80-lərdən olan Zahid Sarıtorpaqla müsahibə
19.02.13

- Sənin də mənsub olduğun 80-ci illər nəslini itmiş nəsil adlandırırlar. Səhv eləmirəmsə bu ifadəni ilk dəfə yazıçı Elçin işlədib.  Necə bilirsən, bu doğrudurmu?

 

- Bilirsən, Murad, birincisi mənim üçün ədəbi nəsil anlayışı yoxdu, ədəbiyyat anlayışı var. Çünki yazar özü nə qədər zaman faktı olsa da, ədəbiyyatda zaman faktı yoxdu qənaətimcə, bu amil nəsil söhbətinin üstündən xətt çəkir. Amma bununla belə o illərdə ədəbiyyata gələnlərlə bağlı belə fikir səslənirsə ki, bu nəsil itmiş nəsildi, burada bir neçə məqam var: məncə 80-cilər özlərindən əvvəl gələnlərlə sonra gələnlər arasında bir cərəyan ötürücüsü kimidi. Deyirlər, bir əliylə cərəyan vurmuş adamın əlindən yapışıb onu xilas etmək istəyən adam o biri əliylə kimdənsə yapışırsa özü sağ qalır, yapışdıqları ölür. Biz altımış-yetmişincilərlə özümüzdən sonrakı nəslin arasında bir cərəyan ötürücüsü kimiyik... (Gülür).  Hələ bilmək olmaz kim itkindi, kim sağdı, kim ölü...

 

- Amma yenə də qəbul edək ki, bu nəsli təmsil edənlərdən barmaq hesabı adları, məsələn, səni, Əlisəmid Kürü, Adil Mirseyidi, Nəriman Əbdülrəhmanlını, mərhum yazarlarımı Eyvaz Əlləzoğlunu, Şaiq Vəlini və bir neçə üzdə olan imzanı istisna etsək, demək olar, ortada boşluq görünəcək. Hələ sən də, yenicə dünyasını dəyişmiş dostumuz Şaiq Vəli də uzun illər ölkədə olmamısız, ədəbi mühitdən uzaq olmusuz.

 

- Nə olsun? Əvəzində sən, Həmid Herisçi, Rasim Qaraca... mühitdə olmusuz. Özü də yaxşı mənada az iş görməmisiz.

 

- Biz sonrakı nəsli təmsil edirik.

 

- Doğrudan elə fikirləşirsən?.. Elə fikirləşirsənsə, qoy olsun. Dediyim kimi nəsil söhbəti boş şeydi, ədəbiyyat nəsə dəyərli bir şey qazananda nəsil heç yada düşmür.

 

- Mənim dediyim, gerçək reallıqdı. Hə... Biz özümüzdən sonra gələnlərlə daha sıx  təmasda olduq, daha çox iş gördük. Odur ki, 80-cilərdən xeyli uzaqlaşdıq, dostluq əlaqələrimiz öz yerində, amma yaradıcılıq əlaqələrimiz arasında körpülər demək olar ki, yoxdu.

 

- Zənnimcə, bizdə ədəbi nəsil deyilən məsələyə yanlış yanaşılır. Başqa ölkələrdə çox gözəl örnəklər var. Ədəbi mühit nəsillərə bölünmür, yaxınlıq qruplarına ayrılır. Məsələn, Türkiyədə yazarları bir araya zövq, daha doğrusu, ədəbi cərəyan yaxınlıqları gətirmirmi? Təsəvvüf şairləri, klassik şeir yaradıcıları, sürrealist, modernist, posmodernist və sair  yazarlar əqidələrinə uyğun çeşidli dərgilər buraxır, saytlar yaradır və onların ətrafında birləşirlər. Bu qruplar mənsub olduqları ölkənin ədəbiyyatının ümumi mənzərəsini yaradır, daha bizdəki kimi biri özünü gözə soxub gündəmə gəlmək üçün başqa cür düşünən, başqa cür yazan yazarları aşağılamır. Sözsüz ki, sonda zamanın xəlbirindən barmaq hesabı imzalar keçir, bundansa ədəbiyyat udur. İyirminci əsrin əvvəllərində Rusiyadakı dekadent cərəyanını xatırla – imajistləri, simvolistləri, futuristləri...

 

- Söhbətimizin əvvəlinə qayıdaq: bir neçə məqam var deyirdin...

 

- Bu məqamlardan biri də odur ki, bizim yaradıcılığımız ictimai-siyasi formasiyaların kəllə-kəlləyə gəldiyi, inqilabi dəyişikliklər yaşanan bir dövrə təsadüf etdi. Qənaətimcə, ömrü-günü, yaradıcılığının qaynar çağı belə bir dövrə düşən, gündə bir sarsıdıcı informasiya yağışı altında qalan yazarlar çox bədbəxt bir yaradıcılıq taleyi yaşayırlar. Bir misal çəkim, yadına gəlirsə, qanlı 20 yanvar hadisələrində fotolarda, videogörüntülərdə sahibsiz kəsik bir qol nümayiş etdirirdilər və mən o çılğın vaxtlarımda hər dəfə elə bilirdim ki, o qol mənimdi... o, mənim qələm tutan əlimdi... Bəlkə də bu üzdən neçə il əlimə qələm almadım. Elə bilirdim, qələm tutan əlim o qanlı tarixin amansız tankları altında qalıb xıncım-xıncım olub... Hətta bir ara düşünürdüm ki, hər şey bitdi, day mən heç vaxt yaza bilməyəcəm... Sözsüz ki, bu, psixikamdakı ağır sarsıntının işiydi. Daha bir faktorsa, bu formasiyaların birindən digərinə adaptasiya olmaq zorunda qalmış  yazarların düşdükləri durumuydu. Bundan da dəhşətlisi, sən də razılaşarsan ki, ən çox bizim ömrümüzü vurmuş yaşanan müharibə faktorudu. Ola bilsin ki, qəddar  zamanın bu psixoloji basqısı bizim nəsli aciz durumuna saldı və o, nəinki ədəbi gündəmdən, hətta özü-özündən də itkin düşdü. Mən belə düşünürəm. Güman ki, başqa səbəblər də var...

 

- Səninlə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşuq.  Yadıma gəlir, diplomunu almağa gəlmişdin. Möhkəm vurub bir də ayıldıq ki, Sankt-Peterburqda, dostumuz Mahir Bayramın yanındayıq. Bizi oraya başımızın dumanından çox Sözə olan sevgimiz, Sözü dartışmağımız üçün uzun bir yol, uzaqlara getmək romantikası aparmışdı. O üç-dörd günü necə gözəl keçirməyimizi də xatırlayıram. Belə-belə şeylər olurdu... Sən sonralar ölkənin burulğanlı vaxtlarında yenidən Moskvaya qayıtdın,  amma bu dəfə çörək dalıyca...

 

- Düzdü... Hə, getmişdik Peterburqa. Hələ yadındadısa, qayıdanbaş vağzalda işləyən bir erməni qadın bilet alanda başımıza oyun açdı, savaşdıq. Ölkədən getməyimi xatırlatdın. Başqa əlacım yoxuydu. Burda iş yox, güc yox, neyləyəsiydim ki?.. Ailəni, uşaqları saxlamaq lazım idi. Hansı zülmlərlə üzləşdiyimi danışmağa ehtiyac yoxdu məncə, çünki bunlar çoxumuzun başına gələn şeylərdi. Amma onu da deyim ki, ədəbi "mən"imlə yaşam "mən"imin arasında çox qalın və çox ağır bir "zireh" gəzdirməyə orada vərdiş elədim – qürbətdə. Yəni adına "zireh" dediyim və min bir əzabla qurduğum o psixoloji baryerin hesabına gündüzlər işimin-gücümün adının nə olmasından asılı olmayaraq, gecələr asanlıqla o qılafın içindən çıxaraq qələm kağıza yaxın dura bilirdim. Beləliklə, harada yaşamağımdan, nə iş görməyimdən asılı olmayaraq həmişə özümü ədəbiyyatın içində hiss etmişəm. Qayıdandan sonra öyrəndim ki, mən buralarda olmayan dönəmlərdə, sağ olsunlar, dostlar məni məndən xəbərsiz dəfələrlə çap ediblər. Yəni belə götürəndə özümü itkin filan hesab etmirəm, sən demiş.

 

– Altı-yeddi il olar gəlmisən, oralar səni çəkirmi yenə?

 

– Bizim genimizdə bir köçərilik kodu var. Haradı, bilmirsən, amma uzaqlar,  məchullar həmişə bizi çəkməlidi və çəkir də. Hələ gənclikdə bir şeirimdə demişdim: "Nə bilirik sonunda nə durur bu çöllü-biyabanın..." Hərdən qürbətlər üçün də darıxır adam. Buralarda darıxmağıma vətəndaş cəmiyyətimizdəki zəiflik, toplumda gördüyüm vecsizliklər  səbəb olur. Bir misal çəkəcəm. Lap tarixinəcən deyə bilərəm, 2006-cı ilin fevralında Moskvanın Siren bulvarıyla 5-ci Park küçəsinin kəsişməsində  "Daevo" markalı bir avtomobil işıqforu qırmızıda sürətlə keçərək mənim "Jiquli" markalı maşınımı yolun ortasında çox pis vurdu, maşınların hər ikisi sıradan çıxdı, xüsusilə də mənim maşınım. Özümə heç nə olmasa da maşından ələ gələsi heç nə qalmadı. Bir də gördüm bir neçə nəfər maşınıma yaxınlaşdı və öz pasportlarını çıxararaq nömrələrini qeyd etməyi mənə tövsiyə etdilər. Soruşanda ki, bəs "niyə?" dedilər ki, taqsırın o biri avtomobildə olduğunu gördük, iş bərkə düşsə, şahidlik etməyə hazırıq.

 

– Maraqlıdı... Görəsən bizdə eləyərdilər? Zahid, mən inanıram ki, həm də o adamların heç biri nə namaz qılan olub, nə oruc tutan. Amma buna baxmayaraq, vicdan yiyələri olublar...

 

– Gəl qarışdırmayaq, dinin, ibadətin bu məsələyə nə dəxli, məsələ burda vətəndaş həmrəyliyindən gedir, sözümün canına qulaq as. Hə, elə bu vaxt o biri avtomobilin sahibi yaxınlaşdı, gözünə gün düşdüyündən işıqforu seçə bilmədiyini deyərək dönə-dönə üzr istədi. Nə isə, abırlı bir adama oxşayırdı. Vizit kartını verdi, bu günlərdə mütləq zəng etməyimi xahiş etdi. Sonradan məlum oldu ki, o, hansısa bir milis şöbəsində cinayət axtarış şöbəsinin rəisidi, özü də podpolkovnikdi. Orada qəza zamanı prosedur çox asandı, zəng edirsən, sığorta şirkəti gəlib fotolar çəkir, yol avtomobil müfəttişi heç kimi dindirmədən hadisənin sxemini cızır və çıxıb gedirlər. Sənə dəymiş ziyanı ən geci iki həftəyə bütünlüklə alırsan. Mən o adama zəng eləmədim, bununla belə o məni tapdı və bir daha üzr istəyib sığortadan aldığımdan əlavə üstəlik mənə pul da verdi. Soruşanda ki, niyə belə edir, dedi: "qoy halallıq olsun". İndi özün tutuşdur, bu hadisə bizdə baş versəydi necə olardı?.. Hə?.. Bütün bu dediklərim tam əksinə olmayacaqdımı? Görənlər gözünü yumub keçəcəkdi, vurana, taqsırkara vəzifəsinə görə "gözün üstə qaşın var" deyən olmayacaqdı, heç bir sığorta şirkəti sənə qəpik də verməyəcəkdi, səni taqsırlı bilib nahaq yerə dərini boğazından çıxaracaqdılar... Yəni onu qəsd edirəm ki, qürbət belə-belə üstünlüklərinə görə çəkir adamı, amma neyləyəsən, belə şeyləri burda görmək istəyir adam. Bir də ki yaş keçir, ay Murad, daha qürbət mənlik deyil...

 

- Yəni deyirsən əllidən o yana heç nə, eləmi?

 

– Əlli yaş – avtomobildəki sürət qutusunun beşinci həddinə oxşayır, ondan o yanası yoxdu ki... (Gülür) Yəni ömür-günün də sürəti getdikcə artır, yol qısalır, geridə dönülməzliklər qalır, özün fikirləş. Amma yazarın ən məhsuldar dövrü də əllidən sonra başlayır, çünki bu dediklərimi dərk  eləyir artıq.

 

– Yaxşı, bəs gələndən sonra nə etmisən? Yazı-pozunun vəziyyəti necədi?

 

– Gələndən sonra, bir müddət tələbə yoldaşımız, dostumuz Umud Rəhimoğlunun yanında işlədim. Kirildən latına layihəsində onlarla kitabın texniki, bədii redaktorluğunu etdim, tərtibatçısı oldum. Sonra "Şərq-Qərb" nəşriyyatında işlədim, oradasa, onlarla kitabın, ensiklopediyanın ərsəyə gəlməsində çabalar göstərdim. Rus yazarları Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun seçilmiş əsərlərini dilimizə çevirdim və kütləvi tirajla nəşr olundu. Bundan başqa, 150 cildlik dünya ədəbiyyatı seriyasından ingilis klassik şairi Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyalarını ana dilimizə tərcümə etdim. İndisə "Qanun" nəşriyyatının sifarişiylə  Aleksandr Soljenitsının "QULAQ arxipelağı" üçcildliyini çevirməklə məşğulam, demək olar ki, bu ağır əsərin iki cildini artıq qurtarmışam. İki şeirlər kitabı nəşr etdirmişəm: "Üfürülmüş çırağın ruhu" və bu günlərdə təqdim etdiyim "Tək işığın haləsi". Bir romanımı bitirmişəm, biri də əlimdə yarımçıqdı. Yəni boş oturmamışam...

 

– Belə götürəndə, düzü, az iş görməmisən. Zahid, qayıdandan sonra mühitdə nələri, hansı yenilikləri gördün? Yeni imzalar səni cəlb elədimi?

 

– Yeniliklər çox olub. Elə sizin AYO-nuz, dəyərli dostum Xanəmir Telmanoğlunun "Çölçülər"i, "Alatoran", "Doqquziklim" kimi dərgilər mənim üçün sürpriz kimiydi. İndi də ki, saysız hesabsız saytlar...  Yadıma gəlir, yenicə gəlmişdim, dostumuz rəhmətlik Elçin Səlcuq çayxanaların birində məni Aqşin Yeniseylə tanış elədi və son dərəcə maraqlı bir şair olduğunu dedi. Doğrudan da mən onun yaradıcılığını izlədim və gördüm ki, dəyər. Bizim ədəbiyyatda həmişə maraqlı imzalar olub, var və inanıram ki, olacaq da. İndi çox dəyərli imzalar var. Məsələn, Qismət oturuşmaqda olan çox tutarlı bir şairdi. Kəramət Böyükçöl də həmçinin, çox gözəl yazardı. Elmar Şahmar, Emin Piri, Ramil Əhməd, Ayxan Ayvaz, Şahlar Ruhi... və bir sıra bu kimi yeni imzalar məni sevindirir (sözsüz ki, burda yadımdan çıxan imzalar da var, ona görə inciyənlərdən üzr diləyirəm). Qürbətdən qayıtdıqdan sonra Mətanət Vahid, Türkan Zamanova, Ayişə Nəbi, Cavidan, Esmira Məhiqızı, Ülviyyə Tahir kimi qadın yazarlarımızın imzalarını tanıyıb sevmişəm.  Bizim millət nəyi də bacarmasa şeir yazmağı, sözə tapınmağı bacarır. Bizim insanlar Sözə elə-belə gəlmirlər eey... dara düşəndə Tanrıya tapındıqları kimi tapınırlar Sözə. /kulis.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.