarmaq, həqiqətin tərəfini saxlamaq, həqiqət sandığımı müdafiə eləmək. Ən böyük həqiqət ən böyük həqiqəti axtarmaqdır. Amma hələ tapmamışam. Düşünmürəm ki, o tapılır.

– Martin İden şöhrətini arzulayırsanmı? Düzdür, bizdə hələ nəşriyyat işi, kitab industriyası “Martin İden”də təsvir olunan vəziyyətdə deyil, amma hər halda?

– Əlbəttə, kim istəməz ki? Bir halda ki, bu işə məhz oxunmaq, eşidilmək istədiyimə görə başlamışam. Fasebookda status olaraq yazmışdım ki, Murakamiyə Yerusəlimdə mükafat verilməli idi. Və yapon gəncləri üsyan edirdilər ki, görmürsənmi, İsrail Qəzzadakı insanların başına nə oyun açır, niyə ora gedirsən? Yazıçını boykot etməklə hədələyirdilər ki, ora getsən, sizin kitabları daha oxumayacağıq. Murakami daha yaxşı yol seçdi. Ora getdi və səhnədə çıxışında bildirdi ki, mən bura ona görə gəlmişəm, deyim ki, sizin dövlətiniz Qəzzaya qarşı haqsızlıq edir. Bu, yazıçının uğuru idi. Mən bundan böyük uğur təsəvvür eləmirəm. Yaxud Orxan Pamuku baş nazir yeməyə çağırır, o isə  sadə bir balıq lokantasında nahar etməyi üstün tutursa, bu fakt yazıçının dövlətə, qanunlara belə qalib gəlməsini göstərir. Yəni, artıq yazıçı dövlətin dediyinə baş əymir, əksinə, dövlət yazıçının nazı ilə oynayır. Düşünürəm ki, bu, artıq eşidilməyin pikidir. Belə insanı qalib insan sayıram.

– Yazar həmyaşıdlarını oxuyursanmı? Onlarda xoşlayıb xoşlamadığın cəhətlər hansılardır?


– Əlbəttə, oxumağı və müqayisələr aparmağı sevirəm. Ümumiyyətlə, insanlar həmişə başqalarını tanımaq istəyirlər. Düzdür, yazıçını əsərindən tanımaq çətin olsa da hər halda müəyyən təsəvvürə malik olmaq mümkündür. İndi stabil işimlə əlaqədar tədbirlərə tez-tez qatıla bilməsəm də, ədəbi mühitlə kifayət qədər tanışam. Gəncləri də mütəmadi oxuyaram. Sözün açığı, gənclərdə təqlidçiliyi bəyənmirəm. Düşünürəm ki, gənclik bu gün yaşlı təbəqə ilə daha çox ünsiyyətdə olduğundan, onlarla eyni məclisləri paylaşdıqlarından yeni cığır aça bilmirlər. Bilməyərəkdən, istəməyərəkdən yaşlı nəsli təqlid edirlər. Bəlkə mən də onlar kimi həmin təbəqə ilə daha çox ünsiyyətdə olsaydım, məndə də təqlidçilik olardı, bəlkə də var, bilmirəm. Amma hər halda digərlərini müşahidə edəndə mən bunu görürəm. Elə bil ki, vaxtından tez qocalma, vaxtından əvvəl nihilizmə meyil görürəm. Yalançı müdrik, yalançı dərdli obrazının yaradılması və sair...Mən bu obrazları sevmirəm. Çünki həyatımız kifayət qədər yüklüdür. Onu bir də yazıçıların yükləməsi, düşünürəm ki, eqoizmdir.

– Bəs sənə hansı obraz uyğundur?

– Mən mərhəmətli insanları sevirəm. Mənə uyğun obraz belədir; haylı-küylü, “mən qisas alacam, dağıdacam, sökəcəm” desə də, sökmə, anı gələndə mərhəmət hissi  ona mane olsun, pislik etməyə icazə verməsin. Belə insanları daha çox sevirəm.

– Gənc Ədiblər Məktəbinə gəlirdin. Bu məktəb sənə nə verib, oradan nə əxz eləmisən?

–  Səhv etmirəmsə, Gənc Ədiblər Məktəbinin 24 görüşü olub. Mən cəmi iki dəfə orada olmuşam. Birinci gəlişimdə Qismət Bakı haqqında şeirini oxumuşdu. Çox gözəl şeir idi. Üstündən uzun müddət keçəndən sonra sonuncu görüşlərin birinə gəlmişdim, yenə Qismət Bakı haqqında şeirini oxuyurdu (gülür). Məktəbin mənə nə verməsinə gəlincə, diplom, sertifikat məsələlərinə bir az simvolik baxıram. Bunlar mənim üçün heç vaxt maraqlı olmayıb. Yəqin ki, bu uşaqlıqdan xeyli fəxri fərman və sertifikatlar almağımla bağlıdır. Gənc Ədiblər Məktəbi mənə çoxlu yeni, istedadlı  simalar tanıtdırıb.
Cavid Zeynallını, Zərdüşt Şəfini, Qisməti, indi üzdə olan, bəyəndiyim gənc yazarları oradan tanımışam. Orada ədəbi mühitə daha yaxın olmuşam. Ən azından, hər dəfə toplantıdan əvvəl Zərdüşt mənə mesaj yazanda yadıma düşürdü ki, mən də yazıçıyam. O vaxta qədər çox yazmırdım. Yazıçı olmaq haqqında ciddi fikirləşmirdim. Gənc Ədiblər Məktəbinə getməyi mənə İlqar Fəhmi məsləhət görmüşdü. İlqar Fəhmiyə hekayəmi təqdim edəndə demişdi ki,  mənə yazılarını verən bəzilərinə dolayısı ilə deyirəm ki, yazma, amma sən yazmalısan, yaz. Buna qədər mən bu sahəyə dırnaqarası baxırdım. Amma artıq 2-3 ildir ki, kifayət qədər ciddi yanaşıram. Həmin vaxt daha çox işlərimlə məşğul idim. Fikrimi daha çox dil biliklərimin artırılmasına yönəltmişdim.

– Hansı dilləri bilirsən?

– Elə hamının bildiyindən – rus, ingilis, türk.

– İngilis dilini nə səviyyədə bilirsən, hər hansı hekayəni bu dilə çevirə bilirsən?

– Yox, ingilis dilini gündəlik danışıq səviyyəsində bilirəm. Dil daşıyıcısı olaraq tərcümə edə bilmərəm. Məni çox narahat edir ki, hazırda Azərbaycanda ingilis dilinə normal bədii tərcümə edən tərcüməçi yoxdur, ya da var, mən tanımıram. Adını çəkmək istəmirəm, bir nəfər tərcüməçi tapmışdım, əsərimi tərcümə üçün göndərdim. İki günə hekayəni tərcümə elədi. Tərcümə eləyən kimi də zəng vurdu ki, tez pulumu göndərin. Quru tərcümə idi. Əcnəbi bir tanışıma göstərdim. O da dedi ki, yox, alınmayıb. Tərcüməçiyə sadəcə nəzakətlə sual verəndə isə o qışqırmağa başladı. Anladım ki, tərcüməçinin deyəsən psixoloji problemləri var. Başqa, səviyyəli bir tərcüməçi isə tapa bilmirəm. Kiməsə tərcümə etdirirəm, sonra dil daşıyıcılarına göstərəndə onu bəyənmirlər, deyirlər ki, məzmun pis deyil, amma lazım olan kimi alınmayıb. Bizdə bədii tərcümə çox problemli sahədir. Azərbaycan yazıçılarının ədəbiyyat sahələrində əcnəbi həmkarları ilə rəqabətə girməsi üçün yaxşı tərcüməçilərin olması mütləqdir. Onlarsız dünyaya çıxmaq mümkün deyil.

–Dediyin kimi səhər 9-dan axşam 6-ya qədər işdə olursan. Bədii yaradıcılıq üçün vaxt qıtlığı çəkmirsən?

– Hələlik subay olmağım mənə əlavə avantajlar verir. Ona görə çalışıram ki, hər şeyi üst-üstə, tez-tez edim. İşim az olanda mən heç nə eləmirəm, amma işim çox olanda hamısını çatdırıram. Onu orda, bunu burda, tez yerinə yetirirəm. Hər şey onda əla olur, günün sonunda özümə hesabat verəndə razı qalıram. İndiyə qədər işdə bir cümlə belə yazmamışam. Çünki mənim 9-dan 6-ya olan saatım işəgötürənin saatıdır. Yazsam, elə bilərəm ondan oğurlayıram. Düzdür, Fasebooka- zada girirəm, amma bunu hamı edir də, tək mən deyiləm ki... (gülür) Adətən axşamlar yazıram. İstirahət günlərindən birini isə mütləq səhərdən axşama kimi evdə olmalıyam. Həmin günlərdən birini hətta Maldiv adalarında istirahət etsəm belə, o mənim günüm olmur, yoruluram. Mənim üçün istirahət yatmaqdır. Bir günü isə paltar almağa, dostlarla görüşə gedə bilərəm. Boş olanda yazıram.

– Orijinal məzmunlu hekayələrin var. Amma “Varlı kişinin portmanatı” hekayən mənə Rəşad Məcidin “10 sentyabr” hekayəsini xatırlatdı...

– Bir dəfə Rəşad müəllim də bunu mənə demişdi. Onda heç “10 sentyabr”ı oxumamışdım. Rəşad müəllim oxşarlıqlar olduğunu deyəndən sonra həmin hekayəni oxudum. Gördüm ki, doğrudan da bəzi oxşarlıqlar var.

– Sənin yaradıcılığında ən çox dili tənqid edirlər. Bunu necə qarşılayırsan?

– Düzdür, yazılarımda dili tənqid edirlər. Bəzən qəsdən qaydaları özüm pozuram. Mən şablonçuluğu sevmirəm. Deyim ki, bu azadruhlu olmağımdan irəli gəlir, yox. Müəyyən çərçivələrim var. Hətta mənə bir neçə dəfə deyiblər ki, çox çərçivəlisən, bundan çıxmağa çalış. Dildə cığallıq etməyi xoşlayıram.
Bəzən bunu bilərəkdən eləyirəm. Bir neçə həftə bundan əvvəl bir redaktora hekayəmi göstərdim, o təxminən yeddi yerdə qeydlər etmişdi. Hamısını əsaslandırdım və o mənimlə razılaşdı. Əvvəllər dildə hoqqa çıxarmağım bədahətən alınırdı, sonra gördüm ki, bu, adamların xoşuna gəlmir.  Birinci kitabımda- “Varlı kişinin portmanatı”nda xeyli səhvlər var, ona ümumiyyətlə, dəymirəm. İkinci kitabımda isə – “Yuxarı və aşağı ətraflar”da sözlərin, söz birləşmələrinin arxasında mən durmuşam.
Onları qəsdən eləmişəm, dəyişmək fikrim də yoxdu. Dillə bağlı mühafizəkarları anlaya bilmirəm. Düşünürəm ki, dili bir az bəzəndirib düzəndirmək lazımdır. Dili çox mühafizəkar, dəyişməz çərçivələrə salanlarla razı deyiləm ki, bədii əsərdə “iddia”, “təmin” kimi sözlər işlənməməlidir. Mətnin içərisində hətta iqtisadi terminləri işlətmək belə mümkündür. O baxır sənin tərzinə, ifadə seçiminə. Son günlər məşhur bəstəkar Haydn haqqında oxuyuram. Çox vaxt Haydnın bəstələri Motsartla Bethovenin kölgəsində itir. Halbuki, Motsart “Haydnın tələbəsi olmaq üçün hər şeyimi verərdi” deyirdi. Bethoven onun qarşısında baş əyməyi arzulayırdı. Amma buna baxmayaraq tarix Haydnı bir az unudur. Ömrünün axırlarında Haydn deyir ki, kaş ki mən Motsart olardım: “Çünki Mostart öz əsərlərində tez-tez cığallıq edirdi”. Ümumiyyətlə, o, hoqqabaz adam olub. “Motsart və Salyeri” filmində də bu, görünür. Haydnın da belə deməyi fikrimi daha da qətiləşdirdi ki, Motsart yaradıcı hoqqabaz olub və bu, onu dahi eləyib. Məlumdur ki, məşhur varlı ailələr həmişə böyük bəstəkarları himayə edirdilər. Haydn da o məşhur ailələrin bəstəkarı olub. Onların qulaqları konkret ritmlərə öyrənmişdi, ona görə Haydn da o çərçivələrdən çıxa bilmirdi. Bəzi qısa sonatalarında bəstəkar özünə sərbəstlik verib. O yazır ki, məhz o sərbəstliklər, o qaydaları pozmaq ona daha çox xoş gəlirdi. Mən də düşünürəm ki, qaydaları pozanda ortaya yeni nə isə qoymaq olur. Demirəm ki, məndə mükəmməl alınır, amma çalışıram ki, yazıda, dildə qaydaları pozum.

– Nasirliyi seçməyindən də, danışığından da anlaşılır ki, romantik deyilsən...

– Doğrudur, mən romantik deyiləm. Hansısa filmdən, şeirdən təsirlənib ağlamaq mənlik deyil. Amma detallara fikir verməyi çox sevirəm. Yəni bir filmə baxanda onun çəkiliş texnikasını öyrənməyə çalışıram, “mətbəx”inə girməyi sevirəm. Bir müstəntiq rəfiqəm var. Ondan xahiş eləmişəm ki, hadisə yerinə gedəndə prosesə, detallara fikir versin, sonra onları mənə danışsın. Belə detallar mənə çox maraqlıdır. Məsələn, o danışır ki, bir qadın intihar eləyəndə əri əlini uzadır və qadın damdan düşəndə barmağının ucu onun barmağına dəyir. Bunları eşidəndə o qədər gücsüzlədim ki, o toxunuşu bütün bədənimdə hiss elədim. Mənim romantikam budur, belə səhnədən kövrələ bilərəm. Yaxud da rəfiqəm danışır ki, digər bir hadisə yerində gördüm ki, stolun üstündə doğranmış göyərti, kasanın içində sındırılmış yumurta var. Yəni o qadın düşünürdü ki, axşama uşaqlarına nəsə hazırlasın. Ancaq dözə bilmədi, intihar elədi. Bu, artıq məni tamamilə sentimentallaşdıran bir nüansdır.

– İndi nə yazırsan?

– Hazırda üzərində işlədiyim əsərin detektiv süjet xətti var. Amma  tam detektiv də deyil. Sadəcə, olmuş hadisənin bəzi nüanslarını götürmüşəm, amma ona tamam başqa fəlsəfi don geyindirməyi düşünürəm. Hələ ki, az bir hissəsi yazılıb. Beynimdə mövzunu “bişirmişəm”, sadəcə onu boşqablara töküb servis eləmək lazımdır. Maraqlı alınacağını düşünürəm, sevə-sevə  işləyirəm. Adını müəyyənləşdirmişdim. Əsərdə dejavüdən söhbət getdiyi üçün “Səni tanıyacam” qoymaq istəyirdim. Qismət dedi ki, bu, bir az verilişin adına oxşayır. Reinkarnasiyaya görə, insanlar keçmiş həyatda gördükləri, baxdıqları bir şeyi indiki həyatlarında görəndə tanıya bilərlər. Əsərdə ayrıldıqlarına baxmayaraq, oğlan qıza deyir ki, mən sənə çox baxmışam və səni yadımda saxlamışam, növbəti həyatda səni tanıyacam. Həyat yoldaşı əcnəbi olan azərbaycanlı qız, qaraçı qadın və şair oğlan əsərin əsas obrazlarıdır. Adı yəqin ki, dəyişəcəm. “Ürək çatışmazlığı” qoymaq istəyərdim. Həm ürəkliliyin olmadığını, onun çatışmadığını, həm də tibbi mənada.  Bununla sözü oynatmaq olardı. Onda da dedilər ki, noldu elə, “Yuxarı və aşağı ətraflar”, indi də “Ürək çatışmazlığı”? Bir sözlə, xalis anatomiya... Yeri gəlmişkən qeyd edim ki, ən çox sevdiyim sənət həkimlikdir. Baxmayaraq ki, ailəm də çox istəyərdi ki, mən həkim olum. Marağım yoxdu, bu işi bacarmazdım, amma yaxşı həkim pərəstiş obyektimdi. Həkimlik mənim üçün çox müqəddəs bir peşədi. Hərdən internetdə əməliyyatlara baxıram, görürəm ki, yox, mənlik deyil. Əsər yazanda tez-tez həkimlərdən məsləhət alıram. Həkimlərlə yazıçıları müqayisə edəndə düşünürəm ki, həkimlər çox şanslıdırlar. Çünki onlar xəstələrin sağaldığını, işlərinin nəticəsini tez görə bilirlər. Həkimlər iki həftəyə kiminsə əyri burnunu düzəldib onu gözəlləşdirirlər. Yazıçılar isə daima axtardıqları sualların cavabını tapa bilmirlər. Nə öz əsərlərində, nə də cəmiyyətdə. Cəmiyyət qarşısında çox sual qoyan yazıçılar axtardıqlarına  cavab ala bilməyəndə intihara əl atırlar. Yazıçılar işlərinin nəticəsini görə bilmirlər.

– Görkəmli mütəfəkkirlərin bəziləri  qadını kitaba bənzədirlər və onu “oxumağın” çətinliyindən gileylənirlər. Sizcə, yazıçı qadını kim “oxuya” bilər?

– Kitab ümumiyyətlə, maraqlı olmalıdır ki, onu oxumaq istəsinlər. Hər adamın da öz kitab zövqü var. Qadınlar da kitablar kimi məzmununa görə fərqlənirlər. Baxır hansı kişi hansı qadını “oxumaq” istəyir? Elə qadınlar var ki, onları “oxumaq” doğrudan da çətindir. Mən bu dünyaya yük olmaq, bu dünyanı daha da problemli göstərmək, eybəcərləşdirmək istəmirəm. Ona görə də maksimum çalışıram ki, dərdli, pessimist görünməyim. İstəmirəm ki, ətrafımda olan insanlar mənim dərdimin dərdini çəksinlər. Həmişə ah-uf edən insanları qınayıram. Hətta Fasebookda da statusu ciddi yazdığımı hiss edəndə tez onu yumşaltmağa çalışıram. Yazanda da fikirləşirəm ki, mənim bu əsərimi ölümün bir addımlığında olan, intihar etmək fikrində olan biri oxuya bilər, gərək elə yazım ki, bununla onu uçurumdan aşağı itələməyim.

– Yəqin ki, bütün subay qızlar kimi sənə tez-tez verilən məlum sualdan bezirsən?

– Düzdür, bezirsən də sözdür? Dostlarım həmişə soruşur ki, hələ ağ atlı şahzadən gəlməyib? Zarafatla cavab verirəm ki, gəlib, amma ağ atda, yox, eşşəyin üstündə gəlib.(gülür) Son vaxtlarda mənə verilən ilk sual budur: hələ ərə getməmisən? Bu sualı tez-tez verənləri “qara siyahı”ya salmışam, onlardan qaçıram.

– Bayaq dedin ki, son yazdığın əsərdə əcnəbi ilə evlənən azərbaycanlı qız obrazı var. Özün necə, əcnəbi ilə ailə qurarsanmı?

– Balaca olanda deyirdim ki, böyüyəndə zənciylə ailə quracam. Aralarında zənci olmasa da, bir neçə dəfə əcnəbidən evlilik təklifi almışam. Əcnəbi ilə ailə qurmamaq kimi bir qadağam da yoxdur. Olsa da  olar.

– Ümumiyyətlə, ailə qurmaqla bağlı düşüncələrin nədən ibarətdir?

– Ailə qurmaq çox ciddi məsələdir. Ailə qurarkən düzgün seçim etmək lazımdır. Mənim ailə quracağım insan güzəştə getməyi bacarmalıdır, mərhəmətli olmalıdır. İnsan yaşamağı da, səhv eləməyi də bacarmalıdır. İnsan mükəmməl ola bilməz. Həmişə bu mövzuda sual veriləndə “Doqvill” filmində qızın atası ilə son dialoqunu misal çəkirəm. Orada o, qızına deyir ki, sən özündən çox razısan əslində: “Çünki sən daima insanlardan yaxşı olmaq istəyirsən. Bu, sənin onlara olan sevgindən deyil, özünü onlardan daha üstün tutmağından irəli gəlir. Daima göstərməyə çalışırsan ki, insandan yaxşısan. Sən insandan yaxşı ola bilməzsən. İnsansansa, səhvin də olacaq, pisin də, yaxşın da olacaq”. Pislik etməyi bacaran adam mənim adamım deyil. İstəyirəm yanımda da olan adama görə daima gözəl olmağa çalışmayım, ona baxanda  daha yaxşı insan olmağa can atım. /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.