Türkiyənin populyar detektiv romanı Bakıda nəşr olundu
22.02.13
Tanınmış Türkiyə yazıçısı, “Kurtlar Vadisi” serialının ssenari müəlliflərindən olan Ahmet Ümitin həm öz ölkəsində, həm də beynəlxalq kitab bazarında yüksək tirajla satılan “Sis və gecə” detektiv romanı Azərbaycan dilinə tərcümə edilərək çap olunub..
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, “Sis və gecə”nin Azərbaycanda çap olunması və yayımı üzrə hüquqlar yalnız adıkeçən nəşriyyata məxsusdur. Kitabın tərcüməçisi Rüfət Əhmədzadə, redaktoru Oktay Hacımusalı, naşiri isə Müşfiq Xandır.
Bildirilir ki, bu kitab Azərbaycan oxucularının müasir Türkiyə ədəbiyyatı ilə tanışlığını artırmaqla yanaşı, həm də detektiv janrında maraqlı bir nümunə kimi Azərbaycanın kitab bazarına daxil olacaq.
Əsərdə Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) fəaliyyətindən bəhs olunur, sosial və siyasi narazılıqları olan və solçu ideyalara rəğbət bəsləyən gənclərin bəzi cinayətkar qruplar tərəfindən terrora sövq edilməsinə toxunulur.
Həmçinin “Sis və gecə”də solçu qrupa qoşulmuş gənc qız Minə ilə evli MİT əməkdaşı arasında olan münasibətlər, onların həyat hekayələri oxucular üçün ibrətamiz nümunələrdən sayıla bilər. Şıltaq Minə ilə münasibət yaşayan Sədat bəy bu müddətdə öz ailəsinə qarşı da sevgisinin yarandığını hiss etməyə başlayır, vicdanı ilə çəkişir. Lakin Minə yoxa çıxdıqdan sonra, onun vicdan əzabları daha da artır… /oxuzali.az/
|